Məhkəmə qərarları › İş №2-2(103)-567/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-567/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-567/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, iddiaçının, onun nümayəndəsi vəkil X1 və ikinci cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxx” ASC-yə qarşı “müqavilədən irəli gələn öhdəliklərin icra edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1613/2021 saylı 08.04.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 25.02.2016-cı il tarixli 01-LA/16 saylı müqavilə üzrə öhdəliyin icra edilməsi, ”Məhsuldarlığı saatda 10 ton olan qarışıq yem istehsal edən texnoloji avadanlığı”nın Cavabdeh1 sahibliyindən alınaraq iddiaçının əməli istifadəsinə və sahibliyinə təhvil verilməsi, ödənilmiş 11.752,00 manat vəsaitin lizinq obyektinin faiktiki olaraq iddiaçıya təhvil verilməsu anından sonrakı dövrə hesablanacaq lizinq ödənişlərinə aid edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş baxılarkən cavabdeh "Cavabdeh2" ASC (nümayəndəsi) Şəki Apellyasiya Məhkəməsində baxılan başqa iş üzrə Cavabdeh2 ASC-nin İddiaçı qarşı “müqavilənin ləğvi və pul tələbinə dair“ iddia tələbi üzrə yekun məhkəmə qətnaməsi qəbul olunub qanuni qüvvəyə minənədək, hazırki iş üzrə icraatın dayandırlmasını məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, e-2-2(113)-1613/2021 saylı qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının icraatında olan iddiaçı Cavabdeh2 ASC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin ləğvi və pul tələbinə dair “iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək iş üzrə icraat dayandırılmışdır. İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, sözügedən qərardad əsassız və qanunsuzdur. Belə ki, hazırkı iddia cavabdeh “xxxx” ASC ilə bağlanmış 25 fevral 2016-cı il tarixli müqavilə üzrə öhdəliyinin icra edilməsi, “Məhsuldarlığı saatda 10 ton olan qarışıq yem istehsal edən texnoloji avadanlığı»nın iddiaçının sahibliyinə təhvil verilməsi, tərəfindən ödənilmiş 11.752 manat məbləğin lizinq obyektinin ona faktiki təhvil verilmə anından hesablanacaq lizinq ödənişlərinə aid edilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə hesab etmişdir ki, işlər bir-biri ilə əlaqəli olduğundan Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının icraatında olan iş üzrə yekun məhkəmə aktı ilə müəyyən ediləcək hallar hazırki iş üzrə preyudusial əhəmiyyət daşıdığından, həmin iş həll edilməyincə hazırki işə baxmaq mümkün deyil. Məhkəmənin bu mövqeyi hazırkı iş üzrə iddiaçını məhkəmə müdafiəsi hüququndan məhrum etməyə yönəlmişdir. Belə ki, hazırki işdə iddia tələbinin əsası budur ki, cavabdeh 25.02.2016-cı il tarixdə müqavilə üzrə formal olaraq avadanlığın təhvil-təslimi aktı 27.02.2016-cı il tarixə imzalanmasına baxmayaraq avadanlıq ona faktiki təhvil verilməmişdir. Belə ki, həmin iş üzrə Ali Məhkəmənin 16.02.2021-ci il tarixli qərarında qərarında qeyd olunur ki, lizinq avadanlığı İddiaçı təhvil verilmədiyi Şəki Kommersiya Məhkəməsi tərəfindən müəyyən olunmuşdur. Həmin iş üzrə xxxx ASC müqavilənin ləğvi tələbi ilə yanaşı lizinq ödənişlərinin ondan tutulması, avadanlığın ondan alınaraq ASC-yə qaytarılması tələbini irəli sürmüşdür. Bakı Kommersiya Məhkəməsində onun iddiası müqavilə öhdəliyi olaraq - lizinq avadanlığının ona təhvil verilməsilə bağlıdır. Hər iki iş arasında sıx əlaqə vardır. Lakin belə əlaqə ondan ibarətdir ki, ASC-nin lizinq avadanlığının və lizinq ödənişlərinin ondan tələb edilməsinə dair iddiası o halda təmin edilə bilər ki, avadanlıq onun istifadəsində və sahibliyində olsun. Bakı Kommersiya Məhkəməsinin 23.04.2021-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil H.İsgəndərov şikayəti dəlillərinə uyğun müdafiə etmiş və təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil M.Süleymanov onunla razılaşmamış, X4 baxılan işin hazırkı işin nəticəsinə təsir göstərdiyini bildirərək qərardadın qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşıdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 254.1.4-cü maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırmalıdır. Həmin Məcəllənin 256.0.5-ci maddəsinə əsasən bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsininin Kommersiya Kollegiyasının 16.02.2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh2 ASC (əvvəlki adı (“xxxx” ASC) 24.12.2019-cu il tarixində İddiaçı qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək tərəflər arasında bağlanmış 25 fevral 2016-cı il tarixli 01-LA/16 No-li lizinq müqaviləsinə əsasən yaranmış 27.688 manat əsas 9.912,00 manat cərimə, 1.430,00 manat maddi ziyan , 30 manat dövlət rüsumu cəmi 39.060 manat pul vəsaitinin cavabdeh Q.Hacıevdən tutularaq ASC-yə ödənilməsi və müqavilənin ləğv edilərək lizinq obyekti olan avadanlıqların saz vəziyyətdə geri qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 ASC-nin həmin iddia tələbi Şəki Kommersiya Məhkəməsinin 12 iyun 2020-ci il tarixli e-2-2(117)-44/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehin həmin qətnamədən verdiyi apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 26.08.2020-ci il tarixli 2-2(107)-32/2020 saylı qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamədən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycpan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 16.02.2021-ci il tarixli 2-2(102)-58/2021 saylı qərarı ilə qismən təmin olunaraq, qətnamə ləğv edilmiş və yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ali Məhkəmə həmin qərarında apellyasiya məhkəməsinin qətnaməsini ləğv edərkən qeyd etmişdir ki, lizinq avadanlığının 2016-cı il 27 fevral tarixli akta əsasən təhvil verilməsinin iş materialları ilə təsdiq olunmur, əvvəlki lizinq götürənin təsərrüfatında qalmaqda davam edir, lakin bununla bağlı işin halları apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmamış, sübutlara düzgün qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, iş üzrə düzgün inəticəyə gəlməmişdir. Göründüyü kimi, Ali Məhkəmənin qərarından rəli gələn göstərişlərə uyğu olaraq Cavabdeh2 ASC-nin İddiaçı qarşı iddia tələbinə dair baxılan həmin işə təkrar apellyasiya qaydasında Şəki Apellyasiya Məhkəməsi tərəfindən baxılarkən, hazırkı mübazhisənin də araşdırma obyekti olan mübahisəli lizinq avadanlığının iddiaçıya təhvil verilib-verilmədiyi, onun sahiblyində və istifadəsində olub-olmadığına tam aydınlıq gətrilməlidir. Bundan əlavə, həmin işdə mübahisənin predmeti üzrə iddiaçının ikinci bir tələbinə görə sözügedən lizinq avadanlığı ilə bağlı tərəflər arasında bağlanmış 25 fevral 2016-cı il tarixli 01-LA/16 No-li lizinq müqaviləsinin ləğv edilməsi tələbi, bununla yanaşı lizinq alana qarşı iddiaçının pul tələbi də vardır. Belə olan halda, qeyd olunan məsələlərin həlli, hazırkı işə öz preyudisal təsirini göstərməyə bilməz. Çünki, hazırkı mübahisənin xarakterindən də görünür ki, lizinq alan lizinq verən təşkilatdan lizinq avadanlığının ona təhvil verilməsini və müqavilə bağlandıqdan sonra ödədiyi lizinq ödənişlərinin avadanlığın təhvil anından başlayaraq nəzərə alınmasında, bununla da lizinq münasibətlərinin davam etdirilməsində maraqlıdır. Halbuki, Şəki Apellyasiya Məhkəməsində baxılan həmin işdə, eyd edildiyi kimi müqavilənin ləğvi və pul tələbi ilə bağlı məsələlər məhkəmə araşdırmasının predmetini təşkil edir. Göründüyü kimi, Şəki Apellyasiya Məhkəməsinin icraatında olan işin nəticəsi preyudisaldlıq baxımından əhəmiyyətli dərəcədə hazırkı işin nəticəsinə təsir edir. Beləliklə də qeyd edilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin 08.04.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraatın Şaki Apellyasiya Məhkəməsinin icraatında olan işə baxılıb yekun məhkəmə qərarı çıxarılandək dyandırılması iş materialları ilə müəyyən edilən və prosessual qanunvericilyin tələblərinə uyğundur. Ona görə də məhkəmə kollegiyası iddiaçının şikayətinin həmin qərardadın qanunsuz avə əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1613/2021 saylı 08.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və MPM-in 263-264, 398, 400 və 402-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1613/2021 saylı 08.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar