Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-559/2023 11.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2314/2021 saylı qərardadından işdə iştirak etməyən şəxslər X2 və X3 tərəfindən verilmiş şikayəti nəzərdən keçirib, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-2314/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işlə bağlı xx.xx.2021-ci il tarixli barışıq sazişi təsdiq olunmuş və e-2- 2(113)-2314/2021 nömrəli iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İşdə iştirak etməyən şəxslər X2 və X3 şikayət verərək həmin qərardadın ləğv olunmasını xahiş etmişlər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2314/2021 nömrəli qərardadı ilə şikayət geri qaytarılmışdır. İşdə iştirak etməyən şəxslər X2 və X3 həmin qərardaddan da şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 361.2-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa, nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 74.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. İş materiallarından isə müəyyən olunur ki, şikayəti elektron qaydada vəkil kimi göstərilmiş Vəkil3 imzalamış, lakin şikayətə işdə iştirak etməyən şəxslərin adından həmin şəxsin adına verilmiş etibarnamə əlavə edilməmişdir. Bundan əlavə kollegiya hesab edir ki, verilmiş şikayətin digər (skan olunmuş) variantının X2 və X3 tərəfindən fiziki imzalanması halı hazırda qəbul edilə bilməz. Çünki Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bu baxımdan kollegiya qeyd edir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatında ərizə, şikayət və digərin sənədin imzalanması dedikdə, yalnız elektron qaydada imzalanma qəbul edilir. Bundan əlavə Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Mülki Prosessual Məcəllənin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində müəyyən edilmişdir ki, apellyasiya şikayətinin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Apellyasiya şikayətinin prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Apellyasiya şikayəti verən şəxsin tələbi hissəsində isə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Lakin işdə iştirak etməyən şəxslər prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, şikayəti həmin formaya uyğun tərtib etməmişlər. Qeyd olunanları və Mülki Prosessual Məcəllənin 363.1, 363.1.1, 363.1.1-1, 366.1 və 366.2-ci maddələrinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2314/2021 saylı qərardadından işdə iştirak etməyən şəxslər X2 və X3 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-559/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-559/2023
11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver