Məhkəmə qərarları › İş №2-2(103)-556/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-556/2023

11.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-556/2023 11.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1269/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixli, 088/18 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə görə iddiaçı cavabdehə mal-materialı verməyi\satmağı, cavabdeh isə aldığı mal(lar)ın dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə ƏDV daxil olmaqla 24.651,37 manat, əldən çıxmış faydaya görə 2875,6 manat məbləğində, mediasiya sessiyası üçün ödənilmiş 200 manat mediasiya xərcinin, cəmi 27.726,97 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, uzun müddət aralarında mal-materialların alınıb-satılmasına və ödənişlərin edilməsinə baxmayaraq cavabdeh sonuncu aldığı malların ödənişlərini etməmişdir. Dəfələrlə şirkət rəhbərlərinin görüşməyinə, hətta mediasiya sessiyası zamanı müəyyən vaxt istəmələrinə baxmayaraq hələ də borc ödənilməmişdir. Müqavilənin 2.2.2-ci bəndinə görə alınmış malların dəyəri 20 iş günü müddətində ödənilməli idi. Lakin 2 ildən artıq müddətdir ki, cavabdeh ödəniş etməmişdir. xx.xx.2020-ci il tarixdə cavabdehə elektron vergi hesab faktura göndərilmiş, malın dəyəri 20.890,99, malın ƏDV məbləği 3760,38 və malın ümumi dəyəri 24.651,37 təşkil etmişdir.

4. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1269/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" MMC-dən 24.651,37 (iyirmi dörd min altı yüz əlli bir manat otuz yeddi qəpik) manat əsas borc və ödənilmiş 200 (iki yüz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən, yəni iddianın təmin edildiyi hissədə ləğv edilməsi və iddia tələbinin tam şəkildə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçı tərəfindən həqiqətən cavabdehə sonuncu dəfə 24651,37 manat malların verildiyini araşdırmamış, yalnız cavabdehə ünvanlanmış elektron qaimələrə istinad etmişdir. Əslində, malın iddiaçı tərəfindən cavabdehə verilməsi tərəflər arasında imzalanmış müvafiq təhvil-təslim aktları ilə təsdiq oluna bilərdi. Müqavilənin 3.3-cü bəndindən də görünür ki, ödəniş məhz malların təhvil alınmasından sonra 20 iş müddətində aparılmalıdır. Bu mənada cavabdeh ümumi dəyəri 24651,37 manat təşkil edən malları iddiaçıdan təhvil almamışdır. Bununla da onun iddiaçıya münasibətdə ödəniş etmək öhdəliyi yaranmamışdır. Müqavilə üzrə hansı həcmdə mal verilmişsə, həmin malın dəyərini cavabdeh tam şəkildə iddiaçıya ödəmişdir. Digər tərəfdən, məhkəmə cavabdehin nümayəndəsinin məhkəmə iclas(lar)ında iştirakını təmin etməmiş, çəkişmə prinsipinin pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz etdi.

10. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

12. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.

13. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.

17. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.

18. İddiaçı e-qaimə üzrə malları cavabdehə təhvil verdiyini, sonuncu isə apellyasiya şikayətində malları təhvil almadığını bildirir.

19. Göründüyü kimi mübahisənin həlli üçün ilk növbədə xx.xx.2020-ci il tarixli qaimə üzrə malların cavabdehə təhvil verilib-verilmədiyi müəyyən olunmalıdır.

20. Tərəflər arasında bağlanmış müqavilənin 2.1.2-ci bəndində təsbit olunmuşdur ki, mallarla birlikdə təhvil-təslim sənədləri (qaimə-faktura) verilməlidir.

21. Göründüyü kimi malların məhz qaimə-faktura əsasında verilməli olmasını tərəflər özləri razılaşmışlar və bununla bağlı hər hansı üzləşmə və ya təhvil-təslim aktının tərtib edilməsi müqavilədə nəzərdə tutulmamışdır.

22. Tərəflər arasında əvvəllər formalaşmış işgüzar münasibətlər də məhz bu qaydada olmuşdur.

23. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında da əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

24. Hazırki işin halları da ondan ibarətdir ki, iddiaçı tərəfindən cavabdehə hazırki mübahisə predmetinə aid olmayan 10000,4 manat məbləğli EAAN 032898 nömrəli xx.xx.2018-ci il tarixli, 40000,01 manat məbləğli EAAN 839657 nömrəli xx.xx.2018-ci il tarixli, 9516,2 manat məbləğli EAAO 549128 nömrəli xx.xx.2018-ci il tarixli, 40000,04 manat məbləğli EAAO 990447 nömrəli xx.xx.2019-cu il tarixli, 40000,01 manat məbləğli EAAQ 240997 nömrəli xx.xx.2019-cu il tarixli, 120022,84 manat məbləğli EAAU 288995 nömrəli xx.xx.2019-cu il tarixli, 70048,5 manat məbləğli EAAX 086477 nömrəli xx.xx.2019-cu il tarixli, 8000,4 manat məbləğli EBAK 098616 nömrəli xx.xx.2020-ci il tarixli, 1000 manat məbləğli EBAM 200663 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimələr göndərilmişdir.

25. "xxxx" ASC tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli 1721 saylı məktuba cavabdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 18000,40 manat vəsait mədaxil olunmuşdur.

26. "xxxx" ASC tərəfindən iddiaçıya verilmiş 04 mart 2022-ci il tarixli SNYF2022/109 nömrəli arayışdan görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına yalnız bir dəfə xx.xx.2018-ci il tarixində 10.000 manat məbləğində vəsait daxil olmuşdur.

27. "xxxx" ASC tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli 743 nömrəli məktuba cavabdan görünür ki, cavabdeh tərəfindən hesab açılan tarixdən, yəni xx.xx.2016-cı il tarixdən bugünə kimi 319586,34 manat vəsait daxil olmuşdur.

28. Göründüyü kimi tərəflər arasında əvvəllər də alqı-satqı münasibətləri olmuş, iddiaçı tərəfindən cavabdehə e-qaimələr göndərilmiş, cavabdeh də yuxarıda qeyd olunan qaydada ödənişləri həyata keçirmişdir.

29. Həmin e-qaimələr üzrə isə heç bir üzləşmə və ya təhvil-təslim aktı tərtib edilməmişdir. Çünki bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

30. Göründüyü kimi həm müqavilə üzrə, həm də tərəflər arasında formalaşan işgüzar adətlərə görə də malların təhvil verilməsi elektron qaimələr əsasında rəsmiləşdirilmişdir.

31. İnternet vergi idarəsinin e-qaimələrə aid şəxsi kabinetdən isə görünür ki, hazırki iş üzrə mübahisə predmeti olan xx.xx.2020-ci il tarixli qaimə sistem tərəfindən təsdiqlənmişdir.

32. Bununla bağlı kollegiya qeyd edir ki, əgər cavabdehin apellyasiya şikayətində qeyd etdiyi kimi həqiqətən də iddiaçı cavabdehə malları təhvil verməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaiməni təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil.

33. Bu mənada kollegiya hesab edir ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq bağlanılmış alqı-satqı müqaviləsi üzrə satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir.

34. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən satılmış əşyalara görə ödənilməyən ümumilikdə 24.651,37 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.

35. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, məhkəmə bildirişləri həm cavabdehin elektron kabinetinə, həm də hüquqi ünvanına göndərilmiş, həmçinin SMS bildirişlər də göndərilmişdir. Digər dəlillər isə formal mülahizələrə əsaslanır və məhkəmənin yuxarıda qeyd olunan mövqeyinə görə əsassızdır.

36. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 32 Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1269/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Fərrux Qasımov

Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar