Məhkəmə qərarları › İş №2-2(103)-581/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-581/2022

14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-581/2022 14.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndələri Nümayəndə1 və X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-800/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı MMC və Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏDV daxil olmaqla 7224 manat məbləğində pul, 2020 manat məbləğində faiz, 100 manat məbləğində mediasiya xərci, 100 manat məbləğində hüquqi yardıma görə ödənilmiş pul vəsaiti və 13 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-800/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 6175,76 manat məbləğində əsas borc və 129 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 6304,76 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq Cavabdehnə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ilkin mediasiya sessiyasının keçirilməsinə görə və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 99 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 100 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. İddiaçı və cavabdeh ayrı-ayrılıqda həmin qətnamədən apellyasiya şikayəti vermişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci bəndinə əsasən cavabdeh ona təhvil verilmiş malların dəyərini 30 gün ərzində ödəməyi öhdəsinə götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh aldığı malların dəyərini 16-18 ay gecikmə ilə icra etmiş, bəzi məbləği isə hələ də icra etməmişdir. Belə olan halda məhkəmənin faizlərin hesablanmasını son ödənişin icra edildiyi tarixdən götürməklə hesablanmasını qeyri-qanuni və əsassızdır. Məhkəmənin qətnamədə istinad etdiyi Mülki Məcəllənin 427-ci maddəsinin tələblərindən də göründüyü kimi cavabdeh heç bir qanuni əsas olmadan öhdəliyini uzun müddət icra etməməklə onların hüquqlarını kobud şəkildə pozmuşdur. Buna görə də öhdəliyini icra etmədiyi müddət üçün qanunvericiliklə müəyyən edilmiş faiz cavabdehdən tam həcmdə tutulmalı və iddia həmin hissədə tam təmin edilməlidir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən "xxxx" MMC-nin təqdim etdiyi sübutlar düzgün qiymətləndirilməmişdir. Qaimə-fakturada (təhvil-təslim aktları) göstərilən rəqəmlər pul vahidi kimi hasablanmışdır, halbuki malların ədədi kimi (və ya çəki vahidi kimi) hesablanmalı idi və pul vahidinə (ədədin və ya 1 kilo çəkinin qiymətinə) vurulmalı idi. Digər qaimə-fakturada isə qarşı tərəfin malların təhvil aldığı barədə imzası olduğu halda məhkəmə tərəfindən sübut nəzərə alınmamışdır. Ümumi dəyəri 6834,16 manat məbləğində olan malların 3140,87 manat və 1118,14 manat (ümumi 4259,01 manat) dəyərində olan malların "xxxx" MMC şirkətinə qaytarılması rəsmi sənədlərlə (təhvil-təslim aktları) sübut olunur. Məhkəmə iclasında iddiaçı və cavabdehin nümayəndələri (və vəkili) təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında 02 oktyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşmalarla və dövri şəkildə verilən sifarişlərlə razılaşdırılmış miqdarda, çeşiddə, adda, keyfiyyətdə malı alıcı – Cavabdeh MMC-yə təhvil verməyi, alıcı isə razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə malı qəbul edib, müqavilənin 3.2-ci bəndində göstərilən şərtlərlə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, tərəflər arasında uzun müddət normal əməkdaşlıq münasibətləri olmuş, satılmış mallara görə müvafiq elektron qaimələr tərtib edilərək cavabdehə təqdim edilmişdir. Lakin cavabdehə satılmış mallara görə təqdim edilmiş bəzi elektron qaimələrin təqdim edilməsindən uzun müddət keçməsinə baxmayaraq 28293,89 manat məbləğində satılmış malın pulu hələ də ödənilməmişdir. Uzun müddət danışıqlardan sonra cavabdeh 21069,8 manat məbləğində hissəsini ödəmişdir. Lakin qeyd edilən borcun 7224,09 manat məbləğində hissəsi hələ də ödənilməmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, malların bir qismi iddiaçıya geri qaytarılmışdır. Həmin malların qiyməti çıxdıqdan sonra əsas borc üzrə tələb olunan məbləği qəbul edir, lakin faiz borcunun hesablanması ilə razı deyildir. Bundan başqa malların qaytarılması şirkətlər arasında aparılmış e-mail yazışmalarla da təsdiqini tapır. Məhkəmə kollegiyası hesab edir ki, əsas borca aid hissədə iddia qismən əsaslıdır. Belə ki, həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Hazırki işdə də həmin maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, iş materiallarında olan EBAD seriyalı, 735389 saylı 12 dekabr 2019-cu il tarixli elektron qaiməyə əsasən 27016,87 manat dəyərində mal, EBAD seriyalı, 422731 saylı 05 dekabr 2019-cu il tarixli elektron qaiməyə əsasən 59485,12 manat dəyərində mal İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə verilmişdir. Göründüyü kimi iddiaçının təqdim etdiyi elektron qaimələrə əsasən cavabdehə satılmış malların ümumi dəyəri 86501,87 manat təşkil edir. Bununla belə iddiaçı bildirir ki, cavabdeh borcun bir qismini ödəmiş və onun hazırki tarixə əsas borcu 7224 manat təşkil edir. Cavabdeh isə bildirir ki, əsas borcu 7224 manat deyil, 6834,16 manat təşkil etmişdir. Kollegiya qeyd edir ki, əsas borcun 7224 manat deyil, 6834,16 manat olduğuna istinad etdiyi üçün həmin halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh həmin halı təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, əsas borcun məbləğinin məhz iddiaçının istinad etdiyi kimi 7224 manat olması qəbul edilməlidir. Eyni zamanda cavabdeh alınmış malların bir hissəsinin qaytarıldığına istinad etmiş və bu halı təsdiq etmək üçün HBR seriyalı, 082386 nömrəli malların qaytarılması aktı, HBR seriyalı, 082355 nömrəli malların qaytarılması aktı və 00043513 №-li mədaxil orderini (mal giriş fişi) məhkəməyə təqdim etmişdir. Kollegiya hesab edir ki, HBR seriyalı, 082355 nömrəli malların qaytarılması aktı həmin halı təsdiq edən sübut qismində qəbul edilə bilməz. Çünki həmin akt yalnız cavabdeh tərəfindən imzalanmış, iddiaçı tərəfindən imzalanmamışdır. Bununla yanaşı kollegiya hesab edir ki, HBR seriyalı, 082386 nömrəli malların qaytarılması aktı ilə malların bir qisminin iddiaçıya geri qaytarılması faktı təsdiq olunur. Belə ki, həmin aktın “Təhvil aldım” hissəsində malların iddiaçı tərəfindən Rəsul Bayramov adlı şəxs tərəfindən alınması qeyd olunmuş və həmin şəxs tərəfindən imzalanmışdır. Bu xüsusat iddiaçı tərəfindən də mübahisələndirilməmişdir. Həmin akta əsasən cavabdeh tərəfindən iddiaçıya geri qaytarılan malların ümumi dəyəri isə birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi 1048,24 manat təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsinin hesabladığı həmin 1048,24 qiymət malların qiymətini deyil, malların ədəd, sayı və çəkisinin cəmini əks etdirir. Eyni zamanda həmin aktda qeyd edilən malların həcmi və çəkisini məhkəməyə təqdim edilən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə geri qaytarılan malların siyahısında (iddiaçı həmin siyahıdakı qiymətlərə heç bir etiraz etməmişdir) qeyd olunan qiymətlərlə hesablandıqda müəyyən olunur ki, geri qaytarılan malların ümumi dəyəri 3140,87 manat təşkil edir. Ona görə də kollegiya hesab edir ki, həmin akta əsasən geri qaytarılan malların ümumi dəyəri 7224 manat əsas borcdan çıxılmalıdır. Həmçinin kollegiya hesab edir ki, cavabdehin təqdim etdiyi 17 yanvar 2020-ci il tarixli 00043513 №-li mədaxil orderi (mal giriş fişi) də malların qaytarılmasını təsdiq edən sübut qismində qiymətləndirilməlidir. Belə ki, əvvəla, həmin sənəd ad olaraq mədaxil orderi adlandırılsa da, elektron qaimələrin tərtib edildiyi və malların alıcı Cavabdeh MMC-yə təqdim edildiyi tarixdən 1 aydan sonra tərtib olunmuşdur. Bundan əlavə həmin mədaxil orderində məhz təhvil aldım qrafasını iddiaçı tərəfindən Rəsul Bayramov adlı şəxs imzalamışdır ki, sonuncu HBR seriyalı, 082386 nömrəli malların qaytarılması aktını da imzalamışdır. Bütün bunlar da bir daha onu təsdiq edir ki, həmin mədaxil orderi malların malın mədaxil olunmasını deyil, qaytarılmasını təsdiq edir. Həmin mədaxil orderinə əsasən qaytarılan malların ümumi dəyəri isə yuxarıda qeyd olunan qaydada hesabladıqda 1118,14 manat təşkil edir. Bu baxımdan kollegiya hesab edir ki, həmin mədaxil orderinə (mal giriş fişi) əsasən qaytarılan malların dəyəri də 7224 manat əsas borcdan çıxılmalıdır. Beləliklə, bu qaydada hesabladıqda müəyyən olunur ki, cavabdehin iddiaçıya olan əsas borcu 2964,99 manat təşkil edir (7224 – 3140,87 – 1118,14 = 2964,99). Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borca aid hissədə dəyişdirilməlidir. Bununla yanaşı kollegiya hesab edir ki, faiz borcuna aid hissədə iddia təmin edilə bilməz. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan maddənin tətbiq edilməsi üçün ilk olaraq pul öhdəliyinin icrası vaxtı, yəni öhdəliyin icra edilməli olan vaxt müəyyən edilməlidir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 3.2-ci bəndinə əsasən alıcının sifarişinə uyğun olaraq satıcı tərəfindən təqdim edilən malların dəyərini mal satıldıqdan 30 gün sonra köçürmə yolu ilə ödəyəcəkdir. Lakin hazırki işdə iddiaçı cavabdehə verilmiş malların hansı tarixdən satılmasını bildirməmiş və həmin halı təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdehin alınmış malların ödənilməsi öhdəliyinin məhz hansı tarixdən yaranmasını müəyyən etmək mümkün olmur. Ona görə də kollegiya hesab edir ki, həmin iddia tələbi rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi əsas borca aid hissədə dəyişdirilməli, faiz borcuna aid hissədə ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə həmin hissədə iddia təmin edilməməlidir. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-800/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi əsas borca aid hissədə dəyişdirilsin. Cavabdeh MMC-dən 2964,99 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMCyə ödənilsin. Qətnamə faiz borcuna aid hissədə ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar