Məhkəmə qərarları › İş №2-2(103)-57/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-57/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-57/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, İddiaçı MMC-nin X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-1634/2020 saylı qətnaməsindən (hakim E.Əliyev) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 4224,40 manat məbləğində əsas və 852,44 manat məbləğində cərimə, cəmi 5076,84 manat pul məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 2018/01/05/001 nömrəli alqı-satqı müqaviləsinə əsasən müxtəlif tarixlərdə cavabdeh tərəfindən sifarişlər olunmuş və iddiaçı tərəfindən mallar satış məqsədi ilə cavabdehə elektron vergi hesab-faktura əsasında təhvil verilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018 – xx.xx.2019 tarixləri aralıqlarında alqı-satqı müqaviləsi əsasında qarşılıqlı hesablaşmalar üzrə üzləşmə aktına əsasən, cavabdehin iddiaçıya xx.xx.2019-cu il tarixinə 4224,40 manat borcu yaranmışdır. Müqavilənin 3.1-ci maddəsində qeyd olunmuşdur ki, əgər əlavələrdə ayrı qayda nəzərdə tutulmayıbsa, ödəniləcək cəmi məbləğin 50%-i əvvəlcədən ödəniş (avans) şəklində, qalan ödəniş mal təhvil verildikdən sonra 60 gün ərzində köçürmə yolu ilə “Satıcı”nın hesabına ödənilməlidir. Əlavələrdə ayrı qayda nəzərdə tutulduğu halda əlavənin müvafiq maddəsi daha üstün qüvvəyə malikdir. Lakin cavabdehə 4224,40 manat borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Bundan başqa, Müqavilənin 3.2-ci maddəsində qeyd olunmuşdur ki, bu müqavilənin 3.1.-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində “Satıcı”ya əvvəlcədən ödənişin (avans) gecikdirilməsi halında, həmin müddət bitdikdən sonra cəmi məbləğin 100%-i ödənilənədək “Alıcı” “Satıcı”ya hər gecikdirilən gün üçün cəmi məbləğin 0,05%-i miqdarında cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə qədər hesablanmış cərimə məbləği 852,44 manat təşkil edir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2 (113)- 1634/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 4224,40 manat ödənilməmiş borc, 25,60 manat cərimə (dəbbə pulu), ümumilikdə 4250 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25,11 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-1634/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən işi birtərəfli qaydada araşdırmış, iş üzrə təkcə iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmışdır. Cavabdeh qarşı tərəfin təqdim etdiyi bu müqaviləni imzalasa da, sonradan onların təklif etdiyi qiymətlərin yuxarı olduğunu nəzərə alaraq onlarla işləməkdən imtina etmişdir. Aralarında müqavilə bağlanması hələ öhdəliklərin yaranması demək deyildir. Bunun üçün müqavilənin bir işləmə mexanizmi olmalıdır. Cavabdehə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat vermişdir. Məhkəmə izahatı dinləyərək, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-1634/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə qəbul edilmiş qətnamə cavabdeh tərəfindən iddianın təmin edildiyi hissədə mübahisələndirilir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 2018/01/05/001 nömrəli tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, satıcı – “İddiaçı” MMC müqaviləyə əlavələrdə qeyd olunan əşyaları alıcı Cavabdeh MMC-yə satmağı,” alıcı – Cavabdeh MMC də öz növbəsində malları müqavilədə müəyyənləşdirilmiş qaydada və müddətdə təhvil almağı, əgər ödəniş gecikdirilərsə hər gecikdirilən gün üçün cəmi məbləğin 0.05 faizi həcmində cərimə pulunu ödəməyi öz öhdəsinə götürmüş və bu məbləğ ümumi borcun 10%-dən artıq ola bilməz. xx.xx.2020-ci il tarixli İddiaçı MMC tərəfindən verilən borcun hesablanması haqqında maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixə alqı-satqı məbləği 46500,84 manat, borcun müqavilə üzrə hissə-hissə və ya tam qaytarılmalı olduğu tarix xx.xx.2019-cu il, bir günlük cərimə faizinin məbləği (bir günlük cərimə faiz dərəcəsi 0,05%) 2,11 manat, müqavilə üzrə əsas qalıq borc 4224,40 manat, müqavilə üzrə hesablanmış dəbbə pulu (penya) 852,44 manat olmaqla cəmi 5076,84 manat borcu vardır. Cavabdeh apelyasiya şikayətində tərəflər arasında alqı-satqı müqaviləsini bağlandığını qəbul etsə də həmin müqavilənin icra edildiyinə dair iddiaçı tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyini bildirir. Məhkəmə kollegiyası cavabdehin bu mülahizəsini əsassız hesab edir. İş materiallarına əlavə edilmiş xx xxxxx 2019-cu il tarixli alqı-satqı əsasında qarşılıqlı hesablaşmalar üzrə üzləşmə aktından görünür ki, Cavabdeh MMC xx.xx.2019-cu il tarixə İddiaçı MMC-yə cəmi 4224,40 manat məbləğində borcu olduğunu təsdiq etmişdir.” Məhkəmə hesab edir ki, qeyd edilən akt alqı-satqı müqaviləsinin icra edildiyini və cavabdehin həmin müqavilə üzrə qalıq borcunun 4224,40 manat olduğunu təsdiq edir. Mülki Prosessual Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəfindən qeyd edilən borcun ödənilməsi barədə məhkəməyə sübut təqdim edilmədiyindən məhkəmə iddianın təmin edildiyi hissədə qətnaməni qanuni və əsaslı hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2 (113)- 1634/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-1634/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar