Məhkəmə qərarları › İş №2-2(103)-554/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-554/2024

09.07.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-554/2024 09.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2451/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan “N Print Studiya" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 226,59 manat, dövlət büdcəsinə 1025,79 manat, İşsizlikdən sığorta fonduna 101,07 manat, Dövlət Sosial Müdafiə Fonduna 3283,67 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 226,59 manat, dövlət büdcəsinə 1025,79 manat məbləğində (o cümlədən, vergilər üzrə 420,28 manat, faizlər üzrə 565,51 manat, maliyyə sanksiyası üzrə 40 manat) , İşsizlikdən sığorta fonduna 101,07 manat, Dövlət Sosial Müdafiə Fonduna 3283,67 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********172300, xx.xx.2023-cü il tarixli **********380500, xx.xx.2023-cü il tarixli **********195700, xx.xx.2023-cü il tarixli **********565900 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

3. Birinci instansiya məhkəməsinin iclasında maraqlı şəxs ərizəyə etiraz etdi və artıq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olmadığından ərizənin rədd edilməsini xahiş etdi.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2451/2024 saylı qətnaməsi ilə ərizə rədd edilmişdir.

5. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qeydiyyata alınmamış dəyişiklik faktlarına istinad olunması nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə tərəfindən hüquqi şəxslərin reyestrində qeydə alınmamış fakt nəzərə alınmışdır. Həmin faktın Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinətəqdim edilməsi ilə bağlı hər hansı bir sübut təqdim edilməmiş, o cümlədən Cəmiyyətin icra orqanının rəhbərinin dəyişdirilməsi ilə bağlı vergi orqanına müraciət edilməmiş, reyestrdə müvafiq dəyişiklik edilməmişdir. Məhkəmə tərəfindən qərar qəbul edilərkən işdə olan sübutlar düzgün araşdırılmamış, ərizəçinin dəlillərinə münasibət bildirilməmişdir. İş üzrə maraqlı şəxsin hüquqi şəxsin icra orqanının rəhbəri olması, hüquqi şəxsin şəxsi hesab vərəqəsinə əsasən onun dövlət büdcəsinə borclarının olması barədə dəlillər məhkəmənin diqqətinə çatdırılsa da məhkəmə bu sübutlara münasibət bildirməyərək və prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozaraq yalnız maraqlı şəxsin gətirdiyi dəlilə istinad etməklə iş üzrə yanlış qərar vermişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).

10. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.

11. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

12. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır. 13. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

15. Belə ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinin tələblərinə görə hüquqi şəxsin vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması imkanı nəzərdə tutulmuşdur.

16. Lakin kollegiya hesab edir ki, hazırkı işdə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün heç bir əsas yoxdur.

17. Belə ki, “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2024-cü il tarixli, 9 nömrəli əmrə əsasən "xxxx" MMC-də “Direktor” vəzifəsində işləyən Maraqlı şəxs ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xx.xx.2024-cü il tarixdə xitam verilmişdir.

18. 18.03.2024-cü il tarixli, 10 nömrəli əmrə əsasən "xxxx" MMC-yə direktor vəzifəsinə X3 qəbul edilmişdir.

19. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron axtarış sistemindən çıxarışa əsasən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdən "xxxx" MMC-nin icra orqanının rəhbəri X1r.

20. Göründüyü kimi Maraqlı şəxs artıq "xxxx" MMC-nin icra orqanının rəhbəri deyil.

21. Belə olan halda isə ərizəçi "xxxx" MMC-nin icra orqanının rəhbəri kimi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını tələb edilə bilməz.

22. Ona görə də, hazırda "xxxx" MMC-nin vergi borcunun olub-olmaması araşdırılmadan ərizə rədd edilməlidir.

23. Beləliklə, kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

24. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2451/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar