Məhkəmə qərarları › İş №2-2(103)-567/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-567/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-567/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçının qanuni təmsilçisi X1, nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsinə dair iddia ərizəsinin geri qaytarılması barədə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e- 2-2(113)-2397/2020 saylı qərardadından (hakim Fərrux Qasımov) iddiaçının şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən alqı-satqı müqaviləsi üzrə yaranmış 46825,8 manat borcun, müqavilənin pozulması nəticəsində 166974 manat dəbbə pulunun, tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(113)- 2397/2020 saylı qərardadına əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmadığına görə iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 47.2-ci maddəsi işdə iştirak edən şəxslərin işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək hüququnun olduğunu əks etdirmiş, bununla da işdə iştirak edən şəxslərlə, işdə iştirak edən digər şəxslərin fərqli olduğunu, eləcə də, işdə iştirak edən digər şəxslərin-şahid, ekspert, mütəxəssis və s. olduğunu göstərmişdir. Eyni Məcəllənin 184.4-cü maddəsində işə baxılması ilə əlaqədar olan məsələlərə dair işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur, qeyd etməklə işdə iştirak edən şəxslərlə, işdə iştirak edən digər şəxslərin fərqli olduğunu isbat edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində işdə iştirak edən digər şəxslərin işdə iştirak edən şəxslərdən fərqli olduğunu və məcəllənin işdə iştirak edən digər şəxslər dedikdə şahid, ekspert, mütəxəssis və s. nəzərdə tutduğunu əyani olaraq sübut edən istənilən qədər maddə tapıb göstərmək mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 150.0.4-cü maddəsində “kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən” dedikdə, şahid, mütəxəssis, ekspert və s. nəzərdə tutulur. İddiaçı və cavabdeh tərəflər olmaqla işdə iştirak edən şəxslərdir. Təqdim edilən iddia ərizəsində şahid, ekspert, mütəxəssis və s. olmadığına görə, həmin iddia ərizəsi ilə bağlı işdə iştirak edən digər şəxslər olmadığını və məhkəmənin “işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmaması” əsası ilə iddia ərizəsinin geri qaytarılması əsassızdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-2397/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, lazımı qaydada xəbərdar edilsə də cavabdehin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını xahiş etmişdir. İddiaçı MMC-nin məhkəmə iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə izahatı dinləyərək, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2397/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin qaytararkən hər hansı prosessual pozuntuya yol vermədiyindən şikayət əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən iddia ərizəsinə kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. MPM-nin 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Hazırkı iş üzrə iddia ərizəsinə ərizənin Cavabdeh MMC tərəfindən alınmasına dair sənəd əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.4-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Birinci instansiya məhkəməsi qeyd edilən normaların tələblərinə istinad edərək düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddia ərizəsi qaytarılmalıdır. Şikayət ərizəsinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinin məzmununda “kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması” ifadəsi iddia ərizəsinin MPM-nin 46-cı maddəsində qeyd edilmiş, iddiaçı istisna olmaqla işdə iştirak etməyə cəlb edilmiş digər şəxslər tərəfindən alınmasını nəzərdə tutur. İddiaçının şikayət ərizəsində qeyd etdiyi şahid, mütəxəssis, ekspert və s. isə MPM-nin 61-ci maddəsinə əsasən prosesin digər iştirakçıları hesab olunur və MPM-də prosesin digər iştirakçıları işdə iştirak edən şəxslərdən prosessual hüquq və vəzifələrinə, prosesə cəlb edilmə qaydasına görə fərqləndirilir. Göstərilənlərə əsasən iddiaçının kommersiya mübahisəsi üzrə iddia ərizəsinin surətinin cavabdehə göndərilməli olmadığına dair dəlili məhkəmə tərəfindən əsassız hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2397/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150, 152, 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2397/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar