Məhkəmə qərarları › İş №2-2(103)-564/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-564/2023

19.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-564/2023 19.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu, Hüseyn Aida Əli qızından ibarət tərkibdə, iddiaçı Avropa Yenidənqurma və İnkişaf Bankının Cavabdeh1 MMC, Cavabdeh2 qarşı pul tələbinə kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(113)-4679/2023 nömrəli qərardadından “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı Avropa Yenidənqurma və İnkişaf Bankı Cavabdeh1 MMC, Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 arasında bağlanmış 47296 nömrəli, 27 may 2020-ci il tarixli Çərçivə Müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi nəticəsində iddiaçı Avropa Yenidənqurma və İnkişaf Bankına vurulmuş 11.000.000 ABŞ (on bir milyon ABŞ dolları) həcmində ziyanın və 10.140 AZN (on min yüz qırx Azərbaycan manatı) məbləğində vəsaitin və ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq, Avropa Yenidənqurma və İnkişaf Bankının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli e-2-2(113)-4679/2022 nömrəli qərardadı ilə tərəflər arasında barışıq sazişi bağlanıldığından iş üzrə icraata xitam verilmişdir. Həmin qərardad qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi daha sonra ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə qətnaməsinin icra edilməsi üçün qərardadın təqdim edilməsini xahiş etmiş, daha sonra qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-cü il tarixli 2-2(113)-4679/2022 saylı qərardadının ləğv edilməsi, iş üzrə tərəflərin təqdim etdiyi barışıq sazişinin rədd edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qərardad ləğv olunmalı və barışıq sazişinə dair ərizənin təmin edilməməsi haqqında qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi xx.xx.2022-ci il tarixli xx/xx-285949/24 nömrəli məktubla 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-cü il tarixli 2-2(113)-4679/2022 saylı icra vərəqəsinin icra olunmasını idarədən tələb etmiş, bununla əlaqədar aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, bağlanmış barışıq sazişinin 1-ci bəndinə əsasən Cavabdeh1 MMC və cənab Cavabdeh2, bu Sazişin Əlavə 1-ində sadalanan bütün daşınar və daşınmaz əmlakların, qurğuların, avadanlıqların və digər əşyaların (bundan sonra “aktivər” adlanacaq) üzərində olan mülkiyyət hüquqlarını və bütün digər səlahiyyətlərini, girovdan və bütün digər yüklülüklərdən tam azad şəkildə, bu sazişin imzalandığı tarixdən sonrakı 1 (bir) təqvim ayı ərzində, təmənnasız olaraq (yəni, hər hansı ödəniş tələb etmədən və almadan), AYİB tərəfindən müəyyən edilən üçüncü şəxsə ("xxxx" MMC-yə) ötürmək öhdəliyini qəbul edirlər. Göründüyü kimi barışıq sazişində tərəflər arasında müvafiq daşınmaz əmlakla bağlı notariat qaydasında müqavilə bağlanılmadan hüquqlarının digər tərəfə keçməsi halı qanunvericiliyin tələblərinə ziddiyyət təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəllənin 148.3- cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat hərəkətlərinin aparılması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, həmin əmlakın təsvirinin, bu əmlak üzərində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair məlumatların notarius və ya qanunla müəyyən edilmiş hallarda notariat hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən əldə edilməsini, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş və həmin əmlak barəsində qeydiyyatın aparılması üçün əsas hesab edilən sənədin təsdiqləndikdən dərhal sonra elektron formada daşınmaz əmlakın dövlət reyestrinə ötürülməsini təmin etmək məqsədilə notariuslarla və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslərlə daşınmaz əmlakın dövlət reyestri arasında elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində məlumat və sənəd mübadiləsi imkanı, onların həmin sistemlər vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə birbaşa çıxışı təmin olunmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən müvafiq məhkəmə qərardadında iddia predmetindən kənar tələblərin tərəflər arasında razılaşma qaydasında təsdiq edilməsi, müvafiq daşınmaz əmlaka dair qanunvericiliklə tələb olunan hüquqmüəyyənedici sənədlər təqdim edilmədən, bu əmlakın digər şəxsin adlarına özgəninkiləşdirilməsi ilə bağlı sazişin təsdiq edilməsi, maddi və prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozulmuş, sözügedən qərardad tam və düzgün əsaslandırılmamış və nəticədə qanunsuz olaraq iddiaçı və cavabdehin tələblərinin təmin edilməsi barədə qərardad qəbul edilmişdir. Göründüyü kimi məhkəmə tərəfindən Cavabdeh1 MMC-yə məxsus müvafiq daşınmaz əmlakı dövlət reyestrində digər şəxsin adına qeydiyyata alınamaqla, qanunsuz olaraq 3-cü şəxsin mülkiyyət hüquqlarını tanımışdır. Ümumiyyətlə, qeyd olunmalıdır ki, qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyişmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı qanunvericiliyə uyğun olaraq ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qətnaməsi və qərardadı qanuni və əsaslı olmalıdır. Qətnamə və qərardad işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qərardadda göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən ifadələrin məzmunu qərardadda şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Mülki işə baxan birinci instansiya məhkəməsi isə işdə olan sübutları obyektiv, hərtərəfli və tam araşdırmaq, qərardadda müzakirə etdiyi dəlillərlə əsaslandırmaq əvəzinə heç bir əsaslı sübut olmadan yalnız iddiaçının izahatına əsaslanıb, müvafiq daşınmaz əmlakla bağlı hər hansı hüquqi əsas olmadan 3-cü şəxsin müvafiq daşınmaz əmlaklara dair mülkiyyət hüququnun tanınmasına dair tamamilə qanunsuz və əsassız qərardad qəbul etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4679/2023 nömrəli qərardadından Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin şikayəti mümkün sayılmış, şikayətə baxılaraq xx.xx.2023-cü il tarixli qərardadla şikayət təmin edilməmiş, baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 357.2-ci maddəyə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi iki hüquqi şəxs arasında bağlanmış barışıq sazişindən şikayət vermiş, şikayətdə qeyd etmişdir ki, barışıq sazişində tərəflər arasında müvafiq daşınmaz əmlakla bağlı notariat qaydasında müqavilə bağlanılmadan hüquqlarının digər tərəfə keçməsi halı qanunvericiliyin tələblərinə ziddiyyət təşkil edir. Buna görə də barışıq sazişinin icrası ilə bağlı Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-cü il tarixli 2-2(113)-4679/2022 saylı icra vərəqəsinin icra olunması İdarənin maraqlarına toxunur. Məhkəmə hesab edir ki, qeyd edilən hallar “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən iş üzrə qəbul edilmiş qərardadın mübahisələndirilməsi üçün əsas ola bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas olduğundan 2 saylı Sumqayıt Ərazi İdarəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrind qeydiyyatı üçün tərəflər arasında notarial qaydada alqı-satqı müqaviləsi bağlanmalı olduğuna dair dəlili əsassızdır. Bundan əlavə iddiaçı tərəfindən elektron kabinet vasitəsi ilə yüklənmiş sənədlərdən görünür ki, mübahisələndirilən barışıq sazişi bağlandıqdan sonra Cavabdeh1 MMC ilə barışıq sazişində üçüncü şəxs olaraq qeyd edilmiş "xxxx" MMC arasında daşınmaz əmlakın alqı satqısı ilə bağlı xx.xx.2023-cü il tarixdə alqı-satqı müqavilələri bağlanmış və Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən torpaq sahəsi, o cümlədən ünvan 1 ünvanında yerləşən əmlak kompleksi üzərində "xxxx" MMC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, bu barədə xx.xx.2023-cü il tarixli çıxarışlar verilmişdir. Belə olan halda məhkəmə müəyyən edir ki, barışıq sazişinin daşınmaz əmlak üzərində üçüncü şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı hissəsi artıq icra edildiyindən Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin qeyd edilən sazişi mübahisələndirməyə subyektiv hüququ yoxdur. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4679/2023 nömrəli qərardadından “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrааldı: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4679/2023 nömrəli qərardadından “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti və əlavə edilmiş sənədlər qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar