Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-560/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-554/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 aprel 2022-ci il tarixli, 53/2022 saylı alqı-satqı müqaviləsi üzrə 51.300,76 manat, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 1282 manat, 2000 manat cərimə və mediatora ödənilmiş 400 manat olmaqla ümumilikdə 54.982,76 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-554/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 18 aprel 2022-ci il tarixli, 53/2022 saylı alqısatqı müqaviləsi üzrə 51.300,76 manatın, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 855 manatın və mediatora ödənilmiş 386,58 manat olmaqla ümumilikdə 52542,34 manat pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-554/2023 saylı qərardadı ilə, apellyasiya şikayəti müddət buraxılmaqla verildiyindən cavabdeh “LİDER GROUP MMC-yə geri qaytarılmışdır. Cavabdeh MMC yenidən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-554/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamənin nəticə hissəsi xx.xx.2023-cü il tarixində elektron vahid məhkəmə portalına yüklənsə də, qətnamənin tam məzmununu xx.xx.2023-cü il tarixində vahid elektron məhkəmə portalı vasitəsi ilə əldə etmişdir. 07 fevral 2023-cü il tarixindən 02 mart 2023 cü il tarixinədək Saatlı rayonunun Musal kəndində Saatlı rayonun İcra Hakimiyyət Başçısının Nərimanov kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəsinin müşayəti ilə İri və kiçik buynuzlu heyvanların alınması, satılması və saxlanılması üçün yerlərin müəyyən edilməsi, ferma təsərrüfatının təşkil edilməsi, görüləcək işlərə nəzarətin aparılması məqsədi ilə ezam olunduğuna görə qətnamədən apellyasiya şikayətini vaxtında vahid məhkəmə portalına yükləyə bilməmişdir. Ümumilikdə cəmi 5 gün müddət ötürülmüşdür. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-554/2023 saylı qərardadı ilə cavabdeh “LİDER GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-554/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi qərara alınmışdır. İddiaçı MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 554/2023 saylı qətnaməsi cavabdehin ərizəsində göstərdiyi kimi xx.xx.2023-cü il tarixində deyil, xx.xx.2023-cü il tarixdə cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış "xxxx"ində yerləşdirilmişdir. Eyni zamanda, MMC-nin direktorunun ölkə daxilində, yəni Saatlı rayonu, Musal kəndinə 24 gün müddətində ezam olunması qətnamədən şikayət verilməməsi üçün üzrlü səbəb hesab oluna bilməz. Belə ki, MPM-nin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirildiyi üçün MMC-nin direktoru nəinki Saatlı rayonu, Musal kəndindən hətta dünyanın istənilən ölkəsindən də şikayəti verə bilərdi. Bundan əlavə, apellyasiya şikayətinin geri qaytarılması ilə bağlı Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı çıxarılmış və cavabdeh həmin qərardadı mübahisələndirməmişdir. Qərardadın mübahisələndirilməməsi isə cavabdehin həmin qərardadla razı olmasını göstərir. Əgər həqiqətən də apellyasiya şikayəti verilməsi üçün müddət üzrlü səbəbdən ötürülmüş olsa idi, cavabdeh həmin qərardaddan şikayət verər və müddətin bərpası barədə verdiyi ərizədə göstərdiyi xüsusatları həmin şikayətə qeyd edərdi. Lakin cavabdeh bunu etməmiş, apellyasiya şikayətinin geri qaytarılması ilə bağlı qərardadın qəbul olunmasından 25 gün, qətnaməni rəsmi aldığı tarixdən isə 2 ay 10 gün sonra xx.xx.2023-cü tarixdə apellyasiya şikayətini vermişdir. Həmçnin, MMC-nin direktorunun ezamiyyətdə olması üzrlü səbəb kimi qəbul edilsə belə, yenə də MMC-nin şikayət verməyə imkanı olmuşdur. Belə ki, cavabdeh "xxxx" MMC-nin hüquqşünası var və o, məhkəmə iclaslarında iştirak etmiş və MMC-ni təmsil etmişdir. Həm qətnamə, həm də hazırda mübahisələndirilən qərardad da onun iştirakı ilə çıxarılaraq hər iki məhkəmə aktında adı yazılmışdır. Bu isə o deməkdir ki, direktor ezamiyyətdə olsa belə, hüquqşünas şikayəti vaxtında verə bilərdi. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin kollegiya hesab edir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi və prosessual müddətin bərpası üçün əsaslar mövcud deyildir. Belə ki, ərizədə prosessual müddətin buraxılmasının üzrlü səbəbi kimi cavabdeh “LİDER GROUP MMC-nin direktorunun ölkə daxilində, yəni Saatlı rayonu, Musal kəndinə 24 gün müddətində ezam olunması göstərilmişdir. Kollegiya hesab edir ki, bu hal kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxsə münasibətdə heç bir halda apellyasiya şikayətinin üzrlü səbəblərdən ötürülməsi kimi qəbul edilə bilməz. Çünki şikayəti hüquqi şəxsin hüquqşünası və ya digər bir əməkdaşı da verə bilərdi. Eyni zamanda onun öz kommersiya fəaliyyətinin hüquqi məsələlərini tənzimləməsi və yarana biləcək məhkəmə mübahisələrində lazımi qaydada təmsil olunması ilə bağlı hüquqşünasının və ya məhkəmədə təmsil etmək üçün hər hansı əməkdaşının və yaxud vəkilinin olmaması riskini özü daşıyır. Bundan əlavə, iş materiallarından müəyyən edilir ki, hazırki işdə cavabdehin nümayəndəsi kimi vəkil Emil Nuriyev iştirak etmiş, onun adına 3 il müddətinə (xx.xx.2025ci il tarixədək qüvvədə olan) etibarnamə verilmiş və etibanamədə məhkəmə aktlarından şikayət verilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və cavabdeh tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizə rədd edilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-554/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. Cavabdeh MMC tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-560/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-560/2023
23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver