Məhkəmə qərarları › İş №2-2(103)-584/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-584/2024

30.05.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-584/2024 30.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” ərizəsinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 29 mart 2024cü il tarixli, e-2-2(113)-2202/2024 nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat

1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Dövlət Sosial Müdafiə Fonduna olan 39,52 manat, İcbari Tibbi Sığorta Fonduna olan 6,27 manat, dövlət büdcəsinə olan 10418,58 manat məbləğində (o cümlədən vergilər üzrə 9728,75 manat, faizlər üzrə 689,83 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) dövlət büdcəsinə olan 13571,5 manat məbləğində (o cümlədən vergilər üzrə 12640,29 manat, faizlər üzrə 931,21 manat), İcbari Tibbi Sığorta Fonduna olan 39,79 manat, İşsizlikdən Sığorta Fonduna olan 13,82 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 254,74 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) İşsizlikdən Sığorta Fonduna olan 7,53 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 66,31 manat, dövlət büdcəsinə olan 9578,97 manat məbləğində (o cümlədən vergilər üzrə 8972,26 manat, faizlər üzrə 606,71 manat), İcbari Tibbi Sığorta Fonduna olan 10,64 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) İcbari Tibbi Sığorta Fonduna olan 24,75 manat, dövlət büdcəsinə olan 4662,81 manat məbləğində (o cümlədən vergilər üzrə 4296,76 manat, faizlər üzrə 366,05 manat), İşsizlikdən Sığorta Fonduna olan 3,65 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 87,56 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Dövlət Sosial Müdafiə Fonduna olan 149,19 manat, dövlət büdcəsinə olan 11012,32 manat məbləğində (o cümlədən vergilər üzrə 10257,26 manat, faizlər üzrə 755,06 manat), İşsizlikdən Sığorta Fonduna olan 7,96 manat, İcbari Tibbi Sığorta Fonduna olan 34,73 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2202/2024 nömrəli qətnaməsi ilə ərizə rədd edilmişdir.

3. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır: Maraqlı şəxs rəhbəri olduğu "xxxx", "xxxx", "xxxx", "xxxx" və "xxxx" MMClərin dövlət büdcəsinə və müvafiq fondlara olan borcu qeyd olunan cəmiyyətlərin xx.xx.2022-ci il tarixdən başlayaraq “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” ərizənin hazırlanması tarixinədək yəni, xx.xx.2024-cü il tarixədək olan müddət ərzini əhatə edir. Həmçinin, “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” ərizədə qeyd olunan məbləğlər həmin cəmiyyətlərin şəxsi hesab vərəqələrində əks olunan əsas borc və ona hesablanmış faizlərdən formalaşmışdır. Buda o, deməkdir ki, tələb edilən borc məbləği - maraqlı şəxsin həbs olunmamışdan öncəki fəaliyyəti üzrə yaranmış borcu ilə əlaqədardır. Məhkəmənin nəzərinə çatdırırıq ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən - vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.3.2ci maddəsinə əsasən, cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Həmçinin, Mülki Məcəlləsinin 89-cu maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində, cəmiyyəti idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qərarlar qəbul edilən məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir. Lakin Maraqlı şəxs "xxxx", "xxxx", "xxxx", "xxxx" və "xxxx" MMC-lərin icra orqanın rəhbəri vəzifəsindənazad edilməsi və ya yeni rəhbər dəyişkənliyinin edilməsi barədə cəmiyyətləriin təsisçilərinin müvafiq qərarı vergi orqanına daxil olmamışdır. Göründüyü kimi, borc məbləği tam ləğv ediləcəyi və ödəniləcəyi təqdirdə vergi orqanı dərhal məhdudlaşdırılmanın götürülməsi üçün aidiyyəti tədbirləri həyata keçirəcəkdir. Ərizələrin məhkəmələr tərəfindən rədd edilməsi borclu fiziki şəxslərin və hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən sərbəst giriş-çıxışına, onların vergi ödəməkdən yayınmasına, beləliklə, büdcə daxilolmalarının azalmasına səbəb ola bilər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Ərizəçinin nümayəndəsi və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakları olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

7. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).

8. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.

9. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

11. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

12. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

14. Belə ki, iş materiallarında olan hüquqi şəxs haqqında məlumatlardan görünür ki, Maraqlı şəxs "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin icra orqanının rəhbəridir. "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2024-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 12899,22 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 39,52 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu isə 6,27 manat; "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2024-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 17336,24 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 278,65 manat, İşsizlikdən Sığorta Fonduna olan borcu 15 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu isə 43,54 manat; "xxxx"” MMC-nin (VÖEN: **********) xx.xx.2024-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 12294,83 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 72,82 manat, İşsizlikdən Sığorta Fonduna olan borcu 8,25 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu isə 11,67 manat; "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2024-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 6296,38 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 87,55 manat, İşsizlikdən Sığorta Fonduna olan borcu 3,66 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu isə 24,76 manat; "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2024-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 14036,5 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 163,04 manat, İşsizlikdən Sığorta Fonduna olan borcu 8,68 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu isə 36,88 manat təşkil edir.

15. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 1(101)- 1602/2022 nömrəli hökmündən görünür ki, Maraqlı şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Maraqlı şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin 30 aprel 2022-ci il tarixdən hesablanması, Maraqlı şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmişdir .

16. Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2024-cü il tarixli 1(101)-1602/2022 nömrəli məktubundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 1(101)-1602/2022 nömrəli hökmü 13 yanvar 2023-cü il tarixdən qanuni qüvvəyə minmişdir.

17. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-cü maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

18. Həmin Məcəllənin 74-cü maddəsinin 1-ci bəndinin ç yarımbəndinə əsasən, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə, xitam verilir.

19. Göründüyü kimi, imperativ xarakter daşıyan həmin normanın tələbinə istinadən, baxılan işdə maraqlı şəxs barədə çıxarılmış məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən etibarən onunla hüquqi şəxslər arasında bağıanmış əmək müqaviləsi xitam edilmiş hesab edilməlidir. Artıq həmin tarixdən etibarən maraqlı şəxs ilə hüquqi şəxslər arasında hər hansı xidməti bağlılıq qalmamışdır.

20. Vergi ödəyicisi olan hüquqi şəxslərin reyestr məlumatlarında dəyişiklik edilməsi ilə bağlı məlumatı vergi orqanına təqdim etməməsi, vergi orqanının məhkəməyə müraciət etdiyi tarixdə bundan xəbərdar olmaması maraqlı şəxsin vergi borcu yaranmış hüquqi şəxslərin icra orqanının rəhbəri olmaması faktını dəyişdirmir.

21. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir.

23. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, ərizəçi maraqlı şəxsin hüquqi şəxsin rəhbəri olduğu dövrdə yaranmış vergi borcuna görə məsuliyyət daşıdığını iddia edir. Lakin vergi qanunvericiliyi vergi ödəyicisini və hüquqi şəxsin rəhbərini eyniləşdirmir və bu statuslar məsuliyyətinə görə fərqləndirilmişdir. Artıq rəhbər olmayan fiziki şəxs bu məsuliyyəti daşımır.

24. Vergi Məcəlləsinin 13.2.4-cü maddəsinə əsasən vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs hesab olunur.

25. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) əlavə edilmiş dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir.

26. İş materiallarına əsasən maraqlı şəxs ərizə verilməmişdən qabaq hüquqi şəxslərin rəhbəri statusundan çıxmışdır. İcra orqanı rəhbəri, yəni direktoru hüquqi şəxsin rəhbəri hesab edilir. Hüqüqi şəxs və rəhbər arasında olan münasibətlər əmək hüquq münasibətləridir. Odur ki, məhkəmə haqlı olaraq Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci bəndinin ç yarımbəndinə imperativ norma kimi istinad etmişdir. Qeyd olunmalıdır ki, əmrin rəsmiləşdirilməməsi imperativ normanın tətbiq edilməsini istisna edə bilməz.

27. Apellyatorun əsaslandığı Mülki Məcəllənin 91.3.2-ci maddəsində cəmiyyətin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək səlahiyyəti ümumi yığıncağa aid edilmişdir. Bu maddə icra orqanının rəhbərini işə qəbul etmək və ya azad etmək kimi əmək münasibətlərini tənzimləmir. Hüquqi şəxsin icra orqanının struktur vahidlərindən biri kimi yaradılması və icra orqanının rəhbərinin təyin edilməsi fərqli hüquqi prosedurlardır.

28. Həmçinin şəxsin cinayət əməlinə görə uzun müddətə azadlıqdan məhrum edilməsi zatən onun sərbəst hərəkətetmə hüququnu məhdudlaşdırmışdır.

29. Kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

30. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 29 mart 2024-cü il tarixli, e-2-2(113)-2202/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar