Məhkəmə qərarları › İş №2-2(103)-565/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-565/2022

23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-565/2022 23.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı Cavabdeh QSC-yə qarşı elektron qaimələrin geri qaytarılması vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-819/2022 nömrəli iş üzrə 28 mart 2022-ci il tarixli qərardadından iddiaçının şikayətinə əsasən kommersiya mübahisəsinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik sahibkarlıqla iş üzrə baş idarəsi) məhkəməyə müraicət edərək, ********* nömrəli VÖEN-ə 04.09.2018-ci il tarixdən 12.03.2019-cu il tarixədək olan dövr üzrə 30.851,4 manat dəyərdə müxtəlif markalı tütün məmulatlarının təqdim edilməsi barədə elektron qaimələrin geri qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək, 03.09.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, müqavilə əsasında ona ********* nömrəli VÖEN-ə 04.09.2018-ci il tarixdən 12.03.2019-cu il tarixədək olan dövr üzrə 30.851,4 manat dəyərdə müxtəlif markalı tütün məmulatlarının təqdim edilməsi barədə elektron qaimələrin geri qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 28.03.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi 03.09.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissədə baxılmamış saxlanılmışdır. Qərardadın əsaslarına görə, “İddiaçı tərəfindən məhkəməyə ilkin mediasiya sessiyası ilə bağlı arayış məhkəməyə təqdim olunsa da, hazırda tamamilə başqa tələb irəli sürülmüş, iddianın həm predmeti, həm də əsası dəyişmişdir. Belə olduğu təqdirdə mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları yeni tələbə də şamil olunmalıdır. Yəni, iddia tələbi dəyişdirildikdən sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunduğu halda bu tələbə riayət olunmamışdır.” Qərardadla razılaşmayan iddiaçı ondan şikayət verərək, ləğv edilib, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 12.04.2022-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlillərinə görə, məhkəmə iddiaçının ilkin mediasiya sessiyasında iştirakı barədə arayışına sübut kimi qiymət verməmişdir. Həmçinin, iddia tələbinin dəyişdirilməsi barədə ərizə məhkəməyə təqdim edilmiş və icraata qəbul edilmişdir. Cavabdehin başqa cavabdeh ilə əvəz edilməsinə dair ərizə təqdim edilməmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilməklə iddiaçı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçının iddia tələbinin dəyişdirilməsinə dair ərizəsinə kifayət qədər əsaslar əmələ gəldiyindən təqdim edilmişdir. Lakin, məhkəmə qərardadında həmin faktiki halları nəzərə almamışdır. Məhkəmə kollegiyası iş materiallarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada araşdıraraq, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarına əsasən, “Apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır.” İşdən müəyyən edilir ki, iddia tələbinin dəyişdirilməsinə dair ərizə 13.03.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə təqdim olunmuş, 17.03.2022-ci il tarixli məhkəmə iclası cavabdehin iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə tanış olması üçün 28.03.2022-ci il tarixə təxirə salınmış, 28.03.2022-ci il tarixdə isə qərardad qəbul edilərək, iddia ərizəsi 03.09.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissədə baxılmamış saxlanılmış, lakin qərardadda ərizənin MPM-in tələblərinə riayət edilməklə verilib-verilmədiyi, onun məhkəmə icraatının mümkün olub-olmadığı və ya qaytarılmadığı üçün qəbul edilmiş sayıldığı, bir sözlə, ərizənin Məhkəmənin icraatına qəbul edilibedilmədiyi yaxud ümumiyyətlə icraatda olub-olmadığı göstərilməmişdir. Halbuki, MPM-in: Maddə 53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; Maddə 151.2. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər; Maddə 151.3. Məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Sadalanan normaların təfsirindən çıxan nəticəyə görə, iddianın əsasını və ya predmetini, habelə iddia tələbinin həcmini dəyişmək barədə ərizənin qəbul edilibedilməməsi məsələsinə məhkəmə tərəfindən hər bir halda hüquqi qiymət verilməlidir və bu barədə qərardad çıxarılmalıdır. Belə ki, məhz həmin qərardad icraatın dəyişdirilmiş iddia elementləri üzrə davam etdirilib-etdirilmədiyini rəsmiləşdirmiş olacaqdır. MPM-in 259-cu maddəsində təsbit olunan ərizənin baxılmamış saxlanmasının əsasları isə yalnız bu anlamda hüquqi qiymət verilmiş və icraata artıq qəbul edilmiş (qəbul edilmiş sayılmış) ərizələrə tətbiq edilə bilərdi. Bundan əlavə, “Mediasiya haqqında” AR Qanununun 4.1-ci maddəsinə görə, mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Məhkəmə kollegiyası bildirir ki, tərəflərin ilkin mediasiya sessiyasında iştirakından məqsəd onlar arasında münaqişə səviyyəsinin azaldılması və ya mübahisənin onların razılaşacağı başqa mümkün variantda məhkəməyə müraciət etmədən yekunlaşmasına nail olmaqdan ibarətdir. Bu mənada, məhkəmə prosesi gedişində iddianın əsasını və ya predmetini yaxud həcmini dəyişdirən iddiaçıdan yenidən ilkin mediasiya prosedurundan keçməsinin tələb olunması qanunvericiliyin sözügedən məqsədlərinə uyğun olmamaqla, süni əlavə bürokratik əngəllərin yaradılması və süründürməçiliklə nəticələnə bilər. Nəzərə alınsa ki, iddianın əsasının, predmetinin və iddia tələbinin həcminin dəyişdirilməsi yeni iddianın verilməsi deyil və hazırkı kazus üzrə də iddiaçı iddianı dəyişdirərkən ilk iddiadan kəskin fərqlənən tələblər irəli sürməmiş, cavabdeh isə ilk variantda iddia tələbinə münasibətdə də mediasiya sessiyasına gəlməməklə, mübahisənin məhkəmədənkənar həllində iştirak etməmişdir. Odur ki, məhkəmə kollegiyası şikayətlə qərardadın ləğvi hissədə qismən razılaşır. MPM-in: Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün qanuni deyil, şikayət qərardadın ləğvinə əsas verir. Bu səbəbdən qərardad ləğv edilməli, iş həmin məhkəməyə göndərilməli, şikayət qismən təmin olunmalıdır Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-819/2022 nömrəli iş üzrə 28 mart 2022-ci il tarixli qərardadı ləğv edilsin. İş həmin məhkəməyə göndərilsin. İddiaçı şikayəti qismən təmin edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar