Məhkəmə qərarları › İş №2-2(103)-569/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-569/2024

16.05.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-569/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6972/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadından Maraqlı şəxs nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, “Bakı şəhər X1 Rayonlararası Bölməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixinə Dövlət Sosial Müdafiə Fonduna olan 172477,51 manat, İcbari Tibbi Sığorta Fonduna olan 7325,53 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. Maraqlı şəxs həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6972/2023 saylı qərardadı ilə apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Maraqlı şəxs apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi və qətnamədən verilən apellyasiya şikayətinin qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(103)-417/2024 nömrəli qərardadı ilə Maraqlı şəxs tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6972/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 05 fevral 2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra maraqlı şəxsin nümayəndəsi Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-6972/2023 nömrəli qətnaməsinin apellyasiya şikayəti verilmə müddətinin bərpa olunması barədə ərizə verərək buraxılmış müddətin üzlü hesab olunmasını və müddətin bərpa edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin e2-2(113)- 6972/2023 saylı xx.xx.2024-cü il saylı qərardadı ilə maraqlı şəxsin nümayəndəsi Vəkil ərizəsi təmin edilməmiş, Maraqlı şəxs Bakı Kommersiya Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli, e-2-2(113)- 6972/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin müddətinin bərpasından imtina edilmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Maraqlı şəxsin nümayəndəsi Vəkil qeyd olunan qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli № e2-2(113)-6972/2023 nömrəli qərardadının ləğv edilməsi və prosessual müddətin bərpası barədə ərizənin təmin edilməsini və qətnamədən verilən apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının vaxtı, yeri barədə xəbərdar edilmədiyindən və bunun səbəbləri barədə məlumat verilmədiyindən Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. Maraqlı şəxs, ölkədən çıxışına məhdudiyət qoyulduğunu bildikdən sonra qətnaməni əldə etmək üçün Bakı Kommersiya Məhkəməsinə gələrək özü 22 yanvar 2024-cü il tarixdə əlbəəl şəkildə qətnaməni götürmüşdür. Lakin qətnamə məhkəmə işçiləri tərəfindən təqdim edilsə də, vətəndaşa qəbzə imzalatdırılmamışdır. Hüquqi savadı olmadığına görə vətəndaş Maraqlı şəxs qətnaməni əldə etdiyi tarixi 22 yanvar 2024-cü il tarixdən apellyasiya şikayəti müddəti olaraq nəzərə almışdır. Qətnaməni əldə etdikdən sonra 2 fevral 2024-cü il tarixdə vəkil kabineti vasitəsilə apellyasiya şikayəti verilmişdir. Lakin məhkəmə apellyasiya şikayətinin müddəti keçməsi və maraqlı şəxsin kabineti olması əsası ilə şikayəti geri qaytarmışdır. Daha sonra müddətin bərpasının üzrlü hesab edilməsi barədə ərizə ilə birlikdə yenidən apellyasiya şikayəti verilmişdir. Lakin məhkəmə müddətin bərpası barədə ərizəni 4 aprel 2024-cü il tarixli qərardadla təmin etməyərək apellyasiya şikayətini geri qaytarmışdır. Hesab edirik ki, qərardad əsassızdır. Maraqlı şəxs müddəti ötürməsi üzrlü hesab olunmalıdır. Bununla bağlı hesab edirik ki, müddətin bərpasından imtina barədə qərardad ləvğ edilməlidir və apellyasiya şikayəti icraata qəbul edilməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 216.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə qətnamənin elan edilmiş nəticə hissəsi barədə məlumat həmin gün hakimin elektron imzası ilə təsdiq edilməklə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilir. Həmin Məcəllənin 227.4-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə hesab etmişdir ki, müddətin bərpası barədə vəsatət təmin edilməməlidir. Çünki iddiaçı apellyasiya şikayətinin müddətinin ötürməsinin üzrlü səbəbdən baş verməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, onun elektron kabinetinin mövcudluğundan xəbəri olmaması isə inandırıcı deyildir. Hətta maraqlı şəxs 2024-cü ilin yanvar ayının əvvəllərində barəsində olan məhkəmə iclasından xəbəri olduğunu izahatında da etiraf etmişdir. Bundan başqa o, məhkəmə qətnaməsini dəftərxanaya müraciət edərək xx.xx.2024-cü il tarixində aldığını bildirsə də, iş materiallarında nə onun bu barədə məhkəməyə müraciəti, nə də qətnaməni alması barədə qəbz mövcud deyildir. Məhkəmə kollegiya qeyd edilənləri əsaslı sayaraq hesab edir ki, prosessual müddətin bərpa edilməsi barədə vəsatət haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Maraqlı şəxs nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6972/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar