Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-581/2025 08.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-579/2024 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə cavabdehin ərizəsinə dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2- 2(113)-579/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli lizinq müqaviləsi üzrə xx.xx.2023cü il tarixə hesablanmış 510 640 manat gecikdirilmiş borcun və 334 583,20 manat cərimə borcunun, xx.xx.2016-cı il tarixli lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə hesablanmış 2613 manat gecikdirilmiş borcun və 1679,49 manat cərimə borcunun, xx.xx.2017-ci il tarixli lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə hesablanmış 15283 manat gecikdirilmiş borcun və 10191,91 manat cərimə borcunun və 400 manat mediasiya xərcinin, 500 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 8 fevral tarixli e-2-2(113)-579/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" ASC və cavabdeh arasında bağlanmış İ lizinq müqaviləsi üzrə 510 640 manat əsas borc, 25.000 manat cərimə, İİ lizinq müqaviləsi üzrə 2.613 manat əsas borc, 130 manat cərimə, İİİ lizinq müqaviləsi üzrə 15283 manat əsas borc, 760 manat cərimə olmaqla ümumilikdə 554 426 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı və cavabdehin apellyasiya şikayətləri üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 28 iyun tarixli 2-2(103)- 475/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdehin kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(102)-617/2024 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 28 iyun tarixli 2-2(103)-475/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-579/2024 nömrəli qətnaməsi üzrə xx.xx.2025-ci il tarixdə icra vərəqəsi verilərək icra sənədi icra edilməsi üçün Neftçala rayon İcra və probasiya şöbəsinə göndərilmiş, Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 xx.xx.2025-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmış, borcluya icranı 10 gün müddətində həyata keçirmək təklif edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli e-2-2(113)-579/2024 nömrəli qətnaməsininin hissəhissə icrasına, tələbkar (iddiaçı) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödəniləcək 554 426 manat məbləğində pul vəsaitinin hissə-hissə, hər təqvim ayı 15000 (on beş min) manat məbləğində borclu (cavabdeh) "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-579/2024 nömrəli qərardadı ilə qətnamənin hissə-hissə icra edilməsi barədə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Həmin qərardaddan cavabdehin nümayəndəsi və vəkili Vəkil2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə şikayət ünvanlayaraq, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-579/2024 nömrəli qərardadının ləğv edilməsi və ərizənin təmin edilməsi, əks halda işin apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qəradad çıxaran zamanı cavabdehin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən ümumilikdə 554 426 manat məbləğində borcu birdəfəyə iddiaçıya ödəməyə heç bir imkanının olmamasına qiymət verməmişdir. Hətta məhkəmənin özünün istinad etdiyi 2023-cü təqvim ili üzrə vergi bəyannaməsindən də görünür ki, müəssisə təqvim ilini ziyanla başa vurmuşdur. Məhz cavabdehin maddi durumu qətnamənin daha tez icra edilməsinə imkan vermədiyi üçün müvafiq ərizə ilə məhkəməyə müraciət edilmişdir. Hazırda cavabdehin sərəncamında olan bütün əmlaklar birbaşa istehsalatın bərpasında birbaşa və ya dolayısı yolla iştirak edir. Xüsusən də nəqliyyat vasitələri, traktor, maşın mexanizmlər, o cümlədən lizinq obyekti olan kəsim avadanlığı müəssisənin profilinə uyğun olaraq broyler quşlarının becərilməsində, kəsilməsində və istehlak üçün hazır vəziyyətə gətrilməsində bilavasitə iştirak edir. Tələbin həmin avadanlıq və maşın-mexanizmlərə yönəldilməsi müəssisənin fəaliyyətini tamamilə dayandırmaq anlamına gəlir. Avropa Məhkəməsi “Van de Hurk Niderlanda qarşı” iş üzrə qərara alıb ki, məhkəmələr hər bir suala ətraflı cavab verməyə borclu deyillər, lakin əgər təqdim edilmiş arqument işin nəticələri üçün önəmlidirsə, məhkəmə həmin arqumentlə bağlı mövqeyini konkret olaraq əsaslandırmalıdır. Hazırkı işdə məhkəmə cavabdehin maddi durumu və düşdüyü vəziyyətə səbəb olmuş hallarla bağlı təqdim edilmiş sübutları hərtərəfli araşdırmamış və həmin sübutların bir qisiminə ümumiyyətlə qiymət verməmişdir. Ən əsası isə ərizənin təmin edilməməsi, yəni cavabdehə borcun ödənilməsi üçün möhlətin verilməməsi, ümumiyyətlə, onun bir sahibkarlıq subyekti kimi tamamilə sıradan çıxmasına şərait yaradacağına, bu halın isə öz növbəsində qətnamənin icrasını daha da çətinləşdirəcəyinə qiymət verməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-579/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə hesab etmişdir ki, məhkəmə qərarlarının icra edilməməsi ədalət mühakiməsinə çatımı məhdudlaşdırır. O, əsas hüquqların müdafiəsinə xələl gətirə və fərdləri səmərəli məhkəmə müdafiəsindən məhrum edə bilər. Bu baxımdan məhkəmə qərarlarının icra edilməməsi həm də qanunun aliliyinə xələl gətirmiş olur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən isə, hər bir şəxs Konstitusiyanın və qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağılabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Baxılan məsələ ilə bağlı İnsan hüquqları üzrə Avropa məhkəməsinin təcrübəsi də maraq doğurur. Bu məhkəmə Xornsbin Yunanıstana qarşı iş üzrə qəbul etdiyi 1997-ci il 19 mart tarixli qərarında qeyd edir ki, iştrakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan “məhkəmə baxışına hüquq” xəyal xarakterli olacaqdır...Hər hansı bir məhkəmə tərəfindən çıxarılmış qərarın icrası həmin maddədə nəzərdə tutulmuş “məhkəmə icraatı” anlayışının ayrılmaz tərkib hissəsidir. Beləliklə, məhkəmə hesab etmişdir ki, hazırkı ərizənin təmin edilməsi iddiaçının mənafeyinə ciddi xələl gətirməklə, məhkəmə aktlarının vaxtında icra edilməməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin də bir çox qərarlarında dəfələrlə vurğuladığı kimi ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi prinsipini pozur. Bu səbəbdən Məhkəmə belə nəticəyə gəlmişdir ki, ərizənin təmin edilməməsi barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Ona görə də, şikayət təmin edilməməli və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göründüyü kimi məhkəmə ərizəni rədd edərkən haqlı olaraq iddiaçının mənafeyini əsas götürmüşdür. Məhkəmə kollegiyası şikayətə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Göründüyü kimi, qanunverici, qətnamənin icrasına möhlət verməyi və ya onun hissəhissə icra etdirməsini, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirərək, hansı halların “digər hallara” aid edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə kollegiyası vurğulayır ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi mahiyyət etibarı ilə məhkəmə qərarının icrasının məcburiliyini nəzərdə tutan konstitusion prinsipi məhdudlaşdırdığına, eləcə də iddiaçının qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə ərizələrin təmini müstəsna xarakter daşımalı və işdə iştirak edən şəxslərin hüquqlarının pozulmasına yönəlməməlidir. Hazırkı işdə cavabdeh icra sənədinin icrasının mümkün olmamasının səbəbi kimi göstərdiyi halları təsdiqləyən sübutları (əmlak və maliyyə vəziyyəti (aktiv, passiv), qazancı və ya borcu barədə sənədlər və s.) məhkəməyə təqdim etməmişdir. Belə olan halda, ərizənin təmin edilməsi məhkəmə qərarının məcburi icrası prinsipinin əsassız məhdudlaşdırılmasına səbəb olardı. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə qeyd etmişdir ki, “Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı.” Avropa Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır. MPM-in 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə kollegiyası qeyd edilən əsasları nəzərdən keçirərək hesab edir ki, qətnamənin hissə-hissə icrası barədə ərizə əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-579/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-581/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-581/2025
08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver