Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-580/2024 24.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının vəkili Vəkil1 və cavabdehin vəkili Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2139/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ödənilməmiş 80000 manat məbləğin, iddiaçı tərəfindən ödənilmiş 400 manat mediasiya xərcinin cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı bildirir ki, X10 MMC ilə İddiaçı arasında 05 fevral 2019-cu il tarixində “01” iyun 2019-cu ildən “31” may 2021-ci ilə qədər qüvvədə olan Tapşırıq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 5.1.1-ci maddəsinə əsasən “01” iyun 2019-cu il tarixindən “31” may 2021-ci il tarixinədək İddiaçı 147890,00 manat məbləğində ödəniş edilməli idi. Həmin maddənin 5.1.2-ci maddəsinə əsasən müqavilə üzrə iddiaçının 2019/2020 mövsümü üçün “31” may 2020-ci il tarixinədək ümumi xidmət haqqı 63420,00 manat təşkil edirdi və bu məbləğ 10 aya bölünməklə futbolçuya aylıq 6342 manat məbləğində aylıq xidmət haqqı ödənilməli idi. Həmçinin həmin maddənin 5.1.3-cü maddəsinə əsasən müqavilə üzrə iddiaçının 2020/2021 mövsümü üçün “31” may 2021-ci il tarixinədək ümumi xidmət haqqı 84470 manat təşkil edirdi və bu məbləğ 10 aya bölünməklə iddiaçıya aylıq 8447 manat məbləğində aylıq xidmət haqqı ödənilməli idi. Cavabdeh tərəfindən futbolçu İddiaçı müqavilənin qüvvədə olduğu müddət ərzində cəmi 60000 manat, 2019/2020 mövsümü üçün 30000 manat, 2020/2021 mövsümü üçün 30000 manat məbləğində ödəniş edilmiş və yerdə qalan məbləğ ödənilməmişdir. Müqavilənin qüvvədə olduğu müddət ərzində iddiaçı Tapşırıq müqaviləsi üzrə öhdəliklərini vicdanla yerinə yetirmişdir və iddiaçıya aylıq vergi və digər xərclərdən azad olaraq ilk il üçün 6000 manat ödənilməli idisə 3000 manat ödənilmişdir. İddiaçı hər dəfə öz iradını bildirsədə ödəniləcəyi bildirilmiş lakin indiyədək bu məbləğlər ödənilməmişdir. Cavabdehə xx.xx.2023-cü il tarixində pretenziya məktubu ünvanlanmış və cavabdeh tərəfindən heç bir cavab verilməmişdir. xx.xx.2019-cu il tarixli müqavilənin 11.3-cü maddəsinə əsasən, tərəflər bu müqavilədən irəli gələn mübahisələrin özləri tərəfindən həllinə üstünlük verirlər. Bu mümkün olmadıqda yaranmış mübahisəyə ilk növbədə AFFA-nın hüquq orqanlarında baxılır. İşlə əlaqədar xx.xx.2023-cü il tarixli iddia ərizəsiylə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət edilmişdir. Komitə 07 avqust 2023-cü il tarixli qərar qəbul etmiş və iddianı baxılmamış saxlamışdır. Bundan sonra iddiaçı AFFA-nın X2 müraciət edilmiş və xx.xx.2023-cü il tarixli qərar ilə apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir. Tərəflər arasında bağlanmış müqavildəki qaydaya görə İdman Arbitraj Məhkəməsinə müraciət edilmiş və İdman Arbitraj Məhkəməsinin 19 fevral 2024-cü il tarixli Qərarı ilə iş icraata qəbul edilməmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı cavabdehə qarşı pul tələbi ilə 19 iyul 2023-cü il tarixində AFFA Oyunçuların Statusu və Transferi üzrə Komitəyə iddia ərizəsi ilə müraciət etmişdir. Oyunçuların Statusu və Transferi Komitəsinin Prosedur Qaydalarının 15.2.3-cü bəndində müəyyən edilmiş 2 illik müddət ötürüldüyü üçün, Komitə 7 avqust 2023-cü il tarixdə iddianın baxılmamış saxlanması haqqında qərar qəbul etmişdir. İddiaçı Komitənin bu qərarından AFFA X2 şikayət etməli olsa da, 18 avqust 2023-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli e-2-2(113)-4507/2023 saylı qərardadı ilə iddiaçının pul tələbinə dair iş üzrə iddia ərizəsi Mülki Prosessual Məcəllənin 259.0.5-ci maddəsinə əsasən baxılmamış saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli 2-2(103)-958/2023 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli e-2-2(113)-4507/2023 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanmışdır. Bundan sonra iddiaçı 6 dekabr 2023-cü il tarixdə Komitənin 7 avqust 2023cü il tarixli qərarından AFFA X2 şikayət vermişdir. AFFA X1 22 dekabr 2023-cü il tarixli qərarına əsasən, 15 günlük şikayət vermə müddətinin ötürülməsi əsası ilə İddiaçının şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir. İddiaçı AFFA X1 22 dekabr 2023cü il tarixli qərarından İdman Arbitraj Məhkəməsinə müraciət etmişdir. Lakin İddiaçı bu dəfə də müraciət etmə müddətini ötürmüş və İdman Arbitraj Məhkəməsinin 19 fevral 2024cü il tarixli qərarına müvafiq olaraq İdman Arbitraj Məhkəməsinə müraciət etmə müddətinin ötürülməsi səbəbindən İddiaçının müraciəti əsasında arbitraj işinin başlanmasından imtina edilmişdir. Beləliklə, iddiaçı mübahisələrin həlli üçün müqavilə əsasında razılaşdırılmış instansiyalara müraciət etmə qaydalarını və müddətlərini pozmuş və bu səbəbdən onun iddia tələbi ilə bağlı işin icraata götürülməsindən hər üç instansiya (Komitə, AFFA X4 və İdman Arbitraj Məhkəməsi) imtina etmişdir. Buna baxmayaraq, iddiaçı 23 fevral 2024-cü il tarixli iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmişdir. Halbuki, Bakı Kommersiya Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli e-2-2(113)-4507/2023 saylı qərardadı ilə iddiaçının pul tələbinə dair iş üzrə iddia ərizəsi MPM-in 259.0.5-ci maddəsinə əsasən baxılmamış saxlanmışdır. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aşağıdakılar olmuşdur: (i) Tərəflər arasında mübahisənin arbitraj məhkəməsində baxılması üçün bağlanmış arbitraj sazişinin mövcudluğu; və (ii) İşə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən təqdim edilmiş etirazın mövcudluğu. Beləliklə, iddiaçı iddianın baxılmamış saxlanması üçün səbəb olan şəraitin həqiqətən də aradan qaldırıldığını iddia etmək üçün qeyd edilən maddədə göstərilən hər iki halın aradan qalxdığını təsdiq edən aşağıdakı sənədləri məhkəməyə təqdim etməlidir: (i) Tərəflər arasında mübahisənin arbitraj məhkəməsində baxılması üçün bağlanmış arbitraj sazişinin ləğv edilməsini təsdiq edən sənəd; və (ii) İşə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən təqdim edilmiş etirazın geri götürüldüyünü təsdiq edən sənəd. Lakin qeyd edilən halların aradan qalxmış olduğunu təsdiq edən hər hansı sənəd iddiaçı tərəfindən təqdim edilməmişdir. İddiaçı hesab edir ki, prosessual müddətlərə əməl edilməməsi səbəbindən İdman Arbitraj Məhkəməsindən iddiaçının müraciətinin icraata qəbul edilməsindən imtina cavabı alması MPM-in 259.0.5-ci maddəsində nəzərdə tutulmuş halların aradan qalxdığını iddia etmək üçün yetərlidir. Halbuki, qeyd olunduğu kimi, AFFA X1, daha sonra İdman Arbitraj Məhkəməsinin iddiaçının müraciətini icraata qəbul etməkdən imtina etməsinə tamamilə iddiaçının nəzərdə tutulan müddətlərə əməl etməməsi səbəb olmuşdur və iddiaçı tərəfindən şikayət vermə müddətlərinə əməl edilməməsi heç bir halda MPM-in 259.0.5-ci maddəsində nəzərdə tutulmuş halların aradan qaldıran hal olaraq qiymətləndirilə bilməz. Əks halda müqavilə tərəflərinin arbitraj sazişi bağlaması və ümumiyyətlə arbitraj institutu öz əhəmiyyətini itirmiş olardı. İddiaçının müvafiq qaydalar barədə məlumatlı olmaması üzrlü hal hesab olunmamalıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2139/2024 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddətinin üç il olduğunu nəzərə alaraq hələ üç il müddəti ötürülmədiyi üçün Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Çünki OSTK Prosedur Qaydalarına görə müddət ötürülmüşdür, ona görə də iddia baxılmamış saxlanıldı, iddiaçının hüquqlarının yeganə hüquq-müdafiə mexanizmi isə Azərbaycan Respublikası Qanunvericiliyinə görə müddət hələ ötürülmədiyi üçün yerli məhkəmələrdir. Lakin Məhkəmə də iddianı baxılmamış saxlayaraq işə arbitrajda baxılmalı olduğunu vurğulamışdır. Məhkəmə nəzərə almamışdır ki, hazır ki iş üzrə artıq İdman Arbitraj Məhkəməsinə müraciət edilməsi mümkün deyildir. Yəni iddiaçının pozulmuş hüquqlarının yeganə müdafiə vasitəsi olaraq yerli məhkəmələrdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz və ona əlavə iddia ərizəsinə dair etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, MPM-in 259.0.5-ci maddəsində təsbit olunan məhkəmənin işi baxılmamış saxlayıb arbitraja yönləndirmək vəzifəsi, həmçinin məhkəmənin bu vəzifəsinin aradan qalxmasına səbəb olan hallar “Arbitraj haqqında” Qanunda təsbit edilmişdir. Belə ki, “Arbitraj haqqında” Qanunun 17.1-ci maddəsinə əsasən, “arbitraj sazişinin predmeti olan məsələ ilə bağlı qarşısında iddia qaldırılmış məhkəmə, işə mahiyyəti üzrə baxılmasından əvvəl (i) tərəflərdən hər hansı birindən mübahisənin məhkəmədə həll edilməsinə dair etiraz daxil olduqda, (ii) arbitraj sazişi aşkar şəkildə etibarsız deyildirsə, (iii) aşkar şəkildə qüvvəsini itirməmişdirsə və ya (iv) onun icrasını qeyri-mümkün edən hallar yoxdursa, işi baxılmamış saxlayıb tərəfləri arbitraja yönləndirməlidir. Bu hallardan hər hansı biri mövcud olmadıqda, məhkəmə işi baxılmamış saxlayıb tərəfləri arbitraj məhkəməsinə yönləndirmək vəzifəsini daşıyır. İş materialları ilə sübut olunur ki, işin məhkəmə tərəfindən icraata götürülməsinə səbəb ola biləcək hallardan heç biri mövcud deyildir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 şikayəti müdafiə etdi, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 isə şikayətə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı hazırki iddia ərizəsi ilə artıq ikinci dəfə məhkəməyə müraciət edir. Birinci müraciəti zamanı da cavabdeh tərəf işin məhkəmədə baxılmasına etiraz etmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4507/2023 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət isə Bakı Kommersiya Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən təmin edilməmişdir, Məhkəmənin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4507/2023 saylı qərardadı dəyişdirilmədən quvvədə saxlanılmışdır. İkinci dəfə hazırki iddia ilə iddiaçı məhkəməyə müraciət etmiş, məhkəmə işi icraata qəbul etmiş (tərəflər arasında mübahisəyə məhkəmədə baxılmasına razılığın artıq əldə olunması mümkünlüyünə və ya cavabdeh tərəfindən işə mahiyyəti üzrə baxılmasına başlanılanadək etirazın daxil olmayacağı etimalın mövcüd olmasına əsaslanaraq), lakin hazırlıq iclası zamanı cavabdeh tərəfindən yenidən müqavilə şərtinə istinad edərək işə məhkəmədə baxılmasına etiraz edilmişdir. Beləliklə, göründüyü kimi, birinci dəfə işin baxılmamış saxlanılmasına əsas olmuş hallar aradan qaldırılmamış, müqavilə şərtinə əsasən işə X7 Arbitraj Məhkəməsində baxılmalı olduğu halda işə mahiyyəti üzrə baxılanadək tərəflərin işə Bakı Kommersiya Məhkəməsində baxılmasına dair razılıq əldə olunmamış və cavabdeh tərəfindən məhkəməyə etiraz təqdim edilmişdir. Məhkəmə hesab etmişdir ki, tərəflər aralarında bağlanmış müqaviləyə əsasən mübahisələrin həlli qaydasına arbitraj şərti müəyyən edildiyi üçün və iş üzrə cavabdeh işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin Bakı Kommersiya Məhkəməsində həll edilməsinə dair yazılı etiraz verdiyi üçün MPM-in 259.0.5-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, həmin nəticə prosessual normaların tələblərinə uyğun deyil. Belə ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, Tapşırıq müqaviləsininin (mülki hüquqi müqavilə) 11.3-cü bəndinə əsasən tərəflər bu müqavilədən irəli gələn mübahisələrin özləri tərəfindən həllinə üstünlük verirlər. Bu mümkün olmadıqda yaranmış mübahisəyə ilk növbədə AFFA-nın hüquq orqanlarında baxılır. Tərəflər adı çəkilən qurumun qərarı ilə qane olmadığı təqdirdə X7 Arbitraj Məhkəməsinə müraciət edə bilərlər. İş materiallarından müəyyən edilir ki, iddiaçı ilk olaraq xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət etmiş və həmin Komitənin 07 avqust 2023-cü il tarixli qərarına əsasən iddia baxılmamış saxlanılmışdır. Həmin qərarda qeyd edilmişdir ki, Oyunçuların Statusu və transferi Komitəsinin Prosedur Qaydalarının 15.2.3-cü bndinə əsasən mübahisə predmetinin bağlı olduğu işin baş verməsinə 2 ildən artıq vaxt keçmişsə Komitə iddianı baxılmamış saxlayır. İddiaçı həmin qərardan AFFA-nın X2 apellyasiya şikayəti vermiş və həmin Tribunalın 22 dekabr 2023-cü il tarixli, 93 №-li qərarı ilə İddiaçı cavabdeh X3rşı “ödənilməyən xidmət haqqı” tələbinə dair iş üzrə Oyunçularının Statusu və Transferi Komitəsi tərəfindən verilən apellyasiya şikayəti X1 Əsasnaməsinin 9.1-ci bəndində göstərilən müddət keçdiyinə, müddətin ötürülməsi üzrlü hesab edilmədiyinə, bununla da şikayət vermə qaydaları pozulduğuna görə apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir. İddiaçı həmin qərardan TAS/GAS İdman Arbitraj Məhkəməsinə şikayət etmiş və həmin Məhkəmənin qərarına əsasən şikayətin qeydə alınması üçün son müddət 13 fevral 2024-cü il tarixdə başa çatdığına və bu şikayət ərizəsi 14 fevral 2024-cü il tarixdə qeydə alındığına görə şikayət açıq-aşkar gecikmişdir və nəticə etibarı ilə CAS Məcəlləsinin R49cu maddəsinə uyğun olaraq arbitraj proseduruna başlamamalıdır. Qeyd olunanlara əsasən müəyyən edilir ki, tərəflər arasında bağlanmış müqavilədə mübahisənin arbitrajda baxılması ilə bağlı şərt nəzərdə tutulsa da və iddiaçı həmin şərtə uyğun olaraq arbitraja müraciət etsə də, mübahisəyə baxan arbitraj təşkilatı mübahisənin mahiyyəti üzrə qərar qəbul etməmiş və iddianı baxılmamış saxlamışdır. Həmin qərardan yuxarı qurumlara verilmiş şikayətlər isə müddət keçdiyinə görə icraata qəbul edilməmiş və bununla da, mübahisəyə baxan arbitraj təşkilatının iddianın baxılmamış saxlanılması barədə qərarı qüvvəyə minmişdir. Beləliklə, tərəflər arasında olan mübahisəyə baxan arbitraj təşkilatı mübahisənin mahiyyəti üzrə qərar qəbul etməmiş, eyni zamanda həmin mübahisənin arbitraj qaydasında həlli imkanı artıq tükənmişdir. Belə olan halda isə hazırki iddia Mülki Prosessual Məcəllənin 259.0.5-ci maddəsində göstərilən əsasa görə baxılmamış saxlanıla bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 259.0 və 259.0.5-ci maddələrinə əsasən qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin arbitraj məhkəməsində baxılması üçün arbitraj sazişi bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair tərəflərdən hər hansı biri tərəfindən etiraz daxil olarsa, yaxud belə etiraz məhkəmə baxışı zamanı daxil olarsa, o şərtlə ki, tərəflər işə baxılmasına qədər etirazın edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın, məhkəmə ərizəni baxılmamış saxlayır. Kollegiya izah edir ki, həmin maddəyə əsasən iddianın baxılmamış saxlanılmasına o vaxt yol verilir ki, qeyd olunan maddədəki şərtlərdən (tərəflər arasında həmin mübahisənin arbitraj məhkəməsində baxılması üçün arbitraj sazişi olsun və mübahisənin məhkəmədə həll edilməsinə dair tərəflərdən hər hansı biri tərəfindən etiraz daxil olsun) əlavə mübahisənin arbitraj qaydasında baxılması imkanı mümkün olsun. Əgər hər hansı səbəbdən mübahisəyə arbitraj qaydasında mahiyyəti üzrə baxılması mümkün deyilsə iddia baxılmamış saxlanıla bilməz. Əks yanaşma Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində təsbit edilən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsi hüququna ziddir. Mülki Prosessual Məcəllənin 4.1-ci madəsində də təsbit edilmişdir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bundan əlavə, kollegiya qeyd edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair arbitraj məhkəməsinin qanuni qüvvəyə minmiş qərarının olması belə birmənalı olaraq mübahisəyə məhkəmədə baxılmasını istisna etmir. Belə ki, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.6-cı maddələrinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin arbitraj məhkəməsinin qərarının tanınmasından və ya məcburi icrasının təmin edilməsindən imtina etdiyi hallar istisna olmaqla, arbitraj məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı olarsa, hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair arbitraj məhkəməsinin qanuni qüvvəyə minmiş qərarının tanınmasından və ya məcburi icrasının təmin edilməsindən imtina etdiyi hallarda iş üzrə icraata xitam verilmir və mübahisəyə mahiyyəti üzrə baxılır. Göstərilən halları nəzərə alaraq kollegiya hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iddianın baxılmamış saxlanılması barədə cavabdehin vəsatəti rədd edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2139/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Tərəflər arasında bağlanmış müqavilədə mübahisəyə arbitraj məhkəməsində baxılması nəzərdə tutlduğu üçün iddianın baxılmamış saxlanılması barədə cavabdeh tərəfindən verilmiş vəsatət rədd edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Ziya Şirinov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-580/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-580/2024
24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver