Məhkəmə qərarları › İş №2-2(103)-561/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-561/2025

27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-561/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, müqavilə öhdəliyinin icra olunmaması, elektron qaimə əsasında hesablaşma, işgüzar adət, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 12 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında 01 aprel 2021-ci il tarixdə 018/21 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır (iş səhifə 5-6).

2. Müqavilənin 2.1-ci bəndinə əsasən, yanacağın satışı əvvəlcədən ödəniş qaydası ilə aparılır, müqavilənin qüvvədə olduğu müddət ərzində məbləğə uyğun yanacağı almaq hüququ əldə edir; 2.2-ci bəndinə görə, alıcının ödəniş etmək istədiyi məbləğ satıcının hesablaşma hesabına və ya xəzinəsinə daxil olduqdan sonra; 2.3-cü bəndinə əsasən, yüklənmiş yanacağa mülkiyyət hüququ yanacaq satıcının yanacaqdoldurma məntəqələrində faktiki götürülən andan alıcıya keçir.

3. Müqavilənin 3.1-ci bəndinə əsasən satıcı: 3.1.1) yanacağı alıcıya Tarif Şurasının təsdiq etdiyi qiymətlərlə satır. Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən yanacaq qiymətləri artırıldıqda və ya azaldıldıqda alıcıdan razılıq almadan birtərəfli qaydada yanacağın qiymətlərini müvafiq şəkildə dəyişdirir; 3.2-ci bəndinə görə, alıcı: 3.2.1) Yanacağın dəyərini satıcı tərəfindən verilən hesab-faktura əsasında əvvəlcədən ödəyir.

4. Müqavilənin 6.3-cü bəndinə görə, müqavilə 01 aprel 2021-ci il tarixində qüvvəyə minir və 01 aprel 2024-cü il tarixinədək 3 il müddətinə qüvvədədir. Müqavilənin bitdiyi tarixə ən az 7 təqvim günü qalmış tərəflərdən biri digərinə müqavilənin ləğv edilməsi barədə yazılı müraciət etməzsə, bu müqavilənin müddəti növbəti ilə (illərə) avtomatik olaraq uzadılmış hesab olunur. Müqavilənin 6.4-cü bəndinə əsasən tərəflər bir birlərini 1 ay əvvəlcədən yazılı şəkildə xəbərdarlıq etməklə müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdirlər. Müqavilənin 6.5-ci bəndinə görə, müqaviləyə xitam verilərkən tərəflər arasında müvafiq hesablaşmalar aparılır və bir tərəf digər tərəfə bu müqavilə üzrə artıq ödədiyi vəsaitin geri qaytarılmasını və ya əldə etmədiyi vəsaitin ödənilməsini tələb edə bilər.

5. "xxxx" ASC tərəfindən verilmiş 24 sentyabr 2024-cü il tarixli hesabdan çıxarışa (01 yanvar 2021-ci il tarixdən 31 dekabr 2022-ci il tarixə qədər olan dövr üçün) görə, alıcı tərəfindən satıcıya cəmi 46 735,20 manat dəyərində ödəniş edilmişdir (sonuncu ödəniş 30 dekabr 2022-ci il tarixində 10 000 manat təşkil etmişdir) (iş səhifə 45 – 48).

6. Satıcı tərəfindən alıcıya EBCM seriyalı 299804 saylı 30 dekabr 2022-ci il tarixli (16 052 manatlıq) və EBCM seriyalı 428518 saylı 05 yanvar 2023-cü il tarixli (1305,60 manatlıq) elektron qaimələr göndərilmişdir.

7. 15 aprel 2024-cü il tarixli arayışa əsasən, Cavabdeh müqavilə üzrə EBCM299804 saylı 16 052 manat məbləğində qaimə üzrə 6052 manat, EBCM428518 saylı qaimə üzrə 1305,60 manat ödənilməmiş borcu qalmışdır və cəmi ƏDV daxil 7357,60 manat borcu vardır (iş səhifə 70).

8. 27 yanvar 2025-ci il tarixli arayışda göstərilmişdir ki, “Cavabdeh (VÖEN: **********) İddiaçı MMC ilə arasında bağlanmış 01 aprel 2021-ci il tarixli 018/21 saylı müqaviləyə əsasən ümumi dəyəri 54 092,80 AZN (ƏDV daxil) dəyərində yanacaq almışdır. Həmin məbləğin 2021-2022-ci illər ərzində 46 735,20 AZN (ƏDV daxil) hissəsini ödəmişdir. Lakin 7357,60 AZN (ƏDV daxil) hissəsini isə hələ də ödəməmişdir. 30 dekabr 2022-ci il tarixli EBCM 299804 saylı 16 052 AZN qaimədən 6052 AZN, 05 yanvar 2023cü il tarixli EBCM 428518 saylı qaiməyə əsasən 1305,60 AZN borcu qalmışdır. Belə ki, ilkin olaraq Cavabdeh 04 may 2021-ci il tarixdə bank vasitəsilə İddiaçı MMC-nin hesabına 5000 manat pul köçürmüşdür. Cavabdeh aldığı yanacağın müqabilində İddiaçı MMC tərəfindən 05 may 2021-ci il tarixli, EBBB 286532 nömrəli 3750,40 manat məbləğində elektron qaimə vurulmuş, 03 iyun 2021-ci il tarixli EBBC 711792nömrəli 2467,20 manat məbləğində elekton qaimə vurulmuş Cavabdeh 18 iyun 2021-ci il tarixdə Paşa Bank vasitəsilə 2467,20 AZN məbləğində pulu Trans Service Group MMC-nin hesabına köçürmüşdür. Bundan sonra 02 iyul 2021-ci il tarixli EBBE 282100 nömrəli 2960,80 manat məbləğində elektron qaimə vurulmuş, 26 iyul 2021-ci il tarixdə 1711 manat ödəniş olmuşdur. 03 avqust 2021-ci il tarixli EBBF 801706 nömrəli 2026,40 manat məbləğində qaimə vurulmuş, xx.xx.2021-ci il tarixli EBBH 568990 nömrəli 1468,80 manat məbləğində qaimə vurulmuş, 24 sentyabr 2021-ci il tarixdə 3495,40 manat ödəniş olmuşdur. 05 may 2021-ci il tarixli EBBK 279371 nömrəli 2778,40 manat məbləğində elektron qaimə vurulmuş, 20 oktyabr 2021-ci il tarixdə 2778,40 manat ödəniş olmuşdur, 04 noyabr 2021-ci il tarixli EBBL 895042 nömrəli 1180,80 manat məbləğində elektron qaimə vurulmuş, 17 noyabr 2021-ci il tarixdə 1180,80 manat ödəniş olmuşdur. 03 dekabr 2021-ci il tarixli EBBN 513994 nömrəli 3744,80 manat məbləğində qaimə vurulmuş, 23 dekabr 2021-ci il tarixdə 5607,20 manat ödəniş olmuşdur. 05 yanvar 2022-ci il tarixli EBBP 198745 nömrəli 2785,60 manat məbləğində, 28 yanvar 2022-ci il tarixli EBBQ 375648 nömrəli 1472,80 manat məbləğində qaimə vurulmuş, xx.xx.2022-ci il tarixdə 2396 manat ödəniş olmuşdur. xx.xx.2022-ci il tarixli EBBQ 510030 nömrəli 373,60 manat məbləğində, 03 fevral 2022-ci il tarixli EBBQ 699308 nömrəli 284 manat məbləğində, 28 fevral 2022-ci il tarixli EBBS 070794 nömrəli 2330,39 manat məbləğində, 03 mart 2022ci il tarixli EBBS 303765 nömrəli 400 manat məbləğində qaimə vurulmuş, 04 mart 2022ci il tarixdə 3388 manat ödəniş olmuşdur. 31 mart 2022-ci il tarixli EBBT 634042 nömrəli 1909,60 manat məbləğində, 04 may 2022-ci il tarixli EBBT 805393 nömrəli 284 manat məbləğində qaimə vurulmuş, 15 may 2022-ci il tarixdə 2193,60 manat məbləğində ödəniş olmuşdur. 30 aprel 2022-ci il tarixli EBBV 460093 nömrəli 3489,60 manat məbləğində, 04 may 2022-ci il tarixli EBBV 685148 nömrəli 221,60 manat məbləğində qaimə vurulmuş, 26 may 2022-ci il tarixdə 3751,20 manat ödəniş olmuşdur. 30 iyun 2022-ci il tarixli EBBZ 169833 nömrəli 2766,40 manat məbləğində qaimə vurulmuş, 01 iyul 2022-ci il tarixdə 2766,40 manat ödəniş olmuşdur. 30 dekabr 2022-ci il tarixli EBCM 299804 nömrəli 16.052 manat məbləğində qaimə vurulmuş, 30 dekabr 2022-ci il tarixdə 10 000 manat ödəniş olmuşdur. 05 yanvar 2023-cü il tarixli EBCM 428518 nömrəli 1305,60 manat məbləğində elektron qaimə vurulmuşdur. Cavabdeh Trans Service Group MMC-yə EBCM 299804 nömrəli elektron qaiməyə əsasən 6051,99 manat, EBCM 428518 nömrəli elektron qaiməyə əsasən 1305,60 manat, cəmi 6235,24 manat əsas, 1122,35 manat ƏDV olmaqla, 7357,59 manat borcu vardır” (iş səhifə 162).

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

9. İddiaçı MMC (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən ödənilməmiş 6235,24 manat məbləğində əsas borc, 1122,36 manat məbləğində ƏDV borcu olmaqla cəmi 7357,60 manatın, hüquqi xidmətə görə ödənilmiş 500 manatın, 99 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı iddia tələbini işin faktiki hallarına uyğun əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, sözügedən alqı-satqı müqaviləsi və əlavələr tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış, möhürlənmiş, beləliklə qüvvədə olan qanunvericiliyə uyğun olaraq bağlanaraq tərəflərin müvafiq öhdəlikləri yaranmışdır. Müqavilənin şərtləri iddiaçı tərəfindən icra edilmiş, alqı-satqı müqaviləsi əsasında razılaşdırılmış yanacaq cavabdeh tərəfindən təhvil alınmışdır. Odur ki, öhdəliyin icrası ilə bağlı cavabdehə elektron qaimələr təqdim edilmiş, lakin həmin qaimələr əsasında ödəniş tam həyata keçirilməmişdir. Cavabdehə təqdim edilmiş elektron/hesab fakturalarda nəzərdə tutulmuş məbləğdən 24 iyul 2024-cü il tarixinədək cəmi ƏDV ilə birlikdə mala görə cəmi 7357,60 manat ödənilməmiş borc qalmışdır. Beləliklə, iddiaçı tərəflər arasında bağlanmış müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdehə satılmış malın dəyəri üzrə müqaviləyə uyğun olaraq elektron qaimə-fakturalar təqdim edilmişdir. Lakin cavabdeh tərəfindən satılmış malların pulu hələ də tam ödənilməmiş qalır.

11. Cavabdehin nümayəndəsi tərəfindən iddiaya qarşı yazılı etiraz tədim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş 01 aprel 2021-ci il tarixli müqavilədəki imza hüquqlarını təmsil etdiyi şəxs Cavabdeh tərəfindən icra edilməmişdir. Cavabdehin verdiyi etibarnamədəki imzasına baxdıqda, vizual olaraq bunu müşahidə etmək mümkündür. Bundan başqa, müqavilə bağlanmış olsa belə, iddiaçı iddia ərizəsində tələb etdiyi məbləğdə yanacağı cavabdehə təhvil verməli idi. Lakin iddiaçı bununla bağlı məhkəməyə hər hansı bir sübut (təhvil-təslim aktı) təqdim edə bilməmişdir. Odur ki, idida tələbi əsassızdır.

12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, müqavilədə yanacağın dəyərinin əvvəlcədən ödənilməsi göstərilməsinə baxmayaraq, tərəflər arasında işğüzar münasibətlər elə formalaşmışdır ki, yanacaq öncədən verilmiş, sonra pul ödənilmişdir. Əvvəlcədən yanacağın qiyməti və neçə litr tutması müəyyən edilə bilməz, yanacaq maşınlara doldurulduqdan sonra müəyyən olunurdu ki, həcmi nə qədərdir, sonra ödəniş edilirdi.

13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri bildirmişlər ki, tərəflər arasında həm xidmət, həm alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh yanacaq üçün dekabr ayında ödəniş etmişdir. Yanvar ayında iddiaçı tərəf cavabdehlə xidmət müqaviləsi üzrə işləməli idi ki, yanacaq istifadə olunsun. Lakin iddiaçı cavabdehlə xidmət müqaviləsi üzrə işləməmişdir. Müqaviləyə əsasən cavabdeh ödənişi qabaqcadan ödəməli, sonra yanacaq verilməli, yanacağın verilməsinə dair təhvil-təslim aktı olmalı idi, lakin həmin akt tərtib edilməmişdir.

14. Birinci instansiya məhkəməsinin 12 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh alqı-satqı müqaviləsi üzrə ödənilməmiş ƏDV daxil 7357,60 manat borc məbləğinin, hüquqi xidmət xərcinin əvəzi olaraq 200 manatın, dövlət rüsumunun əvəzi olaraq 96 manatın tutularaq İddiaçı MMC-yə ödənilməsi qət olunmuşdur.

15. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

15.1. Mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 15.2. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında 018/21 nömrəli 01 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə yanacaq satılmışdır, cavabdeh tərəfindən alınmış yanacağa dair müəyyən qədər ödəniş edilsə də, ƏDV daxil 7357,60 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı həmin pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Cavabdeh isə iddiaya etiraz edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən yanacağın ödənişi qabaqcadan edilməlidir, sonra yanacaq verilməlidir. Cavabdeh tərəf iddiaçıya son olaraq 30 dekabr 2022-ci il tarixində 10 000 manat ödəniş etmişdir, lakin həmin pulun müqabilində iddiaçı tərəf cavabdehə yanacaq verməmişdir, belə ki, iddiaçı tərəf yanacağın təhvil-təsliminə dair heç bir sənəd məhkəməyə təqdim etməmişdir. İddiaçının nümayəndəsi isə cavabdehin bu arğumentinə etiraz edərək bildirmişdir ki, baxmayaraq ki, müqavilədə yanacağın dəyərinin əvvəlcədən ödənilməsi göstərilib, lakin tərəflər arasında işğüzar münasibətlər elə formalaşmışdır ki, yanacaq öncədən verilirdi, sonra pul ödənilirdi. Qabaqcadan yanacağın qiyməti və neçə litr tutması müəyyən edilə bilməz. Yanacaq maşınlara doldurulduqdan sonra müəyyən edilirdi həcmi, qiyməti və sonra ödəniş edilirdi. 15.3. Məhkəmə hesab edir ki, cavabdehin etirazının arqumentləri tamamilə əsassızdır və sadəcə borcun ödənişindən yayınmasına xidmət edir. Belə ki, birincisi, cavabdeh tərəf bildirir ki, tərəflər arasında yanacağın satışına dair təhvil-təslim aktı olmalıdır, təhvil-təslim aktı mövcüd olmadığı üçün yanacaq verilməyib və dəyəri də iddiaçı tərəfindən tələb edilə bilməz. Lakin, cavabdeh tərəf məhkəmənin əvvəllər satılmış və cavabdeh tərəfindən dəyəri artıq ödənilmiş yanacağa dair təhvil-təslim aktları mövcüd olub mu sualına və mövcüd olubsa, məhkəməyə təqdim edilməsi təklif edilsə də, cavabdeh tərəf öz arqumentini təsdiq edəcək hər-hansı sübutu (tərəflər arasında işğüzar münasibətin məhz təhvil-təslim aktları əsasında formalaşmasını) məhkəməyə təqdim edə bilməmişdir. İkincisi, cavabdeh bildirir ki, iddiaçıya son olaraq 30 dekabr 2022-ci il tarixində 10 000 manat ödəniş edilmişdir, lakin həmin ödənişin müqabilində yanacaq təhvil verilməmişdir. Buna dair məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, son ödənişdən sonra iddiaçı tərəfindən cavabdehə iki (30 dekabr 2022 və 05 yanvar 2023-cü il tarixli) e-qaimə göndərilmişdir, həmin qaimələrə etiraz edilməmiş, qaimələr təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, əgər həqiqətən də cavabdehin bildirdiyi kimi qabaqcadan ödəniş olunurdu, sonra yanacaq verilirdi və son ödənişə dair iddiaçı tərəfindən 10 000 manatlıq yanacaq verilməmişdirsə, cavabdehin iki ildən artıq müddət ərzində iddiaçıya bununla bağlı hər-hansı pretenziyanın (yanacağın verilməsi və ya pulun geri qaytarılması) göndərilməməsi və yalnız iddiaçı tərəfindən məhkəməyə 12 avqust 2024-cü il tarixində iddia ilə müraciət edildiyi tarixindən dörd ay sonra pulun qaytarılması ilə bağlı iddianın qaldırılması bir daha da cavabdehin bu cür arqumentinin tamamilə əsasız olduğunu göstərir. Bundan əlavə, iş materiallarından göründüyü kimi cavabdeh tərəf məhkəmə gedişatı zamanı müqavilədə imzanı mübahisələndirib, xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etsə də, sonradan həmin vəsatəti müdafiə etmədiyi bildirmiş, iş məhkəmə baxışına təyin edildikdən sonra məhkəmə aidiyyətini mübahisələndirmişdir.

16. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 443.1-ci, 567-ci, 568.1-ci, 579.1-ci, 600.1-ci, 600.4-cü maddələrinə istinad etmişdir.

17. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə etirazın məzmununa və birinci instansiya məhkəməsindəki izahatlara uyun əsaslandırmaqla, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

18. İddiaçının nümayəndəsi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, etirazda şikayətin əsassız olduğu qeyd edilərək qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.

Apellyasiya baxışı, izahat

19. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, iddiaçının nümayəndəsi isə məhkəməyə gəlməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

21. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

22. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

24. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

25. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

26. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

27. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

28. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

29. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

30. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

31. Maddə 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.

32. Maddə 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

33. Maddə 575.1. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər.

34. Maddə 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”

41. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.

42. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.

43. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

44. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

45. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdiq edilir.

Apellyasiya baxışının həddi

46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

48. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə faktiki olaraq qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

49. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və dəlilləri iddiaya etirazın dəlilləri ilə eyni olan apellyasiya şikayətində irəli sürülənlərlə bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür.

50. Cavabdehin nümayəndəsinin, iddiaçının təqdim edilməyən yanacaq materialları üçün pul tələb etməsi və həmin yanacağın təhvil verilməsi ilə bağlı təhviltəslim aktının təqdim edilməli olduğu arqumenti kifayət qədər ağlabatan deyildir.

51. Belə ki, işin hallarından, cavabdehin təqdim edildiyini mübahisələndirmədiyi əvvəlki mallar üçün də təhvil-təslim aktı tərtib olunmadığı, tərəflər arasında işgüzar münasibətlərin məhz elektron qaimələrin göndərilməsi kontekstində formalaşdığı aydın olur.

52. Tərəflər arasında işgüzar adətlər (lex mercatoria) kommersiya subyektləri arasında geniş istifadə edilən institutdur və mülki qanunvericilikdə bu cür adətlərin tərəflər arasında müqavilədən qabaqkı və müqavilədən sonrakı münasibətlərin şərh edilməsi zamanı istifadə edilməsi təsbit olunmuşdur.

53. Müqavilənin şərtləri təfsir edilərkən, eləcə də müqavilə tərəflərinin hüquq və vəzifələrini həyata keçirib-keçrmədikləri aydınlaşdırıldığı zaman, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər nəzərə alınmalıdır (§ 25).

54. Konstitusiya Məhkəməsinin Plenumu da qeyd etmişdir ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir” ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli Qərar).

55. Ali Məhkəmənin bir sıra qərarlarında da sərgilənən mövqeyə görə, tərəflər arasında münasibətlər təhlil edilərkən onlar arasındakı işgüzar adətlərə xüsusi önəm verilməlidir. Bu halda tərəflər arasında yaranmış işgüzar adətlərin müqavilə üzrə və müqavilədən kənar olmasına1, işgüzar münasibətlərin kommersiya fəaliyyətinin hansı sahəsinə aid olmasına2, bu cür münasibətlərin davamlı və ardıcıl xarakter daşıyıbdaşımamasına3, eləcə də tərəflərin işgüzar münasibətlərinə hansı həddə əməl edilibedilməməsinə4 qiymət verilməsi zəruridir.

56. Göründüyü kimi, işgüzar adətlərin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin və onların hərəkətlərinin şərh edilməsi zamanı istifadəsinin mümkünlüyü həm qanunvericilikdə, həm də məhkəmə təcrübəsində təsbit edilmişdir.

57. Tərəflər arasında yaranmış işgüzar münasibətlərdən görünür ki, yanacaq materiallarına görə ödənişin edilməsi ilə bağlı cavabdehə elektron-qaimə fakturalar təqdim olunmuş, cavabdeh də ödənişləri həyata keçirmişdir.

58. Qeyd edilənləri nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, məhz cavabdeh, təqdim olunmuş mübahisələndirdiyi elektron-qaimə fakturalar üzrə malların təqdim edilmədiyini sübuta yetirməlidir.

59. Cavabdeh bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir.

60. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.

61. Kollegiya xüsusi olaraq onu da qeyd edir ki, iddiaçı tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi üzrə malları vermədiyi halda, mülki qanunvericilik cavabdehə bununla bağlı bir sıra hüquqlar vermişdir. Belə ki, cavabdeh bu halda iddiaçıdan malları tələb edə bilərdi (§ 30) və yaxud da iddiaçı satılmış əşyanı cavabdehə verməkdən imtina edirsə, cavabdeh alğı-satqı müqaviləsinin icrasından imtina edə

1 Ali Məhkəmə, İş № 2-2(102)-135/2023 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_135+04.04.2023.pdf) § 51 2 Ali Məhkəmə, İş № 2-2(102)-451/2023 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_451+18.10.2023.pdf) § 69 3 Ali Məhkəmə, İş № 2-2(102)-73/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_73+15.03.2024.pdf) § 66 4 Ali Məhkəmə, İş № 2-2(102)-54/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_54+01.02.2024.pdf) § 17 bilərdi (§ 33). Bu baxımdan, cavabdehin 2 il sonra, məhz iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra bu hala istinad etməsi ağlabatan olmamaqla, vicdanlılıq prinsipinə ziddir.

62. Beləliklə, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1728/2025 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 12 fevral 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Təranə Mahmudova

Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar