Məhkəmə qərarları › İş №2-2(103)-569/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-569/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-569/2020 12.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə, İddiaçı “xxxxxxxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-679/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-679/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 136.000 manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzxi olaraq 20 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı “xxxxxxxxx” MMC-nin bank hesabına ödənilməsi qət olunmuşdur. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə, MPM-in 10-1.3-cü maddəsinin tələbinə zidd olaraq elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixində yenidən Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli məktubu ilə onun apellyasiya şikayəti iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 366.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan tələbləri qaydasında iş materiallarını araşıdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarında olan poçt qəbzinə əsasən müəyyən olunur ki, cavabdeh məhkəmənin qətnaməsini xx xxxxxx 2020-ci il tarixdə rəsmi qaydada almış və ilkin olaraq apellyasiya şikayətini məhkəməyə xx xxxxxxxx 2020-ci il tarixində poçt xidmətinə təqdim etmiş, bununla da MPM-in 360-cı maddəsində nəzərədə tutulan 1 aylıq şikayət vermə müdddətini ötürməmişdir. Lakin həmin şikayət MPM-in 10-1.3-cü maddəsinin tələbinə zidd olaraq elektron kabinet vasitəsilə verilmədiyinə görə məhkəmə xx.xx.2020-ci il tarixli qərardadı ilə onu geri qaytarmış, bundan sonra cavabdeh tərəfindən qeyd olunan nöqsanı aradan qaldırılaraq yenidən apellyasiya şikayətixx.xx.2020-ci il tarixində Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş, eyni zamanda, həmin tarixdə artıq şikayət vermə müddəti ötürüldüyündən, o, müddətin bərpası barədə ərizə ilə də Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir (Şikayət vermə müddətinin son günü xx.xx.2020-ci il tarixinə düşdüyü nəzərə alınmaqla, həmin müddət 8 gün buraxılmış olur). MPM-in 130.3-cü maddəsində nəzərdə tutulur ki, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır, onu vermiş şəxsə qaytarılır. Lakin işdən görünür ki, birinci instansiya məhkəməsi cavabdehin apellyasiya şikayəti ilə birgə təqdim etdiyi müddətin bərpası barədə ərizəsinə diqqət yetirməmiş, müddətin bərpası barədə ərizəsinə baxmadan, birbaşa apellyasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Belə olan halda, MPM-in qeyd olunan 130.3-cü, habelə, 363.1.3-cü maddələrinin tələbləri baxımından, prosessual müddət keçdiyi və həmin müddətin bərpa olunmasına dair məhkəmə aktı mövcud olmadığı halda, cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya icraatının mümkünlüyü istisna edilir. Beləliklə də qeyd olunan prosessual pozuntuları nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdeh tərəfindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilməli və onun müddətin bərpası barədə ərizəsinə baxılması üçün iş Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və MPM-in 263-264, 402 və 405-cı maddələrini rəhbər tutaraq kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC-nin apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. İş materialları Cavabdeh MMC-ninmüddətin bərpası barədə ərizəsinə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar