Məhkəmə qərarları › İş №2-2(103)-58/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-58/2025

03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-58/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: icbari sığorta müqaviləsi üzrə sığorta ödənişi tələbi, iddia müddəti, iddia müddətinin axımının başlanması) Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil2, Cavabdehin nümayəndələri Nümayəndə7, X2, cavabdehin nümayəndəsi (vəkili) Vəkil3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin və dəbbə pulunun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 326/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 03 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. 2018-ci il 11 yanvar tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81Q ünvanında yerləşən "xxxx" MMC-nin mülkiyyətində olan sahəsi 8920,45 kv.m olan obyekt "xxxx" MMC-yə icarəyə verilmişdir.

2. BA seriyalı, 870111 nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinə əsasən, həmin obyekt sığortalı "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi olan İddiaçı tərəfindən 2018-ci il 5 iyun tarixindən 2019-cu il 4 iyun tarixinədək "xxxx" ASC-də sığortalanmış, sığorta məbləği 180.923 manat, sığorta haqqı 500 manat, azadolma məbləği 150 manat məbləğində müəyyən edilmişdir.

3. 2019-cu il 26 mart tarixində sözügedən ünvanda yanğın hadisəsi baş vermiş və həmin tarixdə bu fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “CM”) 225.2-ci maddəsi ilə cinayət işi başlanmış, 2021-ci il 17 mart tarixli cinayət təqibinə hissəvi xitam verilməsi haqqında qərarla "xxxx" MMC-nin direktoru İddiaçı barəsində cinayət təqibinə şəraitin dəyişməsi nəticəsində ictimai təhlükəli olmaması ilə əlaqədar xitam verilmiş, əməllərində cinayət tərkibinin əlamətləri olan şəxslər barəsində cinayət təqibinin davam etdirilməsi qərara alınmışdır.

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2022-ci il 13 may tarixli 1(007)-11/2022 nömrəli hökmü ilə "xxxx" MMC-də elektrik montyoru işləyən X3 CM-in 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında elektrik montyoru vəzifəsi tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

5. "xxxx" MMC-nin direktoru İddiaçı "xxxx" ASC-yə 2022-ci il 18 oktyabr tarixli pretenziya məktubu ünvanlayaraq, 180.773 manat həcmində sığorta ödənişinin və sığorta ödənişinin gecişdirilməsinə görə 230.000 manat dəbbə pulunun 5 iş günü müddətində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını göstərmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a. Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra – “iddiaçı”) "xxxx" ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2022-ci il 3 noyabr tarixində məhkəməyə müraciət edərək, baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə 180.773 manat sığorta ödənişinin, sığorta ödənişinin gecikdirilməsinə görə 230.000 manat dəbbə pulunun və 701 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia ərizəsi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadla onunla əsaslandırılmışdır ki, sözügedən ünvanda yerləşən sığorta obyekti "xxxx" Ticarət Mərkəzi “Cin Bazarı” adlandırılmış, iddiaçı həmin bazarın faktiki rəhbəri olmaqla idarəçiliyi həyata keçirmiş və oradan faydalanmış, X13 isə həmin ticarət sahəsini idarə edərək iddiaçının göstərişi ilə icarə haqlarını yığmışdır. "xxxx" Ticarət Mərkəzinin 2019-cu il 26 mart tarixində yanması nəticəsində cəmi 384 nəfər icarəçiyə məxsus ümumilikdə 26.511.289 manat dəyərində tikinti, elektrik, yüngül sənaye, təsərrüfat və sair mallardan ibarət əmlak yararsız hala düşmüşdür. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində cinayət işinin istintaqı aparılan zaman "xxxx" MMC-də fəaliyyət göstərmiş icaraçilərə cəmi 8.422.063 manat, "xxxx" MMC və "xxxx" MMC-də fəaliyyət göstərmiş icarəçilərə cəmi 8.859.888 manat, “Cin Bazarı” adlandırılan ticarət sahəsində fəaliyyət göstərən icarəçilərə cəmi 2.123.726 manat maddi ziyanın dəyməsi müəyyən olunmuşdur. "xxxx" MMC-də fəaliyyət göstərmiş 106 icarəçiyə cəmi 3.394.400 manat, "xxxx" MMC-də fəaliyyət göstərmiş 144 icarəçiyə cəmi 7.939.800 manat, “Cin Bazarı” adlandırılan ticarət sahəsində fəaliyyət göstərən 130 icarəçiyə qarşılıqlı razılıq əsasında 1.103.500 manat vəsait ödənilmişdir. Bаş vеrmiş hаdisəyə görə "xxxx" MMC-də elektrik montyoru vəzifəsində işləyən X3 CM-in 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bаş vеrmiş hаdisə zаmаnı "xxxx" Ticarət Mərkəzinə (“Cin Bazarı” adlandırılmış) külli miqdаrdа mаddi ziyаn dəymiş, iddiaçı sığorta hadisəsinin baş verməsindən dərhal sonra bu barədə cavabdehə məlumat vеrmiş və tələb оlunаn bütün sənədlər sığоrtа şirkətinə hаdisədən sоnrа 1 аy müddətində təqdim оlunmuş, lаkin sığorta hadisəsinin baş verməsindən 3 il 6 аy vахt kеçməsinə bахmаyаrаq, sığоrtа şirkəti tərəfindən nə sığorta ödənişi həyata keçirilmiş, nə də sığorta ödənişi vеrilməsindən rəsmi imtinа оlunmuşdur. Hаlbuki sığortaçı sənədlər daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığorta ödənişini verməli, yaxud sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməli idi. Bununla bağlı faydalanan şəxs olaraq iddiaçı sığorta ödənişinin və dəbbə pulunun ödənilməsi ilə bağlı ərizə ilə cavabdehə müraciət etmiş, lakin ərizəyə rəsmi cavab verilməmişdir. Bundan sonra cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, təklifin 2022-ci il 29 sentyabr tarixində qəbul olunmasına baxmayaraq, təklifə münasibət bildirilməmiş, həmçinin iddiaçı tərəfindən cavabdehin e-poçtuna elektron məhkəmə sistemi vasitəsi ilə pretenziya göndərilmiş, lakin buna da münasibət bildirilməmişdir. Sığortaçı sığorta ödənişini qanunla və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədiyindən hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 %-i həcmində dəbbə pulu da ödəməlidir.

8. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qüvvəyə minmiş 1(007)-11/2022 nömrəli 2022-ci il 13 may tarixli hökmünə əsasən “Cin bazarı” adlanan hissə X13 məxsus olmuş və o, yanğın baş verən zaman Bakı şəhərində olmamışdır. Bundan başqa iddiaçı “Cin bazarı” adlanan daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədləri (dövlət reyestrindən çıxarış, texniki pasport, icarə müqaviləsi və s.) məhkəməyə təqdim etməmiş, o cümlədən məhkəməyə təqdim edilmiş sığorta müqaviləsinin “Cin bazarı” adlanan daşınmaz əmlaka aid olmasına dair hər hansı qeyd və ya sübutlar mövcud deyildir. Odur ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ mövcud olmamışdır.

9. Cavabdeh həmçinin iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı hadisədən sonra 1 ay müddətində sənədləri təqdim etmiş, həmin müddətin qurtardığı 2019-cu il 26 aprel tarixindən 7 iş günü ərzində sığorta ödənişi almadığı halda həmin müdətin bitdiyi 2019-cu il 8 may tarixindən 3 il 5 ay 27 gün sonra, yəni 2022-ci il 3 noyabr tarixində məhkəməyə müraciət etməklə, sığorta müqavilələrindən irəli gələn tələblər üzrə 3 illik iddia müddətini ötürmüşdür.

10. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 28 fevral tarixli e-2-2(113)-326/2023 nömrəli qətnaməsi ilə iddia rədd olunmuşdur (hakim, Z.Axundova).

11. Birinci instansiya məhkəməsi cavabdehin iddiaçının müvafiq subyektiv hüquqa malik olmaması barədə mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir. Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 886.2-ci maddəsinin mənası baxımından hazırkı sığorta obyekti sığorta obyekti ola bilməyən obyektlər siyahısına daxil deyildir. Tərəflər arasında icbari sığorta müqaviləsi bağlanmış, iddiaçıya icbari sığorta şəhadətnaməsi verilmiş və sığorta haqqı ödənilmişdir. Ona görə də iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır.

12. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə isə qeyd etmişdir ki, iddiaçı sığorta hadisəsinin baş verməsindən dərhal sonra bu barədə cavabdehə məlumat vеrmiş və tələb оlunаn bütün sənədlər sığоrtа şirkətinə hаdisədən sоnrа 1 аy müddətində təqdim оlunmuşdur. Lаkin sığorta hadisəsinin baş verməsindən 3 il 6 аy vахt kеçməsinə bахmаyаrаq, sığоrtа şirkəti tərəfindən nə sığorta ödənişi həyata keçirilmiş, nə də sığorta ödənişi vеrilməsindən rəsmi imtinа оlunmuşdur. İddiaçı isə hazırkı iddia ərizəsi ilə məhkəməyə 2022-ci il 3 noyabr tarixində müraciət etmiş, bununla da sözügedən iddia ərizəsi məhkəməyə üç illik iddia müddəti keçdikdən sonra daxil olmuşdur. Məhkəmədə iş üzrə mülki qanunvericilikdə nəzərdə tutulan müddətin axımının dayandırılması və kəsilməsi halları müəyyən edilməmişdir.

13. Məhkəmə gəldiyi nəticəni MM-in 372.1, 372.2, 373.2, 375.2, 377.1, 377.2, 884.3, 886.1, 886.2, 886.3, 889.1, 922.1, 922.2, 926.1, 934.1-ci, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 9.4, 13.1, 18.1, 18.2-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli qərarına istinadla əsaslandırmışdır.

14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 dekabr tarixli 2-2(103)-1017/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – A.Hüseyn və R.Qurbanov).

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən BA seriyalı, 870111 nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinə əsasən sığortalanmış obyektdə 2019-cu il 26 mart tarixində yanğın-sığorta hadisəsi baş vermiş, iddia ərizəsində qeyd edilənlərə əsasən iddiaçı sığorta hadisəsi baş verdikdən bir ay sonra sığorta ödənişi almaq üçün sığorta şirkətinə müraciət edərək, sənədləri təqdim etmiş, sığorta şirkəti MMin 934.1-ci və “İcbari sığortalar haqqında” Qanunun 18.1-ci maddəsinə əsasən 7 iş günündən gec olmayaraq sığorta ödənişi ödəməli olduğu halda, ödəniş həyata keçirilməmişdir. Sığorta ödənişi almayan iddiaçı ən azı 2019-cu ilin may ayında hüququnun pozulduğunu bildiyi halda, hüququnun müdafiəsi üçün 2022-ci ilin oktyabr ayında mediasiya təşkilatına müraciət etmiş, 2022-ci ilin noyabr ayında isə məhkəmədə iddia qaldırmış, bununla da MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş üç illik iddia müddətini ötürmüşdür.

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, MM-in 379-cu maddəsində iddia müddətinin dayandırılması əsasları nəzərdə tutulmuşdur. Hazırkı halda həmin əsaslardan hər hansı biri mövcud olmadığından iddia müddəti dayanmamışdır. İddiaçının hüquqlarının müdafiəsi üçün X1 CM-in 225.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin yekunlaşmasına zərurət olmadığından iddia müddətinin bağlanğıcının hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablanmasına dair apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur.

18. Məhkəmə gəldiyi nəticəni MM-in 372.1, 372.2, 373.2, 375.2, 377.1, 377.2, 377.3, 884.3, 886.1, 886.2, 886.3, 922.1, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 18.1 və s. maddələrinə və “Mediasiya haqqında” Azərbaycan Respublikası haqqında Qanunun 35.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

c. Kassasiya instansiyası məhkəməsindəki icraat

19. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 17 may 2024-cü il tarixli, 2-2(102)-192/2024 nömrəli qərarı (hakimlər X8 (məruzəçi), X6 və X17) ilə kassasiya şikayəti qismən təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 dekabr tarixli 2-2(103)-1017/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

21. Kassasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia müddətinin ötüb-ötmədiyinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən iddia müddətinin axımının başlanması anı dəqiq müəyyən edilməlidir. Mülki Məcəllənin iddia müddətinin axımının başlanması anını tənzimləyən 377-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcbari sığorta müqavilələri üzrə sığortaçı tərəfindən sığorta ödənişinin verilməsi öhdəliyinin icrası müddəti icbari sığorta qanunvericiliyi ilə belə tənzimlənmişdir ki, sığortalı sığorta hadisənin baş verməsindən sonra qanunda nəzərdə tutulmuş zəruri sənədləri əlavə etməklə sığorta ödənişinin verilməsi barədə sığortaçıya müraciət etməli, sənədlərdən sonuncusunun təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Göründüyü kimi, qanunverici həm sığortalı, həm də sığortaçı üçün icrası məcburi olan konkret vəzifələr müəyyən etmiş, baxılan işdə sığortalı (iddiaçı) üzərinə düşən vəzifəni icra edərək, sığorta hadisəsinin baş verməsindən sonra 1 aylıq müddət ərzində zəruri sənədləri əlavə etməklə sığorta ödənişinin verilməsi ilə bağlı sığortaçıya müraciət etmiş, lakin sığortaçının (cavabdeh) özünün də bildirdiyi kimi, sənədləri aldığı gündən 7 iş günü ərzində nə sığorta ödənişi, nə də sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı bildiriş verilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının apellyasiya və kasassiya şikayətinin dəlillərinin ətraflı araşdırılması məqsədilə icbari sığorta qanunvericiliyinin müvafiq normaları işin mübahisə olunmayan halları ilə birlikdə qarşılıqlı şəkildə təhlil olunmalıdır. “İcbari sığortalar haqqında” Qanunun 18-ci maddəsində qeyd olunub ki, bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Normanın məzmunundan da göründüyü kimi, sığortaçı tərəfindən sığorta ödənişinin verilməsi və ya bundan yazılı şəkildə imtina edilməsi üçün nəzərdə tutulmuş müddətin (7 iş günü) axımı təqdim edilməli olan sənədlərdən məhz sonuncusunun verildiyi andan başlanır. Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş sığortalı tərəfindən təqdim edilməli olan sənədlərin sırasında sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs (şəxslər) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış xüsusi qeyd olunmuşdur. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs barədə arayışın təqdim edilməsi üçün isə Azərbaycan Respublikasının Konstitusiyasının və cinayət qanunvericiliyinin təməl prinsiplərinə əsasən, konkret şəxsin həmin hadisədə təqsirli bilinməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmalıdır (təqsirsizlik prezumsiyası). Sığorta ödənişinin verilməsindən imtinanın əsasları nəzərdən keçirildikdə qeyd edilən sənədin tədim edilməsinin (alınmasının) hüquqi əhəmiyyəti daha bariz şəkildə görünür. Hazırkı işin hallarından görünür ki, yanğın hadisəsi ilə əlaqədar 2019-cu il 29 mart tarixində fakt üzrə CM-in 225.2-ci maddəsilə cinayət işi başlanmış, 2021-ci il 17 mart tarixində isə CPM-in 39.1.2-ci maddəsilə iddiaçı barəsində cinayət təqibinə xitam verilmişdir. CM-in 225-ci maddəsində cinayət sayılan əməl məhz ehtiyatsızlıqdan törədilən maddi tərkib kimi nəzərdə tutulsa da, məhkəmə kollegiyası hesab edir ki, fakt üzrə həmin maddə əsasında cinayət təqibinin aparılması son nəticədə təqsirli şəxs(lər)i müəyyənləşdirməyə və cinayət məsuliyyətinə cəlb etməyə yönəlmişdir. Lakin nəzərdən qaçırılmamalıdır ki, həmin maddə üzrə cinayət işinin başlanması təqsirləndirilən şəxsin son nəticədə elə həmin maddə ilə qanuni qüvvəyə minmiş hökm əsasında təqsirli bilinməsini şərtləndirmir. Belə ki, CPM-in 37-ci maddəsinə əsasən bu cinayət üzrə cinayət təqibi ictimai ittiham qaydasında həyata keçirilir. İstintaqın gedişi zamanı bu maddə ilə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsi, yaxud onun əməlinin cinayət qanununda nəzərdə tutulan qəsdən törədilən başqa cinayət əməli kimi tövsif edilməsi də mümkündür. Digər tərəfdən, CM-in 225-ci maddəsi üzrə barəsində cinayət təqibinə xitam verilmiş şəxsin qəsdən törədilmiş inzibati xətaya görə məsuliyyətə cəlb edilməsi də istisna edilə bilməz. Belə olan təqdirdə isə həmin maddə ilə barəsində cinayət təqibi aparılan şəxsin törətdiyi əmələ “İcbari sığortalar haqqında” Qanunun 36.3.1-ci maddəsindəki qayda baxımından istintaq orqanı və ya məhkəmə tərəfindən verilən hüquqi nəticənin gözlənilməsi zərurətə çevrilir ki, bu da yuxarıda qeyd olunan hüquqi mövqelərə əsasən qanunla yol verilən pozisiyadır. Hazırkı işin halları baxımından bu cür vəziyyət, yəni sığortalı şəxslə CM-in 225.2-ci maddəsi üzrə barəsində cinayət təqibi aparılan şəxs eyni olduğundan mühüm əhəmiyyət kəsb edir. Belə ki, yəni sığortalı barəsində başlanmış cinayət işinin yekunlaşmasını gözləmədən sığorta şirkəti tərəfindən sığorta ödənişi edilərsə (məhkəmə aktı əsasında) və hadisə üzrə başlanmış cinayət işinin gedişində sığortalının (faydalanan şəxsin və ya onların rəhbər işçilərinin) hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər müəyyənləşdirilərsə, bu zaman sığorta ödənişinin edilməsindən imtina üçün əsaslar olduğu halda, sığortalıya əsasız olaraq sığorta ödənişi edilmiş olacaqdı ki, qanunvericinin hadisənin baş verməsində təqsirli olan şəxs barədə arayışın təqdim edilməsi barədə imperativ qayda qoymaqda əsas məqsədi də məhz bir şəxs barəsində biri digərini inkar edən iki məhkəmə aktının (sığortalıya sığorta ödənişi edilməsi barədə məhkəmə qətnaməsi və sığortalının baş vermiş hadisədə təqsirli bilinməsi barədə məhkəmə hökmü) mövcudluğunun qarşısını almaq və sığortalını bu kimi ziddiyyətli halların yaranmasından və onların nəticələrindən müdafiə etməkdir. Bu cür vəziyyətin qəsdən törədilən inzibati xəta ilə əlaqədar məsuliyyətə cəlb edilmə halında yaranması da istisna edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunanları nəzərə almamış və cavabdehin hərəkətlərində hüquqdan sui-istifadə faktının olub-olmadığı istiqamətində heç bir qiymətləndirmə aparmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməmiş, iddia müddətinin axımının başlanması anı müəyyənləşdirilərkən sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı qüvvədə olan qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri nəzərə alınmamış, bununla da “İcbari sığortalar haqqında” Qanunun 17, 18, 21.1.5 və 36.3.1-ci maddələrinin, həmçinin işin hallarının hərtərəfli, tam araşdırılması prinsipi və sübutların qiymətləndirilməsinə dair MPM-in 14.1 və 88-ci maddələrinin tələbləri pozulmuşdur.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar a) Apelyasiya şikayətinin dəlilləri

22. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişıdir.

23. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, birinci instansiya məhkəməsi öz qətnaməsində guya tərəfimizdən qanunla müəyyən olunmuş iddia müddətinin ötürülməsini əsas gətirərək iddia tələbini təmin etməmişdir. Ancaq birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını düzgün araşdırmayaraq ədalətsiz qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə hazırkı iş üzrə sübutlara qiymət verərkən yanğının baş verdiyi zaman təqsirləndirilən şəxslərin olmasına diqqət etməmişdir. Hadisə baş verdikdən sonra "xxxx" MMC-in direktoru X7, "xxxx" MMC-in direktoru İddiaçı, “Cin Bazarı” adlanan ticarət sahəsində İddiaçı göstərişi əsasında icarə haqlarını yığan X9 barəsində cinayət təqibi həyata keçirilmiş, hər üç şəxs barəsində həyata keçirilən cinayət təqibinə Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, istintaq qrupunun rəhbəri X4 17 mart 2021-ci il tarixli qərarına əsasən CPM-in 39.1.2-ci maddəsi ilə xitam verilmişdir. Eyni zamanda yanğın baş verən zaman elektrik montyoru vəzifəsində işləmiş X3 Bakı şəhər, Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə CM-in 225.2-ci maddələri ilə təqsirli bilinərək, 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında elektrik montyoru vəzifəsi tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sığorta hadisəsinin baş verməsindən dərhal sonra sığortalı İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məlumat vermiş və tələb olunan bütün sənədlər sığorta şirkətinə hadisədən sonra 1 ay müddətində təqdim olunmuşdur. Ancaq tərəflərindən edilmiş müraciətə cavabdeh tərəfindən rəsmi cavab verilməmişdir. Qeyd edir ki, “İcbari sığorta haqqında” Qanunun 17-ci maddəsinin tələblərinə əsasən müvafiq sığorta ödənişinin ödənilməsi üçün iş üzrə təqsirli şəxslər barəsində səlahiyyətli orqanının təqdim etdiyi arayış tələb olunan sənədlər siyahısındadır. Hazırkı iş üzrə təqsirləndirilən şəxslər barəsində cinayət təqibi davam etdirildiyindən, tərəflərindən ilk öncə təqsirləndirilən şəxslər barəsində məhkəmənin qəbul etdiyi hökm gözlənilmiş, sonradan yenidən "xxxx" ASC-yə müraciət edilmişdir. Ancaq birinci instansiya məhkəməsi işə qeyri-obyektiv və səthi yanaşaraq qeyd etdiyimiz xüsusatları nəzərə almamışdır. İddiaçı "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixli pretenziya məktubu ünvanlayaraq 180773 manat həcmində sığorta ödənişinin və sığorta ödənişinin gecikdirilməsinə görə 230000 manat dəbbə pulunun 5 (beş) iş günü müddətində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir. Ancaq cavabdeh tərəfindən nə mediasiya təklifinə, nə də pretenziya məktubuna cavab verilməmişdir. Bundan başqa, hazırkı işin hərtərərfli, tam, obyektiv araşdırılmasının təmin edilməsi üçün tərəflərindən məhkəməyə dəfələrlə vəsatətlər verilsə də, məhkəmə tərəfindən əsassız olaraq təmin olunmamışdır. Həmçinin bildirirəm ki, sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədiyindən hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməlidir. Qeyd edilən sığorta hadisəsi ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı ödəməli olduğu sığorta ödənişi 180.773 manat, həmin məbləğin 0,1 faizi həcmində dəbbə pulu 230.000 manat təşkil edir. Məhkəmə isə bu ziddiyyətin fərqinə varmamış və işin faktiki hallarına uyğun olmayan qərar qəbul etmişdir. Məhkəmə sanki cavabdehin müdafiəçisi mövqeyindən çıxış etmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən əsassız və qanunsuz olaraq tərəfimizdən iddia müddətinin ötürüldüyü əsas gətirilərək tamamilə ədalətsiz bir qətnamə qəbul edilmişdir. Ancaq birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 933.1.2-ci maddəsinin tələblərini unutmuşdur. Belə ki, Mülki Məcəlləsinin 933.1.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd sığorta ödənişinin həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd qismində çıxış edir. Ancaq hazırki iş üzrə təqsirli şəxs barəsində qanuni qüvvəyə minmiş hökm 2022-ci il tarixində qəbul edilmişdir. Yəni qanunun tələbindən də aydın şəkildə görünür ki, tərəflərindən iddia müddəti ötürülməmişdir. Ancaq birinci instansiya məhkəməsi tərəfindən göstərdiyimiz xüsusatlara düzgün hüquqi qiymət verilməmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Cavabdeh tərəf verilmiş apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, yanğın hadisəsinin baş verdiyi tarixdən üç ildən artıq müddət keçdikdən sonra iddiaçı tərəfindən məhkəməyə müraciət olunmuş, lakin iddia müddəti keçdiyindən iddia rədd olunmaldır. Belə ki, hadisə xx.xx.2019-cu il tarixdə baş vermiş, xx.xx.2019-cu il tarixdə cinayət işi başlanmış, həmin cinayət işinə xx.xx.2021-ci il tarixdə hissəvi xitam verilmiş, xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə Bakı şəhər Nizami Rayon Məhkəməsinin hökmü çıxmış və nəhayət, xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən məhkəməyə müraciət olunmuşdur. Həmçinin, “İcbari sığortalar haqqında” Qanunun 17.1.4-cü maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373, 377.1 və 379-cu maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli qərarında qeyd olunduğu kimi sığorta ödənişi ilə bağlı tələblər üzrə iddia müddətinin axımı sığortalının (və ya faydalanan şəxsin) sığortaçının sığorta ödənişini etməkdən imtina etməsini bildiyi (bilməli olduğu), sığorta ödənişinin miqdarı ilə razılaşmadığı halda sığorta ödənişinin həyata keçirildiyi, habelə sığorta ödənişi həyata keçirilməməklə yanaşı sığorta ödənişindən imtina haqqında bildiriş verilmədikdə sığortaçının öhdəliyinin icra müddəti (“İcbari sığortalar haqqında” Qanunun 18.1-ci maddəsi ilə nəzərdə tutulmuş müddət) bitdiyi andan başlayır. Göründüyü kimi, iddiaçı tərəf artıq hüquqlarının hansı tarixdən etibarən polumuş olduğu barədə məlumatlı olsa da, uzun müddət məhkəməyə müraciət etməmiş və bununla da, iddia müddətini ötürmüşdür. Eləcə də, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında vicdanlılıq prinsipi baxımından, sığorta ödənişinin verilməsini cinayət və ya inzibati xəta işləri üzrə icraatın yekunlaşması ilə şərtləndirən sığorta münasibətləri iştirakçısının sonradan iddia müddətinin tətbiqinə dair ərizə verməsi borclunun iddia müddəti ilə bağlı fərdi müdafiə hüququndan sui-istifadəsi kimi qiymətləndirilməlidir. Cavabdeh tərəf isə bütün məhkəmə prosesləri zamanı bu şüarı rəhbər tutaraq hərəkət etmiş və bü cür hüquqdan sui-istifadəyə yol verməmişdir. İddiaçı tərəf guya tərəflər arasında olan yüksək işgüzar münasibətlər, eləcə də qarşılıqlı etimad rəhbər tutularaq sığorta şirkəti ilə danışıqlar aparıldığı və şirkətlə məsləhətləşmələr əsasında cinayət işinin yekunlaşmasının gözləməli olduqlarını qeyd etmişdir. Bu əsas tamamilə uydurma olmaqla, heç bir əsası yoxdur. Nəzərə alınmalıdır ki, ikinci apellyasiya baxışı olmaqla bərabər iddiaçı bu dəlilinə dair hər hansı sübut təqdim edə bilmir. Halbuki, iddiaçı ilkin olaraq öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, hazırkı halda cavabdehin öz hüquqlarından sui-istifadə etmsindən söhbət gedə bilməz. Qeyd olunanlara əsasən, apellyasiya şikayətinin təmin olunmadan qətnamənin isə dəyişdirilmədən saxlanmasını xahiş edilmişdir.

c) Proses iştirakçılarının izahatı

25. Apellyasiya baxışında iştirak edən iddiaçı nümayəndəsi (vəkili) apelyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, yanğın hadisəsi və ondan sonrakı proseslər iddiaçı üçün kifayət qədər çətin keçmiş, sağlamlığında problemlər yaranmışdır. Bununla belə, cavabdeh şirkətlə iddiaçı arasında kifayət qədər yaxşı münasibətlər olmuş və çoxsaylı sığorta müqavilələri bağlanmış, bir-birinə qarşı qarşılıqlı güvən və etimad olmuşdur. Hazırda isə, cavabdeh iddiaçıya qarşı ardıcıl və ondan gözlənən vicdanlı davranış sərgiləməmiş, hüquqdan sui-istifadə etmişdir. Belə ki, hadisə baş verdikdən sonra iddiaçı tərəfindən hadisədən sonra bütün məlumatlar və sənədlər cavabdehə təqdim olunmuş, lakin cavabdeh hərəkətsizlik göstərmişdir. İddia qaldırılmamışdan əvvəl isə iddiaçı və onu birinci instansiya məhkəməsində təmsil etmiş Vəkil1 cavabdehin idarə heyəti ilə şifahi danışıqlar aparmış, cavabdeh tərəf isə cinayət işi üzrə yekun qərarın qəbul edilməsinədək gözləmək qərarına gəlmiş, iddiaçı isə onlara güvənmiş və gözləmə mövqeyi almışdır. Lakin, qərar çıxdıqdan sonra cavabdeh şirkət tərəfindən hər hansı addım atılmadığı müəyyən olunmuş, buna görə də məhkəməyə müraciət etmək qərarına gəlinmişdir. Ümumiyyətlə, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizə verməsi əsassızdır, nəzərə alınmalıdır ki, o hüquq münasibətlərinin peşəkar iştirakçısıdır. Buna baxmayaraq o, nə sığorta ödənişi etmiş, nə də ödənişdən tam və ya qismən imtina etməsi barədə iddiaçını məlumatlandırmış, əksinə cavabdehi gözləmə mövqeyində saxlamış və bununla da, vicdanlı davranmamış və hazırda da iddia müddətinin keçməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən, iddia müddətinin tətbiqi barədə ərizə qəbul edilə bilməz. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Apellyasiya baxışında iştirak edən cavabdehn nümayəndələri (vəkili) hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində iddiaya, eləcə də apellyasiya baxışı zamanı apellyasiya şikayətinə qarşı etirazda göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişlər ki, hazırkı işə bağlı məhkəmənin müraciəti əsasında Konstitusiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli Plenum qərarında göstərilir ki, sığorta ödənişi ilə bağlı tələblər üzrə iddia müddəti sığortalının (və ya faydalanan şəxsin) sığortaçının sığorta ödənişini etməkdən imtina etməsini bildiyi (bilməli olduğu) və ya sığorta ödənişinin miqdarı ilə razılaşmadığı halda sığorta ödənişinin həyata keçirildiyi, habelə öhdəliyin icra müddəti (“İcbari sığortalar haqqında” Qanunun 18.1-ci maddəsi ilə nəzərdə tutulmuş müddət) bitdiyi andan axmağa başlayır. Bununla belə, həmin qərarda sığorta ödənişinin verilməsini cinayət və ya inzibati xəta işləri üzrə icraatın yekunlaşması ilə şərtləndirən iştirakçıların hüquqdan sui-istifadə halının olubolmamasının araşdırılması qeyd olunmuşdur. Hazırkı halda isə, cavabdeh tərəfin hərəkətsizliyi olsa da, hüquqdan sui istifadəyə yol verən davranışı olmamış, iddiaçı tərəf isə bu halı təsdiq edən mötəbər sübutlar təqdim edə bilməmişdir. Əksinə, iddia edən tərəf öz tələbinin əsasına dair sübutlar təqdim etməlidir. Cavabdehin hərəkətsizliyə yol verdiyi zaman isə, artıq iddiaçı hüququnun pozulduğunu bilməli və iddia müddəti bitmədən məhkəməyə müraciət etməli idi. Həmçinin, iddiaçının qeyd etdiyi – tərəflər arasında şifahi danışıqların olması və yanğın hadisəsinə dair cinayət işinin yekunlaşmasını gözləmək barədə cavabdehin qərara gəlməsi barədə fikirlər tamamilə yalandır, bu cür hal olmamış, iddiaçı isə bunu sübut edə bilməmişdir.

27. Bununla yanaşı, cavabdehin nümayəndələri iddiaçının sığorta ödənişinin verilməsi barədə müraciəti üzrə cavabdeh şirkət tərəfindən qanunvericiliklə nəzərədə tutulmuş araşdırmanın aparılmaması, konrket imtinanın verilməməsi, yəni tam hərəkətsizliyin göstərilməsinin ağlabatan səbəblərini izah edə bilməmişdir.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 889. Sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Maddə 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Maddə 924.1. Sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir. Maddə 924.2. Sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir. Maddə 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. Maddə 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Maddə 934.2. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.

29. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Maddə 17.1.4. bu Qanunun Xüsusi bölməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış (o cümlədən elektron formada). Maddə 18.1. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Maddə 18.2. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Maddə 21.1. Bu Qanunda müəyyən edilmiş subroqasiya hüququnun əsaslarına aid olan hallar istisna edilməklə, sığorta ödənişindən imtinanın Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ümumi əsasları ilə yanaşı icbari sığorta müqavilələri üzrə aşağıdakı hallarda da sığorta ödənişi verilmir: .... 21.1.5. bu Qanunun 36.3-cü maddəsində nəzərdə tutulmuş hallarda;

Maddə 36.3. Əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur: 36.3.1. sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər;

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

31. İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373, 377.1 və 379-cu maddələri baxımından şərh edilməsinə dair xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum qərarı: - Sığorta ödənişi ilə bağlı tələblər üzrə iddia müddətinin axımı sığortalının (və ya faydalanan şəxsin) sığortaçının sığorta ödənişini etməkdən imtina etməsini bildiyi (bilməli olduğu), sığorta ödənişinin miqdarı ilə razılaşmadığı halda sığorta ödənişinin həyata keçirildiyi, habelə sığorta ödənişi həyata keçirilməməklə yanaşı sığorta ödənişindən imtina haqqında bildiriş verilmədikdə sığortaçının öhdəliyinin icra müddəti (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsi ilə nəzərdə tutulmuş müddət) bitdiyi andan başlayır. - Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisələrinə münasibətdə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsində nəzərdə tutulmuş “arayış” səlahiyyətli orqanın həmin hadisə ilə əlaqəli inzibati xətalar və ya cinayət işi üzrə təqsiri müəyyən edən qərarını ehtiva etmir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və tərəfləri dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir.

33. İşin yuxarıda qeyd edilən faktiki hallarından göründüyü kimi, 2018-ci il 11 yanvar tarixli icarə müqaviləsinə əsasən, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81Q ünvanında yerləşən "xxxx" MMC-nin mülkiyyətində olan sahəsi 8920,45 kv.m olan obyekt "xxxx" MMC-yə icarəyə verilmiş, həmin obyekt sığortalı "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi olan İddiaçı tərəfindən 2018-ci il 5 iyun tarixindən 2019-cu il 4 iyun tarixinədək "xxxx" ASC-də sığortalanmış (BA seriyalı, 870111 nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi), sığorta məbləği 180.923 manat, sığorta haqqı 500 manat, azadolma məbləği 150 manat məbləğində müəyyən edilmişdir. 2019-cu il 26 mart tarixində sözügedən ünvanda yanğın hadisəsi baş vermiş və həmin tarixdə bu fakt üzrə CM-nin 225.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. İddiaçı hadisədən dərhal sonra qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddət ərzində sığorta ödənişinin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən nə sığorta ödənişi verilmiş, nə də sığorta ödənişinin verilməsindən imtina barədə yazılı əsaslandırılmış bildiriş göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2022-ci il 13 may tarixli 1(007)- 11/2022 nömrəli hökmü ilə "xxxx" MMC-də elektrik montyoru işləyən X3 CM-in 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmişdir. Bundan sonra, iddiaçı yenidən cavabdehə müraciət edərək 180.773 manat həcmində sığorta ödənişinin və sığorta ödənişinin gecişdirilməsinə görə 230.000 manat dəbbə pulunun 5 iş günü müddətində ödənilməsini tələb etmiş, hər hansı nəticə olmadığından 2022-ci ilin oktyabr ayında mediasiya təşkilatına müraciət etmiş, 2022-ci ilin 3 noyabr tarixində isə məhkəmədə iddia qaldırmışdır.

34. Cavabdeh iddiaya etirazında ilk əvvəl iddiaçının müvafiq subyektiv hüququnun olmamasını bildirmiş, sonradan isə mübahisəyə iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim edərək göstərmişdir ki, sığortalı sığorta hadisəsinin baş verməsindən sonra 1 aylıq müddət ərzində sığortaçıya müraciət etmiş, sığorta ödənişi almadığı halda sığorta ödənişinin verilməsi üçün qanunla müəyyən edilmiş 7 iş günü bitdikdən sonra 3 illlik iddia müddəti çərçivəsində məhkəmədə iddia qaldırmalı olsa da, bu müddəti ötürmüşdür.

35. Yuxarıda qeyd olunduğu kimi, işə baxan birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı onun hüququnun pozulduğu andan (26 mart 2019-cu il tarixdən etibarən) üç illik iddia müddətini ötürməklə iddia qaldırmışdır. Əvvəlki apellyasiya baxışı zamanı, məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

36. Kassasiya instansiya məhkəməsi isə göstərişlərində qanunvericiliyin tələblərini fərqli tövsif (şərh) edərək qeyd etmişdir ki, “İcbari sığortalar haqqında” Qanunun 18-ci maddəsinə əsasən, bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Normanın məzmunundan da göründüyü kimi, sığortaçı tərəfindən sığorta ödənişinin verilməsi və ya bundan yazılı şəkildə imtina edilməsi üçün nəzərdə tutulmuş müddətin (7 iş günü) axımı təqdim edilməli olan sənədlərdən məhz sonuncusunun verildiyi andan başlanır. Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş sığortalı tərəfindən təqdim edilməli olan sənədlərin sırasında sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs (şəxslər) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış xüsusi qeyd olunmuşdur. Qanunun 41.1-ci maddəsinin tələbi baxımından 17.1.4 və 36.3.1ci maddələrinin müqayisəli təhlili belə qənaətə gəlməyə əsas verir ki, daşınmaz əmlakın icbari sığortası üzrə nizamlama mütləq şəkildə sığorta hadisəsinin qəsd nəticəsində baş verib-verməməsinin aydınlaşdırılmasını şərtləndirir və 17.1.4-cü maddədə nəzərdə tutulmuş arayışın məcburiliyini təsdiqləyir. Ümumiyyətlə, Qanunun 17-ci maddəsində daşınmaz əmlakın icbari sığortası üzrə yanğın da daxil olmaqla baş vermiş bəzi sığorta hadisələri ilə əlaqədar yuxarıda göstərilən arayışa münasibətdə hər hansı istisna nəzərdə tutulmur. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs barədə arayışın təqdim edilməsi üçün isə Azərbaycan Respublikasının Konstitusiyasının və cinayət qanunvericiliyinin təməl prinsiplərinə əsasən, konkret şəxsin həmin hadisədə təqsirli bilinməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmalıdır (təqsirsizlik prezumsiyası). Sığorta ödənişinin verilməsindən imtinanın əsasları nəzərdən keçirildikdə qeyd edilən sənədin tədim edilməsinin (alınmasının) hüquqi əhəmiyyəti daha bariz şəkildə görünür. Belə ki, “İcbari sığortalar haqqında” Qanunun 21.1.5 və 36.3.1-ci maddələrinə əsasən, icbari sığorta qanunvericiliyinə əsasən sığorta ödənişindən imtinanın əsaslarından biri sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlərdir. Hazırkı işin hallarından görünür ki, yanğın hadisəsi ilə əlaqədar 2019-cu il 29 mart tarixində fakt üzrə CM-in 225.2-ci maddəsilə cinayət işi başlanmış, 2021-ci il 17 mart tarixində isə CPM-in 39.1.2-ci maddəsilə iddiaçı barəsində cinayət təqibinə xitam verilmişdir. CPM-in 37-ci maddəsinə əsasən bu cinayət üzrə cinayət təqibi ictimai ittiham qaydasında həyata keçirilir. İstintaqın gedişi zamanı bu maddə ilə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsi, yaxud onun əməlinin cinayət qanununda nəzərdə tutulan qəsdən törədilən başqa cinayət əməli kimi tövsif edilməsi də mümkündür. Digər tərəfdən, CM-in 225-ci maddəsi üzrə barəsində cinayət təqibinə xitam verilmiş şəxsin qəsdən törədilmiş inzibati xətaya görə məsuliyyətə cəlb edilməsi də istisna edilə bilməz. Belə olan təqdirdə isə həmin maddə ilə barəsində cinayət təqibi aparılan şəxsin törətdiyi əmələ “İcbari sığortalar haqqında” Qanunun 36.3.1-ci maddəsindəki qayda baxımından istintaq orqanı və ya məhkəmə tərəfindən verilən hüquqi nəticənin gözlənilməsi zərurətə çevrilir ki, bu da yuxarıda qeyd olunan hüquqi mövqelərə əsasən qanunla yol verilən pozisiyadır. Hazırkı işin halları baxımından bu cür vəziyyət, yəni sığortalı şəxslə CM-in 225.2-ci maddəsi üzrə barəsində cinayət təqibi aparılan şəxs eyni olduğundan mühüm əhəmiyyət kəsb edir. Belə ki, yəni sığortalı barəsində başlanmış cinayət işinin yekunlaşmasını gözləmədən sığorta şirkəti tərəfindən sığorta ödənişi edilərsə (məhkəmə aktı əsasında) və hadisə üzrə başlanmış cinayət işinin gedişində sığortalının (faydalanan şəxsin və ya onların rəhbər işçilərinin) hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər müəyyənləşdirilərsə, bu zaman sığorta ödənişinin edilməsindən imtina üçün əsaslar olduğu halda, sığortalıya əsasız olaraq sığorta ödənişi edilmiş olacaqdı ki, qanunvericinin hadisənin baş verməsində təqsirli olan şəxs barədə arayışın təqdim edilməsi barədə imperativ qayda qoymaqda əsas məqsədi də məhz bir şəxs barəsində biri digərini inkar edən iki məhkəmə aktının (sığortalıya sığorta ödənişi edilməsi barədə məhkəmə qətnaməsi və sığortalının baş vermiş hadisədə təqsirli bilinməsi barədə məhkəmə hökmü) mövcudluğunun qarşısını almaq və sığortalını bu kimi ziddiyyətli halların yaranmasından və onların nəticələrindən müdafiə etməkdir. Bu cür vəziyyətin qəsdən törədilən inzibati xəta ilə əlaqədar məsuliyyətə cəlb edilmə halında yaranması da istisna edilməməlidir.

37. Göründüyü kimi, kassasiya instansiyası göstərişlərində “İcbari Sığortalar haqqında” Qanunun 17.1.4-cü maddəsində nəzərdə tutulmuş “arayışı” məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və cinayət işinin icraatına xitam verilməsi barədə qərarla eyniləşdirərək, daşınmaz əmlakın icbari sığortası növündə “təqsirin mütləq müəyyən edilməsinə dair hüquqi mövqeyini” ifadə etmiş, eyni zamanda müvafiq iddia müddətinin axımının başlanmasını da məhz qeyd hallarla əlaqələndirmişdir.

38. Məhkəmə kollegiyası kassasiya instansiyasının maddi hüquq normasının tətbiqi istiqamətində qeyd edilən mövqeyi (göstərişləri) ilə razılaşmamış, həmçinin bu növdən olan iddialara baxılmasında düzgün qərarlar qəbul edilməsi, qanunvericiliyin eyni cür tətbiq olunması və məhkəmə təcrübəsində yaranmış qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə - daşınmaz əmlakın icbari sığortası növü üzrə sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı sığortaçı tərəfindən müvafiq sığorta ödənişinin verilməsi, səlahiyyətli orqanın həmin hadisə ilə əlaqəli iş üzrə təqsiri müəyyən edən yekun qərarından sonra həyata keçirilməli olubolmaması, həmçinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsində nəzərdə tutulmuş “arayış”ın, daşınmaz əmlakın icbari sığortası növünə münasibətdə hansı sənədləri özündə ehtiva etməsi, eləcə də qeyd edilən sığorta münasibətləri zamanı iddia müddəti məsələlərinə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373, 377.1, 379-cu maddələri baxımından “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsini şərh olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edilmişdir.

39. Qeyd olunan müraciət üzrə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2025-ci il tarixli qərarı (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373, 377.1 və 379-cu maddələri baxımından şərh edilməsinə dair”) dərc olunmuş, aşağıdakı nəticəyə gəlinmişdir:

1. Sığorta ödənişi ilə bağlı tələblər üzrə iddia müddətinin axımı sığortalının (və ya faydalanan şəxsin) sığortaçının sığorta ödənişini etməkdən imtina etməsini bildiyi (bilməli olduğu), sığorta ödənişinin miqdarı ilə razılaşmadığı halda sığorta ödənişinin həyata keçirildiyi, habelə sığorta ödənişi həyata keçirilməməklə yanaşı sığorta ödənişindən imtina haqqında bildiriş verilmədikdə sığortaçının öhdəliyinin icra müddəti (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsi ilə nəzərdə tutulmuş müddət) bitdiyi andan başlayır.

2. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisələrinə münasibətdə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsində nəzərdə tutulmuş “arayış” səlahiyyətli orqanın həmin hadisə ilə əlaqəli inzibati xətalar və ya cinayət işi üzrə təqsiri müəyyən edən qərarını ehtiva etmir.

40. Göründüyü kimi, kassasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən mövqeyinin əksinə olaraq, Konstitusiya Məhkəməsinin Plenumu icbari sığorta münasibətlərində qanunda qeyd edilən “arayış”ın nəyi ehtiva etməsini, iddia müddətlərinin axımının hansı andan başlanmasını və s. bu kimi zəruri halları ətraflı şərh etmişdir.

41. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, “İcbari sığortalar haqqında” Qanunun 17.1.4-cü maddəsində sığorta ödənişinin vеrilməsi üçün tələb olunan sənədlər sırasında sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış qeyd olunmuşdur.

42. Göstərilməlidir ki, “İcbari sığortalar haqqında” Qanunun 35.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

43. Həmin Qanunun 36.1-ci maddəsində daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisələri sadalanmışdır.

44. Sığorta ödənişinin vеrilməsi üçün tələb olunan sənədlər sırasında göstərilən arayış həmin maddə ilə nəzərdə tutulmuş müxtəlif hallar üzrə fərqli qurumlar tərəfindən verilir və sığorta hadisəsi hesab edilə bilən halın baş verməsini təsdiq edir, həmçinin dəymiş zərərin müəyyən edilməsinə imkan yaradır.

45. Bu arayışın alınması sığortaçının vəzifəsidir. “İcbari sığortalar haqqında Qanunun” 17.4-cü maddəsinə uyğun olaraq, sığortaçı bu Qanunun 17.1.4-cü maddəsində nəzərdə tutulmuş arayışı almaq üçün səlahiyyətli orqana dərhal sorğu verməlidir. Səlahiyyətli orqan bu sorğuya əsasən sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər.

46. Həmin arayışda “sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs”in göstərilməli olduğu qeyd edilsə də, bu şərt imperativ tələb kimi qəbul edilə bilməz. Belə ki, bəzi hallarda qısa müddət ərzində (10 gün), bəzi hallarda isə ümumiyyətlə hadisənin baş verməsində təqsiri olan şəxsi müəyyən etmək qeyri-mümkün olur və ya bu arayışı təqdim edən orqanın səlahiyyətlərinə aid olmur, bəzən isə ümumiyyətlə hadisə heç kəsin təqsiri olmadan baş verir.

47. O da vurğulanmalıdır ki, arayışda “təqsiri olan şəxs”in qeyd edilməli olması özüözlüyündə təqsirsizlik prezumpsiyası ilə ziddiyyət təşkil etmir. Belə ki, əməlin cinayət hüquqi və ya inzibati hüquqi baxımdan araşdırılmaması, inzibati xətalar və ya cinayət prosesində təqsirin sübuta yetirilməməsi mülki hüquqi təqsirin mövcudluğunu istisna etmir. Yəni mülki hüquq pozuntusu üçün də təqsir subyektiv cəhətin xarakterik əlamətini təşkil edir.

48. Nəzərə almaq lazımdır ki, mülki hüquq nəzəriyyəsində sığortanın iqtisadi-hüquqi kateqoriya olaraq məqsədi və yerinə yetirdiyi funksiya baxımından təməl prinsiplərindən biri kimi sığorta hadisəsi nəticəsində yaranmış zərərin məhz qısa müddətdə aradan qaldırılması prinsipi qəbul edilmişdir. “İcbari sığortalar haqqında” Qanunun 3.1.4-cü maddəsi ilə də sığorta hadisələrinin nəticələrinin aradan qaldırılması, habelə sığorta ödənişlərinin məhz bu məqsədlər üçün istifadəsinin təminatı icbari sığortanın prinsipi kimi müəyyən edilmişdir.

49. “İcbari sığortalar haqqında Qanunun” 17.4-cü maddəsi ilə bu Qanunun 17.1.4cü maddəsində nəzərdə tutulmuş arayışı vermək səlahiyyəti olan orqan tərəfindən məhdud və qısa bir zaman (10 gün) ərzində təqdim edilməsi vəzifəsinin müəyyən olunması da bu arayışın qanuni qüvvəyə minmiş məhkəmə qərarını ehtiva etməməsinə və sığortalanan (və ya faydalanan) şəxsin maliyyə itkisinin ən qısa vaxtda kompensasiya edilməli olmasına dəlalət edir.

50. Göründüyü kimi, qanunvericliyin “İcbari sığortalar haqqında Qanunun” 17.1.1-ci maddəsində nəzərdə tutulan “arayış”a münasibəti həmin sənədin qısa müddətdə səlahiyyətli orqan tərəfindən verilməsi vəzifəsi müəyyən olunmaqla, onun verilməsinin hər hansı inzibati və ya cinayət işi üzrə araşdırmanın nəticəsi ilə bağlanmamışdır.

51. Əksinə, inzibati və ya cinayət işləri üzrə uzun müddət davam edən araşdırmaların yekun nəticəsinin gözlənilməsi sığorta hüququnun mahiyyətinə və təyinatına zidd olmaqla, sığorta hadisəsi nəticəsində yaranmış zərərin qısa müddətdə aradan qaldırılmasına mane olur. Bu isə, tərəflərin maraqlarına zidd olmaqla, onların sığorta münasibətlərinə girərkən müqavilə əsasında duran qarşılqılı gözləntilərinin pozulmasına səbəb olur.

52. Yuxarıda qeyd olunanları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qanunvericilikdə daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisələri ilə bağlı səlahiyyətli orqanın arayışının forması və məzmununa dair konkret tələb olmadığından, müvafiq arayış qismində hadisədən asılı olaraq həmin hadisənin baş verməsi faktını müəyyən etməyə imkan verən, “İcbari sığortalar haqqında” Qanunun 17.1.4-cü maddəsi ilə nəzərdə tutulan məlumatları özündə əks etdirən səlahiyyətli orqanlar tərəfindən verilən sənəd çıxış edir.

53. Bundan başqa, Konstitusiya Məhkəməsi iddia müddətinə münasibətdə qeyd etmişdir ki, sığortaçı tərəfindən qanunla müəyyən edilmiş müddətdə nə sığorta ödənişinin həyata keçirilməsi, nə də bundan əsaslandırılmış imtina verilməsi sığortalı (və ya faydalanan) şəxsin hüquqlarının pozulması halını yaradır. Belə ki, qanunvericilik müvafiq sənədlərin verilməsindən etibarən 7 iş günü ərzində göstərilən hərəkətlərin sığortaçı tərəfindən icra edilməsi vəzifəsini qəti olaraq nəzərdə tutmuşdur. Bu səbəbdən, sığortaçının 7 iş günü ərzində ödəniş etmədiyi halda imtina ilə bağlı yazılı bildirişi də sığortalıya verməməsi qanunvericiliyin tələbinə aşkar şəkildə ziddir. Belə halda sığorta ödənişi öhdəliyinin icrası vaxtının keçməsi ilə (7 iş gününün sonu) sığorta təminatı hüququnun pozulduğu sığortalı (və ya faydalanan) şəxsə məlum olmuş olur. Bu zaman sığortaçı tərəfindən sığorta ödənişindən imtina barədə əsaslandırılmış bildirişin verilməməsi iddia müddətinin axımının başlanılması baxımından hüquqi əhəmiyyət kəsb etmir.

54. Həmçinin qeyd olunur ki, sığorta ödənişi ilə bağlı tələblər üzrə iddia müddəti sığortalının (və ya faydalanan şəxsin) sığortaçının sığorta ödənişini etməkdən imtina etməsini bildiyi (bilməli olduğu), və ya sığorta ödənişinin miqdarı ilə razılaşmadığı halda sığorta ödənişinin həyata keçirildiyi, habelə öhdəliyin icra müddəti (“İcbari sığortalar haqqında” Qanunun 18.1-ci maddəsi ilə nəzərdə tutulmuş müddət) bitdiyi andan axmağa başlayır.

55. Beləliklə, məhkəmə kollegiyası kassasiya instansiyasının yuxarıda qeyd edilən istiqamətdə olan mövqeyi (göstərişləri) ilə razılaşmır.

56. Bununla belə, Konstitusiya Məhkəməsi həmin qərarında xüsusi olaraq tərəflərin vicdanlı davranışı məsələsinə toxunaraq qeyd etmişdir ki, sığorta ödənişinin verilməsini cinayət və ya inzibati xəta işləri üzrə icraatın yekunlaşması ilə şərtləndirən sığorta münasibətləri iştirakçısının sonradan iddia müddətinin tətbiqinə dair ərizə verməsi borclunun iddia müddəti ilə bağlı fərdi müdafiə hüququndan sui-istifadəsi kimi qiymətləndirilməlidir.

57. İddiaçı tərəf müddətin tətbiqinə dair ərizəyə etiraz edərək, cavabdehin vicdanlı davranış sərgiləmədiyini, yəni tərəflər arasında çoxsaylı sığorta müqavilələrinin olmasından, qarşılıqlı etimadın olmasından sui-istifadə olunduğunu, şifahi danışıqlar zamanı hadisə barəsində cinayət işinin yekunlaşmasından sonra ödənişin olunacağı barədə vədləri ilə iddiaçını yubatdıqlarını və s. bildirmişdir.

58. Qeyd edilməlidir ki, vicdanlılıq prinsipi Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasında göstərilməsə də Məcəllənin 5.3-cü maddəsində bu prinsip ümumi tələb kimi xüsusi olaraq vurğulanmışdır. Həmin maddəyə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bununla bağlı onu da qeyd etmək lazımdır ki, ədalət mühakiməsini həyata keçirən məhkəmələr tərəflərin irəli sürüb-sürməməsindən asılı olmayaraq hüquqdan sui-istifadə halını müəyyən etdikdə bunu nəzərə almalıdırlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarı).

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.

60. Mülki Məcəllənin 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

61. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

62. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə uyğun olaraq, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur.

63. Eyni zamanda kassasiya instansiyası da qərarında qeyd etmişdir ki, cavabdeh sığorta qanunvericiliyinin tələblərini pozaraq, imtina üçün əsas olmadığı halda nəinki sığorta ödənişi etməmiş, hətta sığorta ödənişi verilməsindən imtina barədə yazılı bildiriş də verməməklə sığortalını hər ikisinə məlum olan hala görə (sığortalı barəsində başlanmış cinayət işinin yekunlaşması) suni surətdə gözləmə mövqeyində arxayın saxlamış, iddiaçı tərəfindən sığorta ödənişinin verilməsinə dair tələb irəli sürüldükdə isə iddia müddətinin tətbiqinə dair ərizə vermək hüququndan istifadə etmişdir.

64. Bu isə o deməkdir ki, cavabdeh – sığortaçı hazırda özünün yol verdiyini bildirdiyi qanuna zidd hərəkətə istinad edərək, onun nəticəsində özü barəsində əlverişli hüquqi nəticələr yatarmağa çalışır ki, bu da ilk növbədə mülki hüquq subyektlərinin vicdanlı davranış qaydaları çərçivəsində qiymətləndirilməli olan məsələdir.

65. Məhkəmə kollegiyası qeyd edilən istiqamətdə (hüquqdan sui-istifadə, vicdanlı davranmama) kassasiya instansiyasının mövqeyi ilə razılaşaraq bildirir ki, iş üzrə tərəflər arasında sığorta münasibətlərinin olması, sığorta hadisəsinin baş verməsi, bunun əsasında sığortalının (və ya faydalanan şəxsin) sığorta marağının yaranması, lakin sığorta ödənişinin sığortaçı tərəfindən vaxtında həyata keçirilməməsi və ümumilikdə sığortaçının (cavabdehin) hərəkətsizlik göstərməsi mübahisəsiz haldır.

66. Halbuki, nəzərə alınmalıdır ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (MM, m.883.1). Sığorta təminatı isə həmin sığorta müqaviləsinə əsaslanır.

67. Sığorta müqaviləsində isə, müqavilənin iştirakçıları, onların qarşılıqlı hüquq və vəzifələri, sığorta hadisəsi, həmin hadisə baş verdikdə sığortalının sığorta ödənişini almaq hüququ, sığortaçının sığorta ödənişini ödəmək vəzifəsi və s. ətraflı göstərilir.

68. Eləcə də, sığortalının isə sığorta marağı olmaqla, sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir (MM, m.889.1).

69. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır, yəni reallaşmış sığorta riskidir. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir (MM, m.922.1, 922.2).

70. Yuxarıda da qeyd edildiyi kimi, cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçının hələ 2019-cu ilin may ayından etibarən müvafiq sığorta məbləğinin ödənilməsini məhkəmə qaydasında tələb etmək hüquqları yaransa da, tərəflərin qarşılıqlı işgüzar münasibətlərindən və işin hallarından açıq-aşkar görünür ki, cavabdeh sığortalını barəsində dərhal başlanmış cinayət işinin yekunlaşmasını suni surətdə gözləmə mövqeyində arxayın saxlamış, sonradan iddiaçı tərəfindən sığorta ödənişinin verilməsinə dair tələb irəli sürüldükdə isə iddia müddətinin tətbiqinə dair ərizə vermək hüququndan istifadə etmişdir ki, bu hal açıq-aşkar hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.

71. Eyni zamanda, cavabdehin nümayəndələri sığortaçının qanunvericiliklə üzərinə düşən qeyd edilən bu və digər vəzifələri yerinə yetirməməsinin, əksinə tam hərəkətsizlik göstərməsinin ağlabatan səbəbləri barədə də məhkəmə kollegiyası hər hansı izahat verə bilməmişlər (təbii ki, sığorta ödənişinin verilməsindən imtinaya dair hər hansı qanuni əsas müəyyən olunmuşdursa, o zaman cavabdeh buna dair əsaslandırılmış imtinasını qanunvericiliklə nəzərədə tutulmuş qaydada və müddətdə sığortalıya təqdim etməli idi).

72. Halbuki, cavabdeh şirkət sığorta sahəsində ixtisaslaşmaqla, həmin sahədə fəaliyyət göstərən peşəkar hüquq şəxsdir. Onun baş vermiş hadisəsinin sığorta hadisəsi olub-olmamasını, hadisənin sığortalının (və ya faydalanan şəxsin) qəsdi ilə əhaətə olubolmamasını, müqavilə öhdəliyinin pozulması və s. hallar barədə ətraflı araşdırma aparmaq səlahiyyəti və imkanları olmuşdur.

73. Cavabdehin qanunla üzərinə düşən vəzifələrin həyata keçirilməsindən ümumiyyətlə hərəkətsizlik formasında imtina etməsi və bunun ağlabatan əsaslandırılmasını təqdim etməməsi onun peşəkar fəaliyyəti ilə uzlaşmır

74. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, sığorta ödənişinin verilməsi barədə müraciətlər üzrə sığortaçının hərəkətsizlik göstərməsi özüözlüyündə (hər bir halda) sui-istifadə halını ehtiva etmir.

75. Lakin, hazırki işin faktiki halları və toplanmış sübutlar müqayisələri şəkildə nəzərə alınmaqla məhkəmə kollegiyası bir daha qeyd edir ki, cavabdehin iddia müddətinin tətbiq olunması barədə ərizəsi (həkərəti) açıq-aşkar hüquqdan sui-istifadə və qarşı tərəfin ondan gözlənilən vicdanlı davranışın sərgilənməməsi fonunla həyata keçirildiyindən qəbul edilə bilməz.

76. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsas borc hissəsində əsaslı olduğundan təmin olunmalı və cavabdehdən iddiaçının xeyrinə 180.773 manat sığorta ödənişi tutulmalıdır.

77. Tələbin dəbbə pulu hissəsinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

78. Mülki Məcəllənin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.

79. Həmçinin, oxşar müddəa “İcbari sığortalar haqqında” Qanunun 18.2-ci maddəsində də öz əksini tapmışdır.

80. İddiaçı sığorta ödənişinin cavabdeh tərəfindən qannula müəyyən olunmuş müddət ərzində ödənilməməsini, bu səbəbdən də əlavə olaraq dəbbə pulunun tutulmalı olmasını iddia etsə də, işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, tərəflər qarşılqlı razılıqla cinayət təqibinin sonlanmasını gözləmişlər.

81. Belə olan halda, iddiaçının dəbbə pulunun ödənilməsini tələb etməsinin özü də vicdanlılıq prinsipi ilə uzlaşmır.

82. Bununla yanaşı, qeyd edilən normaların məzmunundan görünür ki, sığortalının sığorta ödənişinin gecikdirilməsinə görə dəbbə pulu tələb etmək hüququnun yaranması üçün sığortaçının sığorta ödənişi etmək öhdəliyinin icra müddətinin bitdiyi müddət dəqiq şəkildə müəyyən edilməlidir.

83. Bundan başqa, İddiaçı təsisçisi və qanuni təmsilçisi olan "xxxx" MMC cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə 180.773 manat həcmində sığorta ödənişinin, sığorta ödənişinin gecikdirilməsinə görə 230.000 manat dəbbə pulunun və 701 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

84. Hazırki işlə analoji faktiki hallara malik olan həmin iş üzrə Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2-2(102)-465/2024 nömrəli, xx.xx.2024-cü il tarixli yekun qərarına əsasən məhkəmə kollegiyası dəbbə pulu hissəsində iddianı rədd edərkən öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının bu tələbinin qanuni əsasını MM-nin 934.2 və “İcbari sığortalar haqqında” Qanunun 18.2-ci maddələri təşkil edir. Həmin maddələrin məzmunundan isə görünür ki, sığortalının sığorta ödənişinin gecikdirilməsinə görə dəbbə pulu tələb etmək hüququnun yaranması üçün sığortaçının sığorta ödənişi etmək öhdəliyinin icra müddətinin bitdiyi müddət dəqiq şəkildə müəyyən edilməlidir. Lakin hadisə ilə bağlı başlanmış cinayət işinə xitam verilməsinə dair qərarın cavabdehə konkret olaraq hansı tarixdə təqdim olunması işin materiallarından müəyyən edilmir.

85. «Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).

86. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia tələbi qismən təmin olunmalı, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə sığorta ödənişi kimi 180.773 manat pul vəsaiti tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır.

87. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

88. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

89. Məhkəmə kollegiyası iddianın qismən təmin olunması nəticəsinə gəldiyindən, hesab edir ki, həmin məbləğə müvafiq olaraq 310 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə verilməli, qalan hissədə iddiaçının özünə aid edilməlidir.

90. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin və dəbbə pulunun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-326/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 326/2023 nömrəli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin olunsun. Cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə sığorta ödənişi kimi 180.773 (yüz səksən min yeddi yüz yetmiş üç) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 310 (üç yüz on) manat tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar