Məhkəmə qərarları › İş №2-2(103)-577/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-577/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-577/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh “xxxx” Şirkətinə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 21.04.2021-ci il tarixli, e-2- 2(113)- 1873/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilən şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 8716,49 ABŞ dollarının, 435,82 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 9152,31 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh “xxxx” Şirkətindən tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 24.12.2020-ci il tarixli, e-2-2(113)-4064/2020 nömrəli qərardadına əsasən İddiaçı ASC-nin cavabdeh “xxxx” Şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli, 22.12.2020-ci il tarixli qəbz geri qaytarılmışdır. İddiaçı ASC-nin nümayəndəsi X5 həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və iddia ərizələrinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 07.01.2021-ci il tarixli, e-2-2(113)-4064/2020 nömrəli qərardadı ilə İddiaçı ASC tərəfindən Bakı Kommersiya Məhkəməsinin 24.12.2020-ci il tarixli, e-2-2(113)-4064/2020 nömrəli qərardadından verilən şikayəti təmin edilməmiş və şikayət e-2-2(113)-4064/2020 nömrəli işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-256/2021 nömrəli, 10.02.2021-ci il tarixli qərardadına əsasən İddiaçı ASC-nin şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 24.12.2020-ci il tarixli, e-2-2(113)- 4064/2020 nömrəli qərardadı ləğv edilmiş və iş Bakı Kommeriya Məhkəməsinə qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin 19.03.2021-ci il tarixli, e-2-2(113)-1873/2021 nömrəli qərardadına əsasən İddiaçı ASC-nin cavabdeh “xxxx” Şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli, 22.12.2020-ci il tarixli qəbz geri qaytarılmış və İddiaçı ASC-yə izah edilmişdir ki, iddia ərizəsinin cavabdeh tərəfindən alınması (imtina və ya digər əsaslar) barədə sənəd (poçt qəbzi ya digər mötəbər sübut) iddia ərizəsinə əlavə edildikdən sonra təkrarən məhkəməyə müraciət oluna bilər. İddiaçı ASC-nin nümayəndəsi X2 həmin qərardaddan şikayət verərək (29.03.2021ci il tarixində xüsusi sürətli poçt daşıma xidmətinə təqdim etsə də, 20.04.20201-ci il tarixdə məhkəməyə çatdırılmışdır) qərardadın ləğv edilərək, iddia ərizələrini icraata qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 21.04.2021-ci il tarixli, e-2-2(113)-1873/2021 nömrəli qərardadına əsasən Bakı Kommersiya Məhkəməsinin 19.03.2021-ci il tarixli, e- 2- 2(113)-1873/2021 nömrəli qərardadından verilən şikayəti onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandığından və İddiaçı ASC-nin nümayəndəsi qismində X2 məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət etmədiyindən, eyni zamanda şikayət verilməsi üçün müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı ASC-nin nümayəndəsi X2 həmin qərardaddan şikayət verərək (23.04.2021ci il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə daxil olmuşdur) qərardadın ləğv edilməsini və Bakı Kommersiya Məhkəməsinin 19.03.2021-ci il tarixli, e-2- 2(113)-1873/2021 nömrəli qərardadından verilmiş şikayətə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, X2 İddiaçı ASC-də əmək müqaviləsi əsasında işləyir və “İddiaçı" ASC onun əsas iş yeridir. Bundan əlavə 19.03.2021-ci il tarixdə imzalanmış qərardaddan şikayətin “Elektron məhkəmə” informasiya sisteminə 29.03.2021-ci il tarixədək yüklənməməsi üzrlü səbəblərdən baş vermişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 05 dekabr 2021-ci il tarixli Qərarına əsasən 2021-ci il martın 20, 21, 22, 23, 24-ü tarixləri Novruz bayramı günləri kimi müəyyən edilmişdir. 2021-ci il 20-21 mart tarixləri həftənin şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinin 105.5-ci maddəsinə əsasən həmin istirahət günləri bayram günündən sonraki iş günlərinə keçirilmiş və 2021-ci il 25-26 mart tarixləri də qeyri-iş günü kimi müəyyən edilmişdir. Eyni zamanda 2021-ci il 27 və 28 mart tarixləri həftələrarası istirahət günü kimi qeyri-iş günü olmuşdur. Bu səbəbdən, tərəflərindən qərardaddan şikayət vermək üçün 29 mart 2021-ci il tarixində imkan yaranmış və şikayət 29 mart 2021-ci il tarixdə xüsusi sürətli poçt daşıma xidmətinə təhvil verilmişdir. Qərardaddan şikayətin “Elektron məhkəmə” informasiya sisteminə yüklənməməsinin səbəbi “Elektron məhkəmə” informasiya sisteminə giriş üçün lazım olan “ASAN İMZA” nömrəsinin həmin tarixdə Cəmiyyətin Hüquq Departamentinin əməkdaşı X4 məxsus telefonda olması və X3 “COVİD-19” virusu səbəbi ilə səhhətində yaranmış ağır problemlərə görə işə çıxa bilməməsi olmuşdur. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1873/2021 saylı, 26.04.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 21.04.2021-ci il tarixli, e-2-2(113)- 1873/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Bakı Kommersiya Məhkəməsinin 19.03.2021-ci il tarixli, e-2-2(113)-1873/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət aşağıdakı əsaslarla qaytarılmışdır: şikayətin məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilməməsi, şikayətin prosessual müddət ötürülməklə verilməsi, şikayəti imzalamış nümayəndə X1 həmin müəssisənin işçisi olması barədə sənədin əlavə edilməməsi. Şikayəti imzalamış X1 əsas iş yerinin İddiaçı ASC olması barədə sübut (əmək müqaviləsi bildirişi) iddiaçı tərəfindən Bakı Kommersiya Məhkəməsinin 21.04.2021-ci il tarixli, e-2-2(113)-1873/2021 nömrəli qərardadından verilmiş şikayət ərizəsinə əlavə edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, kommersiya mübahisələri üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilməmiş, kağız daşıyıcıda göndərilmiş şikayət qanunla nəzərdə tutulmuş formada verilmiş şikayət hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. İddiaçının şikayət ərizəsində qeyd etdiyi hallar (“Elektron məhkəmə” informasiya sisteminə giriş üçün lazım olan “ASAN İMZA” nömrəsinin həmin tarixdə Cəmiyyətin Hüquq Departamentinin əməkdaşı X4 məxsus telefonda olması və X3 “COVİD-19” virusu səbəbi ilə səhhətində yaranmış ağır problemlərə görə işə çıxa bilməməsi) prosessua normaların tələblərinə uyğun qəbul edilmiş məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Bundan əlavə nümayəndə X3 hansı tarixlərdə “COVİD- 19” virusuna yoluxması barədə iş materiallarına sübut əlavə edilməmişdir. Məhkəmə eyni zamanda birinci instansiya məhkəməsinin bu qənaətini düzgün hesab edir ki, iddiaçı qərardaddan şikayəti 29.03.2021-ci il tarixdə göndərilməsi üçün “Express” xüsusi sürətli poçt xidmətinə təqdim etdiyi halda sənədlərin məhkəməyə 20.04.2021-ci il tarixdə çatdırılması inandırıcı deyil. “Express” xüsusi sürətli poçt xidmətinin qəbzinin əsli iş materiallarında olmadığından sənədlərin göndərilməsi üçün sürətli poçt xidmətinə 29.03.2021-ci il tarixdə təqdim edilməsi şübhə doğurur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 21.04.2021-ci il tarixli, e-2-2(113)-1873/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı ASC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 21.04.2021-ci il tarixli, e-2-2(113)-1873/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar