Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-558/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-2868/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 10 may 2023-cü il tarixli müqavilə üzrə 48790 manat əsas borc, 8732,2 manat ƏDV borcu olmaqla ümumilikdə 57522,2 manat məbləğində pulun və ödənilmiş 236,37 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2868/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçının nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə şikayət ünvanlayaraq, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 2868/2024 nömrəli qərardadının ləğv edilməsi, iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayətin dəlilləri aşağıdakı kimidir: – ədalətli məhkəmə araşdırması hüququnun əsas komponenti olan məhkəməyə çatımlılıq hüququ kobud şəkildə pozulmuşdur. – MPM-in 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər hüququ müəyyən edilmişdir. Normanın məzmunundan göründüyü kimi“nümayəndə vasitəsi ilə hər kəs iddia verə bilər” müəyyən edilmişdir. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Normanın məzmunundan göründüyü kimi hüquqi şəxsi məhkəmədə təmsil etmək səlahiyyətinə: 1) qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslər; 2) müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçilər; 3) vəkillər malikdirlər. Bu mənada hələ vəkil kimi məhkəmədə təmsil etmədən öncə iddiaçının adından onun təsis sənədləri ilə verilmiş səlahiyyətdən istifadə edərək iddiaçının direktoru tərəfindən etibarnamə verilmiş və əsas iş yeri İddiaçı MMC olmayan nümayəndə birinci bənd üzrə (qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxs) etibarnamə üzrə nümayəndə qismində tanınmalı idi və tamamilə aydın məsələdir ki, etibarnamənin hüquqi qüvvəsi və məqsədi də vəkil orderi əlavə edilmədiyinə görə yalnız və yalnız imzalanmış iddia ərizəsi və digər sənədlərin məhkəməyə göndərilməsi məqsədi daşımışdır. Lakin buna baxmayaraq, məhkəmə qərardadının 3-cü səhifəsinin 3-cü abzasında qeyd etmişdir ki, nümayəndənin yuxarıdakı üç kateqoriyadan hər hansı birinə aid subyekt olmasını təsdiq edən sənədlər iş materiallarına əlavə edilməmişdir. Halbuki nümayəndə olduğuna dair MPM-in də tələb etdiyi qaydada “qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxs” olduğu onun tərəfindən elektron məhkəmə kabinetinə daxil edilmiş etibarnamə ilə sübut olunur. – Əgər iş icraata qəbul edilsə idi və o vaxta qədər etibarnamə verilən nümayəndə ilə vəkil xidmətinə dair müqavilə bağlayıb order əldə edə bilinməsə idi, o zaman həmin nümayəndə məhkəmədə, yəni proseslərdə iddiaçı adından çıxış etmək və təmsil etmək səlahiyyəti olmayacaqdı. Cavabdehin öz öhdəliyini vaxtında icra etməkdən boyun qaçırtması nəticəsində maddi sıxıntılı vəziyyətə görə hazırda da vəkil xidməti üçün müvafiq ödənişi etmək üçün imkan yaranmadığından məhkəmənin bu şəkildə 3-cü dəfə iddia ərizəsini geri qaytarması qanunvericiliklə iddiaçıya verilmiş mülki və prosessual hüquqları xəyali və nəzəri etmiş, vaxtında və səmərəli həyata keçirilməsinə ciddi əngəl yaratmışdır. Məhkəmə MPM-in 69.2ci maddəsinə formal yanaşmış, məhdud təfsir etmiş, ümumiyyətlə, nümayəndəyə verilmiş etibarnamə ola-ola təfsirdə yuxarıda izah edilən şərti əsas tutaraq ciddi qanun pozuntusuna yol vermiş, nümayəndə qismində tanımaqdan qanunsuz olaraq imtina etmişdir. – Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarında dəfələrlə qanunvericiliyin tətbiqinə məhkəmələr tərəfindən formal yanaşılmasının düzgün olmadığı və qanunsuz nəticəyə gəlinməsinə, nəticədə həmin şəxsin məhkəməyə çatımlılıq və ədalətli məhkəmə araşdırması hüquqlarının pozuntusuna səbəb olduğunu vurğulamışdır. Bu mənada Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasını qəbul etmiş ölkə olaraq, Bakı Kommersiya Məhkəməsi MPM-in 69.1 və 69.2-ci maddələrinin prosessual tələblərini qarşılıqlı şəkildə düzgün analiz etməyərək, 69.2-ci maddəsinə xüsusilə formal yanaşma nümayiş etdirmiş və nümayəndə qismində tanınmanın şərtlərini düzgün izah etməmişdir. Halbuki elektron məhkəmə sisteminin qurulması “məhkəməyə çatımlılıq” hüququnun daha da səmərəli həyata keçirilməsi və hər kəs üçün bu hüququn gerçək mənada real həyat şərtləri altında həyata keçirilməsinə xidmət etmək məqsədi güdür. – məhkəmə MPM-in 10-1.3-cü maddəsini tamamilə yanlış təfsir etmişdir. Belə ki, əvvəla, normanın məzmunu kommersiya işləri üzrə sənədlərin məhkəməyə göndərilməsini, qəbulunu və digər proses iştirakçılarına çatdırılmasını birmənalı olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğunu bildirir. Yəni sənədlər qanunvericiliyə edilmiş dəyişikliyə qədər əvvəlki qaydada nə kommersiya məhkəməsinin dəftərxanasına yaxınlaşmaqla, nə də poçt vasitəsi ilə verilə bilər. Bu mənada iddiaçının nümayəndəsi də kommersiya mübahisəsi üzrə sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə vermişdir. Məhkəmə isə bu maddəyə qanunvericiliyin məqsədlərindən kənara çıxaraq geniş təfsir vermişdir. – Sonuncu geri qaytarılan iddia ərizəsi şəxsən qanuni nümayəndə – Qanuni nümayəndə1 tərəfindən imzalanmış və imza etmək səlahiyyətini təsdiq edən əmək müqaviləsinə dair elektron çıxarış da iddia ərizəsinə əlavə edilmişdir. MPM-in 150.1.3-cü maddəsinin sonundakı “iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla” qeydi iddia ərizəsi birbaşa olaraq İddiaçı MMC-nin adından elektron məhkəmə kabineti vasitəsi ilə verilsə idi, keçərli olacaqdı. Bu baxımdan MPM-in 150.1.3-cü maddəsinin prosessual tələbinə riayət edərək sonuncu dəfə xx.xx.2024-cü il tarixdə yenə də vaxt itirmədən dərhal nümayəndə tərəfindən elektron məhkəmə kabineti vasitəsilə məhkəməyə göndərilmişdir (təqdim edilmişdir). Bu mənada vəkil orderi verənə qədər etibarnamə üzrə nümayəndə vasitəsilə verilmiş iddia ərizəsi bu əsasla geri qaytarıla bilməzdi. Çünki elektron qaydada iddia ərizəsini göndərməsi nümayəndəni iddia ərizəsini imzalamış şəxs etmir. Sadəcə kommersiya işləri üzrə sənədlərin verilməsi ilə bağlı MPM-ə edilmiş dəyişiklikdən sonra sənədlərin məhkəməyə göndərilməsinin elektron məhkəmə kabineti vasitəsi ilə aparılması məcburi şərt olduğu üçün etibarnamənin hüquqi qüvvəsi də vəkil orderi üçün ödəniş etdikdən sonra alana qədər sadəcə sənədlərin məhkəməyə göndərilməsi həddində keçərli olmuşdur. Yəni elektron məhkəmə sistemi işləyən bir məhkəməyə adi mülki işi hələ order verilmədən də vəkilə verilən etibarnamə ilə nümayəndə olaraq imzalanın şəxsən məhkəmənin dəftərxanasına verilə bildiyi kimi hazırkı şərtlərlə də verilmiş etibarnamə ordersiz mülki mühakimə icraatında, yəni təyin edilmiş proseslərdə və ya iclaslarda iddiaçını təmsil etmək etmək üçün keçərli olmadığını məhkəmə üçün də öncədən bəlli olmuşdur. Halbuki nümayəndə tərəfindən imzalanmadan əvvəl iddiaçının rəhbəri və səlahiyyətli şəxsi olaraq imzalayıb kabinetə daxil edilən iddia ərizəsi mövcud olmuşdur. Lakin məhkəmə bu faktı iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanması olaraq qəbul etməmişdir. Belə çıxır ki, MPM-in hansısa maddəsində elektron qaydada iddia ərizəsi verilərkən ayrıca fayl olaraq iddia ərizəsinin tərtib edilib imzalanmış və möhürlənmiş variantın kabinetə daxil edilməsinin hüquqi qüvvəsinin olmadığı tənzimlənmiş, yalnız və yalnız elektron kabinetin sənədlər daxil edərkən iddia ərizəsinin müvafiq mətninin daxil edilməsini nəzərdə tutan hissəyə əlavə edilməsi şərti müəyyən edilmiş və yalnız bu halda iddia ərizəsi imzalanmış hesab edilə bilərmiş. Halbuki bu cür norma MPM-də müəyyən edilməmişdir. Elektron məhkəmə kabineti vasitəsi ilə iddia ərizəsi və digər sənədlər nümayəndə vasitəsi ilə verilərkən ən axırda elektron tərtib edilən ərizənin altında son olaraq elektron sistem “göndərilmiş” sözünü göstərir. Yəni göndərilmə özü “ASAN imza” ilə həyata keçirildiyi üçün nümayəndənin fiziki olaraq elektron sistemin tələbindən irəli gələn müvafiq təsdiq kodlarını daxil etməsi onun iddia ərizəsini imzalaması anlamına gələ bilməz. Nümayəndə vasitəsilə səlahiyyətli şəxs tərəfindən imzalanmış iddia ərizəsi və digər sənədlər sadəcə elektron qaydada göndərilmə hərəkəti ilə tamamlanır. “ASAN imza” ilə başlanıb bitən bu hərəkət isə adi mülki qaydada hələ də dəftərxanaya yaxınlaşıb verilə bilən prosedura bərabər bir hərəkətə bərabər tutulmalıdır. Yəni etibarnamə verilmiş, lakin order iddia ərizəsinə hansısa səbəbdən hələ əlavə edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı apellyasiya şikayətində qeyd etdiyi dəlillərə məhkəmə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür. Məhkəmə kollegiya məhkəmənin qərardadında qeyd edilən əsasları nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin geri qaytarılması əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən qərara alınmışdır. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2868/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-558/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-558/2024
16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver