Məhkəmə qərarları › İş №2-2(103)-559/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-559/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-559/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə iddiaçı “Hika Maden ve Kimya Sanayi Ticaret Limited” şirkətinin Cavabdehkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 05.04.2021-ci il tarixli 2-2 (113)-1870/2020 nömrəli qərardadından (hakim Leyla Əliyeva) iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Hika Maden ve Kimya Sanayi Ticaret Limited” şirkəti Cavabdehkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən 189.119 ABŞ dolları məbləğində əsas borcun və əldən çıxmış fayda kimi 208.030 ABŞ dolları məbləğində pulun tutularaq, “xxxx” Şirkətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, e-2-2(113)-1870/2020 saylı qətnaməsi ilə iddiaçı “Hika Maden ve Kimya Sanayi Ticaret Limited” şirkətinin Cavabdehkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı pulun tutulması tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçının nümayəndəsi və vəkili 17.12.2020-ci il tarixdə poçta təqdim edilməklə apelyasiya şikayəti vermiş, həmin şikayət 18.12.2020-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinə daxil olmuşdur. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1870/2020 saylı, 22.12.2020-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1870/2020 saylı iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı “Hika Maden ve Kimya Sanayi Ticaret Limited” şirkətinin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı “Hika Maden ve Kimya Sanayi Ticaret Limited” şirkətinin nümayəndəsi və vəkili Nümayəndə 14.01.2021-ci il tarixdə “Elektron kabinet” vasitəsilə şikayət vermiş, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 23.02.2021-ci il tarixli, 2-2(103)-334/2021 saylı qərardadı ilə iddiaçı “Hika Maden ve Kimya Sanayi Ticaret Limited” şirkəti tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1870/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 22.12.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı “Hika Maden ve Kimya Sanayi Ticaret Limited” şirkətinin nümayəndəsi və vəkili Nümayəndə 14.01.2021-ci il tarixdə “Elektron kabinet” vasitəsilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1870/2020 saylı, 19 oktyabr 2020-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1870/2020 saylı, 18.01.2021-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1870/2020 saylı iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı “Hika Maden ve Kimya Sanayi Ticaret Limited” şirkətinin nümayəndəsi və vəkili Nümayəndə müddətinin bərpa olunması barədə ərizə verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1870/2020 saylı, 19 oktyabr 2020-ci il tarixli qətnaməsindən şikayət verilməsi üçün müddətin buraxılması səbəbinin üzürlü hesab edilərək, buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamə vəkil olaraq ona qərardadda qeyd olunduğu kimi rəsmi qaydada 26 oktyabr tarixində təqdim edilməmişdir. Sənəd məhkəmə tərəfindən yaşayış ünvanına göndərilməyib və ya şəxsən təqdim olunmayıb, 7 saylı Vəkil Bürosuna göndərilib (Həmin Vəkil Bürosu təmir edildiyi dövrdə, hazırda da təmir başa çatmamışdır). Dövlət hesabına təyin olunan vəkillərdən deyil, vəkillərin növbətçilik cədvəlində adı olmur. Büroya yalnız ayda bir dəfədən tez olmayaraq müvafiq müqavilə bağlamaq üçün gedir. Sənəd Bürodan ona gec təqdim olunub. Təqdim olunan kimi sənədlə tanış olub dərhal bir gün belə olsun gözləmədən sənədlə bağlı apelyasiya şikayətinin nümunəsini tərtib edib Word formasında xarici hüquqi şəxs olan iddiaçının Elektron ünvan elektron poçt ünvanına göndərmişdir. 07.12.2020-ci il tarixdə isə iddiaçıya tanış olması üçün qətnaməninin skan edilmiş pdf formasında surətini və vəkil müqaviləsinin skan edilmiş pdf forması da həmin poçt ünvanına göndərmişdir. Bu sənədlər əsasında ona ödəniş edilməli idi. Çünki heç bir vəkil özü Bakıdakı büroya özü üçün hüquqi şəxsin əvəzinə nağd ödəniş etmək hüququna malik deyil. Karantin məhdudiyyətləri səbəbindən ödəniş 2 gün sonra (09.12.2020-ci il tarixdə) həyata keçirilsə də, 7 saylı Vəkil Bürosunun Kapital Bankın Sabunçu rayon filialındakı müvafiq hesabına yalnız ayın 17-si ödəniş daxil olmuşdur. Həmin müddətdə isə, bütün məhkəmələrdəki proseslər təxirə salınmışdır. Bununla yanaşı onunla 10 dekabr tarixində Ədliyyə Akademiyasından rabitə vasitəsi ilə əlaqə saxlanılaraq 14-30 dekabr tarixlərində mediasiya üzrə icbari təlimə iştirakçı olaraq qatıldığı üçün təlimdə iştirakının təsdiq etməsinin zəruriliyi bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Akademiyasının təşkil etdiyi bu mediasiya təlimi distant qaydada (zoom proqramı ilə), intensiv təlim proqramı üzrə həyata keçirilib. Bu müddətdə heç bir vəkillik fəaliyyəti ilə məşğul olmasa da, vaxtında apelyasiya şikayətinin verilməsi üçün məhz bu iş üzrə ödənişin hesaba oturması haqda məsul əməkdaşdan dərhal xəbər bildirməsini xahiş etmişdir. Həmin əməkdaş 17.12.2020-ci il tarixdə ödənişin hesaba oturduğunu bildirmişdir. Verilmiş apelyasiya şikayəti məhkəmə tərəfindən geri qaytarılmışdır. Heç bir vəkil məhkəmə tərəfindən ona rəsmi təqdim olunan qətnamə üzrə tək etibarnamə əsasında tərəflə müvafiq müqavilə bağlamadan, həmin müqavilənin nömrəsi üzrə vəkilə ödəniş həyata keçirilmədən, bundan sonra order almadan iddiaçının adından apelyasiya şikayəti vermək səlahiyyətinə malik deyil. Hesab edir ki, hüquqi şəxs Türkiyədə olduğundan bu səlahiyyətin əldə olunması üçün tələb olunan müddətin nəzərə alınması vacib əhəmiyyət daşıyır. Pandemiya ilə əlaqədar məhdudiyyətlərin əlavə vaxt itkisinə səbəb olması məhkəmədə tərəf olan hüquqi şəxslərin mənafeyinə zidd şəkildə nəzərə alına və müddətin buraxılması kimi hesab edilə bilməz. Şikayət hüququnun şəxsin qətnaməni və ya qərardadı rəsmi qaydada aldığı vaxtdan hesablanması AR MPM-də təsbit olunmuşdur. Bu səbəbdən də “xxxx” şirkəti tərəfindən sözügedən qətnamədən şikayət vaxtında verilməmişdir. Hesab edir ki, prosessual müddətin buraxılmasının səbəbi üzürlüdür və buna görə də prosessual müddət məhkəmə tərəfindən MPM-nin 133.1-ci maddəsinə müvafiq olaraq bərpa edilməlidir. Bakı Kommersiya Məhkəməsinin 05.04.2021-ci il tarixli 2-2 (113)-1870/2020 nömrəli qərardadı ilə iddiaçı “Hika Maden ve Kimya Sanayi Ticaret Limited” şirkətinin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizənin rədd edilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı “Hika Maden ve Kimya Sanayi Ticaret Limited” şirkəti şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin 05.04.2021-ci il tarixli, e-2-2(113)- 1870/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı “Hika Maden ve Kimya Sanayi Ticaret Limited” şirkətinin Cavabdehkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı pulun tutulması tələbinə dair iddiası rədd edilmişdir. Sözügedən qətnamədən şikayətin verilməsi üçün bu haqda məlumatın alındığı andan dərhal müraciətin edilməsinin gerçəkləşdirilməsi üçün zəruri addımların atıldığı çoxsaylı əsaslı sübutlar məhkəmənin diqqətinə dəfələrlə çatdırılsa da(vəkil mövcud texniki problemlərlə bağlı kommersiya məhkəməsinə telefon vasitəsi ilə vaxtında rabitə əlaqəsi saxlamış və elektron qaydada vaxtında göndərilmiş ərizənin niyə elektron sistemdə “imtina edilmişdir” sözlərinin yazılmasının səbəbini aydınlaşdırmağa çalışmışdır. Eyni iş üzrə məhkəmələrdə mübahisənin yekunlaşmasının zəruriliyini qeyd etmiş və s. və s.), nədənsə sədrlik edən hakim bu qədər mühüm məqamlarla heç bir əhəmiyyət vermədən müddətin buraxılması barədə yanlış qənaətə gəlmişdir. Tərəfindən edilmiş müraciətlərə heç bir əhəmiyyət verilməmişdir. Şikayət hüququnun şəxsin qətnaməni rəsmi qaydada aldığı vaxtdan hesablanması AR MPM-də təsbit olunsa da, bu məqam nəzərə alınmamışdır. Məhkəmənin əlçatanlığı, ədalətli məhkəmə prinsipləri pozulmuşdur. Bakı Kommersiya Məhkəməsinin 15.04.2021-ci il tarixli 2-2 (113)-1870/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya qaydasında baxılması 19.05.2021-ci il tarixə təyin edilmiş, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də məhkəmə iclasında səlahiyyətli nümayəndəsi iştirak etməmişdir. Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə izahatı dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 05.04.2021-ci il tarixli 2-2 (113)-1870/2020 nömrəli qərardadı ləğv edilməli, ərizə təmin edilərək qətnamədən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddət bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1.-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İşdəki sənədlərdən görünür ki, hazırkı halda iddiaçının qətnamədən apelyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin axımı 26.11.2020-ci il tarixdə bitmiş, iddiaçı qətnamədən 17.12.2020-ci il tarixdə apelyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası prosessual müddəti ötürmüş tərəfin xarici hüquqi şəxs olduğunu, Azərbaycan Respublikasında filialı və nümayəndəliyi olmadığı məhkəmə tərəfindən bütün sənədlərin, o cümlədən qətnamənin vəkil və Nümayəndə göndərildiyini, Nümayəndə təlimə cəlb olunması və 2020-ci ilin sonlarında səhhətində yaranmış problemlərlə əlaqədar qətnamədən apelyasiya şikayəti verilməsi üçün prosessual müddəti ötürdüyünü nəzərə alaraq hesab edir ki, iddiaçının səmərəli məhkəmə müdafiəsi hüququnun təmin edilməsi üçün müddətin buraxılma səbəbi üzürlü hesab edilməli və buraxılmış müddət bərpa edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 05.04.2021-ci il tarixli 2-2 (113)-1870/2020 nömrəli qərardadı ləğv edilməli, iddiaçının ərizəsi təmin edilərək Bakı Kommersiya Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, e-2-2(113)-1870/2020 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 398.0.3, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı “Hika Maden ve Kimya Sanayi Ticaret Limited” şirkətinin şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 05.04.2021-ci il tarixli 2-2 (113)-1870/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçının ərizəsi təmin edilərək Bakı Kommersiya Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, e-2-2(113)-1870/2020 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar