Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-585/2023 05.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi Nümayəndə2, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı “İddiaçı” Şirkətinin cavabdeh Kayman Adalarının “X3” Şirkətinə qarşı pulun tutulması tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-186/2022 saylı qətnaməsindən iddiaçı “İddiaçı” Şirkəti tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları “İddiaçı” Şirkəti tədarükcü, “X3” Şirkəti alıcı olmaqla imzalanmış 16 may 2014-cü il tarixli müqaviləyə əsasən tədarükçü bu müqavilədə göstərilən şərtlərlə malları (bundan sonra-mallar) göndərməyi, alıcı isə həmin malları qəbul etməyi və ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndə əsasən məhsulun adı, çeşidi, miqdarı, qiyməti, çatdırılma müddəti və şərtləri bu müqavilənin ayrılmaz hissəsi olan spesifikasiyalar ilə müəyyən olunur. 5.4-cü bəndə əsasən tədarük edilən malların hər bir partiyası tərəflər tərəfindən adı, çeşidi, qiyməti, miqdarı, ödəniş forması, çatdırılma müddətləri, zəmanət müddətləri üzrə ayırca spesifikasiyalar üzrə razılaşdırılmalıdır. 053/0819 saylı 23 avqust 2019-cu il tarixli kommersiya fakturasına əsasən, cəmi 5.197,96 ABŞ dolları, 060/1019 saylı, 11 oktyabr 2019-cu il tarixli kommersiya fakturasına əsasən, cəmi 5.127,67 ABŞ dolları məbləğində ödəniş “X3” Şirkətinə təqdim edilmək üçün tərtib edilmişdir. “X3” Şirkəti və “NTD Service S.R.O” şirkəti tərəfindən tərtib edilmiş çatdırılma sənədlərinə əsasən, 09 oktyabr 2019-cu il tarixində 219x80 metr, 89x10 metr ölçülərində, 15 avqust 2019-cu il tarixində 89x10 ölçülərində, 07 avqust 2019-cu il tarixində 325x10 mm ölçülərində mallar “X3” Şirkətinə təhvil verilmişdir. 05 avqust 2019-cu il tarixli gömrük bəyannaməsinə əsasən PO ********* saylı sənəd üzrə 325x10 mm ölçülərində 651.85 metr boru, 14 avqust 2019-cu il tarixli gömrük bəyannaməsinə əsasən PO ********* saylı sənəd üzrə 89x10 mm ölçülərində 2.874 metr boru, 08 oktyabr 2019-cu il tarixli gömrük bəyannaməsinə əsasən PO ********* saylı sənəd üzrə 219x8 mm ölçülərində 701.84 metr boru rəsmiləşdirilmişdir. 02 dekabr 2019-cu il tarixində imzalanmış aktda qeyd olunmuşdur ki, 30 noyabr 2019cu il tarixinə “X3” Şirkətinin “İddiaçı” şirkətinə avans ödənişləri və kreditor borclarının qalıqları üzrə heç bir borcu yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı “İddiaçı” Şirkəti Cavabdeha qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X3” Şirkətinin Azərbaycan Respublikasındakı Filialından 2019-cu il 16 avqust tarixli PO ********* saylı Spesifikasiya üzrə 5.197,96 ABŞ dolları həcmində əsas borc və 259,89 ABŞ dolları həcmində cərimə məbləği olmaqla, cəmi 5.457,85 ABŞ dolları məbləğinin, 2019-cu il 10 oktyabr tarixli PO ********* saylı Spesifikasiya üzrə 5.127,67 ABŞ dolları əsas borc məbləği və 256,38 ABŞ dolları həcmində cərimə məbləği olmaqla, cəmi 5.384,12 ABŞ dolları məbləğinin, hər iki spesifikasiya üzrə isə cəmi 10.841,97 ABŞ dolları məbləğinin, o cümlədən, 1000 manat həcmində göstərilmiş hüquqi xidmətə görə və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə “X3” Şirkəti arasında malların alqısatqısına dair 2014-cü il 16 may tarixli KAOC.SUP/065/14 saylı müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə iddiaçı satıcı, Şirkət isə alıcı qismində çıxış etmişdir. Müqaviləyə əsasən təchizatçı müvafiq spesifikasiyalara əsasən malları təchiz etməyi alıcı isə malları qəbul etməyi və ödəniş etməyi öhdəsinə götürmüşdür. Hazırda mübahisə predmetini 2019-cu il 16 avqust tarixli PO ********* saylı və 2019-cu il 10 oktyabr tarixli PO ********* saylı Spesifikasiyalar üzrə alıcı tərəfindən ödənilməmiş əsas borc məbləğləri və həmin məbləğlərin gecikmə cərimələrinin məbləğlərinin ödənməsi təşkil edir. Tərəflər arasında imzalanmış 2019-cu il 16 avqust tarixli PO ********* saylı və 2019-cu il 10 oktyabr tarixli PO ********* saylı Spesifikasiyalara əsasən alıcı təchiz ediləcək malların dəyərinin 50%-i Spesifikasiya imzalandıqdan sonra əvvəlcədən ödəniş üçün hesab təqdim edildiyi gündən etibarən 10 bank günü ərzində, malların dəyərinin qalan 50%-i isə təchizatçının malların göndərilməyə hazır olması haqqında bildirişini aldığı gündən etibarən 10 bank günü ərzində həyata keçirilməli idi. Müqavilə tərəfi olaraq satıcı öz müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirərək malların göndərilməyə hazır olması haqqında bildirişləri hesabfaktura ilə birlikdə alıcıya 2019-cu il 23 avqust tarixində təqdim etmişdir. Buna baxmayaraq, alıcı tərəfindən Müqavilə və qeyd edilən Spesifikasiyalar üzrə ödəniş öhdəliyi həyata keçirilməmişdir. Tərəflər arasında olan müqavilənin 7.2-ci bəndinə əsasən “Təchiz edilən mallar üzrə ödəniş alıcı tərəfindən vaxtında ödənilmədikdə, təchizatçı, alıcıya hər gecikmə günü üçün ödənilməmiş məbləğin 0.1 faizi miqdarında cərimə təqdim etmək hüququna malikdir, lakin bu məbləğ ödənilməmiş məbləğin 5%-dən çox olmamalıdır”. 2019-cu il 16 avqust tarixli PO ********* saylı Spesifikasiya üzrə əsas borc məbləği 5.197,96 ABŞ dolları, həmin məbləğə görə hesablanmış cərimə 259,89 ABŞ dolları olmaqla, cəmi borc məbləği 5.457,85 ABŞ dolları təşkil edir. 2019-cu il 10 oktyabr tarixli PO ********* saylı Spesifikasiya üzrə isə əsas borc məbləği 5.127,67 ABŞ dolları, hesablanmış cərimə məbləği 256,38 ABŞ dolları olmaqla, cəmi borc 5.384,12 ABŞ dolları təşkil edir. Beləliklə, satıcı öz öhdəliklərini həyata keçirmiş, malları tam şəkildə və qüsursuz olmaqla (keyfiyyət, miqdar, çeşid fərqi və ya hər hansı bir çatışmazlıq olmadan) alıcıya təhvil vermişdir, lakin alıcı tərəf üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Alıcı tərəfin öz öhdəliklərini yerinə yetirməməsi nəticəsində iddiaçı qarşısında yaranmış borc məbləği ümumilikdə 10.841,97 ABŞ dolları təşkil edir. Satıcı tərəfindən 2020-ci il 13 yanvar tarixində cavabdehə pretenziya məktubu göndərilmiş və müqavilə üzrə borclu olduğu məbləğin ödənilməsi tələb edilmişdir. Lakin hələ də cavabdeh öhdəliklərini icra etmədiyindən, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra məhkəmə iclasında cavabdeh əsl cavabdehlə əvəz olunaraq “X3” Şirkəti cavabdeh kimi işə cəlb olunmuş, Kayman Adalarının Cavabdehı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 21 aprel tarixli, e-2-2(113)-186/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında müqavilə imzalanmış, iddiaçı müqavilə üzrə malları göndərməyi, alıcı isə malları qəbul etməyi öhdəsinə götürmüşdür. Bununla bağlı olaraq PO ********* saylı spesifikasiya tərtib olunmuş və iddiaçı tərəfindən mallar üçüncü şəxsə təhvil verilmişdir. İddiaçı qeyd olunan spesifikasiyada nəzərdə tutulandan artıq malların təhvil verildiyini bildirərək, sonradan əlavə olaraq PO ********* və PO ********* saylı spesifikasiyaların tərtib edildiyini qeyd etmişdir. Üçüncü şəxsin nümayəndəsi artıq ölçülərdə verilən malların tərəflər arasında razılaşdırılmış spesifikasiyada nəzərdə tutulan 10% güzəştlə bağlı olduğunu qeyd edərək, PO ********* və PO ********* saylı spesifikasiyalar üzrə malların təhvil verilmədiyini bildirmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı PO ********* və PO ********* saylı spesifikasiyalar üzrə malların təhvil verildiyini iddia etsə də, qeyd olunan spesifikasiyalar üzrə malların təhvil verilməsi sübuta yetirilməmişdir. Əlavə olaraq məhkəməyə təqdim edilmiş gömrük bəyannamələrində malların PO ********* saylı sənəd üzrə rəsmiləşdirildiyi qeyd olunmuşdur. Məhkəmə hesab etmişdir ki, bu halda iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Birinci instansiya məhkəməsi bu qənaətini MM-in 385.1, 442-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, PO ********* ilkin sifariş POsu olub, mallar ölkəyə idxal edildikdən sonra faktiki ölçülərdə artıq gəlmə halı baş verdiyi üçün sırf həmin artıq ölçülərin hissəsinə görə daha 2 ədəd PO tərtib edilib və cavabdehdən də tələb edilən məhz artıq gəlmiş ölçülərin məbləğidir. Bu 3 ədəd PO-nun bir-biri ilə qarşılıqlı əlaqəsini də dəfələrlə sübut ediblər. Yəni iddianın bütün mahiyyəti bunun üzərindədir ki, satıcı malı alıcıya sifariş edilən kəmiyyətdən (ölçü olaraq) artıq təhvil verir. Alıcı da malın artıqlığına dair heç bir irad bildirmədən onu qəbul edir. Bununla izah olunur ki, tərəflər 2014-cü ildən tətbiq etdikləri işgüzar adət belə qaydada formalaşmışdır. 1-ci sifariş verilir PO tərtib edilir, 2-ci mal gəlir, 3-cü artıqdırsa yenidən sırf artıq hissələrə yeni PO tərtib edilir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 sentyabr tarixli 2-2(103)-704/2022 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 5.197,96 ABŞ dolları məbləğində əsas borc və 50 ABŞ dolları məbləğində cərimə, habelə 5.127,61 ABŞ dolları əsas borc və 50 ABŞ dolları cərimə tutulması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin hallarına əsasən, cavabdeh tərəfindən iddiaçıya sifariş forma üzrə 3 ölçüdə boru sifariş edilmişdir. Bunlar aşağıdakılardır: 219x80 mm ölçüdə 650 m., 325x10 mm ölçüdə 600 m., 89x10 mm ölçüdə 4000 m. Həmin sifariş üzrə iddiaçı tərəfindən 2019-cu il 5 iyul tarixli PO- 000005092 saylı spesifikasiya tərtib edilmiş, lakin mallar nəzərdə tutulan ölçüdən artıq ölçülərdə gəlmişdir. Belə ki, 219x80 mm ölçüdə sifariş edilmiş mal 650 m. nəzərdə tutulsa da, 701 m. ölçüdə, 325x10 mm ölçüdə sifariş edilmiş mal 600 m. nəzərdə tutulsa da, 651.85 m. ölçüdə, 89x10 mm ölçüdə sifariş edilmiş mal isə 4000 m. nəzərdə tutulsa da 4096 m. ölçüdə gəlmişdir. Həmin hallar iş materiallarında olan 2019-cu il 5 avqust tarixli gömrük bəyannaməsinə əsasən də öz təsdiqini tapır və işin mübahisəsiz halını təşkil edir. Eyni zamanda, qeyd olunan mallar iddiaçı tərəfindən cavabdeh şirkətə təhvil verilmiş, lakin sonuncu tərəfindən yalnız sifarişdə nəzərdə tutulan ölçülərdə olan boruların ödənişi həyata keçirilmiş, artıq ölçülərlə bağlı heç bir ödəniş edilməmişdir. Bundan sonra iddiaçı artıq gəlmiş ölçülərlə bağlı ödənişlərin edilməsi üçün 2 ədəd yeni 2019-cu il 16 avqust tarixli PO-000005152 saylı və 2019-cu il 10 oktyabr tarixli PO000005229 saylı Spesifikasiyalar tərtib etmiş və cavabdehə təqdim etmişdir. Lakin, cavabdeh həmin Spesifikasiyalar üzrə ödəniş etməkdən imtina etmişdir. Hazırda iddiaçı məhz həmin spesifikasiyalar üzrə ödənişin həyata keçirilməsini tələb edir. Cavabdeh isə PO-000005092 saylı spesifikasiya üzrə malların nəzərdə tutulan ölçüdən artıq ölçülərdə gəlməsi faktını etiraf etməklə iddiaçının hazırkı iddianı 2019-cu il 16 avqust tarixli PO000005152 saylı və 2019-cu il 10 oktyabr tarixli PO000005229 saylı Spesifikasiyalar üzrə deyil, PO-000005092 saylı Spesifikasiya üzrə qaldırmalı olduğunu bildirmişdir. Belə ki, 2019-cu il 16 avqust tarixli PO-000005152 saylı və 2019-cu il 10 oktyabr tarixli PO000005229 saylı Spesifikasiyalar üzrə ona ayrılıqda ümumiyyətlə heç bir mal verilməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin həmin dəlilləri əsassızdır. Belə ki, iş materiallarında olan 2019-cu il 16 avqust tarixli PO-000005152 saylı Spesifikasiyadan görünür ki, onda 325x10 mm ölçüdə 51,85 metr malın, 2019-cu il 10 oktyabr tarixli PO- 000005229 saylı Spesifikasiyadan isə görünür ki, onda 219x80 mm ölçüdə 51,84 metr və 89x10 mm ölçüdə 96,10 metr malın verildiyi qeyd olunmuşdur. Hər iki Spesifikasiya cavabdeh tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Göründüyü kimi hər iki Spesifikasiyada qeyd olunan malların həcmi və qiymətləri məhz 2019-cu il 5 iyul tarixli PO- 000005092 saylı Spesifikasiya üzrə malların artıq gətirilmiş, lakin cavabdeh tərəfindən ödənilməyən hissəsinə uyğun tərtib olunmuş və onların tərtib olunmasında yeganə səbəb PO-000005092 saylı spesifikasiya üzrə malların ölçüdən artıq gəlməsi olmuşdur. Əks təqdirdə, yəni cavabdeh həmin Spesifikasiyaların tərtib edilməsinə razı olmasaydı, onları təsdiq etməkdən imtina edər və ya bununla bağlı, habelə tərtib olunmuş yeni spesifikasiyalar üzrə malların təhvil verilməsi ilə bağlı iddiaçıya qarşı hər hansı pretenziya irəli sürərdi. Lakin, hazırkı işdə həmin hallar mövcud deyil. Qeyd olunan faktlar isə təsdiq edir ki, tərəflər arasında işgüzar münasibətlər məhz bu şəkildə həyata keçirilmişdir. Eyni zamanda nəzərə alınmışdır ki, PO-000005092 saylı spesifikasiya üzrə artıq ölçülərdə verilən malların tərəflər arasında razılaşdırılmış spesifikasiyada nəzərdə tutulan 10% güzəştlə bağlı olması hər hansı sübutla təsdiq olunmur. Bu baxımdan kollegiya hesab etmişdir ki, mübahisəli Spesifikasiyalar üzrə malların verilməməsi ilə bağlı cavabdeh tərəfin dəlilləri əsassızdır. Tərəflər arasında MM-in 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir. Ona görə də, iddiaçı MM-in 598.3-cü maddəsinə əsasən satılmış əşyalara görə ödənilməyən 2019-cu il 16 avqust tarixli PO ********* saylı Spesifikasiya üzrə 5.197,96 ABŞ dolları və 2019-cu il 10 oktyabr tarixli PO ********* saylı Spesifikasiya üzrə 5.127.67 ABŞ dolları məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır. Tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin ödənilməsinin nəzərdə tutulduğunu, cavabdeh tərəfindən alınan malların dəyərini, malların təhvil verilmə tarixini və iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlmişdir ki, iddiaçının tələb etdiyi 2019-cu il 16 avqust tarixli PO ********* saylı Spesifikasiya üzrə 259,89 ABŞ dolları və 2019-cu il 10 oktyabr tarixli PO ********* saylı Spesifikasiya üzrə 256,38 ABŞ dolları dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməli və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğlər azaldılaraq, müvafiq olaraq hər Spesifikasiya üzrə ayrı-ayrılıqda 50 ABŞ dolları məbləğində müəyyənləşdirilməlidir. Eyni zamanda kollegiya qeyd etmişdir ki, göstərilmiş hüquqi xidmətə görə 1000 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə sübutlar təqdim edilmədiyinə görə həmin vəsaitin cavabdehdən tutulması üçün əsaslar mövcud deyil. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni 404.1, 404.2, 462.1, 467, 567, 598.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Üçüncü şəxs qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 135/2023 nömrəli, 04 aprel 2023-cü il tarixli qərarı ilə üçüncü şəxs Kayman Adalarının Cavabdehı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 sentyabr tarixli 2- 2(103)-704/2022 saylı qətnaməsi qismən – iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməsi və həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarından göründüyü kimi “İddiaçı” Şirkəti tədarükcü, “X3” Şirkəti alıcı olmaqla 2014-cü il 16 may tarixdə §1-də göstərilən şərtlərlə müqavilə bağlanmışdır. Həmçinin, PO- 000005152 saylı 2019-cu il 15 avqust tarixli, PO-000005092 saylı, 2019-cu il 5 iyul tarixli, PO-000005229 saylı, 2019-cu il 10 oktyabr tarixli spesifikasiyalar mövcud olmuş, həmin spesifikasiyalarda müvafiq olaraq 5197,96 ABŞ dolları, 195.298 ABŞ dolları və 5.127,67 ABŞ dolları məbləğində dəyərlər göstərilmişdir Göründüyü kimi PO-000005092 saylı 195.298 ABŞ dolları dəyəri göstərilən 2019-cu Göründüyü kimi PO-000005092 saylı 195.298 ABŞ dolları dəyəri göstərilən 2019-cu il 5 iyul tarixdə tərtib olunmuşdur. Digər iki spesifikasiyalar isə bundan sonrakı dövrə aiddir. Hər 3 spesifikasiyada ödəmə şərti kimi 50% ilkin ödəniş və yükün göndərilməyə hazırlığı barəsində bildirişin alındığı gündən digər 50% hissəsinin ödənilməsi müəyyənləşdirilmişdir. Bununla belə, iş materiallarında olan gömrük bəyannamələrində yalnız sadalanan üç spesifikasiyadan biri PO-000005092 öz əksini tapmışdır (İ cild, iş.v 25, 26, 29). Digər spesifikasiyalarla bağlı iş materiallarında hər hansı gömrük bəyannaməsi mövcud deyildir. Belə olan təqdirdə məhkəmə kollegiyası PO-000005152 və PO-000005229 saylı spesifikasiyalar üzrə iddiaçının təkid etdiyi kimi malların cavabdehə çatdırılması anlaşılan deyildir. Bu hal həmçinin ondan irəli gəlir ki, göstərilən PO-000005152 saylı 2019-cu il 15 avqust tarixdə, PO-000005229 saylı spesifikasiya isə 2019-cu il 10 oktyabr tarixdə tərtib edilmiş, lakin hər iki tərəfin imzaladığı 2019-cu il 2 dekabr tarixli üzləşmə aktında isə 2019cu il 30 noyabr tarixinə “X3” Şirkətinin “İddiaçı” şirkətinə avans ödənişləri və kreditor borclarının qalıqları üzrə heç bir borcunun olmadığı təsdiqlənmişdir. Belə hal isə, üzləşmə aktının məzmunu baxımından PO000005152 saylı 2019-cu il 15 avqust tarixli və PO- 000005229 saylı 2019-cu il 10 oktyabr tarixli spesifikasiyalar üzrə göstərilən məbləğlərin tələb edilməsi hüququnun mövcudluğunu şübhə altına alır. Bu səbəbdən, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd edilən məsələlərə tam aydınlıq gətirilməsi məqsədilə tərəflər arasında digər analoji müqavilələr üzrə sifarişlərin verilməsi, malların çatdırılması və çatdırılmış mallara görə ödənişlərin hansı qaydada həyata keçirilməsinin araşdırılması mübahisənin düzgün həlli baxımından mühüm əhəmiyyətə malikdir. Apellyasiya instansiyası məhkəməsi isə gəldiyi nəticəni tərəflər arasında işgüzar münasibətlərin mövcudluğu ilə əsaslandırmışdır Kassasiya instansiyası məhkəməsi vurğulamışdır ki, tərəflər arasında müqavilə münasibətlərinin mövcud olmasına baxmayaraq, onların davamlı əməkdaşlığı baxımından müqavilədən kənar işgüzar münasibətlərinin formalaşması da istisna edilməməlidir. Lakin, hazırkı iş üzrə tərəflər arasında belə münasibətlərin mövcudluğu və mübahisənin həll edilməsi zamanı bu münasibətlərin əsas götürülməsi aşağı instansiya məhkəməsi tərəfindən yalnız onların ehtimal edilən deyil, həqiqi mövcudluğu halında mümkündür. Bu baxımdan belə işgüzar münasibətlərin tərəflərin davranışında yertutması aşağı instansiya məhkəməsi tərəfindən tam araşdırılmalı idi. Üçüncü şəxs dəfələrlə izahatlarında etiraz edərək iddiaçı ilə aralarında belə işgüzar adətlər olmadığına istinad etmiş, kassasiya şikayətində də bu halı mübahisələndirərək qeyd etmişdir ki, iddia tələbində qeyd olunan sifarişlər üzrə mallar cavabdeh şirkətə lazım olduğu üçün əlavə sifariş verilmişdir, iddiaçının dediyi kimi, artıq çatdırılmış malın rəsmiləşdirilməsi hesab edilə bilməz. Ən azı iddia ilə ödənişi tələb olunan sifarişlər üzrə çatdırılma şərtinə nəzər yetirilsə görünər ki, cavabdeh şirkət həmin malların alınmasını 2-3 ay sonrakı müddət üçün nəzərdə tutaraq sifariş vermişdir. İddiaçı bu üç sifarişi qarışdıraraq işgüzar adətlərlə əsaslandırmışdır. Lakin iddiaçı ilə cavabdeh arasında bu cür və ən əsası Müqavilənin 5.4-cü bəndinə zidd olan işgüzar adətlərin mövcudluğu öz təsdiqini tapmamışdır. Apellyasiya instansiyası məhkəməsi isə mübahisələndirilən qətnamədə PO000005152 saylı 2019-cu il 15 avqust tarixli və 2019-cu il 10 oktyabr tarixli PO- 000005229 saylı spesifikasiyaların cavabdeh tərəfindən imzalanmasını göstərməklə bunun 2019-cu il 05 iyul tarixli, PO-000005092 saylı spesifikasiya üzrə cavabdeh tərəfindən ödənilməyən və ölçüdə artıq gəlmiş mallarla əlaqələndirmiş, bunun cavabdehin razılığı ilə baş verdiyini və onun tərəfindən iddiaçıya qarşı pretenziya irəli sürülmədiyini göstərmiş, bunun nəticəsində tərəflər arasında işgüzar adətlərin olması qənaətinə gəlmişdir. Halbuki, malların PO000005092 saylı spesifikasiya ilə artıq gəlməsi faktının mövcudluğu tərəflər arasında bağlanmış üzləşmə aktı ilə PO-000005152 saylı 2019-cu il 15 avqust tarixli və 2019-cu il 10 oktyabr tarixli PO-000005229 saylı spesifikasiyalar dövrünü də əhatə edən 2019-cu il 2 dekabr tarixli üzləşmə aktı ilə inkar olunur. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçının artıq göndərilmiş mallarla bağlı digər, məsələn artıq göndərilmiş malların geri qaytarılması tələbi kimi hüquqi vasitələrindən istifadə etmək imkanı da mövcud idi. Apellyasiya instansiyası məhkəməsində hazırki icraat Proses iştirakçılarının izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən, nümayəndələrinin iştiraklarını təmin etmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-135/2023 nömrəli, 04 aprel 2023-cü il tarixli qərarı ilə üçüncü şəxs Kayman Adalarının Cavabdehı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022ci il 20 sentyabr tarixli 2-2(103)-704/2022 saylı qətnaməsi qismən – iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməsi və həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bununla belə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi rədd edildiyindən və qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdyindən, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının nümayəndə-vəkilinin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, “İddiaçı” Şirkəti tədarükçü, “X3” Şirkəti alıcı olmaqla 2014-cü il 16 may tarixdə bağlanmış müqavilə üzrə iddiaçı malları göndərməyi, alıcı isə malları qəbul etməyi öhdəsinə götürmüşdür. Bununla bağlı olaraq PO ********* saylı spesifikasiya tərtib olunmuş və iddiaçı tərəfindən mallar Kayman Adalarının Cavabdeha təhvil verilmişdir. Həmçinin, PO-000005152 saylı 2019-cu il 15 avqust tarixli, PO-000005092 saylı, 2019-cu il 5 iyul tarixli, PO-000005229 saylı, 2019-cu il 10 oktyabr tarixli spesifikasiyalar müvcud olmuş, həmin spesifikasiyalarda müvafiq olaraq 5197,96 ABŞ dolları, 195.298 ABŞ dolları və 5.127,67 ABŞ dolları məbləğində dəyərlər göstərilmişdir İşin faktiki hallarından göründüyü kimi PO-000005092 saylı 195.298 ABŞ dolları dəyəri göstərilən spesifikasiya 05 iyul 2019-cu il tarixdə tərtib olunmuşdur. Digər iki spesifikasiyalar isə bundan sonrakı dövrə aiddir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən 3 spesifikasiyada ödəmə şərti kimi 50% ilkin ödəniş və yükün göndərilməyə hazırlığı barəsində bildirişin alındığı gündən digər 50% hissəsinin ödənilməsi müəyyənləşdirilsə də iş materiallarında olan gömrük bəyannamələrində yalnız sadalanan üç spesifikasiyadan biri PO-000005092 öz əksini tapmışdır. Digər spesifikasiyalarla bağlı iş materiallarında hər hansı gömrük bəyannaməsi mövcud deyildir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, PO- 000005152 saylı 15 avqust 2019-cu il tarixdə, PO-000005229 saylı spesifikasiya isə 10 oktyabr 2019-cu il tarixdə tərtib edilsə də hər iki tərəfin imzaladığı 02 dekabr 2019-cu il tarixli üzləşmə aktında 30 noyabr 2019-cu il tarixinə “X3” Şirkətinin “İddiaçı” şirkətinə avans ödənişləri və kreditor borclarının qalıqları üzrə heç bir borcunun olmadığı təsdiqlənmişdir. Bu isə PO-000005152 saylı 15 avqust 2019-cu il tarixli və PO-000005229 saylı 10 oktyabr 2019-cu il tarixli spesifikasiyalar üzrə göstərilən məbləğlərin tələb edilməsi hüququnun mövcudluğunu şübhə altına alır. Hətta PO-000005092 saylı spesifikasiya üzrə artıq mal verilmiş olsa belə, bu mallar iddianın faktiki əsası kimi istinad edilmiş spesifikasiyalar üzrə verilmədiyindən iddia təmin edilə bilməz. Hər bir spesifikasiya ayrıca müqavilə (aksept, oferta) kimi qəbul edilərsə müəyyən olunur ki, sonuncu iki spesifikasiya üzrə cavabdehə hər hansı mal verilməmişdir. Buna görə də həmin spesifikasiyalar əsasında borc tələb oluna bilməz. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, təkrar apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq tərəflər arasında digər analoji müqavilələr üzrə sifarişlərin verilməsi, malların çatdırılması və çatdırılmış mallara görə ödənişlərin hansı qaydada həyata keçirilməsi araşdırılsa, iddiaçı tərəfindən buna dair digər məhkəmə qərarları təqdim olunsa da, müəyyən edilmişdir ki, bu qərarlarla göstərilənlər hazırki iş üzrə analogiya təşkil etmir. Həmçinin kollegiya tərəfindən tərəflər arasında müqavilə münasibətlərinin mövcud olmasına baxmayaraq, onların davamlı əməkdaşlığı baxımından müqavilədən kənar işgüzar münasibətlərinin formalaşması halları müəyyən edilməmişdir. Beləliklə də, kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun araşdırma zamanı iddia tərəfindən iddianın əsaslı olması ilə bağlı hər hansı mötəbər sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, kollegiyanın təkidi ilə tərəflər arasında barışıq sazişi bağlanması ilə bağlı dəfələrlə müvafiq şərait yaradılsa da, (müvafiq müqavilənin surəti kollegiya təqdim edilmişdir) belə bir barışıq baş tutmamışdır. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə səbəb ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almaqla, mübahisəni tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
İddiaçı “İddiaçı” Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 21 aprel 2022-ci il tarixli e-2-2(113)-186/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə