Məhkəmə qərarları › İş №2-2(103)-560/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-560/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-560/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlunun və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı aktın ləğvi və əsassız hesablanmış borcun silinib yenidən hesablanması tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 19.03.2021ci il tarixli, e-2- 2 (113)-1863/2021 nömrəli qərardadından (hakim Zeynəb Axundova) Cavabdeh tərəfindən verilən şikayəti üzrə işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş 30 mart 2020-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və 2020-ci ilin mart ayı üzrə qaz sərfiyyatına görə iddiaçıya əsassız hesablanmış 26.692 manat borcun silinərək yenidən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, iddianın təmin etmə təbiri kimi iş üzrə məhkəmə icraatı qurtaranadək iddiaçıya məxsus olan və Abşeron rayonu, X1 Sovxozu ünvanında yerləşən, ümumi sahəsi 4,1 ha olan torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsinin 7322 m2 olan hissəsinə (obyektə) təbii qazın verilməsinin dayandırılmasının Cavabdehnə qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh əsassız olaraq Abşeron rayonu, X1 Sovxozu ünvanında yerləşən, ümumi sahəsi 4.1 kv/m olan torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsinin iddiaçıya tam mülkiyyət üzrə məxsus olan 7322 kv/m olan hissəsinə qazın nəqlini 2021-ci ilin fevral ayının əvvəlindən dayandırmışdır. Mübahisənin hüquqi müstəvidə məhkəmədə həll olunub qurtarmadığı bir dövrdə cavabdeh təbii inhisarçı tərəfindən belə bir addım atılması bir istehlakçı kimi iddiaçıya qarşı açıq-aşkar təzyiq vasitəsidir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011 -ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinə əsasən, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır. Bakı Kommersiya Məhkəməsinin 19.03.2021-ci il tarixli, e-2- 2 (113)-1863/2021 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, iddiaçıya məxsus olan və Abşeron rayonu, X1 Sovxozu ünvanında yerləşən, ümumi sahəsi 4,1 ha olan torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsinin 7322 m2 olan hissəsinə (obyektə) təbii qazın verilməsinin dayandırılmasının Cavabdehnə qadağan edilməsi qərara alınmışdır. Cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, qəbul edilmiş qərardada əsaslanaraq istehlakçı hazırda mübahisələndirilən məbləği və həmin məbləğdən artıq yaranacaq borcu ödəmədən təbii qazdan istifadə etmək niyyətindədir. Bunun nəticəsində istehlakçının təbii qazdan istifadəyə görə debitor borcu artacaqdır. Belə olan halda bu növ qərardad gələcəkdə qəbul ediləcək məhkəmə qərarının icrasını çətinləşdirə bilər. Ona görə də Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1863/2021 nömrəli qərardadının ləğv olunaraq iddiaçı tərəfindən verilmiş iddianı təmin etmə tədbiri barədə ərizənin rədd olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 16.04.2021-ci il tarixli, e-2- 2 (113)-1863/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya qaydasında baxılması 19.05.2021-ci il tarixə təyin edilmiş, tərəflər lazımı qaydada xəbərdar edilsələr də, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 19.03.2021-ci il tarixli, e-2- 2 (113)- 1863/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək kimi tədbir görülə bilər. Məhkəmə iddianı təmin etmə tədbiri görülməsi ərizəyə qiymət verərkən bu tədbir görülmədikdə iş üzrə yekun qərar qəbul edilənədək iddiaçının qanunu mənafeyinin pozulma ehtimalını, işdə iştirak edən şəxslərin qanuni mənafeləri arasında tarazlığın təmin edilməsini nəzərə almalı, hər bir ərizə həmin mübahisə kontekstində qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə tərəfindən iddianı təmin etmə tədbiri görülərkən əsas götürülməli olan məqsəd işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin də mənafeləri və onların müdafiəsindəki mütənasibliyin qorunmasıdır. İddiaçıya cavabdeh tərəfindən hesablanmış borc mübahisələndirildiyi üçün iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək həmin borcla əlaqədar iddiaçının qaz təchizatının dayandırılması onun qanuni mənafelərinin səmərəli məhkəmə müdafiəsinin təmin edilməsi baxımından məqsədəuyğun olmadığından ərizənin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 19.03.2021-ci il tarixli, e-2- 2 (113)-1863/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 19.03.2021-ci il tarixli, e-2- 2 (113)-1863/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar