Məhkəmə qərarları › İş №2-2(103)-562/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-562/2023

14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-562/2023 14.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borc tələbinə dair Açar söz: lizinq müqaviləsi üzrə borcun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-351/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə xx.xx.2016-cı il tarixli 326-LD/16 nömrəli və xx.xx.2017-ci il tarixli 223-LD/17 nömrəli müqavilələr bağlanmış, lizinq müqaviləsinin müddəti 3 il müəyyən edilmişdir.

2. xx.xx.2016-cı il tarixli 326-LD/16 nömrəli lizinq müqaviləsi üzrə 50% güzəştdən sonrakı qiymət 8455,3 manat müəyyən edilmiş, həmin məbləğin 4227,65 manatı avans olaraq ödənilmişdir. Qalan 4227,65 manatı cavabdeh 2020-ci il tarixədək ödəməli olduğu halda maliyyə arayışına əsasən 2691,65 manat əsas borcu ödənilməmiş, bu məbləğə 3288,21 manat cərimə hesablanmışdır. Ümumi ödənişin məbləği 5763,65 manat olmuşdur.

3. xx.xx.2017-ci il tarixli 223-LD/17 nömrəli lizinq müqaviləsi üzrə 50% güzəştdən sonrakı qiymət 20938,28 manat müəyyən edilmiş, həmin məbləğin 10491,68 manatı avans olaraq əvvəlcədən ödənilmişdir. Qalan 10491,60 manatı cavabdeh 2021-ci il tarixədək ödəməli olduğu halda maliyyə arayışına əsasən 8583,60 manat əsas borcu qalmış, bu məbləğə 9717,50 manat cərimə borcu hesablanmışdır. Ümumi ödəniş 12399,68 manat olmuşdur.

4. Müqavilələrin 4.2-ci bəndində lizing alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verənin lizinq alandan borc məbləğinə gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququ nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş cərimənin hesablanması qrafikindən görünür ki, hər iki lizinq müqaviləsi üzrə cərimə gecikdirilmiş borca görə 2018ci ilin İİ rübündən hesablanmışdır.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-12687 saylı qətnaməsindən görünür ki, iddiaçının "xxxx" ASC-yə qarşı 2148,38 manat sığorta pulunun tutularaq ona ödənilməsi barədə iddiası rədd edilmişdir.

6. xx.xx.2022-ci il tarixli MŞB/11-01031 nömrəli arayışdan görünür ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 200 manat məbləğində mediasiya xərcini ödəmişdir.

7. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi hüquqi yardım üçün 5 saylı Vəkil Bürosunun hesabına 300 manat məbləğində pul köçürmüşdür.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli 326- LD/16 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 2691,65 manat gecikdirilmiş borcun və hesablanmış 3288,21 manat cərimə borcunun, xx.xx.2017-ci il tarixli 223-LD/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 8583,60 manat gecikdirilmiş borcun və hesablanmış 9717,50 manat cərimə borcunun, hüquqi yardımla bağlı 300 manat, 200 manat mediasiyaya dair xərcin, cəmi: 24780,96 manat pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 326-LD/16 nömrəli və xx.xx.2017-ci il tarixli 223- LD/17 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) damazlıq heyvanları lizinqə götürmüşdür. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışlarının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2016-cı il tarixli 326-LD/16 nömrəli müqavilə üzrə 2691,65 manat gecikdirilmiş borcu və hesablanmış 3288,21 manat cərimə borcu, xx.xx.2017-ci il tarixli 223-LD/17 nömrəli müqavilə üzrə isə 8583,60 manat gecikdirilmiş borcu və hesablanmış 9717,50 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəlikləri vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-351/2023 nömrəli qətnaməsi ilə (hakim Emin Əliyev) iddia tələbi qismən təmin edilərək xx.xx.2016-cı il tarixli 326-LD/16 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 2691,65 manat əsas borc, 108,35 manat cərimə, cəmi 2800 manat, bununla yanaşı xx.xx.2017-ci il tarixli 223-LD/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış isə 8583,60 manat əsas borc, 416,40 manat cərimə cəmi 9000 manat ümumilikdə 11800 manat, həmçinin 200 manat mediasiya xərci və hüquqi yardım üçün ödənilmiş 300 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi qət edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilələr bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh lizinqə götürülən damazlıq heyvanlara görə ödənişləri vaxtında etmədiyinə görə borcu yaranmışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, iddia xx.xx.2016-cı il tarixli 326-LD/16 nömrəli müqavilə üzrə 2691,65 manat əsas borc, xx.xx.2017-ci il tarixli 223- LD/17 nömrəli lizinq müqaviləsi üzrə isə 8583,60 manat əsas borc, həmçinin 200 manat məbləğində mediasiya xərci və 300 manat məbləğində hüquqi yardımla bağlı xərc hissədə əsaslı olduğundan təmin edilməlidir.

12. Bununla yanaşı məhkəmə iddiaçının xx.xx.2016-cı il tarixli 326-LD/16 nömrəli müqavilə üzrə 3288,21 manat, xx.xx.2017-ci il tarixli 223-LD/17 nömrəli müqavilə üzrə hesablanmış 9717,50 manat məbləğində cərimə tələbləri ilə bağlı qeyd etmişdir ki, cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alınaraq tənasübsüz surətdə yüksək olan cərimə azaldılaraq xx.xx.2016-cı il tarixli 326-LD/16 nömrəli müqavilə üzrə 108,35 manat, xx.xx.2017-ci il tarixli 223-LD/17 nömrəli müqavilə üzrə isə 416,40 manat məbləğində müəyyən edilməlidir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-351/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, heyvanlar xaricdən gətirildiyi üçün və yerli şəraitə uyğunlaşmadığı üçün onların çoxusu müxtəlif səbəblərdən tələf olmuşdur. Həmin heyvanlar lizinq predmeti olduğundan lizinq verən iddiaçı tərəfindən sığorta edilmişdir. Lakin sığorta şirkəti həmin tələf olan heyvanların ödənişini tam etməmişdir. Yəni ölmüş heyvanlara görə onların tam dəyəri ödənilməli olduğu halda yalnız yarı qiyməti ödənilmişdir ki, bu da lizinq verənin səhvindən, yəni lizinq obyektlərinin tam dəyərində sığorta etdirilməməsindən qaynaqlanmışdır. Həmçinin bəzi tələf olmuş heyvanlara görə sığorta şirkəti sığorta ödənişini etməkdən imtina etmişdir ki, həmin hadisələr sığorta hadisəsi deyildir və lizinq alanın özünün məsuliyyətidir. Halbuki, sığorta şirkətinin bu imtina məktublarında qeyd etdikləri onun öz mülahizəsidir və lizinq verən tərəfindən mübahisələndirilə bilərdi. Bunu etmək əvəzinə lizinq verən daha asan yol seçərək lizinq alanın məsuliyyətini müəyyən edən müqavilə şərtlərinə istinad edərək, heyvanlarının tələf olması səbəbindən lizinq alan qədər, bəlkə də ondan daha çox zərər çəkmiş vətəndaş Cavabdeh məhkəməyə vermiş və ölmüş heyvanların qalan pulunu ondan tələb etmişdir. Bu isə ən azından ədalətsizlikdir. Belə ki, 2016-2017-ci illərdə bağlanmış müqavilələr üzrə lizinq verən tərəfindən indiyə qədər iddia tələbi ilə məhkəməyə müraciət edilməməsi, bir daha onu göstərir ki, cavabdehin bildirdiyi kimi, lizinq verənlə aralarında razılaşma olmuşdur ki, ölmüş heyvanların lizinq alana çatan sığorta haqqı ödənilmədiyindən onların dəyəri lizinq alandan tələb edilməyəcəkdir. Məhkəmə işin hallarına görə,sübutlara düzgün qiymət verməmiş, işi tam araşdırmamış, tətbiq edilməli olan normaları düzgün müəyyən etməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər.

16. Cavabdeh məhkəməyə elektron kabinet vasiəsi ilə göndərilmiş vəsatətlə müraciət edərək şəxsi ailə məsələləri ilə bağlı iclasın təxirə salınmasını xahiş etmiş, iclasın təxirə salınması üçün üzürlü səbəb qeyd edilmədiyindən məhkəmə vəsatəti təmin etməmişdir.

17. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə-öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 467-ci maddə-məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 747.1-ci maddə-lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

“"xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanı 1-ci bənd-Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılsın. “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Fərmanı 4-cü bənd- mövcud kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən 2019-cu ilə Cəmiyyətin satın alması nəzərdə tutulan texnikanın və damazlıq heyvanların lizinq yolu ilə satışı zamanı tətbiq edilən güzəşt və yaranmış faiz öhdəlikləri Cəmiyyətin zərəri hesabına ödənilsin, mövcud qalıq portfeldən yığılan vəsaitin bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq müəyyənləşdirilən güzəştlərin ödənilməsində istifadə məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin müvafiq hesabına köçürülsün.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə- hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 233.3-cü maddə-qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

18. Apellyasiya baxışının predmetini iddianın təmin edildiyi hissə təşkil edir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

19. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-351/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

20. İşin sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus simmental cinsli damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə xx.xx.2016-cı il tarixli 326-LD/16 nömrəli və xx.xx.2017-ci il tarixli 223-LD/17 nömrəli müqavilələr bağlanmışdır. Cavabdeh xx.xx.2016-cı il tarixli 326-LD/16 nömrəli müqavilə üzrə iddiaçı tərəfindən tələb edilən 2691,65 manat əsas borcun və xx.xx.2017-ci il tarixli 223-LD/17 nömrəli müqavilə üzrə 8583,60 manat əsas borcun ödənilməsi barədə məhkəməyə sübut təqdim edə bilmədiyindən həmin borcun, o cümlədən lizinq müqavilələrinin 4.2-ci bəndinə əsasən ödənişlərin həyata keçirilməməsinə görə cərimənin tutulması barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslıdır.

21. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma aparılaraq müəyyən edilmişdir ki, cavabdehin ərizəsinə əsasən ölmüş heyvanlara görə ödənilmiş 2038,66 manat sığorta məbləğinin 954 manatı xx.xx.2017-ci il tarixli 223-LD/17 nömrəli lizinq müqaviləsi üzrə borc üzrə, qalan hissəsi isə cavabdehin xx.xx.2016-cı ildə bağladığı digər müqavilələr üzrə borclar üzrə silinmişdir. Cavabdeh tərəfindən bu məbləğdən daha artıq sığorta ödənişi ödənildiyi sübut edilməmişdir.

22. Lizinqə verilmiş heyvanlarda təhvil verilərkən hər hansı xəstəlik olması barədə işdə sübutlar olmadığından, o cümlədən lizinqə verilmiş heyvanların ölüm hallarına, həmçinin bu halların sığorta şirkəti tərəfindən sığorta hadisəsi hesab edilməməsinə görə lizinq verənin məsuliyyət daşımadığı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-12687 saylı qətnaməsi ilə müəyyən edildiyindən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

23. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 351/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 24 Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-351/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar