Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-558/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya işi Açar söz: alqı-satqı, satılan məhsulun keydiyyət və çeşidi ilə bağlı şərtin pozulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X4, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə ödənişin geri qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-969/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin sübutlar əsasənda müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 01 fevral 2022-ci il tarixli 877 nömrəli alqı-satqı müqaviləsinə və X3na əsasən cavabdeh tərəfindən iddiaçıya hər birinin dəyəri 600 manat olan 186 ədəd 60 dəqiqə yanğına davamlı qapı satılmışdır. Qapıların ümumi məbləği 111600 manat olmuş, müqaviləyə əlavədə ölçüləri 1000-2200 mm olaraq nəzərdə tutulmuşdur. Müqavilə və müqaviləyə 1 saylı əlavə Cavabdeh MMC-nin direktoru Nümayəndə1 faksimile imzası ilə imzalanmışdır.
2. Müqavilənin 2.1-ci bəndinə əsasən ödəniş forması nəğd yolu ilə müqavilə imzalandıqdan sonra ümumi məbləğin 30 %-i, qalan məbləin 30 %-i avadanlıq istehsalçının ölkəsindən çıxanda, 20 %-i gömrüyə daxil olan zaman, 10 %-i avadanlıq sahəyə gətirildikdə, qalan 10 %-i avadanlığın quraşdırılma işləri bitdikdən sonra ödənilməlidir.
3. Müqavilənin 3.1.1-ci bəndinə əsasən malın keyfiyyətsizliyi aşkar olunarsa, satıcı 1 ay ərzində malı keyfiyyətlisi ilə əvəz etməli və ya müqavilənin 2-ci bəndinə müvafiq olaraq dəyərini geri qaytarmalıdır. 3.2.2-ci bənddə qeyd edilir ki, malı satıcıdan təhvil aldıqdan sonra onlarda hər hansı nasazlıq aşkar olunarsa alıcı satıcıya bu barədə 3 iş günü ərzində məlumat verməyi öhdəsinə götürmüşdür.
4. Təqdim edilmiş ödəniş qəbzlərinə əsasən iddiaçı tərəfindən cavabdehə 18 fevral 2022-ci il tarixdə 15000 manat, 03 fevral 2022-ci il tarixdə 21500 manat, 12 aprel 2022-ci il tarixdə 45000 manat, xx.xx.2022-ci il tarixdə 120.000 manat, ümumilikdə 101500 manat məbləğində pul ödənilmişdir.
5. İşdəki gömrük sənədlərindən görünür ki, qapılar Türkiyə Respublikasının Kayseri şəhərindən xx.xx.2022-ci il tarixdə göndərilmişdir.
6. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə pretenziya göndərərək qapılar 01 fevral 2022-ci il tarixli 877 nömrəli alqı-satqı müqaviləsinə və X3nda nəzərdə tutulmuş meyarlarda və keyfiyyətdə təhvil verilmədiyi üçün ödənilmiş vəsaitin 10 gün ərzində geri qaytarılması xahiş olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 101500 manat məbləğində pulun, ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin, ümumilikdə – 101900 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 01 fevral 2022-ci il tarixli, 877 nömrəli 60 dəqiqə yanğına davamlı (1000x2200 ölçüsü) 186 ədəd qapıların alqı-satqısı haqqında müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı”, yəni cavabdeh müqaviləyə əlavələrdə qeyd olunan malları “Alıcı”ya, yəni iddiaçıya satır, “Alıcı” isə öz növbəsində malın dəyərini ödəyir. Eyni zamanda, mallar haqqında məlumat X3nda qeyd olunmuşdur. Alıcı tərəfindən müqavilədə qeyd olunmuş ümumi məbləğdən 101.500 (ƏDV daxil) manat pulun satıcıya ödənilməsinə baxmayaraq, satıcı sözügedən müqavilənin və X3nda göstərilən meyarlara və keyfiyyətə uyğun alıcıya təhvil verməmiş və ödənişi geri qaytarmamışdır. Bu səbəbdən də xx.xx.2022-ci il tarixdə cavabdehin vergi ödəyicisinin elektron kabineti vasitəsi ilə pulun qaytarılmasına dair pretenziya ünvanlanmışdır. Lakin pretenziyada göstərilən müddətin keçməsinə baxmayaraq cavabdeh tərəfindən cavab verilməmişdir. Məhkəmə icraatına qədər işin mediasiya vasitəsi ilə həlli üçün xx.xx.2022-ci il tarixdə cavabdehə müvafiq təklif göndərilsə də, təklif cavablandırılmadığından müvafiq mediasiya təşkilatına müraciət edilmişdir. 12 saylı Mediasiya Təşkilatının xx.xx.2023-ci tarixli, MŞB/12/00205 nömrəli arayışından göründüyü kimi cavabdehin səlahiyyətli nümayəndəsi xx.xx.2023-ci il tarixə saat 13:00-13:30-a təyin edilmiş ilkin mediasiya sessiyasına gəlməmişdir. Həmin arayışdan da göründüyü kimi mediasiya sessiyasının keçirilməsi ilə bağlı iddiaçı 400 manat məbləğində ödəniş etmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-969/2023 nömrəli qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia tələbi təmin edilmişdir.
10. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli yanğına davamlı qapı avadanlıqlarına dair kommersiya təklifi ünvanlanmış, Türkiyə istehsalı olan 60 dəqiqə yanğına davamlı 186 ədəd qapının iddiaçıya satılması razılaşdırılmış, qapılara görə iddiaçı tərəfindən ümumilikdə 101500 manat pul əvvəlcədən avans olaraq ödənilmiş, qalan pulun qapılar cavabdeh tərəfindən quraşdırıldıqdan sonra ödənilməsi razılaşdırılmış, qapılar iddiaçıya təhvil verilmiş, lakin quraşdırılmamışdır.
11. Məhkəmə ilk olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaya dair yazılı etiraz təqdim edilmiş, etiraz cavabdehin qanuni təmsilçisi tərəfindən imzalanmışdır. Belə ki, cavabdehin qanuni təmsilçisi tərəfindən imzalanmış yazılı etirazın özündə tərəflər arasında xx.xx.2022-ci il tarixli, 877 nömrəli 60 dəqiqə yanğına davamlı (1000*2200 mm ölçülü) 186 ədəd qapıların alqı-satqı müqaviləsinin bağlanması və onun əlavəsi olan X1ması faktı təsdiq edilmiş, cavabdehin həmin müqavilə üzrə öz öhdəliklərini icra etdiyi göstərilmiş, həqiqiliyi cavabdeh tərəfindən təsdiq edilən ödəniş qəbzlərində də ödənişin təyinatı kimi məhz 877 saylı, xx.xx.2022-ci il tarixli müqavilə göstərilmişdir. Bundan əlavə, tərəflər arasında hazırkı müqavilə bağlanmamışdan əvvəl cavabdehin iddiaçıya göndərdiyi ofertada cavabdeh qapıların ölçüsünü özü 1000*2200 mm ölçüdə göstərmiş, bundan əlavə, müqavilənin əlavəsində müqavilənin əsas şərti kimi qapıların yanğına davamlı olmaqla bərabər 1000*2200 mm ölçüdə olması müqavilənin mühüm şərti kimi razılaşdırılmışdır.
12. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin qanuni təmsilçisi qapıların ölçülərinə dair tələblərin, yəni sifarişin iddiaçı tərəfindən sonradan dəyişdirildiyini bildirsə də, bunu təsdiq edən sübutları (müqavilənin mühüm şərtlərinə dair tələblərin iddiaçı tərəfindən dəyişdirilməsinə dair onun iradə ifadəsini təsdiq edən hər hansı sübutu) Məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, cavabdehin qanuni təmsilçisi materiallarda olan qəbzlərdə olan imzaların ona məxsus olduğunu, onun göstərişi ilə həmin qəbzlərin onun imzasının faksimilesi vasitəsilə cavabdehin işçiləri tərəfindən imzalandığını bildirmişdir.
13. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli, 877 nömrəli müqavilənin hər iki səhifəsi və onun əlavəsi (X3) cavabdeh tərəfindən ödəniş qəbzlərində (habelə yazılı etiraz – i.v. 44 və vəkil Nümayəndə2 verilmiş xx.xx.2023-cü il tarixli etibarnamədə - i.v.40) olan formada imzalanmış, həmin müqavilənin şərtləri də (qapıların sayı, qiymət, ödənilmə şərtləri, qapıların 60 dəqiqə ərzində yanğına davamlı olması, pulun qalan 10 faiz hissəsinin qapılar quraşdırıldıqdan sonra ödənilməli olması, qapıların cavabdeh tərəfindən quraşdırılmalı olması) tərəflərin iradə ifadələrini əks etdirmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, öhdəliyin icra edilib-edilməməsi ilə bağlı hal araşdırılmalı və sübut olunmalıdır və hazırkı halda «qanunda birbaşa əks göstəriş yoxdursa, öhdəliyin icrasını borclunun sübut etməsinə dair» prezumpsiya tətbiq edilməlidir. Buna görə də müqavilə şərtlərinə uyğun malın təhvil verildiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh bununla bağlı xx.xx.2021-ci il tarixli X5 Test və Belgelendirme A.Ş. tərəfindən verilmiş EEA-2000-0161-rev nömrəli sınaq sertifikatını təqdim etmişdir. Həmin sınaq sertifikatına əsasən bir tərəfə açılan KİP X7 Ticaret zavodu tərəfindən istehsal olunan qapıların yanğına davamlılıq təsnifatı E90, Eİ245, Eİ120-dir. Hazırki sınaq sertifikatı sınaq nəticələri haqqında bəyannamədir və məhsulun hər hansı təsdiq və ya sertifikasiyasını bildirmir. Məhkəmə həmin sınaq sertifikatını qapıların müqavilə üzrə şərtləşdirilmiş keyfiyyətdə olmasını təsdiq edən mötəbər sübut kimi qəbul etməmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş 186 ədəd qapının məhz bu uyğunluq sertifikatının tələblərinə uyğun gəldiyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, məhkəmə cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş qapıların yanğına davamlı olmasını təsdiq edən sənədlərin (texniki pasport, keyfiyyət sertifikatı və i.a.) təqdim edilməsini cavabdehin nümayəndəsinə təklif etsə də, cavabdehin nümayəndəsi və vəkili həmin sənədlərin iddiaçıya qapılarla birlikdə təhvil verildiyini bildirmiş, cavabdehin qanuni təmsilçisi isə qapıların üzərində hər hansı sənədin olmadığını bildirmişdir.
15. Məhkəmə son olaraq bildirmişdir ki, iş materiallarına əlavə edilmiş qapıların fotoşəkillərdən görünür ki, qapıların üzərində zədələr mövcud olmaqla təhvil verilmiş qapılar qapı üçün nəzərdə tutulmuş çərçivədəki ölçüyə uyğun gəlmir. Cavabdehin nümayəndəsi izahatında qapıların üzərində olan zədələrin onların daşınması zamanı yarandığını və aradan qaldırılması mümkün olan zədələr olduğunu bildirmiş, qapıların 1000-2200 mm ölçüdə deyil, daha az ölçüdə olduğunu təsdiq etmiş, bunun səbəbinin qapıların çatdırılmasının bir ay yubandığını, sonradan iddiaçı tərəfindən ölçülərin dəyişdirilməsi ilə əlaqəli olduğunu bildirmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-969/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq iddianın rədd edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, iddia tələbinin təmin edilməsi barədə qətnamədə göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla heç bir sübutla öz təsdiqini tapmır, konkret hüquqi əsası olmayan subyektiv xarakterli dəlillər kimi qəbul edilməlidir. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçı tərəfindən verilən izahatına istinad etmişdir. Halbuki, razılaşdırılmış şərtlərdə və keyfiyyətdə olub-olmamasının müəyyənləşdirilməsi üçün verilən vəsatət təmin edilməmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Kommersiya məhkəməsi isə belə nəticəyə gələrkən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl etməyərək hazırki işdə «qanunda birbaşa əks göstəriş yoxdursa, öhdəliyin icrasını borclunun sübut etməsinə dair» prezumpsiya tətbiq etmişdir. Halbuki, işə mahiyyəti üzrə baxan məhkəmə iddiaçının qeyd olunan qapıları almasını və həmin qapıları özünə məxsus saxlancda saxlamasını nümayəndəsi vasitəsi ilə etiraf etmişdir. Bu faktın əlavə sübuta ehtiyacı yoxdur. Eyni zamanda onu da qeyd edək ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 3.2.2-ci bəndinə görə malı satıcıdan təhvil aldıqdan sonra, onlarda hər hansı birində nasazlıq aşkar olunarsa, satıcı bu barədə 3 gün iş ərzində məlumat verməli idi. Mal təhvil verildikdən sonra belə alıcı tərəfindən göstərilən müddətdə satıcıya malın qüsurlu olması barədə hər hansı rəsmi məlumat verilməmişdir. Digər tərəfdən nəzərə alaq ki, alıcıya təhvil verildikdən sonra həmin mallar bəlkə də düzgün saxlanılmamış, kənar təsirlər olmuşdur. Hesab edirik ki, hazırki halda malda qeyd edilən qüsurlar sırf saxlanma şəraiti ilə bağlıdır və malın keyfiyyətsiz olması səbəbindən vəsaitin geri qaytarılması qanunsuzdur. Eyni zamanda, satıcının malın saxlanma şəraiti ilə bağlı alıcını əvvəlcədən məlumatlandırmadığı müəyyən olunmuşdur. Digər bir arqument ondan ibarətdir ki, işdə alqı-satqı müqaviləsinin predmeti olan qapıların keyfiyyətini təsdiq edən sübut olmadığı halda məhkəmə bunu düzgün qiymətləndirməmişdir. Belə ki, qapının keyfiyyətinin yoxlanılması sırf xüsusi bilik əsasında mümkün idi ki, bunu da ancaq ekspertiza qaydasında əldə etmək olardı. Lakin məhkəmə tərəfimizdən verilən ekspertiza təyin edilməsi barədə yazılı vəsatətimizi təmin etmədən buna formal olaraq özü qiymət vermişdir. Bununla da hesab edirik ki, məhkəmə tərəfindən maddi və prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
19. İddiaçının nümayəndəsi və vəkili X4 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
20. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 567-ci maddə-alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 579.1-ci maddə-əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur. 580.1-ci maddə-satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyaları müqaviləyə uyğun gəlməyən çeşiddə verdikdə alıcı onları qəbul etməkdən və ödəməkdən imtina edə bilər, ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. 580.3-cü maddə-alqı-satqı müqaviləsinin şərtinə uyğun gəlməyən çeşiddə əşyalardan imtina edərkən və ya çeşid haqqında şərtə uyğun gəlməyən malların əvəz olunması tələbini irəli sürərkən alıcı həmin malları ödəməkdən imtina edə də bilər, onları ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. 580.4-cü maddə-alqı-satqı müqaviləsinin çeşid haqqında şərtinə uyğun gəlməyən əşyalar o halda qəbul edilmiş sayılır ki, alıcı onları qəbul etdikdən sonra ağlabatan müddətdə satıcıya öz imtinasını bildirməsin. 580.5-ci maddə-əgər alıcı çeşidi alğı-satqı müqaviləsinə uyğun gəlməyən əşyalardan imtina etməzsə, onları satıcı ilə razılaşdırılmış qiymətlə ödəməlidir. 580.6-cı maddə-bu maddənin qaydaları alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda tətbiq edilir. 580.5-ci maddə-əgər alıcı çeşidi alğı-satqı müqaviləsinə uyğun gəlməyən əşyalardan imtina etməzsə, onları satıcı ilə razılaşdırılmış qiymətlə ödəməlidir. 595.1-ci maddə-alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. 595.2-ci maddə-bu Məcəllənin 595.1-ci maddəsində nəzərdə tutulan qaydanın yerinə yetirilmədiyi halda satıcı alıcının ona çatışmayan miqdarda əşya verilməsinə, alğısatqı müqaviləsinin keyfiyyət və ya çeşid haqqında şərtlərinə uyğun gəlməyən əşyanın dəyişdirilməsinə, əşyanın qüsurlarının aradan qaldırılmasına, komplektinin tamamlanmasına və ya komplektsiz əşyanın komplektli əşya ilə əvəz edilməsinə, əşyanın taralaşdırılmasına və (və ya) qablaşdırılmasına və ya qeyri-münasib taranın və (və ya) qabın dəyişdirilməsinə dair tələblərini ödəməkdən o halda tamamilə və ya qismən imtina edə bilər ki, alıcının həmin qaydanı yerinə yetirməməsinin onun tələbini ödəməyin qeyri-mümkünlüyünə səbəb olduğunu və ya müqavilənin pozulması haqqında vaxtında bildiriş aldığı halda çəkəcəyi xərclərə nisbətən tənasübsüz xərclər çəkdiyinə səbəb olduğunu sübuta yetirsin. 627.1-ci maddə-göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 634.1-ci maddə-alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddə-malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 634.3-cü maddə-göndərilmiş malları nəqliyyat təşkilatından aldıqda alıcı (mal alan) malların nəqliyyat və müşayiət sənədlərində göstərilmiş məlumatlara uyğunluğunu yoxlamalı, habelə nəqliyyat təşkilatından bu malları nəqliyyatın fəaliyyətini tənzimləyən qanunvericilikdə nəzərdə tutulan qaydaları gözləməklə qəbul etməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi;
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
21. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
22. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-969/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir.
23. Apellyasiya şikayətinin dəlilləri üzrə məhkəmə tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, iş üzrə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş, tərəflər arasında bağlanmış müqavilənin 3.2.2-ci bəndinin tələbini nəzərə almamış, nəticədə mübahisə düzgün həll edilməmişdir.
24. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında Türkiyə Respublikasında idxal etdiyi qapıların alqı-satqısı ilə bağlı 01 fevral 2022-ci il tarixli 877 nömrəli müqavilə (göndərmə müqaviləsi) bağlanmışdır. İddiaçı hazırda iddia ərizəsində satıcıya alqı-satqı müqaviləsi üzrə ödənilmiş vəsaitin geri qaytarılmasını tələb edərkən iki əsasa- ona satılmış qapıların müqavilədə şərtləşdirilmiş keyfiyyət və razılaşdırma protokolunda göstərilən meyara cavab vermədiyinə istinad etmişdir. İddia ərizəsində malların hansı səbəblərdən keyfiyyətsiz və müqaviləyə uyğun olmadığı əsaslandırılmamış, hazırlıq iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, qapılar sifariş edildiyi kimi yanğına davamlı qapı olmamış və ölçüləri müqavilədəki ölçülərə uyğun olmamışdır. Mülki Məcəllədə malın ölçüləri, modeli və növü keyfiyyətlə bağlı göstəricilərə deyil, çeşidlə bağlı göstəricilərə aid edildiyindən məhkəmə hesab edir ki, mübahisə MM-nin 579, 580-ci, 634cü maddələri tətbiq edilməklə həll edilməli idi. Belə ki, iddiaçıya satılmış qapı keyfiyyətli olsa da, sifariş edilmiş növə ( “yanğına davamlı qapı”) uyğun olmaması müqavilə şərtinin pozulması kimi qiymətləndirilə bilər.
25. Tərəflərin nümayəndələrinin izahatları və iş materialların əlavə edilmiş fotoşəkillərə əsasən müəyyən edilmişdir ki, qapıların üzərində metal örtük mövcuddur. Qapıların gömrük sənədlərində idxal edilən malın yanğın qapısı olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə qapıların yanğına davamlı olmasına dair EEA-2000-0161-rev sertifikatı təqdim edilmişdir. Satılmış qapıların sifariş edilmiş növdə qapı olmadığını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşdüyü halda, iddiaçı tərəfindən nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə bu barədə hər hansı sübut təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş hazırlıq iclasında iddiaçının nümayəndəsi qapılara baxış keçirilməsi üçün mütəxəssis dəvət edildiyini və mütəxəssisin qapıların yanğına davamlı olmadığını bildirdiyini qeyd etsə də, məhkəməyə bu barədə mütəxəssis rəyi təqdim edilməmişdir.
26. İşə apellyasiya qaydasında baxılarkən satılmış qapıların yanğına davamlı olubolmamasının müəyyənləşdirilməsi üçün (birinci instansiya məhkəməsinə cavabdeh tərəfindən bu barədə vəsatət verilsə də, hər hansı əsas göstərilmədən təmin edilmədiyi nəzərə alınaraq) iş üzrə məhkəmə tikinti-texniki ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyində qapıların EEA-200-0161-rev nömrəli uyğunluq sertifikatında göstərilən standartlara uyğun olub-olmadığının yoxlanılmasının tikinti-texniki ekspertizasının həll etdiyi məsələlərə aid olmadığı göstərilmişdir. Xüsusi bilik tələb edilən bu halın işdəki fotoşəkillər əsasında müəyyənləşdirilməsi mümkün olmadığından məhkəmə hesab edir ki, iddiaçının bu mülahizəsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
27. İddiaçının çeşidlə bağlı şərtin pozulması kimi istinad etdiyi ikinci hal təhvil verilmiş qapıların sifariş edilmiş ölçüyə uyğun olmamasıdır. İşə apellyasiya qaydasında baxılarkən bu dəlilin yoxlanılması üçün iş üzrə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçıya cavabdeh tərəfindən təhvil verilmiş qapıların eni 0,99 metr, hündürlüyü 2,06 metrdir. Halbuki, tərəflər arasında bağlanmış müqaviləyə 1 saylı əlavədə isə qapıların eninin 1 metr, hündürlüyünün 2,20 metr olması nəzərdə tutulmuşdur.
28. Cavabdehin nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən müqaviləyə 1 saylı əlavənin mətninə ölçülərin sonradan əlavə edildiyini göstərərək bu halın yoxlanılması üçün sənədlərin texniki ekspertizası təyin edilməsini xahiş etmişdir. Vəsatət təmin edilərək iş üzrə sənədlərin məhkəmə texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, 01 fevral 2022-ci il tarixli 877 №-li müqaviləyə X3nda olan cədvəlin “Ölçüsü(mm)” sütünundakı “1000x2200” rəqəmləri və sənədin çap mətninin digər yazıları eyni elektrofotoqrafik çap üsuli ilə çap edilmiş, həmin rəqəmlərin sonradan əlavə edilmənin əlamətləri müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə tərəfindən cavabdehin bu mülahizəsinin əsaslı olmadığı və qapıların müqavilədə razılaşdırılmış ölçüdə idxal edilmədiyi müəyyən edilir.
29. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclaslarında verdiyi izahatlarında göstərmişdir ki, qapıların ölçüləri şifahi qaydada telefonla razılaşdırılmış və sifariş edilmiş ölçüdə çatdırılmışdır. Cavabdeh iddiaçı tərəfindən qapıların ölçülərinin sonradan dəyişdirilməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
30. Lakin məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşır ki, qapıların alıcı şərtləşdirilmiş çeşidə (ölçüyə) uyğun olmaması ilə bağlı müqavilədə nəzərdə tutulmuş müddətdə pretenziya bildirməmişdir. Hər iki tərəfin nümayəndəsinin xx.xx.2023-cü il tarixdə məhkəmənin hazırlıq iclasında verdiyi izahatlara əsasən müəyyən olunur ki, qapılar xx.xx.2022-ci il tarixdə alıcıya faktiki olaraq təhvil verilmişdir. MM-nin 580.4-cü maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsinin çeşid haqqında şərtinə uyğun gəlməyən əşyalar o halda qəbul edilmiş sayılır ki, alıcı onları qəbul etdikdən sonra ağlabatan müddətdə satıcıya öz imtinasını bildirməsin. Tərəflər arasında bağlanmış müqavilədə bu müddətin 3 iş günü olduğu razılaşdırılmışdır.
31. İddiaçı tərəfindən isə satılan malın razılaşdırılmış çeşidə uyğun olmadığına dair satıcıya pretenziya məktubu xx.xx.2022-ci il tarixdə, malı təhvil aldığı tarixdən 4 ay 15 gündən sonra göndərilmişdir. İddiaçının nümayəndəsi satıcı ilə bu tarixədək malın müqavilə şərtlərinə uyğun olmaması ilə bağlı şifahi və yazılı danışıqlar aparıldığını bildirsə də, bu barədə iş materiallarında hər hansı sübut mövcud deyil.
32. Məhkəmə hesab edir ki, 4 ay 15 gün MM-nin 580.4-cü maddəsinin tələbləri baxımından ağlabatan müddət hesab olmadığından iddiaçı müqaviləyə əlavə 1-də qeyd edilmiş ölçüyə uyğun olmayan qapıları qəbul etmiş sayılır. MM-nin 580.5-ci maddəsinin tələbinə əsasən əgər alıcı çeşidi alqı-satqı müqaviləsinə uyğun gəlməyən əşyalardan imtina etməzsə, onları satıcı ilə razılaşdırılmış qiymətlə ödəməlidir. Bu normada da alıcının “imtina etməməsi” ifadəsi alıcının təhvil aldığı maldan ağlabatan müddət ərzində imtina etməməsini nəzərdə tutur. İşdən görünür ki, qapılar təqdim edildiyi gün alıcı tərəfindən nəinki ölçülərə hər hansı pretenziya bildirilməmiş, hətta müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş qaydada malı təhvil aldıqdan sonra satıcıya 120.000 manat ödəniş də etmişdir. Halbuki sonuncu ödənişi həyata keçirənədək alıcının təhvil verilmiş malın sifarişə uyğun olub-olmadığını yoxlamaq imkanı olmuş və MM-nin 634.2-ci maddəsində də alıcının malların qüsurlarını (gözdən keçirməklə görülə bilməyən qüsurlar istisna olmaqla) gözdən keçirməklə yoxlamalı və qüsurlar barədə bildiriş verməli olduğu, əks halda malın qəbul olunmuş hesab edildiyi qeyd edilmişdir. İddiaçının nümayəndəsi sifarişə uyğun olmadığı halda qapıların təhvil verildiyi gün hansı səbəbdən satıcıya ödəniş edildiyinə dair məhkəməyə məntiqli izahat verə bilməmişdir.
33. MM-nin 595.2-ci maddənin məzmunundan aydın olur ki, alıcı müqavilədən imtina etməzdən əvvəl satıcıya ağlabatan müddət ərzində şərtləşdirilmiş çeşidə uyğun olmayan malın dəyişdirilməsinə dair bildiriş verməli idi. Nəzərə alınmalıdır ki, alıcı müqavilədə nəzərdə tutulduğu kimi, 3 iş günü ərzində və ya mülki qanunvericilikdə nəzərdə tutulmuş ağlabatan müddət ərzində satıcıya malın sifarişə uyğun olmaması pretenziya bildirmiş olsaydı, satıcı istehsalçı şirkətə müraciət edərək sifarişə uyğun göndərilməmiş malın dəyişdirilməsini təmin etmək imkanına malik olardı. Məhz bu səbəbdən mülki qanunvericilikdə şərtləşdirilmiş çeşidə uyğun olmayan mal satıldığı halda alıcının pretenziya bildirməsi üçün ağlabatan müddət şərti nəzərdə tutulmuşdur. 34.Məhkəmə qeyd edilənləri və işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdeh tərəfindən Türkiyə Respublikasından idxal edilmiş qapıları hər hansı pretenziya bildirmədən qəbul etdikdən 4 ay 15 gün sonra çeşidlə bağlı şərtlərin pozulduğuna istinad etməklə alqı-satqı müqaviləsindən imtina etməsi və ödənişi geri tələb etməsi MM-nin normalarına və müqavilə şərtlərinə uyğun olmadığından iddia əsassız hesab edilərək rədd edilməlidir.
35. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-969/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir.
36. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-969/2023 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Apellyasiya şikayəti verilərkən ödənilmiş 200 manat dövlət rüsumu İddiaçı MMCdən Cavabdeh MMC-nin xeyrinə tutulsun. 100 manat ekspertiza xərci İddiaçı MMC-dən Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.