Məhkəmə qərarları › İş №2-2(103)-576/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-576/2024

06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-576/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “lizinq müqaviləsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 591/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdehə qarşı xx.xx.2014-cü il tarixli 743-L/14 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 68600 manat gecikdirilmiş borcun və hesablanmış 127749,70 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 manat və 400 manat mediasiyaya dair xərcinin, cəmi 197249,70 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizəylə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli 743-L/14 nömrəli müqavilə üzrə xx.xx.2023-cü il tarixə hesablanmış 40280,00 manat gecikdirilmiş borcun və hesablanmış 50591,68 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 manat, 400 manat mediasiyaya dair xərcin, cəmi 91771,68 manat pul vəsaitinin cavabdehin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-591/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2014-cü il tarixli 743-L/14 nömrəli müqavilə üzrə xx.xx.2023-cü il tarixə hesablanmış 40280,00 (qırx min iki yüz səksən) manat gecikdirilmiş borc, 2000 (iki min) manat cərimə, hüquqi yardımla bağlı 500 (beş yüz) manat, 400 (dörd yüz) manat mediasiyaya dair xərcin Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, iddia qalan hissədə rədd edilməsi qət edilmişdir.

4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-591/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti belə əsaslandırılmışdır: Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(056)-3076/2017 saylı qətnaməsi ilə "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli 743-L/14 tarixli müqavilənin ləğv edilməsi, Cavabdeh lizinq obyekti olan 1 ədəd FT-1254 markalı traktorun, 1 ədəd BTZ-150 DE markalı traktorun, və 1 ədəd TC-5 markalıq oşqunun normal köhnəlmə nəzərə alınmaqla qalıq dəyəri ilə "xxxx" ASC-yə qaytarılması, Cavabdeh 30380 manat əsas borcun, 1023 manat cərimə və 30 manat dövlət rüsumunun, ümumilikdə 31433 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Göründüyü kimi Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(056)-3076/2017 saylı qətnaməsi iddiaçı ilə aramızda bağlanmış müqavilə ləğv edilmişdir. Bundan əlavə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(056)-3076/2017 saylı qətnaməsi icraya yönəldilmişdir və icra olunur. Birinci instansiya məhkəməsi bu halları araşdırmadan müqavilə ləğv edildiyi vaxta mənə əsas borc və cərimə borcu yazıldığı halda müqavilə ləğv edildikdən sonra yenidən gecikdirilmiş borc hesablanmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

8. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

10. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

12. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərinin qətnamənin ləğv edilməsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

14. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" ASC ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixli 743-L/14 nömrəli lizinq müqaviləsi bağlanmış və müqaviləyə əsasən "xxxx" ASC cavabdehə kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, cavabdeh texnikaların dəyərindən 10.000 manat məbləği əvvəlcədən iddiaçıya ödəməyi, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməsi cavabdehdən tələb edilmiş, lakin cavabdeh tərəfindən qeyd edilən müqaviləyə əsasən müəyyən edilmiş qrafik üzrə ödənişlər edilməmişdir. Göründüyü kimi cavabdeh müqavilə üzrə öhdəliyini tam icra etməmiş, nəticədə cavabdehin iddiaçıya olan borcu 40280,00 manat gecikdirilmiş borc və hesablanmış 50591,68 manat cərimə borcu təşkil etmişdir. Lizinq müqaviləsi və ödəniş planı tərəflərin imzası və "xxxx" ASC-nin möhürü ilə təsdiq olunmuşdur.

15. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış lizinq müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş lizinq müqaviləsinin, maliyyə arayışının, ödəniş qrafikinin müqayisəli təhlilindən görünür ki, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya lizinq müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında lizinq müqaviləsi imzalanmış, iddiaçı tərəfindən lizinq obyekti cavabdehə təhvil verilmişdir. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş, nəticədə borcu yaranmışdır.

16. Qeyd edilən hallar məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarıdır.

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir.

18. Belə ki, iş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(056)-3076/2017 saylı qətnaməsi ilə "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli 743-L/14 tarixli müqavilənin ləğv edilməsi, Cavabdeh lizinq obyekti olan 1 ədəd FT-1254 markalı traktorun, 1 ədəd BTZ-150 DE markalı traktorun, və 1 ədəd TC-5 markalıq qoşqunun normal köhnəlmə nəzərə alınmaqla qalıq dəyəri ilə "xxxx" ASC-yə qaytarılması, Cavabdeh 30380 manat əsas borcun, 1023 manat cərimə və 30 manat dövlət rüsumunun, ümumilikdə 31433 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

19. Göründüyü kimi tələbin hüquqi əsası qismində çıxış edən xx.xx.2014-cü il tarixli 743- L/14 tarixli müqavilə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(056)- 3076/2017 saylı qətnaməsi ilə ləğv edilmiş və Cavabdeh 30380 manat əsas borcun, 1023 manat cərimə və 30 manat dövlət rüsumunun, ümumilikdə 31433 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

20. Məhkəmə təqdim edilmiş bu sübuta ümumiyyətlə münasibət bildirməmiş, işin hallarını düzgün müəyyən etməmiş və nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Belə ki, artıq mövcud olmayan müqavilə üzrə tələbləri əsaslı hesab etmişdir. Halbuki hazırkı iddia tələbləri rədd edilməli idi.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023 tarixli Qərarında göstərilmişdir ki, kredit müqaviləsində ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və annuitet ödənişlərin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsini, kreditin müddəti isə annuitet ödənişlərinin müddətini nəzərdə tutur. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı). Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

22. Məhkəmə kollegiyası hesab edir ki, tələbin hüquqi əsası qismində çıxış edən müqavilə ləğv edildiyi üçün və ləğvə qədər əsas borc və digər tələblər irəli sürüldüyündən, həmçinin təmin edildiyindən hazırkı iddia tələblərinin yenidən təmin edilməsi mülki qanunvericiliyə əsasən yolverilməzdir.

23. Mülki Prosessual Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

24. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

25. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsaslanaraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir.

26. İddia tələbləri təmin edilmədiyinə görə dövlət rüsumu və mediasiya xərci iddiaçıya aid edilməlidir.

27. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.3, 388, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-591/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2014-cü il tarixli 743-L/14 nömrəli müqavilə üzrə xx.xx.2023-cü il tarixə hesablanmış 40280,00 manat gecikdirilmiş borcun və hesablanmış 50591,68 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 manat, 400 manat mediasiyaya dair xərcin, cəmi 91771,68 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi təmin edilməsin. İddia tələbləri təmin edilmədiyinə görə dövlət rüsumu və mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar