Məhkəmə qərarları › İş №2-2(103)-56/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-56/2022

23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-56/2022 23.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Firmasının cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-nə qarşı borcun, cərimənin, çəkilmiş xərclərin tutulmasına dair iddia tələbi üzrə Bakı Kommersiya Məhkəməsinin 30.04.2021-ci il tarixli, e-2-2(113)-1427/2021 saylı qətnaməsindən (hakim Kənan Hüseynov) hər iki tərəfin verdiyi apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı firması cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 297.653,67 ABŞ dolları pulun (99278,57 ABŞ dolları əsas borc, 198375,1 ABŞ dolları cərimə) və 12931,78 manat ƏDV daxil dəmir yol xərclərinin tutularaq "xxxx" şirkətinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft ŞirkətiCavabdeh ilə "xxxx" şirkəti arasında 25.05.2015-ci il tarixli, 038/2015 saylı “Malların alqı-satqı müqaviləsi” bağlanmışdır. Müqaviləyə əsasən, "xxxx" şirkəti müvafiq malları “DDP Bakı Yük Stansiyası” şərti ilə təchiz etməyi, Cavabdeh isə onları qəbul edərək dəyərini ödəməyi üzərinə götürmüşdür. Göstərilən müqavilənin 2.2-ci bəndi ilə müəyyən edilmiş ümumi dəyəri 2.216.727,08 ABŞ dolları təşkil etmişdir. Müqavilənin 4.3-cü bəndi ilə təchiz edilmiş malların dəyərinin ödəniş gününə olan məzənnə ilə, manatla ödənilməsi müəyyən edilmişdir. Müqavilənin 1.3-cü bəndində həmçinin Bakı Yük Stansiyasında çəkilən xərclərin Cavabdeh tərəfindən ödəniləcəyi nəzərdə tutulmuşdur. Qüvvədə olan müqavilənin 10-cu bəndində həmçinin öhdəliklərin gecikdirilməsinə görə gecikdirmədə təqsiri olan tərəfin cərimə ödəməsi nəzərə tutulmuşdur. Mallar "xxxx" şirkəti tərəfindən vaxtında təchiz edilərək Cavabdehnə təhvil verilmişdir. Ümumilikdə, Cavabdeh sifarişinə əsasən 1.983.751,03 ABŞ dolları dəyərində mal təchiz edilmişdir. Lakin Cavabdeh tərəfindən malların dəyəri müqavilədə göstərilən qaydada tam ödənilməmişdir. Belə ki, Cavabdeh tərəfindən alınmış mallara görə ümumilikdə səkkiz dəfə, o cümlədən sonuncu ödəniş tarixi 15 fevral 2018-ci il olmaqla, cəmi 3223992,98 manat və ya ödəniş günlərinə olan məzənnə ilə 1884472,45 ABŞ dolları ödəniş edilmişdir. Buradan göründüyü kimi, Cavabdeh tərəfindən təchiz edilmiş mallara görə müqavilə tələblərinə uyğun 99278,57 ABŞ dolları az ödənilmiş, yəni İB-nin bu məbləğdə borcu qalmışdır. Bundan başqa, müqavilənin 1.3-cü bəndinə uyğun olaraq dəmir yol xərcləri də Cavabdeh tərəfindən ödənilməmişdir ki, bu ödənişlərə görə ümumi borc ƏDV daxil olmaqla 12931,78 manat təşkil edir. Dəfələrlə yazılı şəkildə müraciət edilməsinə baxmayaraq Cavabdeh tərəfindən yuxarıda qeyd edilən borc ödənilməmiş qalmaqdadır. Bakı Kommersiya Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2-2(113)-1427/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 12.931 manat məbləğində pulun Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-dən alınaraq İddiaçı Firmasına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf apelyasiya şikayəti vermişdir. İddiaçı apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-e-2(113)- 1427/2021 saylı, 30.04.2021-ci il atrixli qətnaməsinin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin iş № e-2- 2(113)-1427/2021 saylı, 30.04.2021-ci il tarixli qətnaməsini “12.931 manat məbləğində pulun Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft”İB-dən alınaraq İddiaçı Firmasına ödənilməsi” hissəsində ləğv edib, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, "işdəki sənədlərdən görünür ki, təqdim edilmiş elektron qaimə fakturalar üzrə ödənişlər gecikdirilmişdir. Cavabdeh tərəfindən alınmış mallara görə ümumilikdə səkkiz dəfə, o cümlədən sonuncu ödəniş tarixi 15 fevral 2018-ci il olmaqla, cəmi 3223992,98 manat (ƏDV xaric) və ya ödəniş günlərinə olan məzənnə ilə 1884472,45 ABŞ dolları ödəniş edilmişdir. Buradan göründüyü kimi, Cavabdeh tərəfindən təchiz edilmiş mallara görə müqavilə tələblərinə uyğun vaxtında ödəniş edilməmiş, yəni ödəniş öhdəlikləri gecikdirilmiş, eyni zamanda, ödənişlər tam edilməmiş, 99278,57 ABŞ dolları az ödənilmiş, yəni İB-nin bu məbləğdə borcu qalmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədən də göründüyü kimi, müqavilə üzrə müvafiq malların xarici ölkələrdən, yəni xarici valyuta ilə alınıb təchiz edilməsi nəzərdə tutulur. Aydındır ki, məhz buna görə də müqavilədə ödəniş öhdəlikləri ABŞ dolları ilə ifadə edilmiş, həmçinin müqavilənin 4.3-cü bəndi ilə təchiz edilmiş malların dəyərinin ödəniş gününə olan məzənnə ilə, manatla ödənilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.2-ci maddəsinin tələblərinə əsasən, “Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır”. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər” və həmin Məcəllənin 439.2-ci maddəsinin “əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləndirildiyi hallardan başqa, o, manatla ödənilir” müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin tələbləri ilə ziddiyyət təşkil etmir və Mülki Məcəllənin 439.2-ci maddəsinə uyğun olaraq, öhdəlik (əsas borc və faizlər) müqavilədə şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Göründüyü kimi, tərəflər xarici ölkələrdən mal təchizatı ilə bağlı olan müqavilə üzrə ödəniş öhdəliyini xarici valyutada ifadə etməkdə haqlı olmuşlar və qanunvericiliyin tələblərinə uyğun olaraq xarici valyutada ifadə edilmiş öhdəlik ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla, lakin öhdəliyin həcminə tam müvafiq olmaqla icra edilməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsində nəzərdə tutulur ki, “Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsində nəzərdə tutulur ki, “Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir”. Bundan əlavə, yuxarıda da qeyd edildiyi kimi, öhdəliklərinin icrasının gecikdirilməsinə görə cərimə məbləğinin hesablanmasının ödənişlərin edildiyi günə ABŞ dollarının Azərbaycan manatına qarşı məzənnəsi ilə bağlı (məzənnə fərqi) əsas borcun icra edilməmiş hissəsi ilə hər-hansı birbaşa əlaqəsi yoxdur, cərimə həmin əsas borcla bağlı deyil, ödənildiyi mübahisəsiz olan borcun gecikdirilməsinə görə hesablanmışdır. Yuxarıda göstərilənlərdən göründüyü kimi, Bakı kommersiya məhkəməsinin qətnaməsi "xxxx" firmasının cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı müqavilə üzrə ödənilməmiş 99278,57 ABŞ dolları borcu ilə yanaşı, öhdəliklərin icrasının gecikdirilməsinə görə hesablanmış 198375,1 ABŞ dolları cərimə məbləğinin cavabdehdən alınıb "xxxx" firmasına ödənilməsi tələbinin rədd edilməsi hissəsində qanuni və əsaslı olmamış, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir". Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, "tərəflər arasında bağlanmış 038/2015 saylı 25.05.2015-ci il tarixli alqı-satqı müqaviləsinin 1.3-cü bəndinə əsasən Bakı Yük Stansiyasında göstərilmiş xidmətlərə görə çəkilən xərclərin ödənişi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft”İB-nin X1 İdarəsi tərəfindən həyata keçirilməli olduğu müəyyən edilsə də, iddiaçı tərəfindən bu barədə “Azneft” İB-nə qaiməfaktura göndərilməmiş, rəsmiləşdirilmə aparılmamışdır. Ümumiyyətlə müqavilənin dəyəri “Azneft”İB tərəfindən tam olaraq ödənilmişdir. Bu səbəbdən hesab edirik ki, iddia tələbi həmin hissədə də əsassızdır." İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclaslarında tərəflərindən verilən apelyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında tərəflərindən verilən apelyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdeh "Azneft" İB-nin apelyasiya şikayəti təmin edilməməli, iddiaçı "xxxx" firmasının apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 30.04.2021-ci il tarixli e-2-2(113)-1427/2021 saylı qətnaməsi iddianın rədd edildiyi hissədə qismən ləğv edilməli, iddia cərimə borcu hissəsində qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 99187,55 ABŞ dolları cərimə borcu tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, 200 manat ekspertiza xərci cavabdeh "Azneft" İB-dən Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. İşin sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, İddiaçı Firması ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB arasında 038/2015 saylı 25.05.2015-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə işdəki 02.12.2016-cı i tarixli 560926 saylı və elektron vergi hesab fakturalarına əsasən ümumi dəyəri ƏDV daxil 3223992,98 manat dəyərində nasos komressor boruları satılmışdır. İş materiallarının 1-ci cildinin 112-ci vərəqinə əlavə edilmiş aktdan görünür ki, satılmış mallar 2016-cı ilin oktyabr ayında alıcıya təhvil verilmişdir. İş materiallarında olan bank hesabından çıxarışlardan görünür ki, malların dəyəri 24.01.2017-ci il tarixdən 15.02.2018-ci il tarixədək 8 dəfə ödəniş həyata keçirilməklə tam ödənilmişdir İddiaçının rədd edilmiş 99278,57 ABŞ dolları əsas borc tələbi üzrə məhkəmə kollegiyasının hüquqi mövqeyi İddiaçı iddia edir ki, təchiz edilmiş malların ümumi dəyəri 1.983.751,03 ABŞ dolları olmuş, “Azneft” İB tərəfindən təchiz edilmiş mallara görə cəmi 1.884472,45 ABŞ dolları, yəni malın dəyərindən 99278,57 ABŞ dolları az ödənilmişdir. Məhkəmə kollegiyası bu tələbin əsassız olduğuna dair birinci instansiya məhkəməsinin iş üzə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir.” İş materiallarının 1-ci cildinin 69-cu vərəqinə əlavə edilmiş 23.02.2018-ci il tarixli hesab fakturadan (invoice) görünür ki, satılan malların ümumi dəyəri 1.983.751,03 ABŞ dolları olmuş, həmin məbləğ manata konvertasiya edilərək 3223992,98 manat təşkil etmiş və cavabdehə qeyd edilən məbləğdə borcun ödənilməsina dair hesab fakturalar göndərilmiş və tələb edilən məbləğ tam ödənilmiş, əsas borc qalığı qalmamış, iddiaçı tərəfindən cavabdehə müqavilənin 4.3-cü bəndinə əsasən ödəniş həyata keçirildiyi vaxt xarici valyutanın manat nisbətdə məzənnə fərqinin artması ilə bağlı yeni vergi hesab fakturası göndərilməmişdir. Göstərilənlərə əsasən iddiaçının əsas borcun tam ödənilmədiyinə dair mülahizəsi əsassızdır. İddiaçının rədd edilmiş 198375,1 ABŞ dolları cərimə tələbi üzrə məhkəmə kollegiyasının hüquqi mövqeyi İddiaçı müqavilənin 10.2-ci bəndinə istinad edərək cavabdehdən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə 198375,1 ABŞ dolları cərimə tutulmasını tələb etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 10.2-ci bəndinə əsasən alıcı təhvil aldığı malların dəyərinin ödənişini gecikdirdiyi halda hər ləngidilmiş tam həftə üçün ilk dörd həftə gecikdirilim ödənişin 0,5%-i, daha sonrakı müddətdə gecikdirilmiş ödənişin 1.5 %-i miqdarında satıcıya cərimə ödəməlidir. Müqavilənin 10.3-cü bəndinə əsasən müqavilənin digər maddələrində başqa cür müəyyən edilmədiyi halda cərimələrin ümumi məbləği müqavilənin ümumi dəyərinin 10 %-dən çox ola bilməz. Tələbin hüquqi əsasını Mülki Məcəllənin aşağıdakı normaları təşkil edir: Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. İşə apellyasiya qaydasında baxılarkən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 29.09.2021-ci il tarixli, 2-2(103)-1064/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 07.02.2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinə daxil olmuş ekspert rəyinə əsasən ödənişlər hissə-hissə həyata keçirilməklə vaxtında edilməmişdir. 25.05.2015-ci il tarixli müqavilənin 10-cu bəndində göstərilənlər nəzərə alınmaqla hesablanma aparıldıqda “Azneft” İB tərəfindən ödənilməli olan cərimə məbləğinin həmin müqavilənin 10.3-cü bəndində cərimə ilə bağlı göstərilən cərimə faizindən artıq olması müəyyən olunur. Bu səbəbdən də cərimə məbləğinin müqavilənin 10.3-cü bəndi əsas götürülməklə müqavilənin ümumi dəyərinin 10%-i məbləğində Bu səbəbdən cərimə məbləği müqavilənin 10.3-cü bəndi əsas götürülməklə müqavilənin ümumi dəyərinin (1.878.582,27 malın dəyəri ƏDV-siz, 338.144,81 malın ƏDV-si) 10 % məbləğində müəyyən olunur. Birinci instansiya məhkəməsi malların ümumi dəyərinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB tərəfindən tam ödənildiyinə dair qənaətə gələrək iddianı cərimə tutulmasına dair hissədə rədd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və hesab edir ki, pul öhdəliyinin icrasının gecikdirilməsinə görə alıcının dəbbə pulu ödəməli olduğu tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulu tutulmasını tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası işin hallarını və məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tələb edilən cərimə məbləğinin 5%-i qədər- 99187,55 ABŞ dolları məbləğində dəbbə pulu tutulmalıdır. İddiaçının təmin edilmiş 12.931,78 manat dəmir yol xərclərinin cavabdehdən tutulmasına dair tələbi üzrə məhkəmə kollegiyasının hüquqi mövqeyi İddiaçı tərəf müqavilənin 1.3-cü bəndinin tələblərini rəhbər tutaraq Bakı Yük Stansiyasında çəkilmiş xərclərin 12.931,78 manat hissəsini tələb edir. Məhkəmə bununla bağlı qeyd edir ki, iş materiallarına əlavə edilmiş Bakı yük Stansiyası tərəfindən təqdim edilmiş hesablara əsasən İddiaçı Firması tərəfindən Bakı Yük Stansiyasında malın təchizatı ilə əlaqədar 22.617 manat xərc çəkildiyi müəyyən olunur. İddiaçı həmin məbləğdən 12.931,78 manatın ödənilməsini tələb edir. Tərəflər 038/2015 saylı 25.05.2015-ci il tarixli alqı-satqı müqaviləsinin 1.3-cü bəndinə əsasən Bakı Yük Stansiyasında göstərilmiş xidmətlərə görə çəkilən xərclərin ödənişi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-nin X1 İdarəsi tərəfindən həyata keçirilməlidir. Cavabdeh "Azneft" İB apellyasiya şikayətində çəkilmiş dəmir yol xərclərinin məbləğini mübahisələndirməmiş, həmin xərclərin ödənilməsinin müqavilə şərtlərinə əsasən cavabdeh tərəfindən həyata keçirilməli olduğu göstərsə də qarşı tərəfin bununla bağlı qaimə faktura göndərmədiyini, rəsmiləşdirmə həyata keçirmədiyini göstərmişdir. Cavabdehin bu dəlili əsassız hesab edilir. Belə ki, iş materiallarınn 120-ci vərəqinə əlavə edilmiş HM seriyalı 792090 saylı 30.2.2016-cı il tarixli vergi hesab fakturasından görünür ki, çəkilmiş dəmir yol xərclərinin ödənilməsi üçün “Azneft” İB-nə hesab faktura təqdim edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edildiyi hissədə birinci instansiya məhkəməsinin iş üzr gəldiyi nəticə qanuni və əsaslı olmaqla qətnamənin qeyd edilən hissədə ləğv edilməsi üçün əsaslar müəyyən olunmur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh "Azneft" İB-nin apelyasiya şikayəti təmin edilməməli, iddiaçı "xxxx" firmasının apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 30.04.2021-ci il tarixli e-2-2(113)- 1427/2021 saylı qətnaməsi iddianın rədd edildiyi hissədə qismən ləğv edilməli, iddia cərimə borcu hissəsində qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 99187,55 ABŞ dolları cərimə borcu tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, 200 manat ekspertiza xərci cavabdeh "Azneft" İB-dən Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "Azneft" İB-nin apellyasiya şikayəti təmin edilməsin. İddiaçı "xxxx" firmasının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 30.04.2021-ci il tarixli e-2-2(113)-1427/2021 saylı qətnaməsi iddianın rədd edildiyi hissədə qismən ləğv edilsin. İddia cərimə borcu hissəsində qismən təmin edilərək cavabdeh "Azneft" İB-dən iddiaçı "xxxx" firmasının xeyrinə 99187,55 ABŞ dolları cərimə borcu tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. 200 manat ekspertiza xərci cavabdeh "Azneft" İB-dən Azərbaycan respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar