Məhkəmə qərarları › İş №2-2(103)-556/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-556/2025

22.05.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-556/2025 22.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər Elnur Məmmədsaat oğlu Həsənov və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Eyvazlı Aytac Rafael qızının katibliyi, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2831/2025 nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin Halları

1. İşdə olan fiziki şəxs haqqında məlumatdan görünür ki, Maraqlı şəxs xx.xx.2009-cu il tarixdə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi - VÖEN (**********) verilmişdir və onun sahibkarlıq fəaliyyətinin əsas istiqaməti internet səhifələrindən istifadədir.

2. Maraqlı şəxs xx.xx.2024-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 2.959,34 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 115,31, X1 borcu 18,46 manat təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat

3. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 2207,42 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 107,29 manat, İcbari Tibbi Sığorta Fonduna olan 17,18 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZEAA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 17,18 manat, Dövlət Sosial Müdafiə Fonduna 107,29 manat, dövlət büdcəsinə 2207,42 manat məbləğində (o cümlədən, vergilər üzrə 1355,03 manat, faizlər üzrə 812,39 manat, maliyyə sanksiyası üzrə 40 manat) olmaqla, ümumilikdə 2331,89 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65- ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********669900, xx.xx.2024-cü il tarixli **********657100, xx.xx.2024-cü il tarixli **********426900 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2831/2025 nömrəli qətnaməsi ilə ərizə rədd edilmişdir.

6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, borclu fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə həmin fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur. Lakin hazırkı qəbildən olan işlərin həllində vergi orqanları tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hər bir halda məhdudiyyət tətbiq edərkən bu tədbirin mütənasiblik meyarına cavab veribverməməsinin araşdırılmalıdır. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Bu isə ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Belə ki, Kontitusiyanın 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Mütənasiblik prinsipinin məhkəmə təcrübəsində tətbiqinin bir çox aspektləri vardır. Belə ki, şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq üçün borcun həcmi, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımı, yəni müəyyənliyi və vergi ödəyicisinin borc məbləği barədə lazımınca xəbərdar edilməsi, onun mübahisəyə qədərki davranışları, müvafiq borcların vaxtı-vaxtında ödənilməsi kimi halları, bu məcburiyyət tədbiri tətbiq edilmədən müvafiq borcların ödənilməsi imkanları kimi şərtləri nəzərə almaq mütənasibliyin əsas tələblərindəndir. Beləliklə, işin halları nəzərə alınmadan və ya izah edilmədən qoyulan “mexaniki məhdudiyyət” və ya məhkəməyə əlçatanlıq təmin edilmədən tətbiq edilən məhdudiyyət “ədalət mühakiməsi” anlayışı ilə ziddiyyət təşkil edir. Təsadüfi deyil ki, qanunverici vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məhz ədalət mühakiməsini həyata keçirən məhkəmələrə həvalə etmişdir. Qeyd edilənlərin əksinə olan istənilən yanaşma onunla nəticələnər ki, şəxsin konstitusion vəzifəsi ilə konstitusion hüququ arasında balans pozular və konstitusion hüququnun mahiyyəti dəyişər, həmçinin dövlətin və başqa şəxslərin mənafeləri ilə maraqlı şəxsin individual mənafeləri arasında mütənasiblik pozular ki, bu da demokratik cəmiyyətin tolerantlıq, plüralizm kimi dəyərlərinə ziddir. Lakin vergi orqanı hazırkı işlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün görülən tədbirlər və (bank hesablarına dair sərəncam verilməsi, öhdəlik yerinə yetirilmədikdə ixtisaslaşdırılmış ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) nəticə verib-verməməsi ilə bağlı sənədləri ərizəyə əlavə etməmişdir. Əksinə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Maraqlı şəxs mülkiyyətində 2 ədəd torpaq sahəsi mövcuddur. , vergi ödəyicisinin mülkiyyətində əmlakı (torpaq sahələri) olduğu halda vergi orqanı tərəfindən müvafiq borcun alınması ilə bağlı digər tədbirin (vergi ödəyicisinin əmlakının siyahıya alınması) tükədilmədiyi, bank hesabına sərəncam qoyulması növündə tədbirin iş materiallarına istinadla nəticə veribverməməsi əsaslandırılmadığı halda fərdi sahibkarın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti işin halları ilə təsdiqlənmir. Hazırkı halda maraqlı şəxsin konstitusion hüququnu məhdudlaşdırmaq Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin yuxarıdakı hüquqi mövqelərində qeyd olunan mütənasiblik və legitim məqsəd meyarına cavab vermir.

7. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır kı, Vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlər görməsi (tələb olunan vəsaitin şəxsin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, hüquqi şəxsin əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) ilə bağlı məlumatın verilməməsi barədə məhkəmənin mövqeyinə münasibətdə qeyd etmək lazımdır ki, məhkəmənin sadaladığı məhdudlaşdırcı tədbirlərdən hər hansı birini seçərək tətbiq etmək vergi orqanının hüququdur və bununla bağlı qanunvericilikdə hər hansı ardıcıllıq və ya növbəlilik müəyyən edilməmişdir. Vergi orqanı mövcud vergi borcunun alınması üçün ən effektiv olan və məqsədəmüvafiq hesab etdiyi üsulu seçmək hüququna malikdir. Belə olan halda da məlumdur ki, borcun alınması istiqamətində ən təsirli və tez nəticə verən tədbir məhz maraqlı şəxsin ölkədən getmək hüquqununun məhdudlaşdırılması üçün məhkəməyə müraciət etməkdir. Məhkəmə eyni zamanda qətnamədə qeyd etmişdir ki, maraqlı şəxsin vergi borcunun ödənilməsi üçün görülən tədbirlər qanuni olmalı, legitim məqsəd güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, mütənasiblik meyarına cavab verməli, yəni dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Vergi orqanları tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənən nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir. Bu isə ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Belə ki, Kontitusiyanın 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Lakin məhkəmə işə baxarkən mütənasiblik prinsipinə birtərəfli yanaşmışdır. Məhkəmə qətnaməsinin tətbiq edilən hüquq bölməsindən göründüyü kimi qətnamə tamamilə birtərəfli və yalnız maraqlı şəxsin hüquqlarının müdafiəsinə yönəlmiş qanunvericilik normalarına əsaslanmış, maraqlı şəxsin üzərinə vəzifə qoyan maddi hüquq normalarına isə ötəri toxunmuşdur. Məhkəmə işə baxarkən qanunun aliliyi və mütənasiblik prinsiplərinə birtərəfli yanaşmışdır. Göründüyü kimi qəbul edilmiş qətnamə məhkəmə tərəfindən tətbiq edilməli olan ümumdövlət və ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən publik hüquq sahəsinə aid maddi hüquq normalarının dairəsinin tam və düzgün müəyyən edilməməsinin, işə birtərəfli yanaşılmasının məntiqi nəticəsidir. Yuxarıda göstərilən qanunvericilik normalarından da göründüyü kimi məhkəmənin işə birtərəfli yanaşmaqla ortaya qoyduğu hüquqi mövqe Azərbaycan RespublikasınınKonstitusiyasının 71-ci madəsinin İ və İİ hissələrinin, 73-cü maddəsinin İ hissəsinin, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 11, 16.1.1, 23.1.15- 3, 77.1, 77.3, 78.1-ci maddələrinin tələblərinə zidd olmuşdur. Belə ki, vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən görünür ki, vergi orqanının ərizəsi üzrə onun müvafiq fondlara borcu ödənilməmiş qalmaqdadır. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə əsasən hərkəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən e d i lmi ş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Göründüyü kimi hər kəsin hüquq və azadlıqlarının səviyyəsi digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Bu baxımdan borclu vergi ödəyicisinin də Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİ hissəsindənəzərdə tutulmuş sərbəst hərəkət etmək hüququ onun konstitusiyanın 73-cü maddəsində nəzərdə tutulmuş qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək öhdəliyi ilə məhdudlaşır. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş əsas insan hüquq və azadlıqlarının qorunmasına cavabdeh olan dövlətin bu məqsədə xidmət edən dövlət büdcəsindən maliyyələşən orqanlarının maliyyə təminatı kimi çıxış edən vergiləri vaxtında ödəməyən vergi ödəyicisinin vergiləri ödəməsini təmin etmək məqsədilə Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində təsbit o lumuş hüquqlarının məhdudlaşdırılması Azərbaycan Respublikasının Konstitusiyasına uyğundur. Göründüyü kimi məhkəmə vergilərin dövlət büdcəsinə alınması vəzifəsini yerinə yetirmək üçün vergi orqanının qanunvericilikdə, daha dəqiq desək, Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsində nəzərdə tutulmuş hüququndan istifadə etməsinə mane olan qanunsuz qətnamə qəbul etmişdir. Vergi borcunun alınmasını təmin etmək üçün Vergi Məcəlləsində nəzərdə tutulmuş məcburetmə tədbirlərindən birinin tətbiq edilməsi digərinin də tətbiq edilməsini istisna etmir. Lakin bununla belə qeyd edirik ki, ərizəçi vergi orqanı tərəfindən borcun alınması istiqamətində tədbirlər görülmüş, borcun alınması üçün təsirli vasitələrdən biri olan maraqlı şəxsin bank hesablarına sərəncamlar qoyulmuşdur. Qoyulmuş sərəncamlar nəticəsində borcun alınması mümkün olmadığından borcun ödənilməsinin təsir tədbiri kimi ölkədən getmə hüququnun məhdudlaşdırılması ilə bağlı məhkəməyə ərizə ilə müraciət edilmişdir. Məhkəmənin məhdudiyyətin mütənasib olması ilə bağlı mövqeyinə münasibətdə onu da bildirilir ki, hazırkı iş üzrə inzibati orqanın borclu maraqlı şəxs barədə tətbiq olunmasını istədiyi məhdudiyyət tədbiri qanuni olmaqla yanaşı həm də çatmaq istədiyi məqsədə mütənasibdir. Belə ki, burada söhbət borclu fiziki şəxsin ölkədən çıxışına qadağanın yalnız həmin borc məbləği ödənilənədək qoyulmasından gedir. Vergi Məcəlləsində vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edilməsi üçün hər hansı məbləğ həddi müəyyən olunmamışdır. Qeyd edək ki, 2331,89 manat məbləğ ölkənin minimum əmək haqqının təqribi 5 misli qədər məbləğdir. Bu nöqteyi-nəzərdən məhkəmə vergi ödəyicisi olan X3 dövlət büdcəsinə və müvafiq fondlara cəmi 2331,89 manat məbləğində təşkil edən borcunun şəxsin qeyd olunan hüququnun məhdudlaşdırılmasına mütənasib olmadığından ölkədən getmək hüququnun məhdudlaşdırılmasını onun hüquqlarının əsassız məhdudlaşdırılması hesab edib, ərizəni təmin etməyərək maddi hüquq normasının pozuntusuna yol vermişdir. Beləliklə, məhkəmə ətraflıaraşdırma aparmayaraq, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalı olmaması qənaətinə gəlməklə yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə almamış, tətbiq edilməli olduğu halda tətbiq etməmiş, nəticədə əsassız olaraq ərizəçinin tələbi təmin edilməmişdir. Göründüyü kimi məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd olunan maddi hüquq normalarını pozmuş, qanunvericiliyə zidd olan qərar çıxarmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).

12. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.

13. Həmin Məcəllənin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.

14. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinəyetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.

15. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər,faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və yaxarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit və ya elektron pul təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən hesablardadondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutanvergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir. • .65.2.1. Vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrəborcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir: • 65.2.1.1. vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə; • 65.2.1.2. vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyalarıüzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə;6 • 5.2.1.3. məhkəmənin müvafiq qərarı və ya müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqanın (qurumun) qərarı olduqda həmin qərara uyğun olaraq; 65.2.1.4. vergi ödəyicisinin yazılı razılığı olduqda.

16. 65.2.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə vəya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verildikdə kredit və ya elektron pul təşkilatı və ya bank əməliyyatları aparan şəxs məhkəmənin qanuni qüvvəyə

17. minmiş qərarına və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarına uyğun olaraq və bu Məcəllənin 65.2.1.3-cü maddəsinə əsasən verilmiş sərəncamın icrasını təmin edir.

18. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.

19. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

20. Həmin məcəllənin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarınıöd ənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

22. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

24. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, fərdi sahibkar kimi vergi ödəyicisi olan Maraqlı şəxs vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta haqqı üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Həmin borcların ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Verg Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi ödəyicisinə borcun ödənilməsinə dair bildirişlər ünvanlanaraq onların 5 gün müddətində ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində Maraqlı şəxs tərəfindən borc məbləğlərinin ödənilməsi təmin edilməsədə, apellyasiya şikayətinə əlavə edilmiş Maraqlı şəxs xx.xx.2025-ci il tarixli şəxsi hesab vərəqəsinə əsasən 18764 manat 05 qəpik borcundan 13677 manat 90 qəpik ödəniş edlmiş, 5978 manat 94 qəpik azaldılmış və nəticədə borcu qalmamışdır. Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi haqqında internet axtarış sistemi ilə də müəyyən edilir ki, Maraqlı şəxs dövlət büdcəsinə hazırda borcu 0 manat olaraq əks olunmuşdur. Bu mənada hazırda ərizənin təmin edilməməsi üçün qanuni əsas – dövlət büdcəsinə və müvafiq fondlara olan borcunun olmamasıdır.

27. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması demokratik cəmiyyətdə zəruri – mütənasib deyil. Belə ki, şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq üçün borcun həcmi, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımı, yəni müəyyənliyi və vergi ödəyicisinin borc məbləği barədə lazımınca xəbərdar edilməsi, onun mübahisəyə qədərki davranışları, müvafiq borcların vaxtı-vaxtında ödənilməsi kimi halları, bu məcburiyyət tədbiri tətbiq edilmədən müvafiq borcların ödənilməsi imkanları kimi şərtləri nəzərə almaq mütənasibliyin əsas tələblərindəndir. Əks yanaşma onunla nəticələnər ki, şəxsin konstitusion vəzifəsi ilə konstitusion hüququ arasında balans pozular və konstitusion hüqunun mahiyyəti dəyişər, həmçinin dövlətin və başqa şəxslərin mənafeləri ilə maraqlı şəxsin individual mənafeləri arasında mütənasiblik pozular ki, bu da demokratik cəmiyyətin tolerantlıq, plüralizm kimi dəyərlərinə ziddir.

28. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra AİHM) də bir sıra qərarlarında qeyd etmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3- cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar). 21.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Klark Qordon Morrisin (X11) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur. Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir.

29. “X5rşı” işdə isə məhkəmə qeyd etmişdir ki, hökümət ölkəni tərk etmək hüququnun məhdudlaşdırmanın zəruriliyinin nədən ibarət olmasını izah etməmiş, zəruriliyə əsas olan halları göstərməmişdir. Nəticədə xaricə getmək hüququnun məhdudlaşdırılmasının mütənasibliyinin zəruri qiymətləndirilməsi aparılmamış, bu məhdudiyyətin tətbiq edilməsi əsaslandırılmamış, ərizəçinin vəziyyəti öyrənilməmişdir. Bütün hallarda, daxili hakimiyyət orqanları şəxsin öz ölkəsini tərk etmək hüququna qoyulan məhdudiyyətin əvvəlcədən və tətbiq edildiyi müddətdə əsaslandırılmış və işin hallarına nəzərən mütənasib olmasına nəzarət etməlidir. Daxili hakimiyyət orqanları şəxsin sərbəst hərəkət etmək hüququnu məhdudlaşdıran tədbirlərin əsaslandırılmış olub-olmadığını vaxtaşırı nəzərdən keçirmədən onları uzun müddət tətbiq edə bilməz.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin maraqlı şəxsin bank hesablarına sərəncamlar qoyulması dəlillərinə münasibətdə qeyd edir ki, sərəncam qoyulmasına dair sübut, həmçinin Maraqlı şəxs mülkiyyətində 2 ədəd torpaq sahəsi mövcud olduğu halda vergi borcunun ödənilməsi ilə bağlı digər ilkin tədbirlər görülməsi ilə bağlı sübut təqdim edilməmişdir.

31. Kollegiyası həmçinin qeyd edir ki, Vergi Məcəlləsinin 65 və 89-cu maddələrində vergilər üzrə borcların alınması qaydası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası istinad olunan maddi hüquq normalarının və mülki prosessual qanunvericiliyin sübutetmə haqqında tələblərinə əsasən qeyd edir ki, ərizəçi vergi ödəyicisinin bank hesablarına müvafiq sərəncamların qoyulmasına, eləcə də ona məxsus əmlaklar barədə hər hansı məlumatın əldə edilməsinin mümkünsüz olmasına dair sübutları işin faktiki hallarını araşdıran və sübutları qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələrə təqdim etməlidir. Lakin işin materiallarından ərizəçi tərəfindən belə sübutların təqdim edildiyi müəyyən edilmir.

32. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qanuna uyğun olmamaqla legitim məqsəd güdmür və demokratik cəmiyyətdə zəruri – mütənasib deyildir.

33. Kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2831/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar