Məhkəmə qərarları › İş №2-2(103)-574/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-574/2023

22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-574/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, e-2-2 (113)-4678/2022 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC iddia və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 197370,20 ABŞ dolları 20 sent ödənilməli olan əsas borcun və 99741 ABŞ dolları hesablanılmış cərimə məbləğinin ümumilikdə 297111 ABŞ dollarının manata olan məzənəsinə uyğun olaraq və 400 manat mediasiya xərci və 395 manat dövlət rüsumunun Cavabdeh MMC-dən alınıb İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, alqı-satqı müqaviləsi üzrə tərəflər olan alıcı Cavabdeh MMC ilə satıcı İddiaçı MMC arasında 20 sentyabr 2021-ci il tarixdə bağlanılmış alqı satqı müqaviləsi əsasında alınmış mallara görə Cavabdeh MMC-nin 217106,83 ABŞ dolları 83 sent borcu yaranmışdır. xx.xx.2022-ci il tarixdə həmin müqavilə əsasına verilmiş malların və ödənilmiş vəsaitin yoxlanılması zamanı Cavabdeh MMC borcu təsdiqləyərək, bu barədə tərtib olunmuş üzləşmə aktı imzalanmışdır. Dəfələrlə edilən xəbərdarlıqdan sonra, həmin məbləğdən müəyyən qədər ödəniş olunmuş və 197370.20ABŞ dolları 20 sent ödənilməli olan borc qalmışdır. Bağlanılmış alqı-satqı müqaviləsinin 3.2.1 və 3.3-cü bəndlərində qeyd olunan öhdəliyə görə qeyd olunan borc məbləği ən geci 90 gün ərzində ödənilməli idi. Lakin bu günə qədər borc məbləği ödənilməmişdir. Müqavilə üzrə Cavabdeh MMC-nin üzərinə götürdüyü öhdəliyə görə ödənişi gecikdirilmiş məbləğin 0.5% həddində hər iş günü üçün cərimə məbləği hesablamaq hüququmuz vardır ki, bu da 99741 ABŞ dolları təşkil edir. Bakı Kommersiya Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, e-2-2 (113)-4678/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MMC-dən 197370,20 ABŞ dolları əsas borc, 7629,80 ABŞ dolları cərimə, ümumilikdə 205000 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla, 400 manat mediasiya xərci və 272,51 manat dövlət rüsumu pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmadığı hissəsində ləğv edilməsini və iddia ərizəsinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı MMC ərizə təqdim edərək apellyasiya şikayətindən imtina etdiklərini bildirmiş və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, İddiaçı MMC tərəfindən verilmiş ərizəni araşdıraraq, hesab edir ki, ərizə təmin edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMC-nin apellyasiya şikayətindən imtina etməsi və həmin iş üzrə apellyasiya icraatına xitam verilməsi işdə iştirak edən şəxslərin hüquq və mənafelərinə toxunmur, həmçinin qanuna zidd deyil. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətindən imtina barədə iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməli və bununla bağlı iddiaçıya münasibətdə apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, e-2-2 (113)-4678/2022 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətindən imtinası qəbul edilsin. Apellyasiya şikayəti üzrə apellyasiya icraatına İddiaçı MMC-yə münasibətdə xitam verilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar