Məhkəmə qərarları › İş №2-2(103)-562/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-562/2022

07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-562/2022 07.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh2 qarşı lizinq müqaviləsi üzrə borcun və cərimənin tutulması tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-1038/2022 nömrəli qətnaməsindən (hakim Leyla Əliyeva) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh2 qarşı xx.xx.2015-ci il tarixli, 1632- GL/15 saylı müqavilə üzrə pul vəsaitinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli 1632-GL/15 nömrəli müqavilə üzrə 15.262 manat gecikdirilmiş əsas borcun və 10.730,21 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manat, cəmi 26.342,21 manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə cavabdeh arasında bağlanılmış xx.xx.2015-ci il tarixli 1632-GL/15 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2021-ci il tarixə xx.xx.2015-ci il tarixli 1632-GL/15 nömrəli müqavilə üzrə 15.262 manat gecikdirilmiş əsas borcu və 10.730,21 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-2(113)-1038/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 xx.xx.2015-ci il tarixli, 1632-GL/15 saylı müqavilə üzrə 15.262 (on beş min iki yüz altmış iki) manat məbləğində gecikdirilmiş əsas borcun, 700 (yeddi yüz) manat məbləğində dəbbə pulun, cəmi 15.962 (on beş min doqquz yüz altmış iki) manat məbləğində pul vəsaitinin, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 150 (yüz əlli) manat və mediasiya xərclərinin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci iltarixli, e-2-2(113)-1038/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Kommersiya Məhkəməsi qətnamə qəbul edərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutları tam və obyektiv qiymətləndirməmiş və işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verərək düzgün olmayan nəticəyə gəlmişdir. Tərəflər arasında kənd təsərrüfatı təyinatlı texnikanın lizinqə verilməsi barədə müqavilə xx.xx.2015-ci il tarixdə 7 il müddətinə bağlanmışdır. Bu isə o deməkdir ki, iddia qaldırılan tarixdə bu müqavilə üzrə öhdəliklərin icrası müddəti tam şəkildə başa çatmamışdır. Belə olan halda, cavabdeh tərəfindən onun üzərinə düşən öhdəliyin, bunun üçün müqavilə üzrə nəzərdə tutulan müddət başa çatanadək icra edəcəyi məsələsinə hüquqi qiymət verilə bilməz. Çünki müqaviləyə görə bunun üçün cavabdehin hələ bir ilə yaxın vaxtı qalmışdır. Lakin, birinci instansiya məhkəməsi tərəfindən bu halları tənzimləyən Mülki Məcəllənin və tərəflər arasında bağlanmış müqavilənin tələbləri nəzərə alınmadan nəticə əldə edilmişdir. Bundan başqa, birinci instansiya məhkməsi tərəfindən yalnız iddiaçı tərəfindən təqdim edilən sənədlər rəhbər tutulaqla nəticəyə gəlinmişdir. Məhkəmə bu sənədlərdə göstərilən hər hansı bir məlumatı yoxlamamışdır. İddiaçının borca dair təqdim etdiyi maliyyə arayışnda olan rəqəmlərin həqiqiliyini yoxlamaq üçün müvafiq ekspertiza təyin etməmişdir. Halbuki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən müqavilə üzrə həyata keçirdiyi ödənişləri nəzərə almalı, onları ümumi iddia tələbindən çıxmalı idi. Digər tərəfdən, birinci instansiya məhkəməsi cavadeh tərəfindən ödənişlərin gecikdirilmə səbəblərini də araşdırmamışdır. Halbuki, Mülki Məcəllənin 749-cu maddəsində nəzərdə tutulduğu kimi buna səbəb iddiaçının təqsiri ucbatından baş verə bilən halların olması da istisna edilmir. Mülki Prosessual Məcəllənin 88, 217.3 və 217.4-cü maddələrini tələbləri pozulmuşdur. İşə apellyasiya qaydasında baxılması xx.xx.2022-ci il tarixə təyin edilmiş, tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1038/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin məhkəmə tərəfindən sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli 1632-GL/15 nömrəli lizinq müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı ümumi məbləği 26.000 manat olan və spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə lizinqə vermişdir. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb etmək hüququna malikdir. xx.xx.2015-ci il tarixli 1632-GL/15 saylı lizinq müqaviləsinin spesifikasiyasından (Əlavə № 1) görünür ki, 1 ədəd “Ekskavator-buldozer EO-2621” adlı texnika qiyməti 34.800 manat, müddəti 7 il olmaqla; 1 ədəd “Traktor Belarus-892” adlı texnika qiyməti 20.000 manat, müddəti 7 il olmaqla lizinqə verilmişdir. xx.xx.2015-ci il tarixli 1632-GL/15 saylı lizinq müqaviləsinə 2 saylı əlavə olan ödəniş qrafikindən görünür ki, həmin qrafikə əsasən lizinq alan tərəfindən xx.xx.2015-ci ildən xx.xx.2022-ci ilədək olan dövrdə ümumilikdə 26.000 manat məbləğində lizinq ödənişləri edilməlidir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2015-ci il tarixli 1632-GL/15 saylı lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh2 maliyyə arayışının tərtib edildiyi tarixə gecikdirilmiş borcu 15.262 manat, dəbbə pulu 10.730,21 manat təşkil edir. Lizinq müqaviləsi üzrə 9400 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən borcla bağlı cavabdehə pretenziya məktubu göndərilmişdir. Hüquqi yardımın göstərilməsi haqqında 1507 saylı müqavilədən görünür ki, Bakı şəhəri Xırdalan şəhər Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə göstərilən hüquqi yardım haqqının məbləği 340+10 (350) manat müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən göstəriləcək hüquqi yardıma görə 350 manat məbləğində pul vəsaiti Xırdalan şəhər Vəkil Bürosunun bank hesabına köçürülmüşdür. Cavabdeh işə birinci instansiya qaydasında baxılarkən xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinə etiraz etmədiyini, cərimənin silinməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanılmalı olduğunu müəyyən edir. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdeh2 mübahisəli lizinq müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini və əsas borc hissəsində iddiaya etiraz etmədiyini nəzərə alaraq əsas borc hissəsində tələbi tam və dəbbə pulu hissəsində isə MM-nin 467-ci maddəsinin tələbini nəzərə alaraq qismən-700 manat hissədə təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayətində qeyd edilir ki, məhkəmə iddianı təmin edərkən lizinq müqaviləsinin 7 il müddətə bağlandığını, öhdəliyin icrası müddətinin başa çatmadığını nəzərə almamışdır. Məhkəmə kollegiyası bu mülahizə ilə bağlı qeyd edir ki, cavabdeh müqavilə şərtlərinə əsasən lizinq ödənişlərini hər ay razılaşdırılmış qrafik üzrə həyata keçirməyi öhdəsinə götürdüyündən, hazırkı halda iddiaçı cavabdehdən lizinq müqaviləsi üzrə ödənilməli olan bütün borcu deyil, 2021-ci ilin 4-cü rübünədək gecikdilmiş borcu tələb etdiyindən (işdəki maliyyə arayışı və cərimənin hesablanması barədə arayışdakı məlumatlara əsasən) iddianın təmin edildiyi hissədə məhkəmənin mövqeyi əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh apellyasiya şikayətində məhkəmənin müqavilə üzrə borcu yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında müəyyən etdiyini, maliyyə arayışında olan rəqəmlərin həqiqiliyinin yoxlanılması üçün məhkəmə mühasibatlıq ekspertiza keçirmədiyini qeyd etmişdir. Halbuki işdən görünür ki, cavabdeh özü birinci instansiya məhkəməsində əsas borcla bağlı hissədə iddiaya etiraz etməmiş, məhkəməyə özü hər hansı sübut (ödəniş qəbzi və s) təqdim etməmiş, iş üzrə ekspertiza keçirilməsi barədə məhkəməyə vəsatət verməmişdir. Belə olan halda məhkəmənin iş materiallarında olan sübutlar əsasında mübahisəni həll etməsi prosessual pozuntu hesab edilə bilməz. Cavabdeh nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə lizinq müqaviləsi üzrə ödənişin məbləğinin iddiaçının maliyyə arayışında qeyd etdiyi məbləğdən (9400 manat) çox olduğunu təsdiq edən sübut təqdim etmədiyindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi məhkəmə tərəfindən zəruri hesab edilmir. İşə baxmış məhkəmə tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan kobud prosessual pozuntulara yol verildiyi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 1038/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1038/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar