Məhkəmə qərarları › İş №2-2(103)-586/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-586/2020

27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-586/2020 27.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2561/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadından cavabdeh "Cavabdeh" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "İddiaçı" MMC cavabdeh "Cavabdeh" MMC-yə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 479039,64 manat ƏDV daxil borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianın təmin edilməsi tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhəkəmə aktı qəbul olunana qədər cavabdehə məxsus Bank “xxx” Açıq Səhmdar Cəmiyyətinin Səbail filialında olan AZ90Bxxx******************** nömrəli və “xxxxxx” Açıq Səhmdar Cəmiyyətində olan AZ61AZEG******************** nömrəli bank hesabları üzərinə, 479039,64 manat iddia məbləği həcmində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-2561/2020 saylı qərardadı ilə ərizə qismən təmin edilərək, "Cavabdeh" MMC-yə məxsus Bank “xxx” ASCnin Səbail filialında olan AZ90Bxxx******************** nömrəli və “xxxxxx” ASC-də olan AZ61AZEG******************** nömrəli bank hesabları üzərinə işçilərinin əmək haqlarının və məcburi dövlət ödənişlərinin (vergi, sosial) ödənilməsinə məhdudiyyət qoyulmadan 479039,64 manat həddində həbs qoyulması və ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh "Cavabdeh" MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil şikayətə etiraz etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyulması barədə tədbirlər görülə bilər. Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. Hazırkı mübahisənin predmetini nəzərə alaraq kollegiya hesab edir ki, işə mahiyyəti üzrə baxılana kimi cavabdehin bank hesabındakı hesabı üzərinə iddia tələbi həcmində həbs qoyulması barədə iddianın təmini tədbiri seçilməlidir. Belə ki, iddia tələbi kifayət qədər yüksək məbləğin, yəni 479039,64 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasından ibarətdir və iddia təmin olunduğu təqdirdə həmin məbləğin könüllü ödənilməyəcəyi qənaətinə gəlmək üçün kifayət qədər əsaslar vardır. Belə olan halda isə həmin məbləğin tutulması üzərinə həbs qoyulmuş bank hesabındaki pul vəsaitinə yönəldilməklə qətnamənin icrasında yarana biləcək çətinliklər aradan qaldırıla bilər. Eyni zamanda kollegiya hesab edir ki, həmin həbs cavabdehin işçilərinin əmək haqlarının və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan həyata keçirilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 158.3-cü maddəsindən müəyyən olunur ki, əmlak üzərinə həbs qoyulması birinci növbədə - cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı üzrə həyata keçirilir. Bu baxımdan kollegiya hesab edir ki, faktiki fəaliyyət göstərən cavabdeh MMC-nin əməkdaşlarına ödənilən əmək haqları və dövlət büdcəsinə zəruri ödənişlər (vergi, sosial və s.) bilavasitə istehsalatda iştirak edən əmlak kimi qiymətləndirilməli və bank hesabı üzərinə qoyulmuş həbs həmin vəsaitlərin ödənilməsinin qarşısını almamalıdır. Birinci instansiya məhkəməsi də məsələni bu qaydada həll etmişdir. Ona görə də, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı, şikayətdə göstərilən dəlillər isə əsassızdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh "Cavabdeh" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2561/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar