Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-583/2024 28.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh qarşı “alqı-satqı və əvəzsiz istifadə müqavilələri üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cavid Vaqif oğlu Hüseyn və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-512/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə məhsulların alqı-satqı müqaviləsi bağlanmışdır.
2. Həmin müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici – spirtsiz içkiləri cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür.
3. Eyni zamanda tərərflər arasında xx.xx.2018-ci il tarixli soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən dəyəri 1500 ABŞ dolları olan 1 ədəd “DDVC” tipli soyuducu iddiaçı tərəfindən istehsal və satışı təşkil edilmiş məhsulların cavabdeh tərəfindən sərinləşdirilib satılmasının təmin edilməsi məqsədilə sonuncuya əvəzsiz istifadəyə verilmişdir. İstifadəyə verilmiş əmlak üçün istifadə haqqı tələb edilməmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli məhsulların alqı-satqı müqaviləsi üzrə 1918,87 manat, xx.xx.2018-ci il tarixli soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqaviləyə uyğun soyuducu dəyərinin iki misli – 3000 ABŞ dolları məbləğində pulun və 100 manat mediasiya xərcinin, 120 manat vəkil xidmət haqqı, 180 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı bildirir ki, cavabdehə xx.xx.2022-ci il – xx.xx.2022-ci il tarixlərində **********, ********** və ********** nömrəli malların təhvil-qəbul aktları əsasında təhvil verilmiş 2431,96 manat dəyərində məhsuldan yalnız 513,09 manat ödəniş edilmiş, 1918,87 manat borc isə ödənilməmişdir. xx.xx.2018-ci il tarixli əvəzsiz istifadə müqaviləsinə əsasən təhvil verilmiş soyuducu isə uzun müddət cavabdehin əvəzsiz istifadəsində olmuşdur. Lakin iddiaçı tərəfindən cavabdehdən müqavilə predmeti olan soyuducunun qaytarılması tələb edilsə də, cavabdeh tərəfindən soyuducunun qaytarılması ilə bağlı hər hansı addım atılmamışdır. Belə olan halda, həmin müqavilənin 2.2.7-ci bəndinə uyğun olaraq soyuducunun dəyərinin 2 misli, yəni 3000 ABŞ dolları tələb edilir.
6. Birinci instansiya məhkəməsində iştirak edən cavabdeh izahatında bildirmişdir ki, hər iki müqavilə onun tərəfindən imzalansa da, sahibkarlıq fəaliyyətini onun adından faktiki olaraq həyat yoldaşı həyata keçirmiş, hazırda isə o, vəfat etmişdir. 2022-ci ilin noyabr ayında həyat yoldaşı şəriki ilə birlikdə mağazanı və içindəki məhsulları Zülfüqar adlı şəxsə satmış, bu zaman sonuncuya xx.xx.2018-ci il tarixli əvəzsiz istifadə müqaviləsi üzrə iddiaçıdan təhvil alınmış soyuducu da verilmişdir, lakin soyuducunun iddiaçının mülkiyyətində olduğu barədə alıcı məlumatlı olmuşdur. Lakin hazırda soyuducu mövcud deyildir, Zülfüqar adlı şəxs soyuducunu satdığını göstərir və geri qaytarmaqdan imtina edir. Həmçinin, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1918,87 manat borcu qəbul edir, hissə-hissə ödəniş ediləcəkdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-512/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə 1918,87 manat, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqavilə üzrə 1800 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
8. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən yəni, “soyuducuların əvəzsiz istifadəyə verilməsi” haqqında müqavilə üzrə 1800 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi hissəsində tam ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti və ona əlavə onunla əsaslandırılmışdır ki, işin halları məhkəmə tərəfindən tam, hərtərəfli, obyektiv araşdırılmamış, baş verən hadisənin hallarını düzgün tövsif etməmiş, işin hallarına uyğun olmayan yekun məhkəmə aktı çıxarılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Mülki Məcəllənin 443.10-cu maddəsinə əsasən borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır.
13. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
14. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
15. Həmin Məcəllənin 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər.
16. Həmin Məcəllənin 735-ci maddəsinə əsasən kirayəçinin əvəzsiz istifadəyə götürdüyü əşyadan müqavilədə göstəriləndən savayı, başqa təyinatla istifadə etməsinə icazə verilmir. Kirayəyə verənin icazəsi olmadan onun həmin əşyanı üçüncü şəxslərin istifadəsinə vermək hüququ yoxdur.
17. Həmin Məcəllənin 736.3-cü maddəsinə əsasən əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər.
18. Həmin Məcəllənin 737-ci maddəsinə əsasən kirayəyə verən əvəzsiz istifadə müqaviləsini, əvvələn, əvəzsiz istifadəyə verdiyi əşyaya gözlənilməz hallar nəticəsində ehtiyac duyduqda, ikincisi, kirayəçi əşyadan müqavilənin şərtlərini pozmaqla istifadə etdikdə, o cümlədən əşyanı üçüncü şəxslərin istifadəsinə verdikdə və ya kirayəçinin kifayət qədər vicdanlı olmaması üzündən əşya mühüm təhlükəyə məruz qaldıqda və üçüncüsü, kirayəçinin öldüyü halda vaxtından əvvəl ləğv edə bilər.
19. Mülki Prossesual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini, iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini və dəbbə puluna aid hissədə mübahisənin predmetinin bölünməz olduğunu nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqavilə üzrə pul vəsaitinin tutulması hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
22. Belə ki, xx.xx.2018-ci il tarixli soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqaviləyə uyğun soyuducu dəyərinin iki misli – 3000 ABŞ dollarının cavabdehdən tutulması tələbi üzrə işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı (istifadəyə verən qismində) ilə cavabdeh (istifadəçi qismində) arasında xx.xx.2018-ci il tarixli 15356 nömrəli soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında müqavilə imzalanmış, həmin müqavilə üzrə iddiaçı “DDVC 1200” markalı, dəyəri 1500 ABŞ dolları olan 1 ədəd soyuducunu iddiaçı tərəfindən istehsal və satışı təşkil edilən məhsulların sərinləşdirilib satılması üçün cavabdehə əvəzsiz istifadəyə verməyi, cavabdeh isə həmin əmlakı qaytarmağı öz öhdəsinə götürmüşdür. Adıçəkilən soyuducu cavabdeh tərəfindən təhvil alınmış, iddiaçı həmin müqaviləyə birtərəfli qaydada xitam vermiş və soyuducunun üç gün müddətində qaytarılmasını tələb etmiş, adıçəkilən tələbi əks etdirən məktub xx.xx.2023-cü il tarixdə poçt rabitəsi, xx.xx.2023-cü il tarixdə X1 Sistemi vasitəsilə cavabdeh tərəfindən qəbul edilmiş, lakin soyuducu qaytarılmamışdır.
23. Cavabdeh həmin iddiaya etiraz edir və bildirir ki, soyuducu 2022-ci ilin noyabr ayında mağaza, içindəki məhsullarla birlikdə satılarkən Zülfüqar adlı şəxsə verilmiş, lakin sonuncuya soyuducunun iddiaçıya məxsus olduğu bildirilmişdir. Hazırda həmin şəxs soyuducunu satmışdır və bu səbəbdən də soyuducu iddiaçıya qaytarıla bilmir.
24. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 732, 735, 736.3 və 737-ci maddələrinin tələblərinə görə əvəzsiz müqavilə üzrə kirayəçi istifadəsinə verilmiş əşyanı kirayəyə verənə qaytarmaq, həmin əşyadan müqavilədə göstəriləndən savayı, başqa təyinatla istifadə etməmək və üçüncü şəxslərin istifadəsinə verməmək öhdəliklərini daşıyır. Eyni zamanda, müqavilə üzə müəyyən edilən kirayə müddəti bitdikdə, belə müddət müəyyən edilmədikdə isə kirayəyə verən istənilən vaxt əşyanın qaytarılmasını tələb edə bilər. Həmçinin, Mülki Məcəllənin 737-ci maddəsində göstərilən hallar olduqda kirayəyə verən əvəzsiz istifadə müqaviləsini vaxtından əvvəl ləğv edə bilər.
25. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin 3.1-ci bəndində də müəyyən edilmişdir ki, müqavilə istifadəyə verən tərəfindən əmlakın geri verilməsi haqqında tələb irəli sürülənədək qüvvədədir.
26. Bundan əlavə, müqavilənin 2.1.6-cı və 2.2.4-cü bəndlərinə göstərilmişdir ki, istifadəyə verilən əmlakın, əmlak sahibinin razılığı olmadan icarəyə verilməsinə və ya hər hansı formada əqdlərin predmeti kimi istifadə edilməsinə, təşkilati-hüquqi formasından asılı olmayaraq, müəssisələrin yaradılmasında pay və başqa formada istifadə edilməsinə yol verilmir. İstifadəyə verilən əmlakın istifadəyə verənin rəsmi razılığı olmadan üçüncü şəxsə verilməsinə, dəyişdirilməsinə, sökülməsinə, rəng dəyişikliyinə və başqa formalarda dəyişiklik edilməsinə, əmtəə görünüşünə xələl gətirəcək hərəkətlərin edilməsinə yol verilmir.
27. Bu baxımdan kollegiya qeyd edir ki, cavabdehin soyuducu onda olmadığından hər hansı məsuliyyət daşımaması barədə dəlilləri əsassızdır və o, xx.xx.2018-ci il tarixli müqavilə əsasında əvəzsiz istifadəsinə verilmiş “DDVC 1200” markalı soyuducunun qaytarılmaması üçün məsuliyyət daşıyır.
28. Belə ki, Mülki Məcəllənin 443.10-cu maddəsinə əsasən, borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır.
29. Cavabdehin məsuliyyətinin həcmi barədə qeyd edilir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir.
30. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin 2.1.7-ci bəndində də müəyyən edilmişdir ki, istifadəyə verilən əmlakın istifadəçi tərəfindən hər hansı formada üçüncü şəxsə verilməsi, itirilməsi, istifadəyə yararsız hala düşməsi, normal fiziki aşınma halı istisna olmaqla, normalara uyğun olmayan şəraitdə istismar edilməsi aşkar edildikdə, həmçinin bu Müqavilənin 2.1.2-ci bəndinin tələbləri pozulduqda istifadəçi əmlakın ümumi dəyərinin 2 mislini istifadəyə verənə ödəyir.
31. Həmin müqavilənin 2.1.8-ci bəndinə əsasən istifadəyə verən istifadəyə verilən əmlakın istənilən vaxt geri qaytarılmasını tələb edə bilər. Belə tələb irəli sürüldükdən sonra 3 gün ərzində istifadəçi tərəfindən əmlak geri qaytarılmadıqda və ya 2.1.2-ci maddənin tələblərinə uyğun olmayan vəziyyətdə geri qaytardıqda istifadəyə verənin əmlakın dəyərinin 2 misli həcmində cərimə tələb etmək hüququ yaranır.
32. Həmin müqavilənin 2.2.7-ci bəndinə əsasən müqaviləyə istənilən səbəbdən xitam verildikdə, istifadəçi əmlakı qəbul etdiyi vəziyyətdə onun normal köhnəlməsini nəzərə alaraq, 3 gün ərzində geri qaytarılmasını təmin edir. Əmlakın göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, əmlakın dəyərinin 2 misli həcmində istifadəyə verənə cərimə ödəməlidir.
33. Göründüyü kimi, tərəflər müqavilədə soyuducunun qaytarılmaması halında iddiaçının əmlakın dəyərinin 2 misli həcmində cərimə tələb etmək hüququnu şərtləşdirmişdir.
34. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozisiya şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
35. İşin hallarını, yəni tərəflər arasında bağlanmış müqavilənin şərtlərini, iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, həmçinin, “DDVC 1200” markalı soyuducunun dəyərini, nəzərə alaraq kollegiya hesab edir ki, cərimə borcunun məbləği il bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
36. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, yuxarıda göstərildiyi kimi cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə əsasında onun əvəzsiz istifadəsinə verilmiş “DDVC 1200” markalı soyuducunun qaytarılması öhdəliyini və onun qaytarılmaması üçün məsuliyyət daşıyır. Bu öhdəliyi digər şəxsin hərəkətlərinə görə yerinə yetirilməməsi isə onu iddiaçı qarşısında məsuliyyətdən azad etmir.
37. Göstərilənlərə əsasən kolegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
38. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
39. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-512/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Cavid Hüseyn
Ziya Şirinov