Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-557/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi Açar söz: lizinq müqaviləsi, dəbbə pulu, borcun ödənilməsi. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1359/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Lizinq verən qismində "xxxx" ASC ilə lizinq alan qismində Cavabdeh arasında "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2013cü il tarixli, 518-L/13 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən lizinq verən ümumi məbləği 31989,4 manat olan texnikanı dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən lizinq alan texnikanların dəyərindən 3160 + GPS Terminal 389,4 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən lizinq verənin lizinq alan tərəfindən texnikanın təyinatı üzrə istifadə olunmasına, dövlət qeydiyyatına alınmasına, texniki xidmətlərin keyfiyyətli aparılmasına, qorunub saxlanılmasına nəzarət etmək, texnika lizinqə verilərkən onun dəyərinin 10 faizinin ödənilməsini tələb etmək, qrafik üzrə lizinq alanın ödənişinə nəzarət etmək, lizinq alan müqavilənin şərtlərinə əməl etmədikdə, o cümlədən qrafik üzrə ödənişi bir dəfə aparmadıqda müqavilənin 5.2-5.5-ci bəndlərində göstərilən hərəkətləri etmək hüququ vardır. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən lizinq alanın texnikanın dəyərinə hesablanmış bütün xərcləri ödəmək, lizinq ödənişlərinin vaxtında və tam həcmdə ödəmək vəzifəsi vardır. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən lizinqə verilən texnika üzərində müstəsna mülkiyyət hüququ onun tam dəyəri lizinq alan tərəfindən ödənilənədək lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən lizinq alan texnikanın istifadəsinə görə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən texnikadan istifadə üçün 1 nömrəli əlavədə nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədn artıq ödəməməsi müqavilənin şərtlərinin pozulması kimi qiymətləndirilir.
2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 752/Ü nömrəli Əmrdə qeyd olunmuşdur ki, Ağcabədi rayonu, Mirzəhaqverdili kənd sakini Cavabdeh 16 may 2013-cü il tarixli sifarişinə və "xxxx" ASC ilə bağlanmış 16 may 2013-cü il tarixli, 518-L/13 nömrəli lizinq müqaviləsinə əsasən əmrdə adıçəkilən texnikalar (1 ədəd MTZ-89.2 markalı traktor, 1 ədəd KR-14 (AG-14-4) markalı kotan, 1 ədəd Fort-300 markalı GPS Terminal) güzəşt tətbiq edildikdən sonra qalıq dəyəri ilə yenidən lizinqə verilsin. Texnikaların ümumi dəyərindən 3160 + GPS Terminal 389,4 manat öhdəliyi nəzərə alınsın.
3. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixli, 518-L/13 nömrəli lizinq müqaviləsi üzrə qalıq borcu 28440 manat, gecikdirilmiş borc 2100 manat, hesablanmış cərimə 2194,5 manat olmaqla, ümumilikdə 4294,5 manat təşkil edir. Müqavilə üzrə edilmiş ümumi ödəniş 3160 manat təşkil edir.
4. İş materiallarına müqavilə üzrə tərəflər arasında razılaşdırılmış ödəniş qrafiki əlavə olunmuşdur.
5. xx.xx.2013-cü il tarixli "xxxx" ASC-yə məxsus texnikaların təhvil-qəbulu barədə aktdan məlum olur ki, "xxxx" ASC tərəfindən Cavabdeh 1 ədəd MTZ-89.2 markalı traktor, 1 ədəd KR-14 (AG-14-4) markalı kotan, 1 ədəd Fort-300 markalı GPS Terminal təhvil verilmiş, Cavabdeh tərəfindən təhvil alınmışdır. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.
6. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə müraciət edərək əsas borcun və cərimənin ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
7. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli 518-L/13 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 2100 (iki min bir yüz) manat gecikdirilmiş borc, hesablanmış 2194,50 manat (iki min bir yüz doxsan dörd manat əlli qəpik) cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat olmaqla, cəmi 2694,50 manat (iki min altı yüz doxsan dörd manat əlli qəpik) pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 518-L/13 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2013-cü il tarixli 518-L/13 nömrəli müqavilə üzrə 2100 manat gecikdirilmiş borc və 2194,50 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəlikləri vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Tərəflər arasında bağlanmış müqavilənin 8-ci maddəsinə əsasən müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış bütün mübahisə və fikir ayrılıqların həlli 30 gün müddətində danışıqlar yolu ilə mümkün olmadıqda tərəflər lizinq verənin yerləşdiyi ərazi üzrə aidiyyəti məhkəməyə müraciət edirlər. Eyni zamanda bildirilmişdir ki, hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 500 ( beş yüz) manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1359/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2024-cü il tarixə xx.xx.2013-cü il tarixli, 518-L/13 nömrəli müqavilə üzrə 2100 (iki min yüz) manat əsas borc, 110 (yüz on) manat cərimə, 300 (üç yüz) manat hüquqi yardım xərci olmaqla, cəmi 2510 (iki min beş yüz on) manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması, Cavabdeh 42,1 manat (qırx iki manat on qəpik) məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında lizinq müqaviləsi bağlanmış, lizinq verən tərəfindən lizinq predmeti cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş qrafikinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilələr üzrə öhdəliklərini vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehə qarşı borcun ödənilməsi ilə bağlı tələb hüququ yaranmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq va öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. İddia tələbinin bir hissəsini cavabdehdən xx.xx.2024-cü il tarixə hesablanmış 2100 (iki min bir yüz) manat gecikdirilmiş borcun tutulması təşkil edir. Məhkəmə maddi hüquq normalarının tələblərini, müqavilə şərtlərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab etmişdir ki, cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi xx.xx.2024-cü il tarixə xx.xx.2013-cü il tarixli, 518-L/13 nömrəli müqavilə üzrə 2100 (iki min yüz) manat əsas borcun cavabdehdən tutulması hissəsində tam təmin edilməlidir. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. İddia tələbinin digər hissəsini hesablanmış 2194,50 (iki min bir yüz doxsan dörd manat əlli qəpik) manat cərimə borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması təşkil edir. Məhkəmə hesab etmişdir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, müqavilə üzrə tutulması tələb olunan cərimə azaldılaraq 110 (yüz on) manat məbləğində müəyyən edilməlidir. Eləcə də, iddiaçı vəkilə ödənilmiş 500 manat məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir. Həmin məbləğin iddiaçı tərəfindən ödənilməsinə dair sübutlar məhkəməyə təqdim edilmişdir. Məhkəmə hesab etmişdir ki, ağlabatan məbləğ olar, işin halları nəzərə alınmaqla, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 300 (üç yüz) manat hüquqi yardım xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən işə baxılması ilə əlaqədar iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə tərəfindən belə nəticəyə gəlinmişdir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğuna görə ödənilməli olan 42,1 manat (qırx iki manat on qəpik) məbləğində dövlət rüsumu dövlət mədaxilinə cavabdehdən alınmalıdır.
11. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1, 462.1, 467, 747.1-ci maddələrini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 115.0.6, 119.1, 121.1-ci maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1359/2025 nömrəli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin hüquqi yardım ilə bağlı qismən təmin edilən hissədə ləğv edilərək, iddia tələbinin hüquqi yardım ilə bağlı hissədə tam həcmdə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 904-VİQD nömrəli Qanunu ilə 121.1ci maddədə “çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla” sözləri “təqdim edilmiş məlumatlar qiymətləndirilməklə” sözləri ilə əvəz edilmişdir. Maddədən göründüyü kimi, mülki prosessual qanunvericilikdə kommersiya mübahisəsinə dair işlərdə vəkilin və ya iddiaçının məhkəmədə mütləq iştirak etməsi barədə hər hansı məcburedici norma mövcud deyildir. Əksinə, qanunvericilik iddiaçının və ya onun vəkilinin məhkəmə iclasına gəlmədən işə onun iştirakı olmadan baxılmasının tələb etməklə işin mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsinin mümkünlüyünü müəyyən etmişdir. Bununla yanaşı, məhkəmə hüquq islahatı çərçivəsində iş yükünün azaldılması və prosessual qənaət prinsipinin təmin edilməsi baxımından işlərə tərəflərin və onların vəkillərinin iştirakı olmadan sadələşdirilmiş icraat qaydasında baxılması hallarının qanunvericilikdə müəyyən edilməsi də işlərin məhkəmədə deyil, məhkəməyə qədər hazırlanmasını zəruri edir. Ona görə də vəkilin əsas öhdəliyi işi məhkəməyə qədər düzgün hazırlamaq və məhkəməyə təqdim etməkdir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələri və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, hüquqi yardım xidməti yalnız məhkəmə icraatlarında iştirakla bağlı olmadığından, belə xidmət göstərən şəxslərin fəaliyyəti heç də həmişə müraciət edənin hüquqlarının və mənafelərinin müdafiəsi və ya təmsil edilməsindən ibarət olmamaqla, bəzi hallarda ərizələrin, şikayətlərin layihələrinin, məhkəməyə müraciət etmək üçün lazım olan sənədlər paketinin, hüquqi xarakterli digər sənədlərin hazırlanaraq təqdim edilməsi kimi maddi nəticələri özündə ehtiva edən işlərin icrası ilə məhdudlaşa bilər. Beləliklə, nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin ağlabatanlılığı müəyyən edilən zaman nəzərə alınan “konkret hallar və təqdim edilmiş məlumatlar” vəkil tərəfdən tam şəkildə təqdim edilərək, hüquqi yardım üçün nəzərdə tutulan xidmətlər vəkil tərəfindən tam icra edilmişdir. Nəzərə almaq lazımdır ki, vəkil ilə bağlanmış müqaviləyə əsasən vəkilin hüquqi yardımla bağlı öhdəliyi müvafiq olaraq pretenziyanın və iddia ərizəsinin hazırlanması, təqdim edilməsi və bununla bağlı digər işlərin və zəruri araşdırmaların aparılmasından ibarət olmuş və hüquqi yardıma dair öhdəliklər vəkil tərəfindən icra edilmişdir. Eyni zamanda, vəkil məhkəmə üçün zəruri araşdırmaları həyata keçirməklə kifayətlənməmiş, məhkəmə iclasında da şəxsən özü iştirak etmişdir. Bütün bunlar vəkilin iddianın təmin edilməsi üçün bütün zəruri hərəkətləri etdiyini sübuta yetirir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” işi üzrə 18 dekabr 2008-ci il tarixli qərarında göstərilir ki, “ərizəçi xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun”. Göründüyü kimi, mülki-prosessual qanunvericiliyin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərinə görə məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin “ağlabatan məbləğdə və zərurətlə xərcləndiyi halda” tutulmasına yol verilir. Bundan əlavə, 4294,50 manat (dörd min iki yüz doxsan dörd manat 50 qəpik) pul tələbinə dair iddianın məhkəməyə təqdim edilməsi üçün 500 (beş yüz) manat pulun vəkilə ödənilməsinin məhkəmə tərəfindən ağlabatan hesab edilməməsi tam əsassızdır. Məhz kommersiya işlərində məhkəməyə qədər işlərin hazırlanması kifayət qədər zəhmət tələb edir ki, bu da vəkil tərəfindən həyata keçirilmişdir. Göründüyü kimi, məhkəmənin hüquqi yardıma görə vəkilə ödənilən vəsaitin ağlabatanlılığına zəruri hüquqi qiymət verməməsi düzgün olmayan qətnamə çıxarması ilə nəticələnmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, iddiaçının dövlət orqanı və büdcə təşkilatı olduğunu nəzərə alaraq vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilən vəsaitin cavabdehdən tutularaq büdcəyə ödənilməsi nəzərdə tutulur. Qeyd olunanlardan əlavə, eyni hakimin icraatında olan başqa kommersiya işlərində (e-2- 2(113)-709/2024, e-2-2(113)-620/2024, e-2- 2(113)-571/2024 nömrəli məhkəmə işləri üzrə 500 manat, e-2-2(113)-5636/2023, e-2-2(113)-4671/2023, e-2-2(113)-537/2023, e-2- 2(113)- 468/2023 nömrəli məhkəmə işləri üzrə 300 manat, e-2-2(113)-5220/2023 nömrəli məhkəmə işi üzrə 350 manatın hüquqi yardıma görə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.) Eyni hallar mövcud olduğu halda hüquqi yardıma görə ödənilən vəsait cavabdehdən fərqli məbləğlərdə tutulmuşdur. Eyni mühüm faktiki hallara malik işlər üzrə eyni hakim tərəfindən fərqli qərarların çıxarılması məhkəmə hakimiyyətinə qarşı etimadı zədələyən haldır. Bununla əlaqədar, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenum qərarlarında dəfələrlə qeyd olunub ki, məhkəmə təcrübəsində vahid mövqenin təmin edilməsi vacibdir. Eyni faktiki hallar olan işlərdə fərqli qərarların qəbul edilməsi məhkəmə təcrübəsinin ziddiyyətli olmasına səbəb ola bilər. Bu, hüquqi bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Məhkəmə tərəfindən vəkilə ödənilən hüquqi yardıma görə cavabdehdən tələb olunan vəsaitin azaldılması əsassız olduğuna görə ləğv edilməlidir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 19.3-cü maddəsinə əsasən vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən hüquqi yardımın göstərilməsinə görə təyin edilən haqqın məbləğinin məhdudlaşdırılması qadağandır. Hüquqi yardımın göstərilməsinə görə ödənilən haqqın məbləğinin təyin edilməsi bu yardımı göstərən tərəfin müstəsna hüququdur. Vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən hüquqi yardımın göstərilməsinə görə təyin edilən haqqın məbləğinin məhdudlaşdırılması qadağandır. Hüquqi yardımın göstərilməsinə görə ödənilən haqqın məbləğinin təyin edilməsi bu yardımı göstərən tərəfin müstəsna hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən işə buraxılmış vəkil iş materialları ilə tanış olmaq, onlardan çıxarışlar götürmək, surətlərini çıxartmaq, sübutlar təqdim etmək və sübutların tədqiqində iştirak etmək, işdə iştirak edən başqa şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatət vermək, habelə əlavə sübutlar tələb olunması barədə vəsatət vermək, məhkəməyə şifahi və yazılı izahat vermək, məhkəmə baxışı gedişində baş verən bütün məsələlər barədə öz dəlil və mülahizələrini təqdim etmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək hüququna malikdir və vəkilin məhkəmə prosesində iştirakıməcbur deyildir.
Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, verilən izahatlar
15. İddiaçıya və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin işirakını təmin etməmişdirlər. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
16. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
17. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.
18. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız hüquqi yardımla bağlı ödənişin təmin edilməmiş hissəsində yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
23. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli, e-2-2(113)-1359/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin mübahisələndirildiyi qətnaməsi ilə iddia qismən təmin edilmişdir.
25. İş materiallarında olan 25 dekabr 2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçının cavabdehə qarşı iddia ərizəsi üzrə hüquqi yardıma görə 500 manat haqq ödənilmişdir.
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” işi üzrə 18 dekabr 2008-ci il tarixli qərarında göstərilir ki, “ərizəçi xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun”.
27. Göründüyü kimi, mülki-prosessual qanunvericiliyin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərinə görə məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin “ağlabatan məbləğdə və zərurətlə xərcləndiyi halda” tutulmasına yol verilir. Yəni məhkəmə iddiaçının vəkillə bağladığı müqavilənin qiymətindən və ya vəkilə ödənilən məbləğdən asılı deyil və onları yalnız qiymətləndirmə vəzifəsi daşıyır. Hər bir halda məhkəmə ağlabatanlılıq meyarına uyğun olaraq məbləği müəyyən etməlidir.
28. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin göstərilmiş hüquqi yardım xərcinin tutulması hissəsində maddi hüquq normalarını düzgün tətbiq etmiş, məbləği ilə bağlı ədalətli və qanuni nəticəyə gəlmişdir. AR Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.
29. İddia tələblərinin qismən təmin olunduğunu və mövcud məhkəmə təcrübəsinə əsasən vəkilin göstərdiyi yardıma görə ödənilən məbləğin ağlabatan olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, hüquqi xidmət göstərilməsi üçün birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslıdır.
30. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının başqa işlərdə olan hüquqi yardım xərcləri barədə gəlinən nəticəni hazırkı işlə müqayisə etməsi də qanuna uyğun olmamışdır. Belə ki, hər bir mübahisənin halları və sübutlar, eləcə də məbləğlər fərqlidir.
31. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
32. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
33. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393, 402.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1359/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir, kassasiya şikayəti verilə bilməz.