Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-587/2021 06.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, cavabdeh X3 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 570/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən 7.148,25 manat məbləğində pul vəsaitinin, habelə 30 manat ödənilmiş dövlət rüsumunun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 02.03.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamənin əsaslarına görə, iddiaçı tərəfindən qaimədə əks olunmuş malların cavabdehə verilməsini, onların təhvil-təslimini təsdiqləyən hər hansı sübut məhkəmə araşdırması zamanı təqdim edilməmişdir. Cavabdehə elektron qaimənin göndərilməsini və onların təsdiq edilməsini, məhkəmə, malların təhvil alınması halının sübutu kimi qəbul etmir və hesab edir ki, bunlar iddiaçının ona nə qədər pul ödənilməli olduğunun bildirilməsidir. Lakin, həmin məbləğin nəyin əsasında yaranmasını, bu elektron qaimənin malların təhvil-təslimini bildirən hansı sənədlər əsasında tərtib olunmasını göstərən sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları"nın 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Qanunvericilik elektron qaimə-fakturanı ilkin uçot sənədi kimi müəyyən edir və onun malların alıcıya təqdim olunması barədə məlumatları əks etdirən sənədlər əsasında doldurulmasını, əks halda onların mal qəbulunun rəsmiləşdirilməsinə əsas vermədiyini nəzərdə tutur. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə öz qətnaməsində qeyd edib ki, iddiaçı tərəfindən qaimədə əks olunmuş malların cavabdehə verilməsini, onların təhviltəslimini təsdiqləyən hər hansı sübut məhkəmə araşdırması zamanı təqdim edilməmişdir. Məhkəmənin bu arqumenti iş materiallarında olan, tərəflər arasında bağlanmış 28.12.2019-cu il tarixli alqı-satqı müqaviləsi, EBAE 812206 nömrəli 09.01.2020-ci il tarixli elektron qaimə, iş materiallarında olan digər sənədlər və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla əks-mütənasibdir. İddiaçı ilə cavabdeh arasında 3743/19 nömrəli 28.12.2019-cu il tarixli alqı-satıqı müqaviləsi bağlanmışdır. Müqavilə yuxarıda qeyd edilən elektron qaimənin əsasını təşkil edir və iddiaçı tərəfindən məhkəməyə sübut kimi təqdim edilmişdir. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, “Satıcı razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə istehsal və ya idxal etdiyi və/və ya digər hüquqi formada ticarət predmeti olan məhsulu alıcıya satır, alıcı isə satıcıdan məshulu qəbul edir və müqabilində satıcıya məhsulun qiymət təklifində nəzərdə tutulmuş dəyərini ödəyir”. Müqavilənin “Anlayışlar” adlı bölməsinin “a” yarımbəndində qeyd edilir: Qiymət təklifi - məhsulun adı, təsnifatı, miqdarı, çeşidi, keyfiyyəti, markası, ölçü vahidi, vahid qiymətinin öz əksini tapdığı, satıcı tərəfindən alıcıya rəsmi elektron ünvanla göndərilən məlumat”. Məhkəməyə təqdim edilən EBAE 812206 nömrəli 09.01.2020-ci il tarixli elektron qaimədə isə iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş malların siyahı şəklində adları, ölçü vahidi, miqdarı/həcmi, vahidin buraxılış qiyməti və yola salınmış malların dəyəri qeyd edilmişdir. Müqavilənin “b” yarımbəndində qeyd edilib: “Təhvil-təslim tarixi - məhsulun alıcıya verildiyi, müvafiq satış fakturasının, təhviltəslim aktının, qaimə-fakturanın imzalandığı və ya elektron qaimə-fakturanın tərtib olunduğu tarix.” Tərəflər arasında bağlanılan Müqaviləyə əsasən yuxarıda qeyd edilən sənədlərin istənilən birisinin imzalanması və ya tərtib olunması anından etibarən mallar satıcı tərəfindən alıcıya təhvil verilmiş, alıcı tərəfindən isə satıcıdan təslim alınmış hesab edilir. Məhkəməyə təqdim edilən və iş materiallarında olan elektron qaimənin məzmunundan da aydın olur ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında cavabdehə satılmış mallar onun tərəfindən elektron qaimədə “təhvil aldım” bölməsinə imzalanmaqla qəbul edilmişdir. Həmçinin, qeyd edilən müddəa Müqavilənin 3.3.-cü bəndində də öz əksini tapmışdır. Həmin müddəaya əsasən, “Alıcı (səlahiyyətli nümayəndəsi) məhsulu satıcının müvafiq POS terminaldan çıxarışı - satış fakturası, təhvil-təslim aktı, qaimə-faktura və ya müavafiq elektron qaimə-faktura əsasında qəbul edir ”. Həmin Müqavilənin 3.5-ci bəndinə əsasən isə, “Satıcı məhsulu müvafiq satış fakturası (və ya təhvil-təslim aktı, qaimə-faktura, elektron qaimə-faktura) əsasında alıcıya təhvil verir”. Belə ki, mal satıcıdan alıcıya yuxarıda qeyd edilən sənədlərdən hər hansısa birinin imzalanması və ya tərtib olunması yolu ilə təhvil verilir, satıcı isə həmin sənədlərin əsasında mah təhvil alır. Odur ki, həmin sənədlərdən istənilən birisinin mövcudluğu artıq malın təhvil-təsliminin həyata keçirildiyini təsdiq edir. Müqavilənin “e” yarımbəndində qeyd edilib: “Mülkiyyət hüququnun keçməsi anı - məhsulun müvafiq satış fakturası, təhvil-təslim aktı, qaimə-faktura və ya elektron qaimə - faktura əsasında alıcıya təhvil verilməsi anı”. Həmçinin, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 3.7-ci bəndinə əsasən, “Məhsullar faktura üzrə alıcıya verildiyi andan onun mülkiyyəti hesab olunur”. Göründüyü kimi, təhvil-təslim tarixindən etibarən mallara mülkiyyət hüququ satıcıdan alıcıya keçmiş hesab edilir. Beləliklə, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, elektron qaimə-fakturanın tərtib olunması və kağız daşıyıcı üzərində imzalanması tərəflər arasında malların təhvil-təsliminin həyata keçirilməsini və mallara dair mülkiyyət hüququnun satıcıdan alıcıya keçməsini sübut edir. Müqavilə əsasında tərtib edilmiş və malların cavabdehə təhvil verildiyini təsdiq edən qaiməni cavabdeh özü şəxsən imzalayaraq, qaimədə qeyd edilən malların iddiaçıdan təhvil aldığını bir daha təsdiq etmişdir. Birinci instansiya məhkəməsində 02.03.2021-ci il tarixində keçirilən məhkəmə iclası zamanı cavabdeh sədrlik edənin “Elektron qaiməni siz imzalamısınız?” sualına “Bəli, mənim imzamdır” deyə cavab vermişdir. Məhkəmə tərəfindən tətbiq edilmiş maddi hüquq normaları səhv təfsir edilmişdir. Məhkəmə öz qətnaməsini əsaslandırmaq üçün Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət faəliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydasımın 3.3; 3.15-16; 4.1; və 4.3-cü bəndlərinə istinad etmişdir. Halbuki, hazırki mübahisəyə qeyd edilənlərin maddi hüquq normalarının tətbiq edilməsi əsassız olmuşdur. Həmçinin, Məhkəmə öz qətnaməsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaiməfakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-3, 2.4, 2.6 və 3.9-cu bəndlərinə də əsassız yerə istinad etmişdir. İddiaçı MMC tərəfindən EBAE 812206 nömrəli 09.01.2020-ci il tarixli elektron qaimə tərtib edilərkən yuxarıda qeyd edilən bəndlərin bütün tələblərinə riayət olunmuşdur. Məhkəmə bu bəndlərə o zaman istinad edə bilərdi ki, həqiqətən də İddiaçı MMC tərəfindən elektron qaimə Qaydaların tələblərinə riayət edilmədən tərtib edilərdi. İndiki halda, iddiaçı məhkəməyə təqdim edilmiş elektron-qaimənin Qaydaların tələblərinə zidd olduğu subuta yetirilməmişdir. Bundan başqa, hazırkı məhkəmə mübahisəsinin predmeti həmin elektron-qaimənin tərtibatının qanuniliyinin yoxlanılması deyil, həmin qaimə əsasında cavabdehə malların təhvil verilib-verilməməsidir ki, cavabdeh də, həmin qaimədə əks etdirilən malları təhvil almasına dair qaiməyə imza etməklə, malları təhvil aldığını öz imzası ilə təsdiqləmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, ona uyğun izahat vermiş, cavabdehin vəkili və nümayəndəsi birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdə olan, satıcı (iddiaçı) ilə alıcı (cavabdeh) arasında imzalanmış 28 dekabr 2019cu il tarixli 3743/19 nömrəli alqı-satqı müqaviləsindən müəyyən edilir ki, satıcı sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə istehsal və ya idxal etdiyi və ya digər hüquqi formada ticarət predmeti olan malları alıcıya satır, alıcı isə malı satıcıdan alır və müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəyir. Müqavilənin: 3.3-cü bəndinə əsasən, məhsulun təhvil-təslimi çatdırılma məntəqəsində tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Alıcı (səlahiyyətli nümayəndəsi) məhsulu satıcının müvafiq mobil POS terminaldan çıxarışı, satış fakturası, təhvil-təslim aktı, qaimə-faktura və ya müvafiq elektron qaimə-faktura əsasında qəbul edir; 3.5-ci bəndinə görə, satıcı məhsulu müvafiq satış fakturası (və ya təhvil-təslim aktı, qaimə-faktura, elektron qaimə-faktura) əsasında alıcıya təhvil verir, alıcı bu müqaviləyə uyğun olaraq məhsulu satıcıdan nağd və ya nisyə (kredit) satış qaydasında satış fakturasını imzalamaqla qəbul edir. 09.01.2020-ci il tarixli EBAE 812206 nömrəli nömrəli elektron qaiməyə əsasən, təqdim edən İddiaçı MMC tərəfindən alıcı X4 44 adda cəmi 7.148,25 manat dəyərində məhsul satılmış, qaimənin 3-cü vərəqində “Təhvil aldım” qeydinin qarşısı imzalanmışdır. Birinci instansiya məhkəməsinin 23.02.2021-ci il tarixli məhkəmə iclasının protokolunda göstərilmişdir ki, iddiaçının nümayəndəsinin “Elektron qaimədəki imzalar sizindir?” sualına cavabdeh “Bəli”, “Sizin həmin məbləğdə borcunuz var?” sualına cavabdeh “Bəli, var”, hakimin “Siz malları təhvil almısınız” sualına isə cavabdeh “Malı Qafqazdan almışam. Avroradan mal almamışam. Borcum var. Amma Avroraya borcum yoxdur” cavablarını vermişdir. Birinci instansiya məhkəməsinin 02 mart 2021-ci il tarixli məhkəmə iclasının protokolunda isə qeyd olunmuşdur ki, hakimin “Elektron qaiməni siz imzalamısınız?” sualına cavabdeh “Bəli. Mənim imzamdır. Mənə mal verməyiblər” cavabını vermişdir. MPM-in 273-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər və nümayəndələr protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Cavabdeh protokola dair qeydlər təqdim etməmişdir. MPM-in: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflər arasında 28.12.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmış, 09.01.2020-ci il tarixdə 7.148,25 manat məbləğdə məhsul cavabdehə təhvil verilmiş və bu barədə tərtib olunmuş elektron qaimə imzalanmışdır. Cavabdeh malları aldığını, borcunun olmasını, borcun məbləğini, elektron qaiməni imzaladığını qəbul edir. Cavabdehin məhsulu İddiaçı yox, “Qafqaz”dan alması barədə dəlilinə də tənqidi yanaşılmalıdır. Belə ki, onun imzaladığı 09.01.2020-ci il tarixli EBAE 812206 nömrəli nömrəli elektron qaimənin 1-ci vərəqində təqdim edən qismində “Qafqaz” yox, İddiaçı MMC-nin adı qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydalarının 3.9-cu bəndində isə təsbit olunmuşdur ki, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən ona təhvil verilən məhsulun dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.
MPM-in: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edir, cavabdehin iddiaya etirazının əsasını təşkil edən hallar isə sübuta yetirilmir, birinci instansiya məhkəməsinin cavabdehin izahatlarına hüquqi qiymət vermədən iddianı rədd etməsi faktiki cəhətdən əsassız, prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuz olmuşdur (MPM-in 387.1-ci maddəsi), apellyasiya şikayətinin dəlilləri əsaslı olmaqla, qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, şikayət təmin edilməli, qətnamə ləğv edilməli (MPM-in 385.1.1-ci maddəsi), iş üzrə yeni qətnamə qəbul edilməli (MPM-in 384.0.2-ci maddəsi), iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 392 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-570/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh X2 7.148,25 manat (yeddi min yüz qırx səkkiz manat iyirmi beş qəpik) və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumlarının əvəzi olaraq 45 (qırx beş) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Azər Hüseynov