Məhkəmə qərarları › İş №2-2(103)-563/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-563/2023

13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-563/2023 13.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdehnə qarşı kommersiya işi Açar söz: müqavilə üzrə borc Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Kazımov Elşən Cələddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(113)-331/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İş materiallarından görünür ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) MMC arasında mal-müxtəlif tikinti məhsulları, dəmir, qranit, mərmər, ağac məmulatları və s. alqısatqısı barədə 01 mart 2022 tarixli 095 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1.3-cü bəndinə əsasən “satıcı” “alıcıya” Cavabdeh MMC-nin təsərrüfat fəaliyyətilə bağlı müxtəlif ehtiyaclarının qarşılanması məqsədilə müqavilənin qüvvədə olduğu müddət ərzində müxtəlif zamanlarda, müxtəlif məbləğlərdə pul ödəyir. “alıcı” isə “satıcıdan” müxtəlif zamanlarda almış (və ya alacaq) olduğu borc məbləğlərini nəğd şəkildə qaytarmağı və ya borc məbləğini qarşılığında qaimələrdə qeyd olunmuş öz malından (və ya mallarından) imtina etməklə borclarının bir hissəsini və ya hamısını borc miqdarına uyğun olaraq (mallar şəklində) ödəməyi öz öhdəsinə götürür.

2. EBBW seriyalı 549407 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən ayrıayrı malların alqı-satqısı üzrə ümumilikdə 39648.07 manat məbləğində, EBBV seriyalı 541804 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əsasən ayrı-ayrı malların alqı-satqısı üzrə ümumilikdə 10.620 manat məbləğində mal 095 saylı və xx.xx.2022-ci il tarixli müqavilə əsasında İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmişdir.

3. xx.xx.2022-ci il tarixli 001 nömrəli daxili borc öhdəlikləri aktında 20.155 manat məbləğində xərclər qeyd edilmiş, akt Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmiş, Nümayəndə2S adlı şəxs tərəfindən imzalanmışdır. Akda qeyd edilmişdir ki, Nümayəndə2 yuxarıda qeyd edilən məbləğləri Cavabdeh MMC-müəssisəsinin işlərilə bağlı İddiaçı MMC müəssisənin təsisçisi və direktoru hörmətli X1 ən gec xx.xx.2022-ci tarixinədək qaytarmaq şərtilə 2022-ci ilin fevral, mart aprel aylarında hissə-hissə qəbul etmişdir. Qeyd edilən məbləğ qaytarılmayacağı təqdirdə hər gecikən təqvim günü üçün 2% həcmində cərimə penyası ödəməyi öhdəlik olaraq üzərinə götürmüşdür. Anar Abdullayev D. adlı şəxs yuxarıda qeyd olunanlarına düzgünlüyünə şahidlik edir. Qeyd əlavə edilmişdir. Aktda Nümayəndə2, Kerem Sezer MS oğlunun, şahid kimi X3, X4 və X5 adları qeyd edilmiş, adların qarşısında imzalar qeyd edilmişdir. Akt Cavabdeh MMC-nin möhürü ilə təsdiqlənmişdir.

4. Cavabdeh MMC-yə məxsus bank hesabından çıxarışdan məlum olur ki, xx.xx.2022-ci il tarixində 3.500 manat məbləğində, xx.xx.2022 tarixində 1.300 manat məbləğində, xx.xx.2022 tarixində 20.000 manat məbləğində, xx.xx.2022 tarixində 4.300 manat məbləğində, xx.xx.2022 tarixində 15.000 manat məbləğində təsisçidən borc təyinatı üzrə hesaba mədaxil olmuş, xx.xx.2022 tarixində 33.600 manat və 9.000 manat xx.xx.2022 tarixli 95 saylı alğı-satqı müqaviləsi təyinatı üzrə məxaric olmuşdur.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh hüquqi şəxs Cavabdeh MMC-dən ödənilməmiş 31000 (otuz bir min) manat pul məbləğinin İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC olaraq, cavabdeh "xxxx" MMC ilə 01 mart 2022-ci il tarixli, 095 nömrəli alğı-satqı müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə əsasən konkret olaraq 1.3-cü bəndinə əsasən satıcı yəni İddiaçı MMC, alıcı Cavabdeh MMC-nin təsərrüfat fəaliyyəti ilə bağlı müxtəlif ehtiyyaclarının qarşılanması məqsədi ilə müqavilənin qüvvədə olduğu müddət ərzində müxtəlif zamanlarda, müxtəlif məbləğlərdə pul ödəyir. Alıcı isə satıcıdan müxtəlif vaxtlarda almış (və ya alacaq) olduğu borc məbləğlərini nəğd şəkildə qaytarmağı və ya borc məbləği qarşılığında qaimələrdə qeyd olunmuş öz malından (və ya mallarından) imtina etməklə borclarının bir hissəsini və ya hamısını borc miqdarına uyğun olaraq (mallar) şəklində ödəməyi öz öhdəsina götürür. Bununla əlqədar olaraq İddiaçı MMC müqavilə şərtlərinə uyğun olaraq, Cavabdeh MMC-nin ehtiyaclarını qarşılamaq məqsədi ilə 59603 (əlli doqquz min altı yüz üç) manat məbləğində pul vəsaitini geri qaytarmaq şərti ilə ödəmişdir. Bununla bağlı Vedi Group MMC-nin təsisçisi Nümayəndə2 04 may 2002-ci il tarixdə şahid Ələkbərov İsa adlı şəxsin də iştirakı ilə öz əl yazısı ilə yazaraq bildirmişdir ki, “Nümayəndə2 olaraq, 59603 (əlli doqquz min altı yüz üç) manat məbləğində pul Vedi Group MMC şirkətinə işlə bağlı qoyulmuşdur, ona verilmişdir. Bu məbləğin müəyyən hissəsini may ayının axırına qədər ödəyəcəkdir, ödəməyi öz öhdəsinə götürür. O, həmçinin götürülən pul məbləğinin İddiaçı MMC-nin təsisçisi və rəhbəri Kerem Sezerdən götürdüyünü öz imzasi ilə bütün bu yazılanları, həqiqiliyini və doğruluğunu təsdiq edir. Cavabdeh təşkilat həmin borc pul məbləğindən cəmi olaraq, indiyə qədər 28603 manat məbləğində pulu ödəsə də, 31000 manat məbləğində borc pul öhdəliyi hələ də ödənilməmiş qalır. Bununla bağlı cavabdeh orqana dəfələrlə yazılı formada ərizə və pretenziyalar göndərərək, borc öhdəliklərini könüllü olaraq yerinə yetirmələrini xahiş edilsə də, həmin şirkət, pretenziya, ərizələri və iddia ərizəsinin surətini qəbul etsə də ancaq, borc öhdəliyini yerinə yetirməyərək, həmin pul məbləğini ödəməkdən yayınmışdır.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-331/2023 nömrəli qətnaməsi ilə (hakim Aytən Əliyeva) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MMC-dən 20.155 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmşdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı qarşı tərəfə müqavilə şərtlərinə əsasən 59.603 manat məbləğində verilmiş puldan bir hissəsinin qaytarıldığını, geri qalanın qaytarılmadığını bildirmiş, cavabdeh isə hədə-qorxu altında müqaviləni eyni zamanda borc aktlarını imzaladığını, müəssisənin möhürünün onda olmadığını, bununla bağlı olaraq iddiaçı tərəfin etibardan sui-istifadə edərək, bank hesabına daxil olan pul vəsaitlərini iddiaçı şirkətin borc öhdəlikləri üçün xərcləndiyini, həmin ödəmələrdən heç bir məlumatı olmadığını bildirmiş, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 1.3-cü bəndinə əsasən iddiaçının cavabdeh hüquqi şəxsin təsərrüfat fəaliyyətilə bağlı müxtəlif ehtiyaclarının qarşılanması məqsədilə müqavilənin qüvvədə olduğu müddət ərzində müxtəlif zamanlarda, müxtəlif məbləğlərdə pul ödəməsi, cavabdehin borc məbləğlərini nəğd şəkildə qaytarmağı və ya borc məbləğini qarşılığında qaimələrdə qeyd olunmuş öz malından (və ya mallarından) imtina etməklə borclarının bir hissəsini və ya hamısını borc miqdarına uyğun olaraq (mallar şəklində) ödəməsi öhdəliyi müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həm yuxarıda qeyd edilən müqavilə şərtlərinə əsasən, həm də məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara əsasən tərəflər arasında aıqı-satqı müqaviləsi bağlansa da bu müqavilə üzrə alqı-satqı yalnız müqavilənin 1.3-cü bəndində nəzərdə tutulmuş borcun verilməsi və verilmiş borcun ödənilməsini təmin etmək məqsədi daşımışdır. Məhkəmə Mülki Məcəllənin 404-cü maddəsinə istinadən hesab etmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlansa da bu müqaviləni mahiyyəti etibarı ilə qarışıq müqavilə kimi qiymətləndirilməli, tərəflər bu müqavilədə borc münasibətlərini də nəzərdə tutduğundan borc müqaviləsindən yaranan öhəliklər kimi qiymət verilməlidir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır. Belə ki, sübut qismində məhkəməyə iddiaçı tərəfindən Cavabdeh MMC üçün çəkilmiş xərclər üzrə daxili borc öhdəlikləri aktı təqdim edilmişdir. Məhkəmə Cavabdeh MMC-nin İddiaçı MMC tərəfindən qarşılanmış xərclər ödənilməsi ilə bağlı təsdiq etdiyi aktı borcun etirafı kimi qiymətləndirərək hesab etmişdir ki, iddia tələbi bu aktda göstərilmiş məbləğ həddində əsaslıdır. Belə olan halda məhkəməyə təqdim edilmiş və Cavabdeh MMC tərəfindən hüquqi şəxsin direktorunun imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş aktda göstərilən məbləğdə, yəni 20.155 manat həcmində iddia təmin edilməli, həmin məbləğ cavabdehdən tutulmalıdır. İddia qalan hissədə əsassız oduğundan təmin edilməməlidir.

10. Cavabdehin borcla bağlı təsdiqlənmiş aktın hədə-qorxu altında imzalanması və möhürlənməsi ilə bağlı əsaslandırmasına münasibətdə məhkəmə bildirmişdir ki, cavabdeh iddia etdiyi üçün bu halları sübut etmək yükü onun üzərinə düşür. Çünki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Cavabdeh bildirdiyi hallarla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin dəlilləri iddianı tam vəya qismən aradan qaldıran mahiyyətində deyil. Belə ki, cavabdeh hüquqi şəxsin direktorunun imzası və möhürü ilə təsdiqlənmiş aktın mötəbərliyinin və mümkünlüyünün əksi müəyyən edilməmişdir. Təsdiq edilmiş aktla borc etiraf edildikdən sonra onun əsasında dayanan mübahisəli hallara və əslində belə bir öhdəliyin olmamasına istinad edilməsi qəbul edilməzdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-331/2023 nömrəli qətnaməsinin iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi və iddianın təmin edilməmiş 10.845 manat hissəsində də təmin edilməsi barədə iş üzrə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, iş üzrə müəyyən edilmiş hallardan aşkar şəkildə aydın olur ki, cavabdehə ayrı-ayrı vaxtlarda ümumilikdə 59.603 manat məbləğində mal və pul vəsaitləri verilmişdir. Bu müddətlər ərzində qaytarmış olduğu məbləğlərin cəmi 28603 manat təşkil edir. Bu baxımdan qaytarılmış, yerdə qalan məbləğ 31000 manat təşkil etdiyi aşkar vəziyyətdir və müqavilənin birbaşa şərtinə görə həmin məbləğin qaytarılması cavabdehin öhdəliyidir. Ona görə də həmin məbləğin cavabdehdən tələb edilməsi ilə bağlı iddia tələbində iddiaçı haqlıdır. Lakin şikayət olunan qətnamə ilə tələbin cəmi 20.155 manat hissəsi təmin edilmişdir. Şikayət olunan qətnamənin məzmunundan görünür ki, məhkəmə (hakim) yalnız verilmiş malların dəyərinə görə təqdim edilmiş qaimələrdə keçən məbləğləri nəzərə almışdır. Halbuki, müqavilədə yalnız mal verilməsi deyil, həmçinin nağd şəkildə pul vəsaitinin də verilməsi şərtləndirilmişdir. Təqdim edilmiş sənədli sübutlardan da aydın şəkildə görünür ki, mal-materiallardan başqa cavabdeh tərəfə müxtəlif vaxtlarda və müxtəlif məbləğində vəsait pul şəklində verilmişdir. Lakin məhkəmə iş üçün əhəmiyyət kəsb edən iddiaçı tərəfindən cavabdeh tərəfə nağd şəkildə pul vəsaitlərin də verdiyi halları tam aydınlaşdırmamış, öhdəliyin yaranması ilə bağlı maddi hüquq normalarını bu istiqamətdə tətbiq etmişdir. Bu da iddia tələbinin 10.845 manat hissəsinə dair yanlış nəticəli qətnamə qəbul edilməsinə səbəb olmuşdur.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Apellyasiya instansiyası mərhələsində işə baxılması xx.xx.2023-cü il tarixə təyin edilmiş, xx.xx.2023-cü il tarixə təixər salınmış, iddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişlər. İddiaçının nümayəndəsi sonuncu məhkəmə iclasına ərizə göndərərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir.

14. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

390.1-ci maddə- fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 404.1-ci maddə- müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 385.1. maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddə- öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddə- alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddə- alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 739.1 -ci maddə- borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

15. Qətnamə iddiaçı tərəfindən qismən – iddia tələbinin rədd edildiyi 10.845 manat hissədə mübahisələndirdiyindən həmin hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

16. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-331/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

17. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə alqı-satqı müqaviləsi adlandırılsa da, müqavilənin 1.3-cü bəndində satıcı tərəfindən alıcıya gələcəkdə verilməsi nəzərdə tutulmuş məbləğlərlə bağlı borc müqaviləsinə aid ilkin razılaşma öz əksini tapır.

18. İddiaçının apellyasiya şikayətinin məzmunundan görünür ki, iddianın rədd edildiyi 10.845 manat hissə Cavabdeh MMC-yə nəqd olaraq verilmiş və qaytarılmamış borc məbləğidir.

19. Məhkəmə iddianın rədd edildiyi hissə ilə bağlı birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, cavabdehin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktda həmin tarixə iddiaçıya olan borcun cəmi 20155 manat olduğu qeyd edilmişdir. İddiaçının nümayəndəsi işə birinci instansiya məhkəməsində baxılarkən xx.xx.2023-cü il tarixli məhkəmə iclasında 10.000 manat vəsaitin əlavə olaraq borc verildiyini, bu barədə sübut olmadığını göstərmişdir. Məhkəmə qeyd edilənlərə hesab edir ki, 2022-ci ilin may ayından sonra cavabdehə müqavilə üzrə borc pul verildiyinə dair iş materiallarında hər hansı mötəbər sübut olmadığından iddianın rədd edildiyi hissədə qətnamə qanuni və əsaslıdır.

20. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 331/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

21. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-331/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar