Məhkəmə qərarları › İş №2-2(103)-574/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-574/2022

15.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-574/2022 15.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin (bundan sonra - iddiaçı) nümayəndəsi X2, cavabdeh X1 (bundan sonra - cavabdeh) vəkili və nümayəndəsi Vəkil iştirakı ilə pul tələblərinə dair iddiaçının cavabdehə qarşı ilk, cavabdehin iddiaçıya qarşı qarşılıqlı iddia ərizələri ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-67/2022 nömrəli iş üzrə 03 mart 2022-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 12.300 manat əsas borc, 1.200 manat dəymiş maddi ziyana görə, cəmi 13.500 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh də iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilk iddianın rədd edilməsi, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2018-ci il tarixli 0109/2018 nömrəli müqavilənin etibarsız hesab edilməsi, avadanlıqların hər birinin dəyəri 6.500 manat olmaqla, 2 ədəd avadanlıq üçün ödədiyi 13.000 manat, habelə onların quraşdırılması və işlək vəziyyətə gətirilməsi üçün ödədiyi iki ədəd dinamanın (işlənmiş vəziyyətdə) dəyəri olan 1.500 manat, tüstü borularının (manqal ilə tüstü-baca avadanlığının birləşdirmək üçün) dəyəri olan 2.300 manat və usta xərci kimi ödədiyi 1.000 manat, filterin quraşdırılması üçün 600 manat olmaqla, ümumilikdə 18.400 manat məbləğində xərcin iddiaçıdan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, cavabdehdən 6.700 manat məbləğdə əsas borcun alınaraq iddiaçıya ödənilməsi, ilk iddianın 1.200 manat maddi ziyan tələbi hissəsində rədd edilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ilk iddia qismən təmin edilən, qarşılıqlı iddia rədd edilən hissələrdə ləğv edilib, ilk iddianın tam rədd olunmasını, qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı avadanlıqları quraşdırmaq vəzifəsinin olmadığını bildirsə də, məhkəmə iclasında onlardan birini quraşdırdığını etiraf emişdir. Vəzifəsi olmadığı halda niyə quraşdırdığına dair sual verdikdə isə güya aradakı münasibəti və xahişi nəzərə alaraq bu addımı atdıını bildirmişdir. Bütün yuxarıda qeyd etdiyi hallar malın keyfiyyəti və komplektliyi ilə bağlı tələblərin pozulması hallarıdır və konkret, təkzibedilməz sübutlarla öz təsdiqini tapır. Məhkəmə isə bu halları araşdırmaq əvəzinə müddətin tətbiqi qənaətinə gəlmişdir. Qarşılıqlı iddia ərizəsində birmənalı olaraq qeyd etmişdir ki, iddiaçı ilə aralarında havatəmizləmə qurğusunun (Sulu Filtre 16.000 m3/h) alqı-satqısına və quraşdırılmasına dair razılıq olmuş və razılığa əsasən hər birinin qiyməti 6.500 manat olmaqla, 2 ədəd avadanlığın (ümumi dəyəri 13.000 manat) quraşdırılaraq təhvil verilməsi nəzərdə tutulmuşdur. Həmin alqı-satqının iddiaçının istinad etdiyi xx.xx.2018-ci il tarixli müqavilə ilə heç bir əlaqəsi yoxdur. Qeyd edilən 13.000 manat məbləğdə vəsait cavabdeh tərəfindən tam şəkildə iddiaçıya ödənilsə də, sonradan ona məlum olmuşdur ki, avadanlıqlar tam komplekt deyil və istifadə halına gətirmək üçün müəyyən hissələrlə təchiz etmək lazımdır. Dəfələrlə həmin hissələri təhvil verməsini tələb etməyinə baxmayaraq, avadanlığın hissələri təhvil verilməmişdir. Bundan sonra, öz şəxsi xərcləri hesabına dəyəri 1.500 manat olan iki ədəd dinama (işlənmiş vəziyyətdə), 2.300 manat məbləğdə tüstü boruları (manqal ilə baca borularını birləşdirmək üçün) və 1.000 manat usta xərci, filtir quraşdırılması üçün 600 manat olmaqla, ümumilikdə 5.400 manat xərc çəkərək, ziyana düşmüşdür. İddiaçı WhatApp vasitəsilə ona göndərdiyi təklifdə Machine filter 16.000 m3/h avadanlığının (Sulu filterin) verilməsi nəzərdə tutulsa da, faktiki olaraq, ona 10.000 m3/h modelli Sulu filter vermişdir. Bundan əlavə, müqavilənin əlavəsində modelin 12.000 m3/h kimi qeyd edilsə də, e-qaimədə 16.000 m3/h kimi qeyd edilmişdir. Göründüyü kimi, müqavilənin əlavəsində qeyd edilən avadanlıq modeli texniki göstəricilərinə görə eqaimədə göstərilən modelin texniki göstəricilərindən fərqlidir. Eyni zamanda, məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli 0429 nömrəli monitorinq aktında qeyd edilmişdir ki, “... şadlıq sarayına avadanlığın ölçüləri - uzunluğu 2 metr, eni 1 metr, hündürlüyü 1 metr olan su ilə işləyən (sulu filter) quraşdırılmışdır.” İdidiaçının qanuni təmsilçisi məhkəmə baxışı zamanı izahat verərkən, xx.xx.2018-ci il tarixli müqavilənin əslində həmin tarixdə deyil, müraciətinin AR DİN Baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsində araşdırılması zamanı onun tərəfindən imzalandığını bildirmişdir. Həmin araşdırma isə iddiaçının özünün şifahi izahatında və iddia ərizəsində təsdiq etdiyi kimi 2019-cu il ilin aprel ayında aparılmışdır. Müqavilənin geri tarixlə imzalanması həmin müqavilənin formal olmasını, real münasibətləri deyil, tərəflər arasında bağlanmış hansısa əqdi, həmin əqd üzrə münasibətləri pərdələmək məqsədi daşıdığını deməyə əsas verir. Baş mütəşəkkil cinayətkarlıqla mübarizə baş idarəsi notariat kontoru deyil, ASAN xidmət mərkəzi deyil. Müqavilənin bu şəraitdə bağlanması onu deməyə imkan verir ki, ona qarşı məcburetmə (zorakılıq və ya hədələmə) və psixoloji təzyiq altında bu müqaviləni imzalamışdır ki, onu necə və hansı şəraitdə imzaladığını belə xatırlamır. Eyni zamanda, istisna deyil ki, bu müqaviləni və ya adi boş kağızı müəyyən sənədlərin (izahatın və sair) altına qoyaraq ona imzalatdırmış olsunlar. Yuxarıda qeyd etdiyi kimi, onun qarşılıqlı iddiasının əsası müqaviləni imzalamamağı olmuşdur. Lakin hazırda qeyd etdiyi hallar (müqavilənin geri tarixə imzalanması) isə iddiaçının özünün etiraf etdiyi hallardır. Müqaviləni imzalamamışdırsa və ya iddiaçının dediyi kimi müqaviləni Baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsində geri tarixə imzalamışdırsa (güman ki, ya təzyiq altında imzalatdırdıqlarına görə bunu unutmuşdu yaxud da hansısa sənədlərə qarışdırıb imzalatdırıblar), hər iki hal hüquqi nəticə etibarı ilə eynidir və müqavilənin etibarsızlığına səbəb olur. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili və nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermiş, iddiaçının nümayəndəsi şikayəti qəbul etməyib, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayəti ilə qətnamənin ilk iddia qismən təmin edilən və qarşılıqlı iddia rədd olunan hissədə ləğv edilərək, həmin hissədə də ilk iddianın rədd olunması və qarşılıqlı iddianın təmin olunması xahiş edildiyi, iddiaçı ilk iddianın qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün, birinci instansiya məhkəməsinin qətnaməsinə ilk iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, qətnamənin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissəyə, tərəflər arasında mübahisəsiz olduğundan, toxunulmamalı, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün qətnamə yalnız ilk iddia təmin olunan və qarşılıqlı iddia rədd edilən hissələrdə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır. İşdən müəyyən edilir ki, satıcı iddiaçı ilə alıcı cavabdeh arasında “Niel” şadlıq sarayının üzərində manqaldan istifadə vaxtı bacadan atmosferə atılan tüstü qazlarının qarşısını almaq məqsədilə bağlanmış xx.xx.2018-ci il tarixli 0109/2018 nömrəli müqaviləyə əsasən ümumi dəyəri 16.000 manat olan 2 ədəd “Baca tipi sulu filter”i satılmış, iddiaçı tərəfindən cavabdehə Machine Filter adlı 16.000 m3//h-lıq 1 ədəd avadanlığa görə məbləği 8.000 manat olan xx.xx.2019-cu il tarixli EAAQ 326257 nömrəli elektron qaimə təqdim olunmuşdur. Belə ki, qiyməti 8.000 manat olan 1 ədəd təmizləyici avadanlığın satılması ilə bağlı tərəflər arasında 2018-ci ilin sentyabr ayında şifahi razılaşma əldə edilmiş, daha sonra həmin ilin oktyabr ayında alıcı tələb olunan vəsaitin 70%-ni (WhatsApp yazışması), yəni 5.600 (8.000 manat x 70%) manatını satıcıya ödəmişdir. Lakin sonradan alıcı manqalın həcminə görə əlavə bir ədəd təmizləyici avadanlığı sifariş etmiş və həmin ilin axırlarında ayında sözügedən 2 ədəd qurğu alıcıya təhvil verilmiş və satıcıya əlavə 1.000 manat pul ödənilmişdir. Daha sonra satıcı borcun ödənilməməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinə şikayət yazmış və oraya dəvət edilmiş alıcı 2019-cu ilin aprel ayında xx.xx.2018-ci il tarixli müqaviləni imzalamaqla, əlavə olaraq 2.700 manat pulu satıcıya ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır; Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 589.1. Əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin; Maddə 589.2. Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın: 1.2. Elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir; 3.9. ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyən şifahi qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən təhvil aldığı malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə razılaşdırılmış qaydada icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya qalan borcunu ödəməlidir. Belə ki, iddiaçı tərəfindən tüstü qazlarının qarşısını almaq məqsədilə hər birinin qiyməti 8.000 manat, cəmi 16.000 manat məbləğdə olan 2 ədəd təmizləyici qurğu cavabdehə satılsa da, sonuncu bunun müqabilində cəmi 9.300 (5.600 + 1.000 + 2.700) manat ödəmiş, 6.700 manat isə ödənilməmiş qalmışdır. Bu baxımdan, məhkəmə kollegiyası əvvəl bir ədəd, daha sonra isə əlavə biri olmaqla, cəmi iki ədəd təmizləyici avadanlığın sifariş olunması və hər iki qurğunun 8.000 manat dəyərdə olması ilə razılaşır. Belə ki, xx.xx.2019-cu il tarixli elektron qaimədə yalnız bir ədəd qurğu qeyd edilsə də, alıcı elekron qaiməyə 1 ədəd avadanlığın 8.000 manat dəyərdə olmasına 5 gün ərzində etiraz verməməklə onu qəbul etmiş, “Niel” şadlıq sarayında isə 2018-ci ildə faktiki iki ədəd təmizləyici qurğunun quraşdırıldığı müəyyən edilmişdir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçının avadanlıqları quraşdırmaq vəzifəsi alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmadığı halda onun qurğulardan birini quraşdırması digərini də quraşdırmaq öhdəliyini götürməsi anlamına gəlmir, iddiaçı belə bir vəzifəsi olduğunu qəbul etmir, əksini sübuta yetirmək cavabdehin üzərinə düşür, lakin sonuncu bununla bağlı heç bir mötəbər sübuta istinad etmir. Cavabdeh hər birinin qiyməti 6.500 manat olmaqla 2 ədəd avadanlığın (ümumi dəyəri 13.000 manat) quraşdırılaraq təhvil verilməsini razılaşdırdıqlarını və 13.000 manat məbləğdə vəsaiti tam şəkildə iddiaçıya ödədiyini irəli sürsə də, bu barədə də hər hansı mötəbər sübut təqdim etmir. Sulu hava filterlərinin işləməsi üçün tələb olunan əlavə boru və sair avadanlığın satıcı tərəfindən alıcıya təqdim edilməli olması və onun tərəfindən quraşdırılmalı olması da alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmamışdır, tərəflərin bununla bağlı sair qaydada razılaşdığı da iş materialları ilə təsdiqini tapmır, cavabdeh də buna dair heç bir mötəbər sübuta istinad etmir. İddiaçının WhatsApp vasitəsilə cavabdehə göndərdiyi təklifdə Machine filter 16.000 m3/h avadanlığının (sulu filterin) verilməsi nəzərdə tutulsa da, faktiki olaraq, ona daha az gücdə filter verildiyi dəlilinə gəldikdə isə, məhkəmə kollegiyasının araşdırması ilə mübahisəsiz qaydada sabit olmuşdur ki, iddiaçının cavabdehə satdığı iki ədəd hava təmizləyici qurğu “Niel” şadlıq sarayında quraşdırılmışdır, hazırda da oradadır. Təqdim olunan fotoşəkillərdən görünür ki, qurğulara su boruları və elektrik kabelləri çəkilmiş vəziyyətdədir, nasoslar qoşulmuşdur ki, bu da həmin qurğulardan istifadə olunduğuna dəlalət edir. Hətta fərz olunsa ki, iddiaçı cavabdehə daha az gücdə hava filteri təhvil vermişdir, sonuncunun həmin qurğuları qəbul edərək, tam işlək vəziyyətə gətirməsi, istifadə etməyə başlaması, ötən iki ildən çox müddət ərzində istifadə etməsi, dəyərindən qismən ödəniş etməsi və 5 gün ərzində cavabdeh tərəfindən etiraz verilmədiyi üçün qüvvəyə minən elektron qaimə o mənaya gəlir ki, tərəflər arasında şifahi qaydada alqısatqı müqaviləsi bağlanmış, hüquqi qüvvəyə minmiş, tərəflər üçün məcburilik ifadə etmiş və iddiaçı tərəfindən icra olunmuşdur. Mübahisəli qurğuların ölçülərinin müqavilə ilə razılaşdırılan 220x110x110 sm əvəzinə 200x100x100 sm olması, həmçinin, keyfiyyətsiz, standartlara uyğun və zavod istehsalı olmayan avadanlığın satılması haqqında dəlillər də eyni əsasla qəbul edilmir. Bundan əlavə, iddiaçı ölçülərin dəyişmədiyini, həmin ölçülərə hava filterlərinin əsas gövdəsinə əlavə edilən avadanlıqların ölçülərinin əlavə edilməli olduğunu bildirmişdir ki, fotoşəkillərə əsasən bu arqumentlər inandırıcıdır. Eyni əsas şikayətin xx.xx.2018-ci il tarixli müqaviləni əslində həmin tarixdə deyil, iddiaçının müraciətinin AR DİN Baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsində araşdırılan zaman cavabdeh tərəfindən imzalandığı üçün alqı-satqının etibarsız sayılması barədə dəlilinə münasibətdə də keçərlidir. Belə ki, Mülki Məcəllə ilə alqı-satqı müqaviləsinin mütləq yazılı qaydada bağlanmasına dair forma şərti müəyyən edilməmişdir. Başqa sözlə, qanunvericiliyə görə alqı-satqı müqaviləsi şifahi qaydada da bağlana bilər və hazırki işdə də, əvvəkli iki abzasda hüquqi qiymət verildiyi kimi, məhz bu baş vermişdir. Odur ki, müqavilənin sonrakı tarixlərdə təkrar yazılı formada bağlanması ilə bağlı irəli sürülən bir sıra məqamlar əvvəlki tarixdə razılaşdırılmış şifahi alqı-satqının etibarlılığına təsir etmir. Fərz olunsa ki, qeyd edilənlər alqı-satqının etibarlılığına təsir edir, o halda iki ədəd hava filterinin 2018-ci ildə cavabdehin obyektində quraşdırıldığı işin mübahisəsiz halı olduğu nəzərə alnmaqla, birinci instansiya məhkəməsi doğru olaraq nəticəyə gəlmişdir ki, “... alıcı 2019-cu ilin aprel ayında imzalanmış 01 sentyabr 2018-ci il tarixli, 0109/2018 saylı müqavilənin etibarsız hesab edilməsini 2021-ci ilin yanvar ayında məhkəməyə müraciət etməklə, həmin tələbi irəli sürmək üçün nəzərdə tutulmuş 1 illik müddəti ötürmüş, bununla yanaşı həmin müqaviləni imzalayan X1 zorakı hərəkətlərə və hədəyə məruz qalması ilə bağlı heç bir sübut təqdim etməmişdir. Bununla yanaşı, alıçı keyfiyyətsiz, standartlara uyğun və zavod istehsalı olmayan avadanlığının satıldığına istinad etsə də, məhkəmə hesab edir ki, Mülki Məcəlləsinin 589.2-ci maddəsinə əsasən həmin tələb iki il ərzində, yəni 2020-ci ilin noyabr ayınadək irəli sürülə bilər.” MPM-in: Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ilk iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-67/2022 nömrəli iş üzrə 03 mart 2022ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh X1 apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar