Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-579/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1039/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 14.04.2021-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC ilə Cavabdeh MMC arasında bağlanmış podrat müqaviləsinə və ödəniş razılaşma protokoluna xitam verilməsi və Cavabdeh MMC-dən 148.000 manat borcun və cavabdehin borcdan yayınması nəticəsində maddi və əldən çıxmış fayda kimi 20.000 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə müraciət edərək, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə Cavabdeh MMC-nin bank hesablarına iddia tələbi həcmində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 19.01.2021-ci il tarixli 2-2(113)-1039/2021 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı “xxxx” MMC həmin qərardaddan şikayət vermişdir. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 26.02.2021-ci il tarixli 2- 2(103)-326/2021 nömrəli qərardadı ilə iddiaçı “xxxx” MMC-nin şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 19.01.2021-ci il tarixli 2-2(113)- 1039/2021 nömrəli qərardadı ləğv edilmiş, iddiaçının iddianı təmin etmə tədbiri barədə ərizəsi qismən təmin edilərək, Cavabdeh MMC-nin Azərbaycan Respublikası banklarında olan hesablarındakı pul vəsaiti üzərinə 148000 manat həddində (vergi, məcburi dövlət sosial sığorta haqları və əmək haqlarının ödənilməsinə məhdudiyyət qoyulmadan) həbs qoyulması qərara alınmışdır. Bundan sonra Cavabdeh MMC vəsatətlə məhkəməyə müraciət edərək, iddianı təmin etmə tədbiri növünün dəyişdirilərək, bank hesabları üzərindən həbsin götürülməsini və iddianın təmini növünü dəyişdirməklə anbarlarda yerləşən 200 ton şərab materialının üzərinə həbs qoyulmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, məhkəmənin bank hesabları üzərinə həbs qoyması faktiki olaraq Cavabdeh MMC-nin iqtisadi fəaliyyətini iflic edir, gəlirin əldə olunması ehtimalını sıfıra endirməklə şirkəti müflisliyə sürükləyir. Çünki Cavabdeh MMC "birgünlük" şirkət deyil, uzunmüddətli fəaliyyət göstərən, maddi texniki bazası və əmlakı olan, büdcəyə külli miqdarda vergi ödəyən bir şirkətdir. İddianın hətta təmin olunacağı halda belə Cavabdeh MMC-nin qərarın icrası üçün kifayət qədər əmlakı var. Hazırki qərardad isə gələcəkdə icrasını təmin etmək yox, icranın mümkünsüzlüyü, şirkətin istehsalla bağlı kontragentləri qarşısında öhdəliklərinin icra olunmaması nəticəsində fəaliyyətinin dayanmasına gətirib çıxara bilər. Bakı Kommersiya Məhkəməsinin 14.04.2021-ci il tarixli e-2-2(113)-1039/2021 nömrəli qərardadı ilə vəsatət təmin edilməmişdir. Cavabdeh MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 26.04.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 şikayəti müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 isə şikayətə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 161.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin ərizəsinə əsasən iddianı təmin etmə tədbirinin bir növünün digəri ilə əvəz edilməsinə yol verilir. Lakin kollegiya hesab edir ki, hazırki işdə qeyd olunan maddənin tətbiq edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 158.3-cü maddəsinə əsasən əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: birinci növbədə - cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə (158.3.1); ikinci növbədə - hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər (158.3.2); üçüncü növbədə daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər (158.3.3); dördüncü növbədə - başqa şəxslərə verilmiş əmlak (158.3.4). Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi əmlak üzərinə həbs qoyulması birinci növbədə - cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı üzrə həyata keçirilir və hazırki işdə də üzərinə həbs qoyulmuş cavabdehin hesabında olan pul vəsaiti birinci növbəyə aiddir. Cavabdehin üzərinə həbs qoyulmasını xahiş etdiyi 200 ton şərab materialı isə xammal olmaqla üçüncü növbədə üzərinə həbs qoyulması lazım olan əmlaklar siyahısına daxildir. Bu baxımdan kollegiya hesab edir ki, iddianın təmini tədbirinin dəyişdirilməsi üçün əsaslar mövcud deyil. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1039/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 14.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-579/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-579/2021
24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver