Məhkəmə qərarları › İş №2-2(103)-555/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-555/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-555/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Biləsuvar Quşçuluq Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X6 və “İcbari Sığorta Bürosu” X7 cəlb edilməklə) iddia tələbi üzrə (Açar sözlər: sığorta ödənişi, subroqasiya, preyudisia) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndə (vəkili) Vəkil, Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X6 və “İcbari Sığorta Bürosu” X7 cəlb edilməklə) “pulun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Cavabdeh Sığorta Şirkəti ASC ilə "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixində “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi bağlanmışdır.

2. Həmin müqavilənin 1-ci bəndinə əsasən, sığortalının qanununun 13-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tarifləri əsasında hesablanan müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində Qanunun 3.1-ci maddəsinə uyğun olaraq müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan Qoşmada nəzərdə tutulmuş fiziki şəxslərin həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə sığortaçı Qanunun 18-ci maddəsində müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyi götürür.

3. Həmin müqavilənin 3.1-ci bəndinə görə, sığorta hadisəsi nəticəsində peşə əmək qabiliyyətini itirmiş sığorta olunan eyni zamanda sığorta ödənişi verilməli olan faydalanan şəxsdir. Eyni zamanda müqavilənin 3.2-ci bəndinə əsasən, sığorta hadisəsi nəticəsində sığorta olunan öldüyü hallarda faydalanan şəxs kimi sığorta olunanın himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər, sığorta olunanın ölümündən sonra doğulmuş uşağı, sığorta olunanın himayəsində olmuş və on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü, sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər nəzərdə tutulur.

4. Həmin müqavilənin 5.1-ci bəndinə görə, Qanunun 13-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tariflərinin tətbiq edilməsi ilə hər bir sığorta olunana münasibətdə hesablanan bir illik sığorta haqqı, sığorta haqqının ödənilmə qaydası, habelə sığorta haqqının müqavilə ili üzrə ümumi məbləği müqavilənin qoşmasında göstərildiyi kimi razılaşdırılır. Eyni müqavilənin 5.2-ci bəndinə əsasən, müqavilənin qoşmasında sığorta haqqının birdəfəlik ödənilməsi razılaşdırıldığı halda, sığorta haqqının ümumi məbləği müqavilənin qoşmasının təsdiq edildiyi gün ödənilir. Bundan başqa, həmin müqavilənin 5.3-cü bəndinə görə, sığorta haqqının hissə-hissə ödənilməsi razılaşdırıldığı halda, sığorta haqqının razılaşdırılmış ilk hissəsi ümumi sığorta haqqının 25%-dən az olmamaqla müqavilənin qoşmasının təsdiq edildiyi gün, qalan hissəsi isə sığorta haqqı iki, üç və ya dörd hissəyə bölünməklə müqavilənin qoşmasında göstərildiyi kimi ödənilir. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən, sığortalı sığorta haqqının hissəli ödəniş tarixlərini sığorta haqqının ödənilmə məbləğləri metodu və ya sığorta haqqının ödəniş tarixləri metodu əsasında müəyyənləşdirə bilər. Həmin müqavilənin 5.5-ci bəndinə görə, sığorta haqqının hissəli ödəniş tarixləri sığorta haqqının ödənilmə məbləğləri metodu ilə müəyyənləşdirildikdə sığorta haqqının ödənilmə tarixi aşağıdakı düsturla hesablanır: hissənin ödənilmə tarixi = MQ+(CÖDSH/ÜSH*GS). Sığorta haqqının hissəli ödəniş məbləğləri sığorta haqqının ödəniş tarixləri metodu ilə müəyyənləşdirildikdə növbəti hissə üzrə ödənilməli olan sığorta haqqı aşağıdakı düsturla hesablanır: hissə üzrə ödənilməli sığorta haqqı = ÜSH*(NT - CT)/GS;

5. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən, müqavilə və müqavilənin qoşması, habelə onlara əlavə və dəyişikliklər müvafiq olaraq müqavilə bağlandığı, müqavilənin qoşması təsdiq edildiyi, habelə onlara əlavə və dəyişikliklərin edildiyi gün saat 24:00-da qüvvəyə minir.

6. Həmin müqavilənin 8-ci bəndinə görə müqavilə əsasında xidmətləri yerinə yetirərkən sığorta olunanın bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halı (istehsalatda bədbəxt hadisə), əlverişsiz və zərərli istehsalat amillərinin orqanizmə təsiri nəticəsində sığorta olunanın xroniki və ya kəskin xəstəliyi (peşə xəstəliyi) ilə bağlı risklər üzrə sığorta təminatı verilir.

7. Həmin müqavilənin 11-ci bəndinə əsasən, müqavilənin qüvvədə olduğu dövr ərzində işləri, xidmətləri yerinə yetirərkən bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığın qəflətən və kəskin pozulması və (və ya) əlverişsiz və zərərli istehsalat amillərinin orqanizmə təsiri səbəbindən baş verən xroniki və ya kəskin xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətini itirməsi, yaxud ölümü ilə əlaqədar sığorta ödənişinin ödənilməsi üçün əsas olan hal sığorta hadisəsi hesab edilir. Həmin müqavilənin 11.2-ci maddəsinə görə, sığortalı sığorta hadisəsinin baş verməsi tarixindən 3 iş günü ərzində sığortaçıya bu barədə məlumat verməlidir.

8. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 20 aprel 2023-cü il tarixli ********** nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh Sığorta Şirkətinin bank hesabına “İstehsalatda bədbəxt hadisələrin sığortalanması” xidmətinə görə 2474,2 manat ödəmişdir.

9. “Ölüm haqqında” şəhadətnamədən görünür ki, X5 20 aprel 2023-cü ildə vəfat etmişdir.

10. "xxxx" ASC tərəfindən tərtib edilmiş “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında” akta əsasən, bədbəxt hadisə "xxxx" ASC-nin quşların yetişdirmə sahəsində 11 və 18 nömrəli sexlərin yaxınlığında 20 aprel 2023-cü il tarixində, saat 10:30-da baş vermişdir. X5 20 aprel 2023-cü ildə, səhər işə gələrək fərdi mühafizə vasitələrini geyinib vəzifə təlimatına uyğun olaraq vəzifələrinin icrasına başlamış, belə ki, yemlə təmin olunacaq yetişdirmə damının yanında olan yem bunkerlərini doldurmaq üçün özüboşalan yem qurğusunu həmin damın yanına aparmaq istəmişdir. "xxxx" ASCdə yetişdirmə damlarında quşların yemlənməsi quş damlarının yanında olan yem bunkerləri vasitəsilə həyata keçirilir. Hadisə baş verən gün X5 yem maşını gələn zaman işi rahat olsun deyə qabaqcadan özüboşaldan yem qurğusunu həmin damın yanına aparmağa cəhd göstərmişdir. Bu zaman həmin qurğunu digər sexin yanından götürərək səhlənkarlıq etmiş, qurğunun xortum hissəsini asağı endirmədən hərəkətə gətirib aparmaq istəmişdir. Cəmiyyətin ərazisindən keçən 10 kv-lıq hava xəttinin altından keçən zaman qurğunun xortumu elektrik naqilinə toxunması nəticəsində H.Dadaşov elektrik cərəyanının təsirinə məruz qalmışdır. X5 cərəyan vurmasının təsirindən yerə yıxılmışdır. İş yoldaşları H.Dadaşova ilk yardım göstərmişdilər. Təcili tibbi yardım maşının gec gəlməsini görən iş yoldaşı öz maşını ilə Dadaşovu hadisə yerindən xəstəxanaya apararkən yolda tibbi yardım maşınına təhvil vermişdir.

11. Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş 24 oktyabr 2024-cü il tarixli O-H-2024-0475 nömrəli arayışda qeyd edilmişdir ki, “Qaydalara əsasən, sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda hər hansı bir faydalanan şəxs üçün birdəfəlik sığorta ödənişinin məbləği aşağıdakı düsturla hesablanır: BSÖ-i - faydalanan şəxsə verilən birdəfəlik sığorta ödənişi; i — faydalanan şəxsin say indeksi; N — sığorta olunanın himayəsində olmuş şəxslərin (ölümündən sonra doğulması gözlənilən uşağı nəzərə alınmaqla) sayıdır; P — sığorta olunanın illik əmək haqqı fondu; Ai — bu Qaydanın 2.1.3-cü bəndi ilə müəyyən edilmiş müvafiq cədvəldə nəzərdə tutulan, hər hansı bir faydalanan şəxsin, Qanunun 5.1,2.3-cü maddəsində nəzərdə tutulmuş halda isə qulluq edilənlərin ən kiçiyinin yaşına uyğun hesablama əmsalıdır. Digər tərəfdən, Qaydaların 2.2-ci bəndinə əsasən Qanunun 5.1.2-ci maddəsi ilə müəyyən edilmiş hər hansı şəxs mövcud olmadıqda, birdəfəlik sığorta ödənişi sığorta olunanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə aylıq sığorta ödənişi məbləğinin müəyyən edilməsi məqsədləri üçün orta aylıq əmək haqqı miqdarının hesablanması Qaydası”na uyğun olaraq hesablanmış orta aylıq əmək haqqının on iki misli məbləğində hesablanır. Baxılan halda, hazırda iş materiallarından Qanunun 5.1.2-ci maddəsi ilə müəyyən edilmiş hər hansı faydalanan şəxsin mövcud olduğu müəyyən olunmadığından, orta aylıq əmək haqqı miqdarının hesablanması Qaydasına uyğun olaraq, sığortaolunan X1 orta aylıq əmək haqqının on iki misli məbləğ hesablanmışdır. Belə ki, sığortaolunanın orta aylıq əmək haqqı 362.00 AZN təşkil etdiyindən, orta aylıq əmək haqqının on iki misli 4344.00 AZN-ə bərabərdir. Odur ki, birdəfəlik sığorta ödənişi məbləği 4 344.00 AZN-ə bərabər olacaqdır.

12. Cavabdeh Sığorta Şirkəti tərəfindən "xxxx" ASC-nin İdarə Heyətinin sədri Nihad Ağayevə ünvanlanmış 11 dekabr 2023-cü il tarixli O-H-2023-0619 nömrəli məktubda qeyd edilmişdir ki, Cavabdeh Sığorta Şirkəti ilə "xxxx" ASC arasında AH********** saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi bağlanmışdır və həmin sığorta müqaviləsi ilə nəzərdə tutulmuş sığorta haqqı 20 aprel 2023-cü il tarixdə, saat 12:35-də ödənilmiş və sığorta müqaviləsi 21 aprel 2023-cü il saat 00:01-dən qüvvəyə minmişdir. Göründüyü kimi, 20 aprel 2023-cü il tarixdə baş vermiş hadisə zamanı sığorta müqaviləsi qüvvədə olmamış və A.H.Dadaşov hadisə zamanı sığorta olunan olmamışdır. Bu o deməkdir ki, baş vermiş hadisə sığorta hadisəsi hesab edilə bilməz. Bütün bunları nəzərə alaraq, Cavabdeh Sığorta Şirkəti qeyd olunan hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina edir.

13. "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış 13 aprel 2022 tarixli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin AH********** nömrəli illik qoşmasında X2 adı sığorta olunanların siyahısında 69-cu sırada qeyd edilmişdir. Qoşmaya əsasən ümumi sığorta məbləği 4 307 606,22 manat, ümumi sığorta haqqı 2474,2 manat təşkil edir. Qoşmada təminata daxil olma üzrə cəmi sığorta haqqı 2474,2 manat, birdədəlik olduqda sığorta haqqının ödənilməsi tarixi 14 aprel 2023-cü il qeyd edilmişdir.

14. "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə göndərilmiş pretenziya məktubunun məzmunundan görünür ki, ödənilməli olan 62 719,61 manat məbləğində sığorta ödənişinin 7 (yeddi) gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbardar edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

15. "xxxx" ASC (iddiaçı) Cavabdeh Sığorta Şirkəti (cavabdeh) (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X6 cəlb edilməklə) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 62 719,61 manat məbləğində pulun tutularaq vəfat etmiş şəxsin hüquqi varisi olan X3, dəbbə pulu olaraq 7024,60 manat məbləğində pulun tutularaq vəfat etmiş şəxsin hüquqi varisi olan X3 ödənilməsi, hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 2000 manat, ödənilmiş dövlət rüsumuna görə 309 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə iddiaçı arasında **********033 nömrəli 13 aprel 2022-ci il tarixli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi (bundan sonra “müqavilə”) bağlanmışdır. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsinə əsasən cavabdeh həmin müqaviləyə qoşmada nəzərdə tutulmuş fiziki şəxslərin həyat və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə qabiliyyətinin itirilməsinə və ölümünə görə müəyyən edilmiş sığorta ödənişinin verilməsini öhdəsinə götürmüşdür. Cavabdeh ASC-də fəhlə vəzifəsində işləyən X5 20 aprel 2023-cü il tarixində iş vaxtı aldığı xəsarət nəticəsində vəfat etmiş, prokurorluq müvafiq araşdırma aparmış və müəyyən edilmişdir ki, o, bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Bununla bağlı faydalanan şəxsə, yəni vəfat etmiş sığortalı Həbib Dadaşovun atası Adıgözəl Dadaşova sığorta ödənişinin edilməsi üçün cavabdehə məlumat verilmişdir. Cavabdehin 11 dekabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanan AH********** saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta” müqaviləsində nəzərdə tutulan sığorta haqqı 20 aprel 2023-cü il saat 12:35-də ödənilmiş, buna görə də müqavilə 21 aprel 2023-cü il saat 00:01-dən etibarən qüvvədədir və odur ki, baş vermiş hadisə sığorta hadisəsi hesab edilə bilməz. Bu əsasla cavabdeh sığorta ödənişini verməkdən imtina etmişdir. Bildirilir ki, cavabdeh tərəfindən müqavilə kimi qeyd olunan sənəd “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nə illik qoşmasıdır.

17. Cavabdeh iddia tələbinə etiraz etmiş, etiraz onunla əsaslandırmışdır ki, tərəflər arasında 13 aprel 2022-cl il tarixli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi və daha sonra 13 aprel 2023-cü il tarixində iddiaçının işçisi X2 sığortaolunanlar siyahısına daxil edilməsinə dair **********033 saylı sığorta müqaviləsinə AH********** saylı əlavə bağlanmışdır. 1) Bildirilir ki, yuxarıda qeyd olunan AH********** saylı əlavə üzrə sığorta haqqının ödənilməli olan tarixi 14 aprel 2023-cü il razılaşdırılmışdır. Buna baxmayaraq, əlavə üzrə sığorta haqqı razılaşdırılmış müddət ərzində ödənilməmiş, bədbəxt hadisə 20 aprel 2023-cü il tarixində, saat 10:30-da baş vermiş, yalnız bundan sonra 20 aprel 2023-cü il tarixində, saat 12:35-də sığorta haqqı ödənilmişdir. Göründüyü kimi 20 aprel 2023-cü il tarixində baş vermiş hadisə zamanı əlavə üzrə sığorta haqqı ödənilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 2(102)-196/2021 saylı işi üzrə 18 may 2021-ci il tarixli qərarındakı mövqeyinə görə sığorta hadisəsi o hadisə hesab edilir ki, “...onun gələcəkdə baş vermə imkanını ehtimallar əsasında proqnozlaşdırmaq mümkün olsun, belə hadisənin baş verə biləcəyi istisna edilməsin. Bu o anlama gəlir ki, artıq baş vermiş, yaxud baş verməsi zəruri, labüd olan hadisə sığorta hadisəsi kimi qiymətləndirilə bilməz.” Bir sözlə, sığorta haqqı ödənilən zamanı H.A.Dadaşova münasibətdə hadisə artıq baş vermişdir. Bu isə sığortanın mahiyyətinə, prinsiplərinə ziddir. 2) Həmçinin iddiaçının iddia ərizəsində istinad etdiyi müqavilənin 6.3-cü bəndi müqavilənin və onun qoşmasının, habelə onlara əlavə və dəyişikliklərin qüvvəyə minməsi ilə bağlıdır. Qanunvericilikdə “müqavilənin qüvvəyə minməsi” və “sığorta təminatının başlanması” fərqli anlayışlar olub, müqavilənin qüvvəyə minməsi hələ təminatın başlanması mənasını özündə ehtiva etmir. Belə ki, AR Mülki Məcəllənin 906.1-cı maddəsinə əsasən icbari sığorta qanunlarında və ya könüllü sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsi halında, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və icbari sığorta qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır. Göründüyü kimi, sığorta təminatı sığorta haqqı ödənildiyi halda sığorta müqaviləsinin bağlandığı gündən başlayır. Bir sözlə, hazırkı iddia üzrə qoşma qüvvəyə minsə belə, hadisə vaxtı sığorta haqqı ödənilmədiyindən sığorta təminatı başlanmamışdır. Sığorta təminatı başlamayıbsa, bu zaman sığorta hadisəsindən, nəticədə sığorta ödənişindən söhbət gedə bilməz. Yəni sığorta təminatı başlanmayan müqavilədə hadisəyə görə ödəniş tələb etmək yenə də qanunvericiliyin pozulması olub, sığortanın mahiyyətinə, prinsiplərinə ziddir. 3) Qeyd olunanlardan əlavə isə qanunvericiliyin tələbləri üzrə sığorta haqqının ödənilməsi üçün müəyyən olunmuş müddətdə Cavabdeh Sığorta Şirkəti ASC-də H.A.Dadaşovun ölümü barədə məlumat olmamış, sığortalı tərəfdən heç bir məlumat verilməmişdir. Yalnız sığorta ödənişi ilə bağlı müraciət edilən zaman bu hal aşkarlanmışdır. Bir sözlə, müqaviləyə xitam verilməməsi səbəbi Cavabdeh Sığorta Şirkəti ASC-də H.A.Dadaşovun ölümü barədə məlumatın olmaması olmuşdur. 4) iddiaçının tələbi ilə bağlı bildirilir ki, sığorta ödənişinin məbləğinin hesablanması AR Nazirlər Kabinetinin 29 oktyabr 2010-cu il tarixli, 192 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin İtirilməsi hallarından İcbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması” Qaydasına müvafiq olaraq hesablanır. Yəni iddiaçının tələb etdiyi məbləğ qaydalara müvafiq olaraq hesablanmalıdır. Bu isə hazırda iş materialları ilə aşkarlanmır.

18. İddiaçı tərəfindən cavabdehin etirazına dair mülahizələr daxil olmuşdur. Mülahizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 30 iyun 2014-cü il tarixli Q-14 nömrəli Qərarı ilə təsdiq edilmiş (https://eqanun.az/framework/27993) və daha sonra Azərbaycan Respublikasının Mərkəzi Bankının 31 avqust 2021-ci il tarixli, 23/3 nömrəli qərarı ilə təsdiq edilmiş (https://eqanun.az/framework/48232) “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqavilə”lərinin məzmunları fərqli olduğu üçün Ali Məhkəmənin Kommersiya Kollegiyasının qeyd olunan qərarına istinad olunması əsassızdır. Belə ki, qeyd olunan müqavilələrin qüvvəyə minmə şərtləri fərqlidir. Ləğv olunmuş Q-14 nömrəli Qərarı üzrə müqavilənin qüvvəyə minmə şərti belədir: 6.2. Müqavilə sığorta haqqının birdəfəlik və ya ilk hissəsinin ödənildiyi gün saat 24:00-da qüvvəyə minir. Qüvvədə olan 23/3 nömrəli Qərarı üzrə müqavilənin qüvvəyə minmə şərti belədir: 6.3. Müqavilə və müqavilənin qoşması, habelə onlara əlavə və dəyişikliklər müvafiq olaraq müqavilə bağlandığı, müqavilənin qoşması təsdiq edildiyi, habelə onlara əlavə və dəyişikliklərin edildiyi gün saat 24:00-da qüvvəyə minir. Azərbaycan Respublikasının Mülki Məcələsinin (MM) 922.1.-ci bəndinin tələblərinə əsasən “Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.” Müqavilənin 11.1.-ci bəndinin tələblərinə əsasən “Müqavilənin qüvvədə olduğu dövr ərzində işləri, xidmətləri yerinə yetirərkən bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığın qəflətən və kəskin pozulması və (və ya) əlverişsiz və zərərli istehsalat amillərinin orqanizmə təsiri səbəbindən baş verən xroniki və ya kəskin xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətini itirməsi, yaxud ölümü ilə əlaqədar sığorta ödənişinin ödənilməsi üçün əsas olan hal sığorta hadisəsi hesab edilir.” Sığorta müqaviləsi nə vaxt qüvvəyə minmişdir? Qeyd olunan müqavilənin 6.3.-cü bəndində müqavilənin qüvvəyə minmə şərti “Müqavilə və müqavilənin qoşması, habelə onlara əlavə və dəyişikliklər müvafiq olaraq müqavilə bağlandığı, müqavilənin qoşması təsdiq edildiyi, habelə onlara əlavə və dəyişikliklərin edildiyi gün saat 24:00-da qüvvəyə minir.” nəzərdə tutlmuşdur. Müqavilənin bağlanma tarixi və onun qoşmasının qüvvəyə minmə tarixi 13 aprel 2022-ci il olaraq qeyd edilmişdir. Bundan başqa MM-nin 906.1-ci bəndinin tələblərinə əsasən “İcbari sığorta qanunlarında və ya könüllü sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsi halında, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və icbari sığorta qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır.” MM-nin 906.2. -ci bəndinin tələblərinə əsasən “Bu Məcəllənin 919.1.1– 919.1.8-ci maddələrində nəzərdə tutulmuş hər hansı hal baş verdikdə, həmin halın baş verdiyi andan, bu Məcəllənin 919.1.9-cu maddəsində nəzərdə tutulmuş halda isə bu Məcəllənin 920.2-ci maddəsi ilə müəyyən edilmiş müvafiq müddətin sonuncu gününün bitməsi anından sığorta müqaviləsi üzrə sığorta təminatı başa çatmış hesab edilir.” Odur ki, iş üzrə sığorta haqqının gec ödənilməsi sığorta ödənişindən imtinaya əsas deyildir. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla iddia tələbi tam təmin edilməlidir.

19. Birinci instansiya məhkəməsinin 25 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, iddiaçıdan 4344 (dörd min üç yüz qırx dörd) manat pul vəsaiti, 200 (iki yüz) manat dəbbə pulu olmaqla, cəmi 4544 manat (dörd min beş yüz qırx dörd manat) məbləğində pul vəsaitinin, həmçinin cavabdehdən 450 (dörd yüz əlli) manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 19,50 manat (on doqquz manat əlli qəpik) məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulması qət edilmişdir.

20. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin 6.3-cü bəndinə görə müqavilə bağlandığı andan qüvvəyə minmiş, bununla da cavabdeh sığorta şirkətinin öhdəliyi yaranmışdır.

21. Bununla belə, məhkəmə iddia tələbini qismən əsaslı hesab etmişdir. Belə ki, iş materiallarında olan arayışdan göründüyü kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 oktyabr 2010-cu il tarixli 192 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması” Qaydalarının 2.2-ci bəndinə əsasən Qanunun 5.1.2-ci maddəsi ilə müəyyən edilmiş hər hansı şəxs mövcud olmadıqda, birdəfəlik sığorta ödənişi sığorta olunanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə aylıq sığorta ödənişi məbləğinin müəyyən edilməsi məqsədləri üçün orta aylıq əmək haqqı miqdarının hesablanması Qaydası”na uyğun olaraq hesablanmış orta aylıq əmək haqqının on iki misli məbləğində hesablanır. Baxılan halda, hazırda iş materiallarından Qanunun 5.1.2-ci maddəsi ilə müəyyən edilmiş hər hansı faydalanan şəxsin (sığorta olunanın atası X6 məhkəmə iclasında qeyd etmişdir ki, vəfat edən şəxsin atası, anası əmək qabiliyyətini itirməmişdir və başqa yetkinlik yaşına çatmayan ailə üzvü yoxdur) mövcud olduğu müəyyən olunmadığından, orta aylıq əmək haqqı miqdarının hesablanması Qaydasına uyğun olaraq, sığortaolunan X1 orta aylıq əmək haqqının on iki misli məbləğində hesablanmalıdır və sığortaolunanın orta aylıq əmək haqqı 362,00 manat təşkil etdiyindən, birdəfəlik sığorta ödənişi orta aylıq əmək haqqının on iki misli olan 4344,00 manat (362 x 12) təşkil edir.

22. Dəbbə pulu ilə bağlı məhkəmə qeyd etmişdir ki, tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 200 (iki yüz) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.

23. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 886.1-ci, 886.3-cü, 884.3-cü, 888.1-ci, 889.1-ci, 903.4-cü, 903.5-ci, 903.6-cı, 922.1-ci, 922.2-ci, 926.1-ci, 926.2-ci, 926.3-cü, 933.1.1-ci, 934.2-ci, “İcbari sığorta haqqında” Qanun 5.1.2-ci, 5.1.2.1-ci, 5.1.2.2-ci, 5.1.2.3-cü, 5.1.2.4-cü, 6.4-cü, 9.1-ci, 9.4-cü, 13.1-ci, 18.1-ci, 18.2-ci, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 2.0.1-ci, 11.5ci, 11.6-cı maddələrinə istinad etmişdir.

24. Həmin qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini yazılı etiraz məzmununa uyğun əsaslandırmaqla, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etirazlar

25. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etmiş, həmin etiraz birinci instansiya məhkəməsində cavabdehin etirazına qarşı verdiyi mülahizəyə uyğun əsaslandırılmış və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Apellyasiya baxışı, izahatlar

26. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş, cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

29. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

30. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

31. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

32. Maddə 886.1. Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir.

33. Maddə 886.3. Sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs, əmlak və ya haldır.

34. Maddə 884.3. Sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir.

35. Maddə 888.1. Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir.

36. Maddə 889.1. Sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir.

37. Maddə 903.4. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir.

38. Maddə 903.5. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər.

39. Maddə 903.6. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.

40. Maddə 906.1. İcbari sığorta qanunlarında və ya könüllü sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsi halında, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və icbari sığorta qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır.

41. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

42. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.

43. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

44. Maddə 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.

45. Maddə 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir.

46. Maddə 933.1.1. Sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi olduqda sığorta ödənişi həyata keçirilir.

47. Maddə 934.2. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu

48. Maddə 5.1.2. Sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda aşağıdakı şəxslər: 5.1.2.1. sığorta olunanın himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 5.1.2.2. sığorta olunanın ölümündən sonra doğulmuş uşağı; 5.1.2.3. sığorta olunanın himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü; 5.1.2.4. sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər bu Qanuna əsasən faydalanan şəxs sayılırlar.

49. Maddə 6.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza sığortası üzrə sığorta olunan, onun öldüyü halda ailə üzvləri, onlar olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr, mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir.

50. Maddə 9.1. İcbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir.

51. Maddə 9.4. Sığorta şəhadətnaməsi sığorta haqqının ödənildiyi gün, qrup halında sığorta zamanı isə sığorta haqqının ödənilməsindən 3 iş günü müddətində verilir.

52. Maddə 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır.

53. Maddə 18.1. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.

54. Maddə 18.2. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunu

55. Maddə 2.0.1. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (bundan sonra – icbari sığorta) – istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfidir.

56. Maddə 11.5. İcbari sığorta müqaviləsi müddətsiz bağlanılır.

57. Maddə 11.6. İcbari sığorta müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada qüvvəyə minir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

60. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

61. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

62. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

64. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı mübahisə üzrə apellyasiya baxışının predmeti cavabdehin şikayətinə münasibətdə iddia tələbinin zərər və dəbbə pulu ilə bağlı qismən təmin edilən (mübahisələndirilən məbləğ: 4544) hissəsi ilə bağlı qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Qeyd olunmalıdır ki, cavabdehin yazılı apellyasiya şikayətində qətnamənin ləğvi tələb olunsa da, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, iddiaçı isə təmin edilməyən hissədən apellyasiya şikayəti verməmişdir. Odur ki, iddia tələbinin təmin olunmayan hissəsi apellyasiya baxışının predmetini təşkil etmir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

65. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

66. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

67. Hazırkı iş üzrə iddiaçı cavabdehdən sığorta ödənişini tərəflər arasında bağlanmış 13 aprel 2022-ci il tarixli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi əsasında tələb edir. Cavabdeh isə həmin müqavilənin sığorta haqqı ödənilmədiyinə görə qüvvəyə minmədiyini qeyd edir.

68. Bu baxımdan, mübahisənin həll edilməsi baxımından həll edilməli təməl sual ondan ibarətdir ki, “tərəflər arasında sığorta müqaviləsi hansı tarixdə qüvvəyə minmişdir?”.

69. İlk növbədə kollegiya onu vurğulayır ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 10 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).

70. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə iddianın qanuni əsasının müəyyən edilməsi üçün tərəflər arasında bağlanmış müqavilələrin şərtləri təhlil olunmalıdır (§ 30, 31). Kollegiya ona da diqqət çəkir ki, sığorta müqaviləsinin qüvvəyə minmə vaxtının müəyyən edilməsi dizpozitiv şərt olaraq tərəflərin öhdəliyinə buraxılmışdır. Əks təqdirdə mülki qanunvericilik bununla bağlı ümumi tənzimləmə aparır, bu halda isə müqavilə sığorta haqqı ödənildikdən sonra qüvvəyə minir.

71. Hazırkı halda tərəflər Mülki Məcəllənin 903.4-cü maddəsindəki “müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa” ifadəsinə uyğun olaraq fərqli qayda müəyyən etmişlər. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 6.3-cü bəndinə görə müqavilə bağlandığı gün saat 24:00-da qüvvəyə minir. Bu şərt isə Mərkəzi Bankın bu tip müqavilələr üçün standart müəyyən etdiyi şərtdir və əvvəlki redaksiyada həmin şərt tamamilə fərqli tənzimlənmişdir. Belə ki, əvvəlki qərarda sığorta müqaviləsinin qüvvəyə minmə tarixini məhz sığorta haqqının ödənilməsindən sonra baş verməsi təsbit edilmişdir. Bu baxımdan, cavabdehin həm birinci instansiya məhkəməsində, həm də apellyasiya şikayətində istinad etdiyi qərar hazırkı mübahisəyə hər hansı aidiyyəti yoxdur. Həmin qərarın 28-ci bəndindən1 aydın olur ki, sığorta müqaviləsi məhz əvvəlki redaksiyaya uyğun tərtib edilmişdir.

72. Belə olan halda tərəflər arasında bağlanmış sığorta müqaviləsi 13 aprel 2024 bağlanmış və həmin gün saat 24:00-da qüvvəyə minmişdir. Cavabdeh bunun əksini, yəni müqavilənin məhz sığorta haqqı ödənildikdən sonra qüvvəyə minməsi barədə hər hansı dəlil (müqavilə bəndi, işgüzar adət və s.) təqdim etməmişdir.

73. Həmçinin kollegiya onu da vurğulayır ki, cavabdeh müqavilənin sözügedən şərtinə razılaşmış və bununla bağlı fərqli tənzimləməmə müəyyən etməməsinə görə risk sığorta şirkəti kimi ilk növbədə özü daşıyır. Bu müstəvidə kollegiya onu xatırladır ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin üç xüsusiyyəti var: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Eyni zamanda, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 20 sentyabr 2004-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən növlər üzrə sahibkarın riski ilə həyata keçirilən, məhz müstəqil bir fəaliyyətdir.

74. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, apellyasiya şikayətləri təmin olunmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıldır.

75. Kollegiya, apellyasiya şikayəti üçün ödənilən dövlət rüsumunun tərəfin özünə aid etməyi məqsədəuyğun sayır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

76. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

1 Ali Məhkəmə, İş №2-2(102)-196/2021, § 28 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2021/3_196+18.05.2021.pdf) QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2839/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 25 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar