Məhkəmə qərarları › İş №2-2(103)-556/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-556/2024

07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-556/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-798/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli AS-34/2022 №-li alqısatqı (xidmət) müqaviləsi üzrə malların qalıq dəyəri olan 29926 manat, 5386,68 manat ƏDV, pul öhdəliyinin icrasının 18 ay gecikdirilməsinə görə 2648,44 manat faiz, 200 manat mediasiya xərci, 3.89 manat dövlət rüsumu və vəkilin göstərdiyi hüquqi yardıma görə 500 manat xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-798/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdehin qanuni təmsilçisi xx.xx.2024-cü il tarixdə ərizə verərək, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qeyd edilən məhkəmə qərarı xx.xx.2024-cü il tarixdə elektron sistemə yüklənilmişdir. Şikayət vermə müddəti ərzində oğlu və qızı "qızılça" xəstəliyi tutmuşdur. Belə ki, övladları xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək xəstə olmuşlar. Onlara o, qulluq etdiyindən şikayət vermə müddəti ərzində şikayət verə bilməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-798/2024 saylı qərardadı ilə ərizə təmin edilmişdir. İddiaçı MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə qətnamə xx.xx.2024-cü ildə tərəflərin EMİS-dəki e-kabinetinə yerləşdirilməklə onlara rəsmi qaydada verilib və həmin gündən 1 ay müddətində, yəni xx.xx.2024-cü ilədək apelyasiya şikayəti verilə bilərdi. Tibbi arayışa əsasən cavabdehin qanuni təmsilçisi (direktoru) Qanuni nümayəndə övladı X2 xx.xx.2024-cü ildə infeksion xəstəliyə yoluxmuşdur. Göründüyü kimi cavabdehin üzürlü səbəb kimi göstərdiyi hal – azyaşlı uşağının xəstəliyi apellyasiya şikayətinin verilməsi üçün müəyyən olunan bütün müddət ərzində deyil, müddətin yalnız son 10 günündə (xx.xx.2024-cü ildən başlayaraq) yaranmış və davam etmişdir. Bu baxımdan cavabdeh xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək olan 21 gün (şikayət müddətinin 2/3 hissəsi) ərzində qətnamədən apellyasiya şikayəti vermək imkanına malik olmuşdur. Odur ki, həmin hal bütün şikayət müddəti ərzində davam etmədiyi üçün müddətin ötürülməsinin üzürlü səbəbi kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin kollegiya hesab edir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi və prosessual müddətin bərpası üçün əsaslar mövcud deyildir. Belə ki, Cavabdeh MMC-nin qanuni təmsilçisi tərəfindən verilmiş ərizədə prosessual müddətin buraxılmasının üzrlü səbəbi kimi övladlarının xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "qızılça" xəstəliyinə tutulduğundan onlara qulluq etməsini göstərmişdir. Kollegiya hesab edir ki, bu hal kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxsə münasibətdə heç bir halda apellyasiya şikayətinin üzrlü səbəblərdən ötürülməsi kimi qəbul edilə bilməz. Çünki şikayəti hüquqi şəxsin hüquqşünası və ya digər bir əməkdaşı da verə bilərdi. Eyni zamanda hüquqi şəxs öz kommersiya fəaliyyətinin hüquqi məsələlərini tənzimləməsi və yarana biləcək məhkəmə mübahisələrində lazımi qaydada təmsil olunması ilə bağlı hüquqşünasının və ya məhkəmədə təmsil etmək üçün hər hansı əməkdaşının və yaxud vəkilinin olmaması riskini özü daşıyır. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və cavabdeh tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizə rədd edilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-798/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Cavabdeh MMC tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar