Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-564/2022 02.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin lizinq borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3650/2021 nömrəli iş üzrə 15 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli 03- LA/15 nömrəli müqavilə üzrə 137.094 manat gecikdirilmiş borcun, hesablanmış 111.475,78 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 30 manat dövlət rüsumunun, cəmi 249.099,78 manat pul vəsaitinin cavabehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən xx.xx.2015-ci il tarixli 03-LA/15 nömrəli müqavilə üzrə 137.094 manat gecikdirilmiş əsas borcun, 13.709 manat məbləğdə cərimə məbləğinin, hüquqi yardımla bağlı ödənilmiş 500 manatın, habelə 30 manat məbləğdə ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 151.333 manatın tutularaq, iddiaçının hesabına ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Şikayətin dəlillərinə görə, Cavabdeh MMC ödəniş qrafiki ilə müəyyən edilən pulu ödəməmiş, lizinq avadanlıqlarından istifadə etməmişdir. Bu barədə "xxxx" ASC-yə dəfələrlə məlumat vermiş, avadanlıqların geri götürülməsini "xxxx" ASC-dən tələb etmişdir. Cavabdeh tərəfindən lizinq avadanlıqlarının geri götürülməsi tələbləri "xxxx" ASC-yə yönəldiyindən, lizinq verən təşkilat ("xxxx" ASC) lizinq haqqını 5 ildir Cavabdeh MMC-dən tələb etməmiş, lizinq avadanlıqlarını geri götürməmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili və nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdən müəyyən edilir ki, tərəflər arasında lizinq verən qismində "xxxx" ASC ilə lizinq alan qismində cavabdeh arasında "xxxx" ASC-yə məxsus heyvanların kəsilməsi üçün mobil tipli kəsimxana avadanlıqlarının lizinqə verilməsi barədə xx.xx.2015-ci il tarixli 03- LA/15 nömrəli lizinq müqaviləsi (güzəşt) bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, lizinq verən ümumi məbləği 412.000 manat olan 8 ədəd heyvanların kəsilməsi üçün mobil tipli kəsimxana avadanlıqlarının dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən, müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətədək lizinqə verir; 1.2-ci bəndinə görə, lizinq alan avadanlığın dəyərindən 107.376 manat məbləği əvvəlcədən lizinq verənə ödəməyi öhdəsinə götürür; 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Lizinq müqaviləsinə Əlavə 2 kimi 10 illik müddətə tərtib edilən ödəniş qrafikinə əsasən ilk ödəniş 2016-cı ilin İV rübündə olmaqla, 7.639 manat məbləğdə nəzərdə tutulmuşdur, sonuncu ödəniş 7.615 manat məbləğdə olmaqla, 2026-cı ilin İİİ rübündə həyata keçirilməli idi. xx.xx.2021-ci il tarixli maliyyə arayışına görə, lizinq alan cavabdehin xx.xx.2015-ci il tarixli 03-LA/15 nömrəli müqavilə üzrə gecikdirilmiş əsas borcu 137.094 manat, hesablanmış cəriməyə görə 111.475,78 manat olmaqla, ümumilikdə 248.569,78 manat təşkil edir. Ödəniş edilməyib. İşdə olan, cavabdehin "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2015-ci il tarixli 217-15 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2015-ci il tarixli lizinq müqaviləsi üzrə lizinqə (icarəyə) verilmiş avadanlıqlar ona xx.xx.2015-ci il tarixdə təhvil verilmişdir. 8 ədəd heyvanların kəsilməsi üçün mobil tipli kəsimxana avadanlıqları işlədilməmiş, təhvil alındığından anbarda saxlanılır. Xahiş edir ki, 8 ədəd heyvanların kəsilməsi üçün mobil tipli kəsimxana avadanlıqlarını geri götürsünlər. Yaranmış zərər olarsa ödənilməsi təmin ediləcəkdir. Cavabdehin "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2016-cı il tarixli 221-16 nömrəli məktubunda qeyd olunmuşdur ki, xx.xx.2015-ci il tarixli lizinq müqaviləsi üzrə lizinqə (icarəyə) verilmiş 8 ədəd heyvanların kəsilməsi üçün mobil tipli kəsimxana avadanlıqlarını istifadə etməmişdir. Həmin avadanlıqlar istismar olmadan MMC-nin anbarında saxlanılır. 2015-ci ilin noyabr ayında məktub verərək bildirilmişdir ki, həmin avadanlıqları geri qəbul etsinlər. Lakin buna dair hec bir cavab verilmədi. Xahiş edir ki, səlahiyyətli nümayəndələrini göndərib, avadanlıqlara baxış keçirsinlər və geri qəbul etsinlər. Məktub A.Səmədov adlı şəxs tərəfindən xx.xx.2016-cı il tarixdə imzalanaraq qəbul edilmişdir. Cavabdehin "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2016-cı il tarixli 247-16 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2015-ci il tarixli lizinq müqaviləsi üzrə lizinqə (icarəyə) verilmiş 8 ədəd heyvanların kəsilməsi üçün mobil tipli kəsimxana avadanlıqları istifadə olunmadığından xahiş etmişdi ki, geri qəbul etsinlər. Bununla əlaqədar "xxxx" ASC-nin nümayəndəsi avadanlıqlara baxış keçirmiş, avadanlıqların dəyərinin müəyyən edilməsi üçün mütəxəssis rəyi alındıqdan sonra geri götürəcəklərini bildirmişdir. 3 aydan çox müddət keçmiş, lakin ASC tərəfdən mütəxəssis göndərilməmiş, avadanlıqların geri götürülməsinə dair heç bir atdım atılmamışdır. Xahiş edir ki, müvafiq sərəncam verərək, avadanlıqların geri götürülməsini təmin etsinlər. Məktub A.Səmədov adlı şəxs tərəfindən xx.xx.2016-cı il tarixdə imzalanaraq qəbul edilmişdir. Cavabdehin "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2016-cı il tarixli 284-16 nömrəli məktubunda qeyd olunmuşdur ki, xx.xx.2015-ci il tarixli lizinq müqaviləsi üzrə lizinqə (icarəyə) verilmiş 8 ədəd heyvanların kəsilməsi üçün mobil tipli kəsimxana avadanlıqların geri götürülməsinə dair ASC şifahi razılıq razılıq vermişdir. Təəsüflər olsun ki, 8 ədəd heyvanların kəsilməsi üçün mobil tipli kəsimxana avadanlıqlarının geri götürülməsinə dair hər hansı addımlar atmamışlar. Həmin avadanlıqların dəyərinin bir hissəsini ilkin olaraq 107.376 manat MMC ödəmişdir. Avadanlıqların qalan dəyəri xx.xx.2016-ci il tarixdən başlayaraq ödənilməsinə dair qrafik müəyyən edilmişdir. MMC qrafıkdə qeyd olunan ödənişləri etməyəcək. Buna görə təkrarən rica edir ki, 8 ədəd heyvanların kəsilməsi üçün mobil tipli kəsimxana avadanlıqlarını geri götürsünlər. Məktub T.Əliyeva adlı şəxs tərəfindən xx.xx.2016-cı il tarixdə imzalanaraq qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx.xx.2020-ci il tarixli 1137 nömrəli Fərmanının 1-ci bəndi ilə qərara alınmışdır ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılsın. Fərmanın 2-ci bəndi ilə müəyyən edilmişdir ki: Cəmiyyət kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir (2.1); "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçir (2.2). Fərmanın 4-cü bəndi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə tapşırılmışdır ki, bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Agentliyin həyata keçirməsi ilə bağlı aşağıdakı tədbirlərin görülməsini təmin etsin (4.3): mövcud qalıq portfelinin və qüvvədə olan lizinq müqavilələri üzrə əmlakın idarə edilməsini (4.3.1); lizinq ödənişləri üzrə borcların yığılmasını (4.3.2). Lizinq mühüm iqtisadi-hüquqi hadisə olub, iqtisadiyyata investisiya qoyma forması, istehsalı maliyyələşdirmə üsuludur. Lizinq dünya kommersiya təcrübəsinə bəlli olan elə bir vasitədir ki, onun köməyi ilə sahibkar sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün lazım olan yeni əmlakı müvəqqəti istifadə üçün əldə edir, istifadə müddəti başa çatdıqda isə o, həmin əmlakı ya sahibinə qaytarır, ya istifadə müddətini uzadır, ya da mülkiyyət hüququ ilə əldə edir. Nə alqı-satqı, nə icarə, nə də kredit müqavilələrinin bu kimi kompleks məsələni ayrı-ayrılıqda həll etmək qabiliyyəti və imkanı vardır. Odur ki, lizinq, qeyd olunan müqavilələrin hər biri ilə müqayisədə əlverişli, sərfəli və münasib vasitədir. Bu səbəbdən, lizinqdən istifadə edilməsi böyük üstünlüyə malikdir. Belə ki, istehsalı təşkil etmək və ya istehsalı yenidən qurmaq üçün az olmayan məbləğdə investisiya lazımdır. Əgər sahibkar lizinq vasitəsi ilə avadanlıq əldə edirsə, onda investisiyaya ehtiyac qalmır. Lizinqin üstünlüyü də məhz bundan ibarətdir (Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərardadı, 12-ci bənd). “Hüquq ədəbiyyatında lizinqin əsasən 2 növü fərqləndirilir: 1) əməliyyat (operativ) lizinqi; 2) maliyyə lizinqi. Maliyyə lizinqi lizinqin ən geniş yayılan formasıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyində əsasən maliyyə lizinqi nəzərdə tutulmuşdur. ... Maliyyə lizinqində avadanlığın uzun müddətli icarəyə verilməsi və müqavilə müddəti sonunda bu avadanlığın müqavilədə əvvəlcədən müəyyənləşdirilmiş qaydada lizinq alanın mülkiyyətinə keçməsi nəzərdə tutulur. Bu lizinq növündə müqavilələrin müddəti adətən avadanlıqların amortizasiya müddətləri ilə eyni olur. Maliyyə lizinqində avadanlıqları əsasən müştəri (lizinq alan) seçir və lizinq şirkətinə bu avadanlığın alınması üçün sifariş verir. Maliyyə lizinqində avadanlığın cari və əsaslı təmiri lizinq alan tərəfindən öz vəsaiti hesabına həyata keçirilir. Maliyyə lizinqi daha çox bir maliyyələşdirmə növüdür və müştəri tərəfindən seçilən avadanlığın lizinq şirkəti tərəfindən yalnız satın alınmasından ibarətdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2017-ci il tarixli Qərarı). Lizinq münasibətləri Mülki Məcəllənin XXXVİİİ fəsli ilə tənzimlənir və həmin Məcəllənin 747.1-ci maddəsində lizinq müqaviləsinin anlayışı verilmişdir. Adıçəkilən normaya əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 748-1.13. Lizinq müqaviləsi iştirakçılarının digər hüquq və vəzifələri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir; Maddə 751. Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir; Maddə 690.1. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir; Maddə 690.2. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir; Maddə 691.4. Daşınar əşyaların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərində müqavilənin ləğvinə aşağıdakı hallarda yol verilir: Maddə 691.4.2. əmlak kirayəsi haqqı daha uzun zaman hissələri üzrə hesablanarkən müqavilənin ləğvinə dair bildiriş kirayə hüquq münasibətlərinə xitam verilməli günə ən geci yeddi gün qalmış verildikdə; Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır; Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. MPM-in: Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; Maddə 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası əvvəlcə qeyd edir ki, cavabdehin məhkəmə kollegiyasına təqdim etdiyi sübutlar MPM-in 372.2-ci maddəsi anlamında yeni sübutlar sayılmır. Belə ki, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməmişdir, işdə olan poçt göndərişinin verilməsi haqqında xəbərnamələrdə cavabdehin adından məhkəmə bildirişlərini qəbul edən şəxsin kimliyi və vəzifəsi barədə iş materiallarında hər hansı məlumat mövcud deyil, məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi cavabdehin adından məhkəmə bildirişlərini qəbul edən şəxslərin kimliyinin onlara məlum olmadığını, cavabdehin işçiləri olmadığını, cavabdehin birinci instansiya məhkəməsində gedən icraat barədə tam xəbərsiz olduğunu, habelə, məhkəmə sənədlərinin onlara elektron qaydada çatdırılmalı olduğunu bildirmişdir. Odur ki, cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə MPM-in 135.8-ci maddəsinə müvafiq qaydada məlumatlandırılması iş materialları ilə təsdiq olunmadığına görə, məhkəmə kollegiyası hesab edir ki, onun "xxxx" ASC-yə ünvanladığı xx.xx.2015, xx.xx.2016, xx.xx.2016 və xx.xx.2016-cı il tarixli məktublarının apellyasiya icraatında sübut kimi qəbul edilməsi MPM-in 372.2-ci maddəsinin tələblərinə uyğundur. Həmçinin, iddiaçı qeyd edilən məktubları mübahisələndirmədiyinə görə, həmin məktubların iddiaçıya çatdırılması, habelə məktublarda qeyd edilən faktların həqiqliyi işin mübahisəsiz halları kimi qəbul edilir. İddianın mahiyyəti üzrə əsaslı olub-olmaması məsələsinə gəldikdə isə, Mülki Məcəllənin lizinq müqaviləsi və ona aid münasibətləri tənzimləyən normalarında lizinq alan tərəfindən lizinq obyektini geri qaytarmaqla lizinq müqaviləsinin icrasından könüllü imtina edilməsi ilə bağlı müddəalar nəzərdə tutulmamışdır. Eyni zamanda, bunu qadağan edən müddəalar da mövcüd deyil. Tərəflər arasında bağlanmış lizinq müaviləsində də bunu istisna edən və ya digər şəkildə məhdudlaşdıran şərtlər müəyyən edilməmişdir. Bununla yanaşı, Mülki Məcəllədə təsbit edilmişdir ki, lizinq barəsində əmlak kirayəsi müqaviləsinin, lizinq münasibətlərini tənzimləyən normalarına zidd olmayan, qaydaları tətbiq edilir. Əmlak kirayəsi münasibətlərini tənzimləyən Mülki Məcəllənin XXXİİİ fəslinin müddəalarına görə isə, əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir, əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir, daşınar əşyaların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərində müqavilənin ləğvinə: əmlak kirayəsi haqqı günlər üzrə hesablanarkən müqavilənin ləğvinə dair bildiriş növbəti günün sonu üçün qüvvəyə minməklə istənilən gün verildikdə; əmlak kirayəsi haqqı daha uzun zaman hissələri üzrə hesablanarkən müqavilənin ləğvinə dair bildiriş kirayə hüquq münasibətlərinə xitam verilməli günə ən geci yeddi gün qalmış verildikdə yol verilir. İşin halları da ondan ibarətdir ki, cavabdeh tərəfindən "xxxx" ASC-yə xx.xx.2015 və xx.xx.2016-cı il tarixli məktublar ünvanlanaraq, tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə lizinqə verilmiş avadanlıqlarından istifadə edilmədiyi bildirilmiş və həmin avadanlıqların geri qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2016 və xx.xx.2016-cı il tarixli məktublardan isə müəyyən edilir ki, yuxarıda qeyd olunan məktublara cavab olaraq "xxxx" ASC-nin nümayəndəsi tərəfindən avadanlıqlara baxış keçirilmiş, avadanlıqların dəyərinin müəyyən edilməsi üçün mütəxəssis rəyi alındıqdan sonra geri götürüləcəyi bildirilmiş, avadanlıqların geri götürülməsinə dair ASC şifahi razılıq vermiş, lakin avadanlıqlarının geri götürülməsinə dair hər hansı addım atılmamışdır. Göründüyü kimi, cavabdeh lizinq obyektini geri qaytarmaq istəməklə lizinq müqaviləsinin icrasından könüllü imtina etmək qərarına gəlmiş və bu barədə yazılı bildirişi Mülki Məcəllənin 691.4.1-ci maddəsinə uyğun olaraq iddiaçıya göndərmişdir. Lakin iddiaçı lizinq predmeti avadanlıqlara baxış keçirib, onların geri qaytarılmasına şifahi razılıq versə də, həmin avadanlıqların geri götürülməsi barədə heç bir faktiki addım atmamış, hazırda isə həmin avadanlıqların istifadəsi ilə bağlı cavabdehə qarşı iddia irəli sürmüşdür. Halbuki cavabdeh tərəfindən göndərilmiş yazılı bildiriş iddiaçıya çatdırıldığı andan müqavilə ləğv edilmiş hesab edilir. Belə ki, Mülki Məcəllənin tələblərinə görə, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş lizinq müqaviləsi üzrə borcun tutulması tələbləri təmin edilə bilməz. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən, həmçinin o halı da nəzərə alır ki, lizinq avadanlıqlarının əldə edilməsi üçün cavabdeh tərəfindən 107.376 manat məbləğdə pul vəsaiti ödənilmişdir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. MPM-in: Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və və əsaslı deyil, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, şikayət təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3650/2021 nömrəli iş üzrə 15 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh MMC-yə qarşı 27 avqust 2015-ci il tarixli 03-LA/15 nömrəli müqavilə üzrə 137.094 manat gecikdirilmiş borcun, hesablanmış 111.475,78 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 30 manat dövlət rüsumunun, cəmi 249.099,78 manat pul vəsaitinin cavabehdən tutularaq ona ödənilməsi tələblərinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-564/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-564/2022
02.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver