Məhkəmə qərarları › İş №2-2(103)-583/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-583/2025

20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-583/2025 20.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, sübutetmə vəzifəsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Hüseynli Adilə Hüseyn qızının katibliyi, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 14 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. 15 dekabr 2020-ci il tarixli 086/2020 nömrəli müqaviləyə görə, İddiaçı MMC (satıcı) öz mülkiyyətində olan mal-materialları, xidmət və işləri müəyyən edilmiş qaydaya uyğun olaraq satmaq üçün Cavabdeh MMC-nin (alıcı) sifarişi əsasında alıcıya verməyi, alıcı isə onları qəbul edib Respublikada mövcud olan kommersiya, ticarət və digər qanunvericilik və normativ aktların tələblərinə uyğun tərzdə satmaqla, bu malların dəyərinə görə hesablanmış pul məbləğini satıcıya ödəməyi öhdələrinə götürmüşlər.

2. Həmin müqavilə yalnız satıcının nümayəndəsinin imzası və satıcının möhürü ilə təsdiqlənmişdir.

3. 28 iyun 2022-ci il tarixdə satıcı və alıcı arasında “03 fevral 2022-ci il tarixli GCP/060 nömrəli müqaviləyə 1 nömrəli Əlavə” imzalanmış, həmin Əlavə ilə 21 nömrəli “X2” razılaşdırılmış, ümumi dəyəri 2832 manat (ƏDV-432 manat) olan və protokolda adıçəkilən malların satıcı tərəfindən alıcıya verilməsi barədə razılığa gəlinmişdir. Protokol həm satıcının, həm də alıcının imzası və möhürü ilə təsdiq edilmiş, həmçinin protokolda göstərilmiş malların təhvil-təslimi barədə hər iki tərəfin təsdiq etdiyi akt tərtib olunmuşdur.

4. 28 iyun 2022-ci il tarixdə satıcı və alıcı arasında “03 fevral 2022-ci il tarixli GCP/060 nömrəli müqaviləyə 1 nömrəli Əlavə” imzalanmış, həmin Əlavə ilə 20 nömrəli “X2” razılaşdırılmış, ümumi dəyəri 924,65 manat (ƏDV-141,05 manat) olan və protokolda adıçəkilən malların satıcı tərəfindən alıcıya verilməsi barədə razılığa gəlinmişdir. Protokol həm satıcının, həm də alıcının imzası və möhürü ilə təsdiq edilmiş, həmçinin protokolda göstərilmiş malların təhvil-təslimi barədə hər iki tərəfin təsdiq etdiyi akt tərtib olunmuşdur.

5. 01 dekabr 2022-ci il tarixdə satıcı və alıcı arasında “03 fevral 2022-ci il tarixli GCP/060 nömrəli müqaviləyə 1 nömrəli Əlavə” razılaşdırılmış, həmin Əlavə ilə 30 nömrəli “X2” razılaşdırılmış, ümumi dəyəri 3312,26 manat (ƏDV-505,26 manat) olan və protokolda adıçəkilən malların satıcı tərəfindən alıcıya verilməsi barədə razılığa gəlinmişdir. Protokol həm satıcının, həm də alıcının imzası və möhürü ilə təsdiq edilmiş, həmçinin protokolda göstərilmiş malların təhvil-təslimi barədə hər iki tərəfin təsdiq etdiyi akt tərtib olunmuşdur.

6. 18 iyun 2022-ci il tarixli təhvil-təslim aktına əsasən, ümumi dəyəri 15 653,88 manat olan (ƏDV 2387,88 manat) və aktda adıçəkilən mallar satıcı tərəfindən alıcıya təhvil verilmiş, akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

7. 17 noyabr 2022-ci il tarixli təhvil-təslim aktına görə, ümumi dəyəri 3894 manat olan (ƏDV 594 manat) və aktda adıçəkilən mallar satıcı tərəfindən alıcıya təhvil verilmiş, akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

8. 01 dekabr 2022-ci il tarixli təhvil-təslim aktına əsasən, ümumi dəyəri 3312,26 manat olan (ƏDV 505,26 manat) və aktda adıçəkilən mallar satıcı tərəfindən alıcıya təhvil verilmiş, akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. 28 iyun 2022-ci il tarixli EBBZ seriyalı, 064834 nömrəli elektron qaimədə satıcı tərəfindən alıcıya yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləğinin 924,64 manat (ƏDV 141,04 manat) təşkil etdiyi göstərilmişdir.

10. 18 iyul 2022-ci il tarixli EBCA seriyalı, 193646 nömrəli elektron qaimədə satıcı tərəfindən alıcıya yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləğinin 15 653,88 manat (ƏDV-2387,88 manat) təşkil etdiyi göstərilmişdir.

11. 01 dekabr 2022-ci il tarixli EBCK seriyalı, 286423 nömrəli elektron qaimədə satıcı tərəfindən alıcıya yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləğinin 3312,26 manat (ƏDV-505,27 manat) təşkil etdiyi göstərilmişdir.

12. 28 iyun 2022-ci il tarixli EBBZ seriyalı, 064900 nömrəli elektron qaimədə satıcı tərəfindən alıcıya yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləğinin 2832 manat (ƏDV 432 manat) təşkil etdiyi göstərilmişdir.

13. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş 18 oktyabr 2024-cü il tarixli pretenziya məktubunda, müqavilə üzrə yaranmış 59 060,88 manat borcun 2 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

14. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (iddiaçı) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə yaranmış 50 051,6 manat borc, 9009,28 manat ƏDV olmaqla, ümumilikdə 59 060,88 manat borcun və 267,18 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında kommersiya münasibətləri (alqı-satqı müqavilələri) mövcud olmuş, müqavilələrə əsasən satıcı malları alıcının təqdim etdiyi sifarişə əsasən müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə və müvafiq şərtlərlə alıcıya təhvil verməyi, alıcı isə malları satıcıdan təqdim etdiyi sifariş əsasında tələb etdiyi keyfiyyətdə, çeşiddə və müvafiq şərtlərlə qəbul etməyi, onun müqabilində müqaviləyə əlavə olunmuş qiymətlərin razılaşma protokolunda göstərilən qaydada, müddətdə və ünvanlarda ödəniş etməyi üzərinə götürmüşdür. Müqavilənin predmeti üzrə iddiaçı tərəfindən cavabdehə göndərilmiş qaimələrə görə, 28 iyun 2022-ci il tarixli, 064834 nömrəli elektron qaimə üzrə ödənilməli ƏDV-141,04 manat olmaqla cəmi 924,64 manat, 28 iyun 2022-ci il tarixli, 064876 nömrəli elektron qaimə üzrə ödənilməli ƏDV 1519,2 manat olmaqla cəmi 9959,2 manat, 10 may 2022-ci il tarixli, 997220 nömrəli elektron qaimə üzrə ödənilməli ƏDV 745,2 manat olmaqla cəmi 4885,2 manat, 18 iyul 2022-ci il tarixli, 193575 nömrəli elektron qaimə üzrə ödənilməli ƏDV 1252,62 manat olmaqla cəmi 8211,62 manat, 27 iyul 2022-ci il tarixli, 774116 nömrəli elektron qaimə üzrə ödənilməli ƏDV 67,68 manat olmaqla cəmi 443,68 manat, 28 iyun 2022-ci il tarixli 064900 nömrəli elektron qaimə üzrə ödənilməli ƏDV 432 manat olmaqla cəmi 2832 manat, 01 deabr 2022-ci il tarixli, 286423 nömrəli elektron qaimə üzrə ödənilməli ƏDV 505,26 manat olmaqla cəmi 3312,26 manat, xx.xx.2022-ci il tarixli, 193 646 nömrəli elektron qaimə üzrə ödənilməli ƏDV 2387,88 manat olmaqla cəmi 15 653,88 manat, 26 iyul 2022-ci il tarixli, 714521 nömrəli elektron qaimə üzrə ödənilməli ƏDV 535,5 manat olmaqla cəmi 3510,5 manat, 10 dekabr 2022-ci il tarixli, 921794 nömrəli elektron qaimə üzrə ödənilməli ƏDV 1422,9 manat olmaqla cəmi 9327,9 manat məbləğində vəsait ödənilməli olmuşdur. Lakin göndərilən mallar üzrə ödənişlər və bu ödənişlərin 18 % ƏDV məbləği bu günə qədər cavabdeh tərəfindən həyata keçirilməmişdir. Beləliklə, cavabdeh tərəfindən alqı-satqı müqavilələrinin şərtləri pozulmuş və müqavilə üzrə ödənişlər icra olunmamışdır. Ödənişlərin edilməsi tələbi ilə bağlı 18 oktyabr 2024-cü il tarixində Dövlət Vergi Xidmətinin elektron kabineti vasitəsilə qarşı tərəfə pretenziya göndərilmiş və 2 iş günü ərzində ödəniş edilməsi tələb edilmiş, lakin qarşı tərəf pretenziya tələbini icra etməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

16. Sonradan iddiaçının nümayəndəsi “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim etmiş, tərəflər arasında bağlanmış alqı-satqı müqavilələri üzrə yaranmış 22 556,6 manat borc və 4060,19 manat ƏDV olmaqla, ümumilikdə 26 616,79 manat borcun və 267,18 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə 28 iyun 2022-ci il tarixli 064834 nömrəli elektron qaimə üzrə ödənilməli ƏDV-141,04 AZN, cəmi 924,64 AZN, 28 iyun 2022-ci il tarixli 064900 nömrəli elektron qaimə üzrə ödənilməli ƏDV 432 AZN olmaqla, cəmi 2832 AZN, 18 iyul 2022-ci il tarixli 193646 nömrəli üzrə ödənilməli ƏDV 2387,88 AZN olmaqla, cəmi 15 653,88 AZN, 17 noyabr 2022-cı ıl tarixli 331824 nömrəli elektron qaimə üzrə ödənilməli ƏDV 594 AZN olmaqla, cəmi 3300 AZN, 01 dekabr 2022-ci il tarixli 286423 nömrəli elektron qaimə üzrə ödənilməli ƏDV 505,26 AZN olmaqla, cəmi 3312,26 AZN məbləğində, ümumilikdə isə 26 616,79 AZN məbləğində vəsait ödənilməli olmuşdur. Qeyd edilən qaimələr üzrə təhvil-təslim aktları, o cümlədən qiymət razılaşdırma protokolları mövcuddur və məhkəməyə təqdim edilmişdir. Lakin göndərilən mallar üzrə ödənişlər və bu ödənişlərin 18% ƏDV məbləği cavabdeh tərəfindən həyata keçirilməmişdir.

18. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.

19. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddianın əsassız olduğunu bildirərək göstərmişdir ki, tərəflər arasında müqavilə bağlanılmamış və mallar təhvil alınmamışdır. Müqavilənin saxtalaşdırılması və ya digər məsələlər barədə məlumatları yoxdur, cavabdehin qanuni təmsilçisi ilə iddiaçı şirkətin rəhbəri arasında qohumluq münasibətləri olub və işçi vasitəsi ilə münasibətlər qurulmuşdur. Bütün bunların nəticəsi olaraq hazırkı hallar meydana çıxmışdır. 2020-ci ildə müqavilə imzalanmış, lakin hər hansı əməliyyatlar həyata keçirilməmişdir. Mühasibin elektron qaimələri qəbul edib-etməməsini bilmir. Hazırda şirkətdə işçilər tərəfindən hər hansı nöqsanlara yol verilib-verilməməsi aydınlaşdırılır. (i.v, səhifə 70).

20. Birinci instansiya məhkəməsinin 14 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur.

21. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

21.1. İşin müəyyən olunmuş hallarından göründüyü kimi tərəflər arasında alqısatqı müqaviləsindən (məhkəməyə hər iki tərəfin təsdiq etdiyi yazılı müqavilə təqdim olunmamışdır) irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin hal işdə olan sübutlarla - hər iki tərəfin təsdiqlədiyi təhvil-təslim sənədləri, qiymət-razılaşdırma protokolları, elektron qaimələrlə öz təsdiqini tapır. Təhvil-təslim sənədləri, qiymət razılaşdırma protokollarında 03 fevral 2022-ci il tarixli GCP/060 nömrəli müqaviləyə istinad olunsa da, həmin müqavilə məhkəməyə təqdim olunmamışdır. Həmin halla bağlı iddiaçı tərəf bildirmişdir ki, müqavilə onlarda yoxdur, itmə ehtimalı var və bunu da nəzərə almaq lazımdır ki, tərəflər arasında şifahi müqavilə də bağlanıla bilər. Cavabdeh tərəf tərəflər arasında müqavilə bağlanılmadığını, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin mövcudluğunu qəbul etməmişdir. Lakin belə münasibətlərin olması iş materialları ilə öz təsdiqini tapır. 21.2. Tərəflər arasında mövcud olmuş razılaşmaya əsasən satıcı olan iddiaçı əşyanı alıcının mülkiyyətinə versə də, alıcı olan cavabdeh qəbul etdiyi əşyanın əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürsə də, ödəməmişdir. Həmin hal iş materiallarında olan təhvil-təslim aktları ilə öz təsdiqini tapır. 21.3. İddia tələbi 22 556,6 manat borc və 4060,19 manat ƏDV olmaqla, ümumilikdə 26 616,79 manat pul vəsaitinin cavabdehdən tutulmasından ibarətdir. 21.4. Məhkəmənin qənaətinə əsasən iddia təmin olunmalıdır. Belə ki, iddiaçı 5 elektron qaimə üzrə əsas borc və ƏDV məbləğlərini hesablayaraq ümumilikdə 26 616,79 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmişdir. İddiaçının qeyd etdiyi bir qaimə 17 noyabr 2022-cı ıl tarixli, 331824 nömrəli elektron qaimə məhkəməyə təqdim edilməsə də, 17 noyabr 2022-ci il tarixli təhvil-təslim aktı məhkəməyə təqdim edilmişdir ki, həmin aktdan müəyyən olunur ki, ƏDV məbləği 594 manat, əsas məbləğ 3300 manat olmaqla, ümumilikdə 3894 manat məbləğində mallar cavabdehə təhvil verilmişdir. Ona görə də məhkəmənin qənaətinə əsasən həmin elektron qaimənin təqdim edilməməsi əsası ilə həmin hissədə iddia təmin olunmaya bilməz. 21.5. Məhkəməyə təqdim olunan 4 elektron qaimə və 17 noyabr 2022-ci il tarixli təhviltəslim aktı üzrə əsas borc məbləği cəmi 22 556,6 manat (3300 + 13266 +2 807 + 783,6 + 2400 = 22556,6), ƏDV məbləği 4060,19 manat (594 + 2387,88 + 505,27 + 141,04 + 432 = 4060,19) təşkil edir. 21.6. Beləliklə, məhkəmə qanunvericilik normalarını, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən 22556,6 manat (iyirmi iki min beş yüz əlli altı manat altmış qəpik) əsas borc, 4060,19 manat (dörd min altmış manat on doqquz qəpik) ƏDV məbləği olmaqla, 26616,79 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. 21.7. Eyni zamanda cavabdehin nümayəndəsinin iddiaya etirazı əsassız sayılmalıdır (yazılı etiraz olmasa da, iddianı qəbul etmədiyini bildirmişdir). Cavabdeh izahatında qeyd etdiyi hallarla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

22. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 386.1-ci, 442-ci, 448.1-ci, 567-ci, 598.1-ci və 598.2-ci maddələrinə istinad etmişdir.

23. Qətnamədən cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə sübutlara düzgün qiymət verməmiş, tərəflər arasında müqavilə münasibətlərinin olmamasını nəzərə almamış və işin faktiki hallarını aydınlaşdırmamış, ekspertiza təyin olunması barədə vəsatətini əsassız olaraq təmin etməmişdir.

Apellyasiya şikayətinə qarşı etiraz

24. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahat

25. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, iddiaçı isə nümayəndəsini məhkəməyə göndərməmişdir.

26. İşin halları, şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

29. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

30. Maddə 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır.

31. Maddə 409.4. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır.

32. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

33. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

34. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

35. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

36. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

42. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

46. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

47. Belə ki, iddiaçının sözügedən iki müqavilənin əslini (15 dekabr 2020-ci il və 03 fevral 2022-ci il tarixli) təqdim etməməsi və yalnız ikinci müqavilə üzrə tərəflər arasında tərtib edilmiş əlavəyə istinad etməsi onların arasında müqavilə münasibətlərinin olmadığı mənasına gəlmir.

48. Bununla bağlı qeyd etmək lazımdır ki, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarı).

49. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

50. Göründüyü kimi tərəflər arasında müqavilənin bağlanmış hesab edilməsi üçün onların “iradəsi qovuşmalıdır”. Məhz bu baxımdan mülki qanunvericilik müqavilənin bağlanmasını oferta göndərmiş şəxsin həmin təklifə görə onun akseptini alması ilə şərtləndirmişdir (§ 30).

51. Hazırkı iş üzrə iddiaçının istinad etdiyi alqı-satqı müqavilələrinin bağlanmış hesab edilməsi üçün yazılı qaydada rəsmiləşdirilmiş sənədə ehtiyac yoxdur müqavilənin bağlanmış hesab edilməsi üçün etibarlı oferta və aksept lazımdır.

52. Belə ki, mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Göstərilən prinsiplər mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli qərarı).

53. Məhz bu baxımından qanunvericilik akseptin müəyyən hərəkətlərin edilməsi (ödənişlərin olunması, malların qəbul edilməsi və s.) ilə də təsdiq olunmasının mümkünlüyünü təsbit etmişdir (§ 31).

54. Bu baxımdan, hazırkı mübahisə üzrə müqavilənin əsli olmasa da, tərəflər arasında bağlanmış təhvil-təslim aktından və cavabdehin mübahisələndirmədiyi elektron qaimələrdən görünür ki, cavabdeh malları qəbul etmişdir; odur ki, iddiaçının ofertasını da qəbul etmiş və bununla da tərəflər arasında müqavilə bağlanmışdır.

55. Nəhayət kollegiya onu da qeyd edir ki, birinci instansiya məhkəməsində iştirak edən cavabdehin nümayəndəsi cavabdehin qanuni təmsilçisi ilə iddiaçının rəhbərliyi arasında qohumluluq əlaqəsinin olmasını, bununla da sənədlərin saxtalaşdırılması ehtimalının mövcudluğunu irəli sürsə də, qeyd edilən məsələ ilə bağlı əsaslı və mötəbər sübut təqdim etməmişdir. Həmçinin cavabdehin nümayəndəsi izahatlarında audit yoxlamasının olduğunu və hüquq-mühafizə orqanlarına müraciət etdiklərini qeyd etsə də, nə həmin yoxlamanın, nə də müraciətin nəticəsi barədə məlumat verməmişdir.

56. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.

57. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.

58. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsinə dair gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

59. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-790/2025 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 14 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Təranə Mahmudova

Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar