Məhkəmə qərarları › İş №2-2(103)-563/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-563/2024

11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-563/2024 11.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair ilk, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “ödənilmiş pul vəsaitin geri qaytarılması” tələbinə dair qarşılıqlı iddiadan ibarət kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-654/2024 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh ASC arasında xx.xx.2010-cü il tarixli 04- LA/10 nömrəli və xx.xx.2014-cü il tarixli 09-LA/14 nömrəli lizinq müqavilələri bağlanmışdır.

2. xx.xx.2010-cü il tarixli 04-LA/10 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən qiyməti 1.162.500 manat olan bu müqavilənin tərkib hissəsi sayılan 1 nömrəli əlavədə göstərilən, tutumu 2.000 ton olan soyuducu kameranı dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonar lizinq alanin mülkiyyətinə verilməsi şərti ilə 9 il müddətinə lizinqə verir.

3. xx.xx.2014-cü il tarixli 09-LA/14 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən qiyməti 73.100 manat olan bu müqavilənin tərkib hissəsi sayılan 1 nömrəli əlavədə göstərilən, tutumu 2000 ton olan soyuducu kamera üçün əlavə avadanlıqların dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonar lizinq alanin mülkiyyətinə verilməsi şərti ilə 9 il müddətinə lizinqə verir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il tarixli 04-LA/10 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 1.036.400 manat gecikdirilmiş borcun və hesablanmış 3.229.750,50 manat cərimə borcunun, xx.xx.2014-cü il tarixli 09-LA/14 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 65.790 manat gecikdirilmiş borcun və hesablanmış 93.932,10 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 manat, 400 manat mediasiyaya dair xərcin, cəmi 4.426.772,60 manat pul vəsaitinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı bildirir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə cavabdehin maliyyə arayışlarının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2010-cu il tarixli 04-LA/10 nömrəli müqavilə üzrə ******* manat gecikdirilmiş borcu və 3229750,5 manat cərimə borcu, xx.xx.2014-cü il tarixli 09- LA/14 nömrəli müqavilə üzrə isə 65790 manat gecikdirilmiş borcu və hesablanmış 93932,1 manat cərimə borcu yaranmışdır.

6. Eyni zamanda, Cavabdeh ASC ilk iddia ilə birlikdə baxılmaq üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 127.310 manat məbləğində pul və ödənilmiş 417 manat dövlət rüsumu, ümumilikdə 127.727 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2010-cU il tarixli 04-LA/10 nömrəli, müqaviləyə əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə lizinq verilmiş soyuducu kameraya və xx.xx.2014-cü il tarixli 09-LA/14 nömrəli müqaviləyə əsasən həmin soyuducu kamera üçün nəzərdə tutulmuş və quraşdırılmış əlavə avadanlıqlara dəfələrlə "xxxx" ASC-nin əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı qeyd olunan soyuducu anbarın və avadanlıqların işləmədiyi, möhürləndiyi və istismar olunmadığı barədə müvafiq aktlar və protokollar tərtib olunmuş, həmin aktlar və protokollar da məsul şəxslər tərəfindən imzalanmış və möhürlənmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2010-cu il tarixli 04-LA/10 nömrəli müqavilə və xx.xx.2014-cü il tarixli 09-LA/14 nömrəli müqavilə üzrə 127.310 manat məbləğində pul vəsaitləri "xxxx" ASC-yə ödənmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ödəniş etsə də, "xxxx" ASC müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, soyuducu anbarı və avadanlıq işləmədiyi və istismarı dayandırıldığı halda lizinqə verilmişdir.

8. Eyni zamanda, Cavabdeh ASC məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək, xx.xx.2010-cu il tarixli müqavilə üzrə iddia müddətinin keçdiyini bildirmiş və həmin müqavilə üzrə iddianın rədd edilməsini xahiş etmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-654/2024 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 65.790 (altmış beş min yeddi yüz doxsan) manat, cərimə borcu üzrə 3.300 (üç min üç yüz) manat olmaqla, cəmi 69.090 (altmış doqquz min doxsan) manat məbləğində pulun Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pulun "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, Hüquqi yardımın göstərilməsinə görə çəkilmiş xərcin əvəzi olaraq 500 (büş yüz) manat məbləğində pulun Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, ilkin iddianın qalan hissədə və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.

10. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən, yəni xx.xx.2010-cu il tarixli 04-LA/10 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 1.036.400 manat gecikdirilmiş borcun və hesablanmış 3.229.750,50 manat cərimə borcu ilə bağlı təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə iddianın tam təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri b) Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlə mövcud olan lizinq münasibətləri iki müqavilə əsasında yaranmışdır. Müqavilələrin predmetini mürəkkəb daşınmaz əşya təşkil edir. xx.xx.2014-cü il tarixli müqavilə ilə cavabdehə əvvəlki daşınmaz əmlakla, yəni soyuducu kamera ilə bağlı vahid tam təşkil edən əlavə əşyalar verilmişdir. Hər iki müqavilə üzrə verilən əmlaklar vahid təm təşkil edərək bir müərəkkəb daşınmaz əşyanı yaratmışlar. Ona görə cavabdehlə iddiaçı arasında yaranmış lizinq öhdəliklərinə ayrı-ayrı müqavilələr üzrə qiymət verilməsi düzgün deyildir. Deməli cavabdehə lizinq münasibətlərinin yaranması xx.xx.2014-cü il tarixli müqavilə ilə tamamlanmışdır. Odur ki, məhkəmə xx.xx.2010-cu il tarixli 04-LA/10 nömrəli müqavilyə xx.xx.2014-cü il tarixli müqavilədan ayrılıqda iddia müddətinin tətbiq edilməsi qənaətinə gələrkən səhvə yol vermişdir. Bununla yanaşı məhkəmə iddia müddətinin növünü müəyyənləşdirərkən də yanlışlığa yol vermişdir. Belə ki, lizinq müqavilələrinin predmetini təşkil edən lizinq obyekti olan soyuducu kameralar daşınmaz əşyadır. Yəni iki müqavilə üzrə verilmiş əşyalar mürəkkəb əşyalar olmaqla, torpaqla bağlı olduğundan və tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmadığından lizinq obyekti müərəkkəb daşınmaz əşya hesab olunur. Daşınmaz əşyalarla bağlı müqavilədən irəli gələn tələblərə də 3 illik iddia müddəti yox, 6 illik iddia müddəti təbiq edilməlidir. Həmçinin, lizinq müqavilələrinin predmeti olan lizinq obyekti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin mülkiyyətindədir. Hazırkı iddia ilə Agentliyin mülkiyyətində olan daşınmaz əmlakın istifadəsinə görə yaranmış öhdəliklər əsasında cavabdehdən pulun tutulması xahiş olunmuşdur. Həmin əmlakların cavabdehin öz sahibliyində saxlaması və istifadə etməsi nəticəsində lizinq haqqını ödəməməsi mülkiyyətçi kimi Agentliyin mülkiyyət hüquqlarını pozmuşdur. Mülki Məcəlləyə əsasən mülkiyyətçinin hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə iddia müddətinin tətbiq olunmaması nəzərdə tutulmuşdur. Ona görə hazırkı iddia sözügedən mübahisələr üzrə kateqoriyaya aid olduğundan ümumiyyətlə iddia müddəti tətbiq olunmamalı idi.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi Nümayəndə2 isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

14. Həmin Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

15. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

16. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

17. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 18.Həmin Məcəllənin 384.0-cü maddəsinə əsasən iddia müddəti aşağıdakılara şamil edilmir: mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə (384.0.4).

19. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

20. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız xx.xx.2010-cu il tarixli 04-LA/10 nömrəli müqavilə üzrə iddianın rədd edilməsi hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

23. Belə ki, tərəflər arasında xx.xx.2010-cü il tarixli 04-LA/10 nömrəli və xx.xx.2014-cü il tarixli 09-LA/14 nömrəli lizinq müqavilələrinin bağlanması işin mübahisəsiz halını təşkil edir.

24. Bu baxımdan kollegiya hesab edir ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 747.1-ci maddəsi təşkil edir.

25. Hazırki işdə də həmin maddənin dispozisiya şərtləri mövcüddur.

26. Belə ki, iş materiallarında olan xx.xx.2010-cu il tarixli təhvil-təslim aktından görünür ki, 17 may 2010-cu il tarixli lizinq müqaviləsinə uyğun olaraq Qazax şəhərində yerləşən, həcmi 2000 ton olan soyuducu kamera Cavabdeh ASC-yə təhvil verilmişdir.

27. xx.xx.2023-cü il tarixli maliyyə arayışı və hesabdan çıxarışdan görünür ki, xx.xx.2010cu il tarixli 04-LA/10 nömrəli müqavilə üzrə Cavabdeh ASC tərəfindən cəmi 126.100 manat məbləğində ödəniş edilmiş və əsas borc üzrə 1.036.400 manat məbləğində borcu qalmışdır.

28. Beləliklə, qeyd olunan sübutlara əsasən müəyyən edilir ki, cavabdehin xx.xx.2010-cu il tarixli lizinq müqaviləsi üzrə iddiaçıya 1.036.400 manat ödənilməmiş borcu qalmışdır.

29. Bu mənada kollegiya hesab edir ki, iddiaçının iddia tələbi əsaslı hesab edilə bilər.

30. Bununla yanaşı iş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəfindən mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.

31. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən xx.xx.2010-cu il tarixli 04-LA/10 nömrəli müqavilə üzrə iddia müddəti ötürülmüşdür.

32. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilənin ödəniş qrafikindən (əlavə 2) görünür ki, qeyd edilən müqavilənin müddəti 2020-ci ilin yanvar ayında artıq bitmişdir.

33. Həmin müddətdən sonra cavabdeh tərəfindən hər hansı ödəniş edilməmiş, borcu etiraf edən məktub göndərilməmiş və ya üzləşmə aktı tərtib edilməmişdir (bu faktlar apellyasiya icraatında bir daha dəqiqləşdirilmiş və iddiaçının nümayəndəsinə həmin faktları təsdiq edən sübutların təqdim edilməsi üçün vaxt verilmiş, lakin nümayəndə belə sübutların olmadığını bildirmişdir).

34. Ona görə də, 2020-ci ilin yanvar ayından iddia müddətinin axımı başlamışdır.

35. Belə olan halda, iddiaçı tərəf qeyd edilən müqavilə üzrə borcun ödənilməsi tələbi üzrə məhkəməyə 2023-cü ilin yanvar ayınadək müraciət etməli idi.

36. Lakin, ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, mediasiya tətbiqi barədə təklifin tarixi xx.xx.2023-cü ilə aiddir.

37. Göründüyü kimi, iddiaçı tərəfindən qeyd edilən müqavilə tələbləri üzrə 3 illik iddia müddəti 10 aydan da çox ötürülmüşdür.

38. Beləliklə, iddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2010-cu il tarixli 04-LA/10 nömrəli müqavilə üzrə iddia tələbi iddia müddətinin keçməsi səbəbinə görə rədd edilməlidir.

39. Apellyasiya şikayətinin dəlillərinə dair qeyd edilir ki, tərəflər arasında iki ayrı-ayrı müqavilələr bağlanmış, müqavilələrin predmetini müxtəlif əmlkalar təşkil etmiş, hər bir müqavilə üzrə öhdəliklər və icra müddətləri müəyyən edilmişdir. Mülki Məcəllənin 377.2-ci maddəsində də təsbit edilmişdir ki, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Ona görə də, həmin müqavilələrin bir müqavilə kimi qiymətləndirilməsi və iddia müddətinin xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən hesablanması barədə dəlillər əsasızdır. Hazırki iş üzrə 6 illik iddia müddətinin tətbiq edilməsi barədə dəlillər də əsasızdır. Belə ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Lizinq obyekti olan soyuducu kamera daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayıb və daşınmaz əmlak hesab edilmir. Həmçinin, tərəflər arasında müqavilə münasibətləri olduğuna görə və hazırki mübahisənin predmeti lizinq obyektinin geri qaytarılması deyil, müqavilə üzrə pulun ödənilməsi təşkil etdiyinə görə iddiaçı tərəfindən “mülkiyyətçinin hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə iddia müddətinin tətbiq olunmaması”na istinad etməsi əsassızdır. Belə ki, həmin məsələni tənzimləyən Mülki Məcəllənin 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələblərə deyil, əşya hüququndan irəli gələn tələblərə aiddir.

40. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

41. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-654/2024 saylı qətnaməsi mübhisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar