Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-585/2024 26.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinovdan və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2878/2024 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 110646,6 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1846,61 manat, İşsizlikdən Sığorta Fonduna olan 79,23 manat, İcbari Tibbi Sığorta Fonduna olan 300,19 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəçi bildirir ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 1846,61 manat, İşsizlikdən sığorta fonduna 79,23 manat, İcbari Tibbi Sığorta Fonduna 300,19 manat, dövlət büdcəsinə 110646,6 manat məbləğində (o cümlədən, vergilər üzrə 85454,93 manat, faizlər üzrə 25151,67 manat, maliyyə sanksiyası üzrə 40 manat) olmaqla, ümumilikdə 112872,63 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********261100, xx.xx.2023-cü il tarixli **********260400, xx.xx.2023-cü il tarixli **********262800, xx.xx.2024-cü il tarixli **********469300 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.
3. Maraqlı şəxs birinci instansiya məhkəməsində iştirak etməmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2878/2024 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir.
5. Maraqlı şəxs apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir.
APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apelyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi heç bir əsas olmadan, riskli vergi ödəyicisi hesab edilməsi barədə hər hansı qərar qəbul edilmədən "xxxx" MMC-nin elektron sisteminə “əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimalı olunur” formasında bildiriş işlənilmişdir. Qeyd edilən bildiriş silinmədiyindən "xxxx" MMC sahibkarlıq fəaliyyəti göstərə bilməmişdir. 17 mart 2023-cü il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “məlumatın silinməsi” barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8009/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə E-qaimə və depozit hesabında qarşılıqlı əməliyyatlar zamanı iddiaçı "xxxx" MMC barəsində ekranda əks olunan “əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimalı olunur” bildirişinin silinməsi və həmin bildirişlə bağlı qoyulmuş əməliyyatların aparılmasına maneələrin aradan qaldırıması vəzifəsi cavabdeh Dövlət Vergi Xidmətinə həvalə edilməsi qərara alınmışdır. Lakin qərar bu günədək icra edilməmişdir. Odur ki, "xxxx" MMC tərəfindən borcun ödənilməsi yalnız iddiaçı tərəfindən məhkəmə aktı icra edildikdən sonra həyata keçirilə bilər.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə etdi.
9. Ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).
11. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.
12. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir.
13. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.
14. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.
15. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir.
18. Belə ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsi və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinin tələblərinə görə vergi ödəyicisinin vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə onun ölkədən getmək hüququnun məhdudlaşdırılması imkanı nəzərdə tutulmuşdur. Həmin maddələrin dispozisiya şərtlərindən də görünür ki, bu tədbir vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə tətbiq edilir.
19. Eyni zamanda, Vergi Məcəlləsinin 53.3-cü maddəsindən müəyyən edilir ki, həmin Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir.
20. Həmin Məcəllənin 77.3-cü maddəsində isə təsbit edilmişdir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.
21. Hazırkı işdə isə müəyyən edilir ki, ərizəçinin hərəkətləri nəticəsində Vergi Məcəlləsinin 53.3-cü maddəsinin tələbləri pozulmuşdur.
22. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-8009/2023 saylı qərarından görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “məlumatın silinməsi” tələbinə dair iddia təmin edilərək, e-qaimə və depozit hesabında qarşılıqlı əməliyyatlar zamanı iddiaçı "xxxx" MMC barəsində ekranda əks olunan “əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” bildirişinin silinməsi və həmin bildirişlə bağlı qoyulmuş əməliyyatların aparılmasına maneələrin aradan qaldırılması vəzifəsi cavabdeh Dövlət Vergi Xidmətinə həvalə edilmişdir.
23. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8009/2023 saylı, xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, həmin qərardan apellyasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəsini almışdır.
24. Həmin qərarda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə vergi orqanları tərəfindən hər hansı qərar qərar qəbul edilməmiş, həmin qərar mövcüd olmasa belə Dövlət Vergi Xidməti tərəfindən heç bir əsaslı səbəb olmadan “əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” formasında bildiriş iddiaçının elektron sisteminə işlənmişdir. İddiaçı riskli vergi ödəyicisi hesab edilməmiş, əmtəəsiz əməliyyat aparmamış, buna dair inzibati akt qəbul edilməmişdir ki, ehtimallara əsaslanmaqla, üstəlik həmin ehtimalın elə göstərilən ifadə tərzi (“ehtimal olunur”) formasında iddiaçının elektron sistemində əks olunması iddiaçının fəaliyyətinə müdaxilə xarakteri daşımaqdadır.
25. Həmçinin, həmin qərardan görünür ki, "xxxx" MMC-nin vergi borcu olmamış, borc və faiz məbləği "xxxx" MMC tərəfindən vergi orqanına ödənilmişdir (bu fakt Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin etirazında qeyd edilmişdir).
26. Qeyd olunanlarla təsdiq edilir ki, heç bir ödənilməyən vergi öhdəliyi olmayan "xxxx" MMC-nin fəaliyyətinə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qanunsuz müdaxilə edilmiş və məhz həmin müdaxilə nəticəsində MMC-nin maneəsiz və azad şəkildə fəaliyyəti mümkünsüz olmuşdur.
27. Bunun nəticəsində isə hazırda "xxxx" MMC-nin Dövlət Sosial Müdafiə Fonduna 1846,61 manat, İşsizlikdən sığorta fonduna 79,23 manat, İcbari Tibbi Sığorta Fonduna 300,19 manat, dövlət büdcəsinə 110646,6 manat məbləğində borcu yaranmışdır.
28. Qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Vergi Məcəlləsinin 53.3-cü maddəsinin tələbləri pozularaq maraqlı şəxsin rəhbərlik etdiyi "xxxx" MMC-nin normal fəaliyyətinə maneçilik yaradılmışdır. Həmin hərəkətlər isə öz növbəsində "xxxx" MMC-nin Vergi Məcəlləsinin 77.1-ci maddəsində nəzərdə tutulan vergi öhdəliyinin icrasına maneçilik yaratmış və faktiki olaraq hazırda "xxxx" MMC-nin ödənilməyən vergi öhdəliyinin olması onun təqsirli hərəkətlərinə görə deyil, ərizəçi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qanunsuz hərəkətlərinə görə yaranmışdır.
29. Kollegiya qeyd edir ki, hazırkı qəbildən olan işlərin həllində vergi orqanları və məhkəmələr tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir və hər bir halda belə məhdudiyyətin tətbiq edilməsi mütənasiblik meyarına cavab verməlidir. Sadəcə borcun, xüsusilə hazırki işdə, yəni ərizəçinin qanunsuz hərəkətləri nəticəsində yaranan borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir.
30. Bu, ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
31. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X4 (X5) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 26 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır... Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.
32. İnsan Hüquqları və X1 haqqında Avropa Konvensiyasına dair 4 saylı Protokolun 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.
33. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məsələn, Battista İtaliyaya qarşı, № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı; Xlyustov Rusiyaya qarşı, № 28975/05, 2013-cü il 11 iyul tarixli qərarı)
34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olub-olmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır.
35. Bu baxımdan kollegiya hesab edir ki, ərizə təmin edilməməlidir.
36. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə ərizə rədd edilməlidir.
37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2878/2024 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vergi ödəyicisi olan "xxxx" MMC-nin dövlət büdcəsinə olan ümumilikdə 110646,6 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1846,61 manat, İşsizlikdən Sığorta Fonduna olan 79,23 manat, İcbari Tibbi Sığorta Fonduna olan 300,19 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Ziya Şirinov
Vüsalə Baxışova