Məhkəmə qərarları › İş №2-2(103)-560/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-560/2025

23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-560/2025 23.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1569/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında bağlanmış Xidmətlərin göstərilməsi haqqında” 18 mart 2024-cü il tarixli 2/2024 nömrəli müqaviləyə görə sifarişçi hazırkı müqavilənin ayrılmaz hissələri olan müvafiq əlavələrdə qeyd edilən rəqəmsal media, sosial media, internet reklamları, digital marketinq, video çəkiliş, video materialların hazırlanması, qlobal materialların adaptasiyası və digər reklam-marketinq xidmətlərini sifariş edir. İcraçı tərəf isə müqavilənin şərtlərinə və sifarişçinin tələblərinə tam uyğun şəkildə xidmətlərin göstərməsini öz öhdəsinə götürür. Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən xidmətlər hər bir sorğu üzrə sifarişçi tərəfindən icraçıya ayrıca təqdim edilmiş müvafiq xidmət sifarişinə əsasən göstəriləcək. Hər xidmət sifarişi üzrə göstəriləcək xidmətlərin həcmi və xüsusiyyətləri, xidmətlərin hansı müddətdə göstəriləcəyi, xidmətlərin qiyməti və bütün digər şərtlər göstərilməlidir. 6.3-cü bəndinə əsasən xidmət sifarişində başqa cür qeyd olunmadığı halda, ödəniş sifarişçi tərəfindən icraçının bank hesabına imzalanmış hər iki tərəf tərəfindən imzalanmış təhvil-təslim aktı, ödəniş hesab fakturası və təsdiqlənmiş elektron qaimə əsasında bank köçürməsi yolu ilə sənədləri qəbul etdiyi tarixdən 5 (beş) iş günü ərzində həyata keçirilir. 9-cu maddəsində müqaviləyə xitam verilməsinin əsasları əks olunmuşdur.

2. İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) tərəfindən imzalanmış 18 mart 2024-cü il tarixli, 1 saylı xidmət sifarişi ilə göstəriləcək xidmətlərin qiymətləri razılaşdırılmışdır.

3. İddiaçı MMC tərəfindən Cavabdeh MMC xx.xx.2024-cü il tarixli MT2403 00602936 nömrəli 4150 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2404 00855348 nömrəli 4150 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2405 11337100 nömrəli 4150 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2406 11207890 nömrəli 8050 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur.

4. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixdə 4150 manat, xx.xx.2024- cü il tarixdə 4150 manat vəsait ödənilmişdir.

5. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən 1000 manat, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən 1300 manat, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən 1100 manat məbləğində ödəniş olunmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat:

6. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12200 manat əsas borc, illik gecikmə faizinə görə 5% hesablanmaqla 271,7 manat, 130 manat dövlət rüsumu, hüquqi yardım üçün ödənilmiş 1350 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 18 mart 2024-cü il tarixində “Xidmətlərin göstərilməsi haqqında” 2/2024 nömrəli müqavilə bağlanmışdır. Bu müqavilənin 4-cü maddəsi tərəflərin öhdəliklərini nəzərədə tutur və həmin maddənin tərkib hissəsi olan 4.1.2-ci bəndində deyilir ki, sifarişçinin göstərilmiş və qəbul edilmiş xidmətlərə görə ödənişləri lazimi qaydada və vaxtında yerinə yetirmək öhdəliyi vardır. Həmin müqavilənin 6.3-cü maddəsində də deyilir ki, xidmət sifarişində başqa cür qeyd olunmadığı halda ödəniş “sifarişçi” tərəfindən “icraçı”-nın bank hesabına imzalanmış hər iki tərəf tərəfindən imzalanmış təhvil-təslim aktı, ödəniş hesab fakturası və təsdiqlənmiş elektron qaimə əsasında bank hesabına köçürülməsi yolu ilə sənədləri qəbul etdiyi tarixdən 5 (beş) iş günü ərzində həyata keçirir. Müqavilənin 7.1-ci maddəsinə əsasən tərəflər müqavilə üzrə götürdüyü hər hansı öhdəliyi yerinə yetirə bilməməsi səbəbindən ona dəyən zərərin tam həcmdə ödənilməsini qarşı tərəfdən tələb etmək hüququna malikdir. Bildirmək lazımdır ki, İddiaçı MMC müqaviləyə uyğun olaraq öhdəliklərini tam və vaxtında yerinə yetirmişdir. Sifarişçi” tərəfindən icraçıya müxtəlif vaxtlarda sifarişlər verilib. İddiaçı MMC isə nəzərdə tutulan sifarişləri razılaşdırılmış şəkildə həyata keçirmişdir. İcraçı tərəfindən Cavabdeh MMC-yə verilmiş (tamamlanmış, icra edilmiş) sifarişlər üzrə müxtəlif vaxtlarda elektron qaimələr göndərilmişdir: 1. xx.xx.2024-cü il tarixli MT2403 seriyalı, 00602936 nömrəli 4150 manat məbləğində; 2. xx.xx.2024-cü il tarixli MT2404 seriyalı, 00855348 nömrəli 4150 manat məbləğində; 3. xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı, 11337100 nömrəli 4150 manat məbləğində; 4. xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 11207890 nömrəli, 8050 manat məbləğində. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklər razılaşdırılmış şəkildə həyata keçirilməsinə baxmayaraq Cavabdeh MMC öz öhdəliklərini tam və vaxtında yerinə yetirməyərək İddiaçı MMC-yə 12200 manat məbləğində zərər dəymişdir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1569/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 8800 manat əsas borc, 271,70 manat faiz borcu, 1000 manat hüquqi yardıma görə xərc, 100 manat dövlət rüsumu, ümumilikdə 10171,70 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. İddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu və 300 manat hüquqi yardıma görə xərc İddiaçı MMCnin özünə aid edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında 18 mart 2024-cü il tarixli 2/2024 nömrəli podrat müqaviləsi imzalanmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 4 elektron qaimə təqdim edilmiş, həmin qaimələrdən ilk ikisi tam şəkildə cavabdeh tərəfindən ödənilmiş, üçüncü qaimə üzrə qismən, xx.xx.2025-ci il tarixdə 1000 manat, xx.xx.2025-ci il tarixdə 1300 manat, xx.xx.2025-ci il tarixdə 1100 manat olmaqla, ümumilikdə 3400 manat ödəniş edilmiş, həmin qaimə üzrə qalıq borc 750 manat təşkil edir. Cavabdehin nümayəndəsi İ.Məhərrəmov əvvəlki məhkəmə iclasında verdiyi izahatında iddiaçı tərəfindən elektron qaimələrdə göstərilmiş bütün xidmətlərin icra edildiyini, yalnız sonuncu qaimədə göstərilmiş “Avon markası üzrə SMM xidməti”nin qüsurlu icra edildiyini bildirmişdir. Məhkəmə cavabdehin həmin dəlilinə cavab olaraq bildirmişdir ki, icra edilmiş işlərlə bağlı tərəflər arasında təhvil aktları olmamış, iddiaçı tərəfindən göstərilmiş xidmətlər iddiaçının təqdim etdiyi elektron qaimələr əsasında cavabdeh tərəfindən qəbul edilmiş, dəyəri ödənilmişdir. İddiaçı tərəfindən göndərilmiş sonuncu qaimə də cavabdeh tərəfindən qəbul edilmiş, həmin qaiməyə hər hansı etiraz verilməmiş, bundan əlavə, icranın qüsurlu olması ilə bağlı cavabdeh tərəfindən iddiaçıya hər hansı irad bildirilməsini, pretenziya verilməsini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçı icra etdiyi işin müqabilində ona muzd ödənilməsini tələb etməklə haqlıdır. İddiaçı iddia ərizəsində 12200 manat əsas borcun tutulması tələb etsə də, cavabeh tərəfindən məhkəmə icraatı dövründə iddiaçıya 3400 manat ödəniş edilmiş, bu halı nümayəndələr də təsdiq etmiş, bu səbəbdən cavabdehin ödənilməmiş qalıq əsas borcu 8800 manat təşkil etdiyi üçün məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən 8800 manat əsas borc (12200 manat – 3400 manat) tutularaq iddiaçıya ödənilməlidir. 30. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 271,7 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehin öz öhdəliklərini vaxtında icra etmədiyi müəyyən edildiyindən, bu hal cavabdeh tərəfindən də təkzib edilmədiyindən iddiaçının tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 8800 manat əsas borc, 271,70 manat faiz borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. 41. Bundan başqa iddia ərizəsində 1300 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edildiyindən həmin xərcin 1000 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 300 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən “Ekol” Vəkil Bürosunun hesabına 1300 manat hüquqi xidmət haqqı köçürülmüşdür. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş qalan 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 385.1, 386.1, 398.1, 399.1, 442, 445.1 və 445.2, 448.1, 448.2, 752.1, 753.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

11. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1569/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış “Xidmətlərin göstərilməsi haqqında” 18 mart 2024-cü il tarixli 2/2024 nömrəli müqaviləyə görə sifarişçi hazırkı müqavilənin ayrılmaz hissələri olan müvafiq əlavələrdə qeyd edilən rəqəmsal media, sosial media, internet reklamları, digital marketinq, videoçəkiliş, video materialların hazırlanması, qlobal materialların adaptasiyası və digər reklam-marketinq xidmətlərini sifariş edir. İcraçı tərəf isə müqavilənin şərtlərinə və sifarişçinin tələblərinə tam uyğun şəkildə xidmətlərin göstərməsini öz öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən xidmətlər hər bir sorğu üzrə sifarişçi tərəfindən icraçıya ayrıca təqdim edilmiş müvafiq xidmət sifarişinə əsasən göstəriləcək. Hər xidmət sifarişi üzrə göstəriləcək xidmətlərin həcmi və xüsusiyyətləri, xidmətlərin hansı müddətdə göstəriləcəyi, xidmətlərin qiyməti və bütün digər şərtlər göstərilməlidir. Sözügedən müqavilə rəhbər tutulmaqla cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 1 nömrəli xidmət sifarişi iddiaçıya verilmişdir. Xidmət sifarişinə görə cavabdeh yəni sifarişçi, iddiaçıya yəni icraçıya “Avon Azərbaycan” səhifəsinin (sosial media hesabının) idarə olunması xidmətini sifariş etmişdir. Çünki “AVON Azərbaycan” səhfəsinin ölkədəki yeganə distributoru məhz cavabdeh olmuşdur. İddiaçı tərəfindən cavabdehə göstərdikləri xidmətlərə görə, xx.xx.2024-cü il tarixli MT2403 00602936 nömrəli 4150 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2404 00855348 nömrəli 4150 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2405 11337100 nömrəli 4150 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2406 11207890 nömrəli 8050 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə 4150 manat, xx.xx.2024- cü il tarixdə 4150 manat vəsait ödənilmişdir. Həmçinin cavabdeh tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən 1000 manat, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən 1300 manat, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən 1100 manat məbləğində ödəniş olunmuşdur. Ümumiləşdirsək cavabdeh tərəfindən ilk 2 qaimə fakturalar tam, 3-cü qaimə fakturanın müəyyən hissəsi ödənilmişdir. 4-cü qaimə faktura üzrə ödəniş olunmamışdır. Qüsurlu ödənişin və sonuncu ödənişin olunmaması səbəbi isə iddiaçının müqavilə üzrə öhdəliklərini vicdanlar yerinə yetirməməsi olmuşdur. Belə ki, may ayı və iyun ayı ərzində “AVON Azərbaycan” brendi üzrə ölkədəki satışlar zəiflədiyi üçün və cavabdeh satışlarda zərər etdiyi üçün sözügedən brendlə müqavilə münasibətlərini dayandırmaq qərarına gəlmişdir. Bununla bağlı cavabdeh MMC-nin əməkdaşları tərəfindən iddiaçıya dəfələrlə yazışmalar üzərindən məlumat verilmiş və müqavilənin icrasının dayandırılması xahiş edilmişdir. Lakin iddiaçı bunlara məhəl qoymayaraq icraya davam etmişdir. Buna görə, cavabdeh 3-cü qaimə faktura üzrə ödənişi tam ödəməmiş, 4cü qaimə faktura üzrə ödənişi isə heç vaxt ödəməmişdir. Sözügedən maddənin də tələbindən aydın olur ki, məhkəmələr işə baxarkən sübutlara hərtərəfli baxmalı və tətbiq edilməli olan hüquq normalarına qiymət verməlidirlər. Hesab edir ki, Bakı Kommersiya Məhkəməsi Mülki prosessual qanunverciliyin tələblərini pozaraq sübutlara hərtərəfli araşdırmamış, müvafiq hüquq normasına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, cavabdehin nümayəndəsi İ.Məhərrəmov məhkəmə iclası zamanı verdiyi izahatında iddiaçı tərəfindən elektron qaimələrdə göstərilmiş bütün xidmətlərin icra edildiyini, yalnız sonuncu 2 qaimədə göstərilmiş “Avon markası üzrə SMM xidməti”nin qüsurlu icra edildiyini bildirmişdir. Nümayəndə bununla bağlı Whatsapp üzərindən yazışmaların olduğunu bildirsə də, məhkəmə bunu nəzərə almamışdır. Yuxarıda qeyd edilənlər bir daha ona dəlalət edir ki, Bakı Kommersiya Məhkəməsi işi hərtərəfli araşdırmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

14. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi apellyasiya şikayətinə etiraz edərək şikayətin rədd edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

15. Cavabdeh məhkəmə iclasında iştirak etmədi. Məhkəmə kollegiyası AR Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq:

16. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.7-ci maddəsinə görə bu məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. -762.1-ci maddəsinə görə odratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. -762.2-ci maddəsinə görə odratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. -762.3-cü maddəsinə görə podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. -763.1-ci maddəsinə görə əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. -773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.

17. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

22. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arфsında 18 mart 2024-cü il tarixli 2/2024 nömrəli xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra edərək cavabdeh tərəfindən sifariş edilmiş xidmətlər göstərmiş, cavabdeh isə göstərilmiş xidmətlərin dəyərini tam şəkildə ödəməmiş, nəticədə iddiaçıya 8800 manat məbləğində borcu yaranmışdır.

23. Məhkəmə kollegiyası əvvəla birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, mülki qanunvericilikdə xidmət müqaviləsini tənzimləyən xüsusi normalar yer almadığından mübahisəyə qanunun analogiyası qaydasında podrat müqaviləsi ilə bağlı münasibətləri tənzimləyən normalar tətbiq edilməlidir.

24. Odur ki, hazırkı halda iddianın qanuni əsasını Mülki Məcəllənin 752.1 və 753.1-ci maddələri təşkil edir.

25. Cavabdeh apellyasiya şikayətində xidmət haqqı tələbinin təmin edilməsinə qarşı iki arqument irəli sürmüşdür: birincisi, iddiaçıya mübahisəli müqavilənin ləğv edilməsi barədə məlumat verilməsinə baxmayaraq cavabdeh tərəfindən xidmətlərin göstərilməsinin davam etdirilməsi, ikincisi, göstərilmiş xidmətlərin bir hissəsinin qüsurlu olması.

26. Birinci arqumentlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində müqavilənin birtərəfli ləğv edilməsi buna dair iradə ifadəsinin qarşı tərəfə çatdırılması ilə şərtləndirilmişdir. Digər tərəfdən mübahisəli müqavilənin 9-cu bəndinə əsasən tərəflər müqaviləyə xitam verilməsi qaydasını müəyyən edərək razılaşmışlar ki, sifarişçi ən azı 30 gün əvvəlcədən icraçıya yazılı bildiriş təqdim etməklə müqaviləyə xitam verə bilər.

27. Odur ki, hazırkı halda cavabdeh mübahisəli müqavilənin birtərəfli qaydada ləğv edilməsini, yəni cavabdehə bildiriş göndərməklə müqaviləyə xitam verilməsi barədə iradə ifadəsini qarşı tərəfə çatdırmasını təsdiq edən hər hansı sübutu təqdim etmədiyindən həmin arqument məhkəmə tərəfindən formal mülahizə kimi qiymətləndirilir.

28. İkinci arqumentə gəldikdə kollegiya qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin qüsurlu olmasını iddia etsə də, birincisi, xidmətlərdə qüsurların nədən ibarət olmasını konkretləşdirməmiş, həmin qüsurların olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İkincisi, xidmətlərdə qüsurların olması ehtimal edilsə belə, cavabdeh həmin qüsurlar barədə iddiaçıya məlumat verməmiş, bununla icraçının Mülki Məcəllənin 763-cü maddəsinə uyğun olaraq qüsurları aradan qaldırılmaq hüququnu məhdudlaşdırmışdır. Üçüncüsü, xidmətlərin göstərilməsinə dair elektron qaimələri düzəliş üçün qaytarmamaqla və həmin qaimələr üzrə qismən ödənişlər etməklə faktiki olaraq qüsurlarla bağlı hər hansı irad bildirmədən xidmətləri qəbul etmişdir. Odur ki, cavabdehin xidmətlərin qüsurlu olması barədə arqumenti xidmətlərin dəyərinin ödənilməsi barədə iddianın rədd edilməsi üçün əsas vermir.

29. Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçı cavabdehdən 8800 manat məbləğində xidmət haqqı borcunun ödənilməsini tələb etməkdə haqlıdır.

30. İddianın Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin tutulması hissəsinə münasibətdə kollegiya qeyd edir ki, cavabdehin mübahisəli xidmət müqaviləsi üzrə 12200 manat məbləğində borcun ödənilməsini 6 aydan artıq müddət ərzində gecikdirməsi iş materialları ilə təsdiq edildiyindən iddiaçı həmin öhdəliyin icrasının gecikdirilməsinə görə illik 5% hesabı ilə 271,7 manat məbləğində faizlərin ödənilməsini tələb etməkdə haqlıdır.

31. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlandığından işə birinci instansiya məhkəməsi baxılması ilə bağlı çəkilmiş məhkəımə xərclərinin (o cümlədən vəkilə çəkilən xərclərin) bölüşdürülməsi hissəsində qətnamənin dəyişdirilməsi üçün əsaslar yoxdur.

32. Eyni zamanda apellyasiya instansiya məhkəməsində işə baxılması ilə bağlı çəkilmiş məhkəmə xərclərlə bağlı kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

33. Kollegiya onu da qeyd edir ki, hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsi üzrə iddianın qiyməti 9071,70 manat (8800 əsas borc+271,70 manat faiz borcu) təşkil etdiyindən MPM-in 402.1-ci maddəsinin tələbləri baxımından qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1569/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar