Məhkəmə qərarları › İş №2-2(103)-575/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-575/2022

07.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-575/2022 07.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulmasına dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-953/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 28166,81 manat məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "Körpü Tunel Tİkinti” MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında ərzaq məhsullarının satın alınması barədə 25 noyabr 2019-cu il tarixli KM/21 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı ("xxxx" ASC) alıcının (Cavabdeh MMC) sifarişi əsasında hər dəfə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən müvafiq qaydada təsdiq edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələr ilə razılaşdırılan ərzaq məhsullarının satın alınması barədə təklifini qəbul edir və ərzaq məhsulları ilə təmin edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən alıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının satıcıdan qəbul edilməsini və onun dəyərinin ödənilməsini öhdəsinə götürür. Bildiririk ki, müqavilənin 1.1-ci bəndi üzrə öhdəliyimiz icra olunaraq 77876,07 manat ƏDV daxil dəyərində ərzaq məhsulu Cavabdeh MMC-yə təqdim edilmişdir. Cavabdeh MMC tərəfindən həmin öhdəliyin 49709,26 manat dəyərində hissəsi iddiaçıya ödənilmişdir. Lakin, müqavilənin 1.2-ci bəndinin tələbləri pozularaq qəbul edilmiş ərzaq məhsullarının müqabilində 28166,81 manat pul Cavabdeh MMC tərəfindən ödənilməmişdir. Borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə iddiaçı tərəfindən cavabdehlə pretenziya məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Hazırda cavabdehin iddiaçı qarşısında öhdəliyi 28166,81 manat təşkil edir. Bakı Kommersiya Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, e-2-2(113)-953/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh "xxxx" MMC apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-953/2022 saylı, 07 aprel 2022-ci il tarixli qətnaməsi ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixlli, KM/21 saylı müqavilənin 2.4 və 3.2.1-ci bəndlərinə əhəmiyyət verməmiş, qarşı tərəfin sübut kimi təqdim etdiyi təhvil-təslim aktlarını cavabdeh tərəfindən imzalayan şəxslərin cavabdehin səlahiyyətli nümayəndəsi olub-olmamasını müəyyən etməmiş, aktlarda alıcının möhürünün olmamasına qiymət verməmiş və nəticədə əsassız qətnamə çıxarmışdır. Müqavilənin 2.4-cü bəndinə görə satıcı tərəfindən alıcıya təqdim olunan malların dəyəri təhvil-təslim aktı, elektron qaimə-faktura, hesab-faktura və elektron vergi hesab-fakturası (EVHF) təqdim olunduqdan sonra avans məbləğinin xüsusi çəkisi nəzərə alınmaqla, faktiki təhvil verilmiş ərzaq məhsullarının dəyəri 20 iş günü ərzində satıcının müqavilədə göstərilən bank hesabına ödənilir. Müqavilənin 3.2.1-ci bəndinə görə bu müqavilənin tərkib hissəsi olan əlavəyə uyğun olaraq, ərzaq məhsullarını təxirə salınmadan qəbul edir və qiymətlərin razılaşdırma protokoluna əsasən ərzaq məhsullarının dəyərini ödəyir. Alıcının nümayəndəsi tərəfindən təhvil-təslim aktı imzalandıqdan sonra məhsullar qəbul edilmiş sayılır. Məhkəmə işə birtərəfli, tərəflərin çəkişmə prinsipinə riayət etmədən, işi tam, ətraflı, obyektiv araşdırmadan tez-tələsik əsassız qətnamə çıxarmışdır. Məhkəmə ədalətin bərqərar edilməsi üçün cavabdehin işdə iştirakına şərait yaratmalı, onun iştirakı ilə işə ədalətli, hərtərəfli, tam obyektiv baxmağa borclu olduğu halda, işə cavabdehin iştirakı olmadan baxaraq əsassız qətnamə çıxarmışdır. Məhkəmə tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixlli, KM/21 saylı müqavilənin 2.4. və 3.2.1-ci bəndlərinə əhəmiyyət verməmiş, qarşı tərəfin sübut kimi təqdim etdiyi təhvil-təslim aktlarını cavabdeh tərəfindən imzalayan şəxslərin cavabdehin səlahiyyətli nümayəndəsi olub-olmamasını müəyyən etməmiş, aktlarda alıcının möhrünün olmamasına qiymət verməmiş və tez-tələsik qətnamə çıxarmışdır. Məhkəmə Qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 6.3-cü bəndində göstərilir ki, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəbləri orada izah edilməlidir. Məhkəmə cavabdehin iştirakı olmadan işə birtərəfli baxmiş, qarşı tərəfin sübut kimi təqdim etdiyi təhvil-təslim aktlarını cavabdeh tərəfindən imzalayan şəxslərin cavabdehin səlahiyyətli nümayəndəsi olub-olmamasını müəyyən etməmiş, aktlarda alıcının möhrünün olmamasına qiymət verməmiş, nəticədə əsassız qətnamə çıxarmışdır. İşə apellyasiya qaydasında baxılması xx.xx.2022-ci il tarixə təyin edilmiş, cavabdehin iştirakını təmin etmək üçün məhkəmə iclası xx.xx.2022-ci il tarixə təxirə salınmış, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də iclasda səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-953/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında 25 noyabr 2019-cu il tarixdə KM/21 saylı alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı cavabdehə sifariş əsasında əlavələr ilə razılaşdırılan ərzaq məhsullarının satılmasını, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarını satıcıdan qəbul edib dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. 07 may 2020-ci il tarixli EBAJ seriyalı, 632378 saylı, 632381 saylı və 632383 saylı, 15 may 2020-ci il tarixli EBAJ seriyalı, 940140 saylı, 940141 saylı, 940142 saylı, 940143 saylı, 940144 saylı və 940145 saylı elektron qaimələrdən görünür ki, cavabdehə cəmi 77876,03 manat dəyərində mal verilmişdir. 29 mart 2020-ci il tarixli TA seriyalı, ******* saylı, ******* və ******* saylı malların təhvil-qəbul aktına əsasən müvafiq olaraq 12035,99 manat, 27511,76 və 770,16 manat dəyərində mal, 01 may 2020-ci il tarixli TA seriyalı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı malların təhvil-qəbul aktına əsasən müvafiq olaraq 5100,66 manat, 9401,06 manat, 16360,66 manat və 377,36 manat dəyərində mal, 07 may 2020-ci il tarixli TA seriyalı, ******* saylı və ******* saylı malların təhvil-qəbul aktına əsasən müvafiq olaraq 142,63 manat və 6175,76 manat dəyərində mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, sonuncu tərəfindən alınmışdır. "xxxx" MMC tərəfindən satılmış malın 49709,26 manat dəyərində hissəsi iddiaçıya ödənilmişdir. Ödənişlərlə bağlı sənədlər ("xxxx" ASC tərəfindən təsdiq edilmiş ödəniş tapşırıqlarının surətləri məhkəməyə təqdim edilmişdir). Tələbin hüquqi əsasını aşağıdakı normalar təşkil edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 598.1-ci və 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Məhkəmə təqdim edilmiş sübutlara əsasən müəyyən etmişdir ki, iddiaçı tərəfindən cavabdehə 77.876,03 manat dəyərində mal satılmış, satılmış malların dəyərinin bir hissəsi ödənilsə də, 28166,81 manat məbləğində borc ödənilməmişdir. Müqavilənin 2.4-cü bəndində qeyd olunmuşdur ki, “satıcı tərəfindən alıcıya təqdim olunan malların dəyəri təhvil-təslim aktı, elektron qaimə-faktura, hesab-faktura və elektron vergi hesab-fakturası (E-VHF) təqdim olunduqdan sonra avans məbləğinin xüsusi çəkisi nəzərə alınmaqla, faktiki təhvil verilmiş ərzaq məhsullarının dəyəri 20 iş günü ərzində satıcının müqavilədə göstərilən bank hesabına ödənilir”. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Apellyasiya şikayətində cavabdeh birinci instansiya məhkəməsi tərəfindən MPM-nin 6-cı maddəsinin tələbi pozularaq məhkəmə iclasının vaxtı barədə cavabdeh tərəfin məlumatlandırılmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışlardan görünür ki, məhkəmə proseslərinin vaxtı barədə bildirişlər cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Buna görə də, apellyasiya şikayəti bu hissədə əsassız hesab edilir. Cavabdehin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, təhvil-təslim aktlarında cavabdehin möhürü olmadığından məhkəmə həmin aktların cavabdehin səlahiyyətli şəxslər tərəfindən imzalanıb-imzalanmadığını araşdırmalı idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 154.3-cü maddəsinə əsasən iddiaya etirazda ardıcıl və tam şəkildə iddiaçının göstərdiyi hər bir dəlilə münasibət bildirilməli, işin faktiki halları və sübutlara dair dəlillər əks olunmalıdır. İşdə iştirak edən şəxs iddiada göstərilən hər hansı halla razılaşmadıqda bunun səbəblərini və əsaslandırılmış dəlillərini göstərməlidir. Hazırkı halda cavabdeh işə birinci instansiya qaydasında baxılarkən iddiaya etiraz etmədiyindən və iddiaçının təqdim etdiyi sübutları mübahisələndirmədiyindən məhkəmə tərəfindən işin hallarının natamam araşdırılması ilə bağlı apellyasiya şikayətində qeyd edilənlər əsassızdır. Cavabdeh işə apellyasiya qaydasında baxılarkən də məhkəmə proseslərində səlahiyyəti nümayəndəsinin iştirakını təmin etməmiş, hansı təhvil-təslim aktlarındakı imzaların mübahisəli olduğuna dair mövqeyini bildirməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 3.2.1-ci bəndində qeyd olunmuşdur ki, “alıcının nümayəndəsi tərəfindən təhvil-təslim aktı imzalandıqdan sonra məhsullar qəbul edilmiş sayılır”. Müqavilənin qeyd edilən bəndində təhvil-təslim aktının möhürlə təsdiq edilməli olduğu nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. İş materiallarına əlavə edilmiş təhvil-təslim aktlarının heç birində möhür olmadığı halda cavabdehin ümumi borc üzrə qismən ödəniş etməsi belə qənaətə gəlməyə əsas verir ki, tərəflər arasında təşəkkül tapmış işgüzar münasibətlərə əsasən mallar satıcı tərəfindən təhvil verilən zaman təhvil-təslim aktlarının möhürlə təsdiq edilməsi nəzərdə tutulmamışdır. Azərbaycann Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Tərəflər arasında müqavilə bağlanarkən qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən, elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. Qaydaların 3.3-cü bəndinə əsasən vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilən vaxt verilir. İş materiallarından göründüyü kimi, mallar təhvil verilərkən cavabdehə elektron qaimələr göndərilmiş, cavabdeh həmin qaimələr üzrə malların təhvil verilməməsi barədə iddiaçıya pretenziya göndərməmiş, qaimələr təsdiq edilmişdir. Bu da belə qənaətə gəlməyə əsas verir ki, elektron qaimələrdə dəyəri qeyd edilmiş mallar cavabdeh tərəfindən təhvi alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2- 2(113)-953/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "Körpü Tunel Tikinti” MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-953/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar