Məhkəmə qərarları › İş №2-2(103)-575/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-575/2024

10.07.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-575/2024 10.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Açar söz: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2250/2024 nömrəli qətnaməsindən maraqlı şəxs şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan borcu 756,71 manat və işsizlikdən sığorta fonduna olan borcu 1,27 manat təşkil edir.

2. Maraqlı şəxs (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, Maraqlı şəxs xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə olan borcu 41.178,21 manat təşkil edir.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Maraqlı şəxs ünvanlanmış xx.xx.2021-ci il tarixli **********233200 nömrəli, xx.xx.2022-ci il tarixli **********331200 nömrəli və xx.xx.2023-cü il tarixli **********387700 nömrəli bildirişlərin surətlərindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Maraqlı şəxs borcunun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir.

4. Hüquqi şəxs barədə məlumatla təsdiq edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Maraqlı şəxsdur.

Birinci instansiya məhkəməsində icraat

5. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs, eyni zamanda fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 24.761,64 manat, işsizlikdən sığorta fonduna olan 1,27 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (doğulduğu tarix - xx.xx.1980-cı il, doğulduğu yer – Bakı şəhəri, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 1,27 manat, dövlət büdcəsinə 756,71 manat məbləğində (o cümlədən, vergilər üzrə 522,99 manat, faizlər üzrə 193,72 manat, maliyyə sanksiyası üzrə 40 manat), Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 24.004,93 manat məbləğində (o cümlədən, vergilər üzrə 14.596,58 manat, faizlər üzrə 9.368,35 manat, maliyyə sanksiyası üzrə 40 manat) olmaqla, ümumilikdə 24.762,91 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli **********233200 nömrəli, xx.xx.2022-ci il tarixli **********331200 nömrəli və xx.xx.2023cü il tarixli **********387700 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu Maraqlı şəxs şəhəri, ünvan 1 ünvanında yaşayır. Ərizəçi tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü, Vergi Məcəlləsinin 1.4, 16.1.1, 23.1.15-3, 77.1, 77.3 və 78.1-ci maddələrinə istinad etmişdir..

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2250/2024 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva ) ərizə təmin edilmişdir.

8. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət büdcəsi, işsizlikdən sığorta haqlarını qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsi və işsizlikdən sığorta fondu qarşısında borcları yaranmışdır. Vergi ödəyicisinə borcunun mövcudluğu və həmin borcu ödəməməyə görə məsuliyyət tədbirləri barədə məlumat verilməsinə baxmayaraq, sonuncu tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Odur ki, borclu hüquqi şəxsin dövlət büdcəsi və İşsizlikdən sığorta fonduna olan borcun ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur.

9. Bununla yanaşı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs dövlət büdcəsi qarşısındakı öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün borcu yaranmışdır. Vergi ödəyicisinə borcunun mövcudluğu və həmin borcu ödəməməyə görə məsuliyyət tədbirləri barədə məlumat verilməsinə baxmayaraq, sonuncu tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Odur ki, borclu fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etmək məqsədilə həmin fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

10. Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi borcları düzgün hesablanmamışdır. Buna görə də həmin borcların təkrara hesablanaraq silinməsi üçün ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi barəsində məhkəməyə müraciət olunacaqdır. Məhkəmə MPM-nin 355-ci maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, ərizəçi tərəfindən verilmiş və istinad edilmiş sübutlar və sənədlər məhkəmə tərəfindən düzgün qiymət verilmədən qətnamə qəbul edilmişdir

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İşə baxılması xx.xx.2024-cü il tarixə təyin edilmiş, xx.xx.2024-cü il tarixə təxirə salınmış, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsələr də iclasda iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

13. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının: - 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər; - 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. - 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun 3.6-cı maddəsinə əsasən “…Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində ... göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə ... həmçinin ictimai qaydanın təmin edilməsi üçün ... məhdudlaşdırıla bilər”. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokolun: -2-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. -2-ci maddəsinin 3-cü hissəsinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.

Azərbaycan Respublikası Vergi Məcəlləsi:

16.1.1-ci maddə- qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddə- vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. 24.0.2-1-ci maddə- vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. 77.3-cü maddə- vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddə- vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 355-5.1-ci maddə- vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-7.1-ci maddə-vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. 355-7.2-ci maddə-məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

14. Qətnamə maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

15. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2250/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

16. Vergi orqanı tərəfindən ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, Maraqlı şəxs fərdi sahibkar kimi, həm də qanuni təmsilçisi olduğu "xxxx" MMC-nin dövlət büdcəsinə ödənilməmiş borcları mövcuddur. Belə olan halda maraqlı şəxsin sərbəst hərəkəz azadlığının məhdudlaşdırılması üçün qanuni əsaslar mövcud olduğundan və bu əsaslar aradan qalxmadığından mübahisələndirilən qətnamə qanuni və əsaslı hesab edilir.

17. Vergi orqanı tərəfindən hesablanmış borcun əsassız olmasına dair dəlillərlə bağlı məhkəmə qeyd edir ki, vergi ödəyicisi ona hesablanmış vergi borcunu inzibati icraat çərçivəsində mübahisələndirə bilər. Xüsusi icraat qaydasında ərizəyə baxan məhkəmənin həmin borcun əsaslı olub-olmamasını araşdırmaq səlahiyyəti olmadığından maraqlı şəxsə izah olunur ki, hesablanmış vergi borcunun ləğv edilməsi üçün inzibati icraat qaydasında şikayət vermək hüququ var. Hal-hazıradək borc ləğv edilmədiyindən apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən edilmir.

18. İşə baxmış məhkəmə tərəfindən hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verildiyi müəyyən edilmir.

19. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 2250/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Maraqlı şəxs şəxs Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2250/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar