Məhkəmə qərarları › İş №2-2(103)-554/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-554/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-554/2025 22.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və Elnur Məmmədsaat oğlu Həsənov ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı borcun ödənilməs tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1362/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ

1. Lizinq verən qismində "xxxx" ASC ilə lizinq alan qismində Cavabdeh arasında "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2018-ci il tarixli, 769-GL/18 nömrəli lizinq müqaviləsi (güzəşt) bağlanmışdır.

2. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən lizinq verən ümumi məbləği 20019 manat olan və spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir.

3. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 3134/Ü nömrəli Əmrdə qeyd olunmuşdur ki, Şabran rayonu, Zeyvə kənd sakini Cavabdeh ilə "xxxx" ASC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 202-L/18 və 904ü/xx.xx.2018 nömrəli müqavilələrinə xitam verilsin və əmrlər qüvvədən düşmüş hesab olusun. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 769-GL/18 nömrəli lizinq müqaviləsinə əsasən əmrdə adıçəkilən kənd təsərrüfatı texnikası (kotan 4 gövdəli, traktor belarus) güzəşt tətbiq edildikdən sonra qalıq dəyəri ilə yenidən lizinqə verilsin.

4. "xxxx" ASC ilə lizinq alan qismində Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 769-GL/18 nömrəli lizinq müqaviləsinə (güzəşt) 1 nömrəli əlavədə müqavilə üzrə ümumi borcun 20019 manat təşkil etdiyi qeyd edilmişdir. Əlavə tərəflərin imzası ilə təsdiq edilmişdir.

5. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli, 769-GL/18 nömrəli lizinq müqaviləsi üzrə qalıq borcu 12551 manat, gecikdirilmiş borc 5596 manat, hesablanmış cərimə 2859,13 manat olmaqla, ümumilikdə 8455,13 manat təşkil edir. Müqavilə üzrə edilmiş ümumi ödəniş 7468 manat təşkil edir.

6. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 394-GL/19 nömrəli lizinq müqaviləsi üzrə qalıq borcu 500 manat, gecikdirilmiş borc 500 manat, hesablanmış cərimə 574,81 manat olmaqla, ümumilikdə 1074,81 manat təşkil edir. Müqavilə üzrə edilmiş ümumi ödəniş 2216 manat təşkil edir.

7. 28.02.2018-ci il tarixli, 2/130 nömrəli "xxxx" ASC-yə məxsus texnikaların təhvilqəbulu barədə aktdan məlum olur ki, "xxxx" ASC tərəfindən Cavabdeh 1 ədəd Belarus-892 markalı traktor təhvil verilmiş, Cavabdeh tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.

8. 28.02.2018-ci il tarixli, 5/158 nömrəli "xxxx" ASC-yə məxsus texnikaların təhvilqəbulu barədə aktdan məlum olur ki, "xxxx" ASC tərəfindən Cavabdeh 1 ədəd AK- 4-35 markalı kotan 4 gövdəli asma təhvil verilmiş, Cavabdeh tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.

9. 05.10.2018-ci il tarixli, 675 nömrəli "xxxx" ASC-yə məxsus texnikaların təhvilqəbulu barədə aktdan məlum olur ki, "xxxx" ASC tərəfindən Cavabdeh 1 ədəd AG- TS-24 markalı taxılsəpən, gübrəsəpən təhvil verilmiş, Cavabdeh tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.

10. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə müraciət edərək əsas borcun və cərimənin ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixə 25 fevral 2019-cu il tarixli 394-GL/19 nömrəli müqavilə üzrə 500 (beş yüz) manat gecikdirilmiş borc və hesablanmış 574,81 manat (beş yüz yetmiş dörd manat səksən bir qəpik) cərimə məbləği, eləcə də 25 iyun 2018-ci il tarixli, 769-GL/18 nömrəli müqavilə üzrə 5596 (beş min beş yüz doxsan altı) manat gecikdirilmiş borc və hesablanmış 2859,13 manat (iki min səkkiz yüz əlli doqquz manat on üç qəpik) cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə uyğun olaraq “iddianın tələbinin həcminin azaldılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixə 25 fevral 2019-cu il tarixli, 394-GL/19 nömrəli müqavilə üzrə hesablanmış 574,81 manat (beş yüz yetmiş dörd manat səksən bir qəpik) cərimə məbləği, eləcə də 25 iyun 2018-ci il tarixli, 769-GL/18 nömrəli müqavilə üzrə 5596 (beş min beş yüz doxsan altı) manat gecikdirilmiş borc və hesablanmış 2859,13 manat (iki min səkkiz yüz əlli doqquz manat on üç qəpik) cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1362/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2024-cü il tarixə xx.xx.2019-cu il tarixli, 394-GL/19 nömrəli müqavilə üzrə hesablanmış 15 (on beş) manat cərimə, xx.xx.2018-ci il tarixli, 769-GL/18 nömrəli müqavilə üzrə 5596 (beş min beş yüz doxsan altı) manat əsas borc, 150 (yüz əlli) manat cərimə və 280 (iki yüz səksən) manat hüquqi yardım xərci olmaqla, cəmi 6041 (altı min qırx bir) manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması, Cavabdeh 77,61 manat (səksən manat altmış bir qəpik) məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

14. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1362/2025 saylı qətnaməsinin hüquqi yardım ilə bağlı qismən təmin edilən hissədə ləğv edilərək, iddia tələbinin hüquqi yardım ilə bağlı hissədə tam həcmdə təmin olunması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır: Məhkəmə vəkilin göstərdiyi yardıma görə çəkilmiş xərcin cavabdehdən tutulması hissəsində iddia tələbinin qismən əsaslı hesab edərək, MPM-in 119.1 və 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq iddiaçı tərəfindən hüquqi yardım üçün ödənilmiş 500 manat vəsaitin 280 manat hissəsini cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, ödənilmiş tələblərə mütənasib olaraq 280 (iki yüz səksən) manat hüquqi yardım xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla bağlı qeyd edilməlidir ki, iş materiallarında vəkilin göstərdiyi hüquqi yardım müqabilində ona ödənilmiş 500 manat vəsaiti təsdiq edən 000İPX1243594EB4 nömrəli xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının olmasına baxmayaraq, məhkəmə həmin faktı nəzərə almamışdır. Göründüyü kimi hüquqi yardımla bağlı məhkəmə tərəfindən ödənilmiş tələblərə müvafiq olaraq, qətnamə qəbul edilməmişdir. Qeyd etməyi zəruri hesab edirik ki, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 904-VİQD nömrəli Qanunu ilə 121.1-ci maddədə “çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla” sözləri “təqdim edilmiş məlumatlar qiymətləndirilməklə” sözləri ilə əvəz edilmişdir. Maddədən göründüyü kimi, mülki prosessual qanunvericilikdə kommersiya mübahisəsinə dair işlərdə vəkilin və ya iddiaçının məhkəmədə mütləq iştirak etməsi barədə hər hansı məcburedici norma mövcud deyildir. Əksinə, qanunvericilik iddiaçının və ya onun vəkilinin məhkəmə iclasına gəlmədən işə onun iştirakı olmadan baxılmasının tələb etməklə işin mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsinin mümkünlüyünü müəyyən etmişdir. Bununla yanaşı, məhkəmə hüquq islahatı çərçivəsində iş yükünün azaldılması və prosessual qənaət prinsipinin təmin edilməsi baxımından işlərə tərəflərin və onların vəkillərinin iştirakı olmadan sadələşdirilmiş icraat qaydasında baxılması hallarının qanunvericilikdə müəyyən edilməsi də işlərin məhkəmədə deyil, məhkəməyə qədər hazırlanmasını zəruri edir. Ona görə də vəkilin əsas öhdəliyi işi məhkəməyə qədər düzgün hazırlamaq və məhkəməyə təqdim etməkdir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələri və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, hüquqi yardım xidməti yalnız məhkəmə icraatlarında iştirakla bağlı olmadığından, belə xidmət göstərən şəxslərin fəaliyyəti heç də həmişə müraciət edənin hüquqlarının və mənafelərinin müdafiəsi və ya təmsil edilməsindən ibarət olmamaqla, bəzi hallarda ərizələrin, şikayətlərin layihələrinin, məhkəməyə müraciət etmək üçün lazım olan sənədlər paketinin, hüquqi xarakterli digər sənədlərin hazırlanaraq təqdim edilməsi kimi maddi nəticələri özündə ehtiva edən işlərin icrası ilə məhdudlaşa bilər. Beləliklə, nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin ağlabatanlılığı müəyyən edilən zaman nəzərə alınan “konkret hallar və təqdim edilmiş məlumatlar” vəkil tərəfdən tam şəkildə təqdim edilərək, hüquqi yardım üçün nəzərdə tutulan xidmətlər vəkil tərəfindən tam icra edilmişdir. Nəzərə almaq lazımdır ki, vəkil ilə bağlanmış müqaviləyə əsasən vəkilin hüquqi yardımla bağlı öhdəliyi müvafiq olaraq pretenziyanın və iddia ərizəsinin hazırlanması, təqdim edilməsi və bununla bağlı digər işlərin və zəruri araşdırmaların aparılmasından ibarət olmuş və hüquqi yardıma dair öhdəliklər vəkil tərəfindən icra edilmişdir. Eyni zamanda, vəkil məhkəmə üçün zəruri araşdırmaları həyata keçirməklə kifayətlənməmiş, məhkəmə iclasında da şəxsən özü iştirak etmişdir. Bütün bunlar vəkilin iddianın təmin edilməsi üçün bütün zəruri hərəkətləri etdiyini sübuta yetirir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” işi üzrə 18 dekabr 2008-ci il tarixli qərarında göstərilir ki, “ərizəçi xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun”. Göründüyü kimi, mülki-prosessual qanunvericiliyin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərinə görə məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin “ağlabatan məbləğdə və zərurətlə xərcləndiyi halda” tutulmasına yol verilir. Bundan əlavə, 9 529, 94 manat (doqquz min beş yüz iyirmi doqquz manat 94 qəpik) pul tələbinə dair iddianın məhkəməyə təqdim edilməsi üçün 500 (beş yüz) manat pulun vəkilə ödənilməsinin məhkəmə tərəfindən ağlabatan hesab edilməməsi tam əsassızdır. Məhz kommersiya işlərində məhkəməyə qədər işlərin hazırlanması kifayət qədər zəhmət tələb edir ki, bu da vəkil tərəfindən həyata keçirilmişdir. Göründüyü kimi, məhkəmənin hüquqi yardıma görə vəkilə ödənilən vəsaitin ağlabatanlılığına zəruri hüquqi qiymət verməməsi düzgün olmayan qətnamə çıxarması ilə nəticələnmişdir. Məhkəmənin diqqətinə çatdırılır ki, iddiaçının dövlət orqanı və büdcə təşkilatı olduğunu nəzərə alaraq vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilən vəsaitin cavabdehdən tutularaq büdcəyə ödənilməsi nəzərdə tutulur. Qeyd olunanlardan əlavə, eyni hakimin icraatında olan başqa kommersiya işlərində (e-2-2(113)-709/2024, e-2- 2(113)-620/2024, e-2- 2(113)-571/2024 nömrəli məhkəmə işləri üzrə 500 manat, e-2- 2(113)-5636/2023, e-2-2(113)-4671/2023, e-2-2(113)-537/2023, e-2-2(113)- 468/2023 nömrəli məhkəmə işləri üzrə 300 manat, e-2-2(113)-5220/2023 nömrəli məhkəmə işi üzrə 350 manatın hüquqi yardıma görə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qətt edilmişdir.) eyni hallar mövcud olduğu halda hüquqi yardıma görə ödənilən vəsait cavabdehdən fərqli məbləğlərdə tutulmuşdur. Eyni mühüm faktiki hallara malik işlər üzrə eyni hakim tərəfindən fərqli qərarların çıxarılması məhkəmə hakimiyyətinə qarşı etimadı zədələyən haldır. Bununla əlaqədar, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenum qərarlarında dəfələrlə qeyd olunub ki, məhkəmə təcrübəsində vahid mövqenin təmin edilməsi vacibdir. Eyni faktiki hallar olan işlərdə fərqli qərarların qəbul edilməsi məhkəmə təcrübəsinin ziddiyyətli olmasına səbəb ola bilər. Bu, hüquqi bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Məhkəmə tərəfindən vəkilə ödənilən hüquqi yardıma görə cavabdehdən tələb olunan vəsaitin azaldılması əsassız olduğuna görə ləğv edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

23. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı vəkil xərcinin tutulması hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

26. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında lizinq müqaviləsi bağlanmış, lizinq verən tərəfindən lizinq predmeti cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş qrafikinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilələr üzrə öhdəliklərini vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehə qarşı borcun ödənilməsi ilə bağlı tələb hüququ yaranmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq va öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir.

27. İddiaçı vəkilə ödənilmiş 500 manat məbləğin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

28. Məhkəmə qeyd etmişdir ki, həmin məbləğin iddiaçı tərəfindən ödənilməsinə dair sübutlar məhkəməyə təqdim edilmişdir.

29. Məhkəmə MPM-in 119.1 və 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq, hesab etmişdir ki, 280 (iki yüz səksən) manat vəkilin hüquqi yardım xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

30. İddiaçı məhkəmənin vəkil xərci ilə bağlı gəldiyi qənaəti əsassız hesab etmişdir. Belə ki, apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə vəkil xərcini azaldarkən ağlabatanlılığın əsaslarını göstərməmişdir.

31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” işi üzrə 18 dekabr 2008-ci il tarixli qərarında göstərilir ki, “ərizəçi xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun”.

32. Göründüyü kimi, mülki-prosessual qanunvericiliyin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərinə görə məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin “ağlabatan məbləğdə və zərurətlə xərcləndiyi halda” tutulmasına yol verilir. Yəni məhkəmə iddiaçının vəkillə bağladığı müqavilənin qiymətindən və ya vəkilə ödənilən məbləğdən asılı deyil və onları yalnız qiymətləndirmə vəzifəsi daşıyır. Hər bir halda məhkəmə ağlabatanlılıq meyarına uyğun olaraq məbləği müəyyən etməlidir.

33. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının başqa işlərdə olan hüquqi yardım xərcləri barədə gəlinən nəticəni hazırkı işlə müqayisə etməsi də qanuna uyğun olmamışdır. Belə ki, hər bir mübahisənin halları və sübutlar, eləcə də məbləğlər fərqlidir.

34. Qeyd edilənləri nəzərə alan kollegiya hesab edir ki, məhkəmə iddiaçı tərəfindən təqdim edilən sübutları düzgün qiymətləndirməklə ağlabatanlılıq meyarına uyğun olaraq hüquqi yardım xərcini azaltmışdır.

35. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

36. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

37. Həmçinin iddianın mübahisələndirilən hissəsində qiyməti on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1362/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar