Məhkəmə qərarları › İş №2-2(103)-567/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-567/2024

23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-567/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2-2(113)-777/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 97565,54 manat əsas borcun və 7317,41 manatın 18 ay üçün vurulmuş ziyana görə pul məbləğinin, cəmi 104 882,95 manatın və 400 manat ilkin mediasiya sessiyası üçün xərcin cavabdeh "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-777/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh MMC-dən 97 565,54 manat əsas borc və illik 5% ilə hesablanmış 7317,41 manat olmaqla cəmi 104 882 (yüz dörd min səkkiz yüz səksən iki manat) 95 (doxsan beş) qəpik məbləğində pul vəsaiti və 400 (dörd yüz) manat mediasiya xərcinin əvəzi İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir.

3. Cavabdeh "xxxx" MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-777/2024 nömrəli qətnaməsinin ləğv olunması, iddianın təmin olunmaması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli 31/22 nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən, İcraçı Qiymətlərin Razılaşdırılması Protokolunda əks olunmuş malları (xidmətləri) sifarişçinin mülkiyyətinə verməyi, sifarişçi isə malların qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öz öhdəliyinə götürmüşdür. Həmçinin "xxxx" MMC və "xxxx" MMC arasında 1-005 saylı may 2020-ci il tarixli podrat müqaviləsi bağlanmışdır. Belə ki, iddiaçı və cavabdeh arasında müqavilə bağlandığı zaman belə razılıq əldə edilmişdir ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-nə podrat müqaviləsi üzrə ödənilməli olan pul məbləği əsasında, yəni yalnız həmin şirkət tərəfindən pul məbləği ödənildikdən sonra cavabdeh "xxxx" MMC iddiaçı "xxxx" MMC-nə müqavilə üzrə ödənilməli olan pul məbləğini ödəməyi öhdəliyinə götürmüşdür. Lakin, "xxxx" MMC öz öhdəliyini icra etməmiş və müqavilə üzrə pul məbləğini ödəməkdən yayınmışdır. Bu səbəbdən, cavabdeh iddiaçıya həmin pul məbləğini ödəyə bilməmişdir. Məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, cavabdeh və iddiaçı arasında yuxarıda qeyd edilən şərtlərlə razılaşılaraq formal müqavilə bağlanmışdır. Onu da qeyd edir ki, hal-hazırda "xxxx" MMC və "xxxx" MMC arasında "pul tələbinə dair" Bakı Kommersiya Məhkəməsində e-2-2(113)-1129/2024 saylı iş üzrə məhkəmə mübahisəsi mövcuddur. Bu səbəbdən, iddiaçı "xxxx" MMC-nin hazırda cavabdeh "xxxx" MMC-nə qarşı irəli sürdüyü iddia tələbi əsassız və lüzumsuzdur, cavabdeh və iddiaçı arasında bağlanmış müqavilə üzrə ödənişlərin məhz "xxxx" MMC tərəfindən nəzərdə tutulmuş pul məbləği ödənildiyindən sonra həyata keçirilməli idi. Tərəflər arasında şərtləndirilmiş hallar olmadığından cavabdehin öhdəliyinin icra etməməsi barədə iddia əsassızdır. Göründüyü kimi, sözügedən müqavilə üzrə cavabdeh öhdəliyin pozulmasına görə məsuliyyət daşımır. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə tərəflərin bərabərlik. Məhkəmə iclası zamanı, bildirilmişdir ki, iddiaçı "xxxx" MMC-nin tələb etdiyi pul vəsaiti, əslində "xxxx" MMC-dən tələb edilməlidir. Ona görə ki, iddiaçı və cavabdeh arasında əldə edilmiş razılığa əsasən, yalnız "xxxx" MMC tərəfindən ödəniş həyata keçirildiyindən sonra, cavabdeh iddiaçıya pul vəsaiti ödəməli idi. Lakin, məhkəmə tərəfimizdən verilmiş izahatlara nəzər yetirməmiş və ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmişdir. Birinci instansiya məhkəməsi tərəfimizdən verilmiş izahatlara nəzər yetirməmiş, yalnız standart formada bağlanmış müqaviləyə əsaslanaraq qətnamə çıxarmışdır. Məhkəmə tərəfindən nəzərə alınmalı idi ki, iddiaçı və cavabdeh arasında müqavilədən kənar razılıq əldə edilmişdir. Həmin şərtlərə əsasən, hazırki mübahisə üzrə cavabdehin öhdəliyinin icra etməməsi məsələsi öz əksini tapmır. Lakin, məhkəmə işin hallarını araşdırmamış və qətnaməni tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

7. Cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının təxirə salınması barədə ərizə göndərmişdir. Ərizədə əsas kimi ailə vəziyyəti göstərilmiş, lakin bu halı təsdiq edən müvafiq sənəd əlavə edilməmişdir. Odur ki, ərizəni əsassız sayaraq məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

9. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

10. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

11. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

12. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

13. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

14. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

19. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı razılaşdırılmış malları cavabdehə təhvil vermiş, lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, nisyə alqısatqı müqaviləsi əsasında təhvil verilmiş malların dəyərini razılaşdırılmış müddət ərzində iddiaçıya tam ödəməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən nisyə verdiyi malların ödənilməsini tələb etmək hüququ yaranmışdır.

20. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşıdığını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi qeyd edilən hissədə əsaslıdır, buna görə də 97565,54 manat məbləğndə borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa iddiaçı öz iddia tələbində müqavilə üzrə ödənişlərin 18 ay gecikməsinə görə hesablanmış 7317,41 manatın da cavabdehdən tutulmasını tələb etmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 2.2-ci bəndində müqavilə üzrə ödənişlərin, müqavilənin şərtləri ilə müəyyənləşdirilmiş qaydada və məbləğdə, “İcraçı”nın təqdim etdiyi sənədlər (E-qaimə, hesab-faktura, aktlar və s.) əsasında “Sifarişçi” tərəfindən ən qısa müddət ərzində, lakin 10 bank günündən gec olmamaq şərti ilə aparılması razılaşdırılmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə təhviltəslim aktlarını və elektron qaimələri almasına baxmayaraq öhdəliklərini vaxtında yerinə yetirməmiş, bu günə kimi müqavilə üzrə ödənişlərini icra etməmişdir. Belə olan halda isə məhkəmə cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirildiyi 18 aydan artıq müddəti də nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi həmin hissədə də təmin edilməli və gecikdirilmiş 18 aya illik 5% ilə hesablanmış 7317,41 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

21. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı və cavabdeh arasında müqavilə bağlandığı zaman belə razılıq əldə edilmişdir ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-nə podrat müqaviləsi üzrə ödənilməli olan pul məbləği əsasında, yəni yalnız həmin şirkət tərəfindən pul məbləği ödənildikdən sonra cavabdeh "xxxx" MMC iddiaçı "xxxx" MMC-nə müqavilə üzrə ödənilməli olan pul məbləğini ödəməyi öhdəliyinə götürmüşdür. Lakin, "xxxx" MMC öz öhdəliyini icra etməmiş və müqavilə üzrə pul məbləğini ödəməkdən yayınmışdır. Bu səbəbdən, cavabdeh iddiaçıya həmin pul məbləğini ödəyə bilməmişdir. Məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, cavabdeh və iddiaçı arasında yuxarıda qeyd edilən şərtlərlə razılaşılaraq formal müqavilə bağlanmışdır. Onu da qeyd edir ki, halhazırda "xxxx" MMC və "xxxx" MMC arasında "pul tələbinə dair" Bakı Kommersiya Məhkəməsində e-2-2(113)-1129/2024 saylı iş üzrə məhkəmə mübahisəsi mövcuddur. Bu səbəbdən, iddiaçı "xxxx" MMC-nin hazırda cavabdeh "xxxx" MMC-nə qarşı irəli sürdüyü iddia tələbi əsassız və lüzumsuzdur, cavabdeh və iddiaçı arasında bağlanmış müqavilə üzrə ödənişlərin məhz "xxxx" MMC tərəfindən nəzərdə tutulmuş pul məbləği ödənildiyindən sonra həyata keçirilməli idi. Tərəflər arasında şərtləndirilmiş hallar olmadığından cavabdehin öhdəliyinin icra etməməsi barədə iddia əsassızdır.

22. Apellyatorun göstərdiyi bu dəlillə bağlı qeyd olunmalıdır ki, hal-hazıradək istinad olunan hallara dair heç bir sübut təqdim edilməmişdir. Tərəflər arasında olan müqavilədə müvafiq bənd qeyd edilməmişdir. İddiaçı bu halı inkar etmişdir. Belə vəziyyətdə sübutetmə vəzifəsi cavabdehin üzərindədir. Kollegiya qeyd edir ki, cavabdehin şikayətdə göstərdiyi məsələlər üzrə heç bir sübut təqdim edilməmiş və bitməmiş məhkəmə mübahisəsinə də istinad etmək olmaz. Odur ki, bu dəlildə göstərilən xüsusatlar öz təsdiqini tapmadığından əsassız hesab edilməlidir.

23. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

24. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

25. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-777/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar