Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-587/2025 11.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” məzmunlu ərizəsi üzrə (Açar sözlər: vergi borcu, vergi ödəyicisi, sərbəst hərəkət etmək hüququnun müvəqqəti məhdudlaşdırılması, hüquqi şəxsin yenidən təşkili, qoşulma, hüquq varisliyi, mütənasiblik prinsipi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), İbrahimli İbrahim Adil oğlundan və X1 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, Maraqlı şəxs nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” məzmunlu ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Maraqlı şəxs xx xxxxxxx 1981-ci il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda doğulmuşdur, Azərbaycan Respublikasının vətəndaşı olmaqla ünvan 1 ünvanında pasport qeydiyyatındadır.
2. Reyestr məlumatlarına əsasən "xxxx" MMC-nin (VÖEN: **********) vergi borcu 1 445 468,96 manat təşkil edir.
3. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə 16 avqust 2024-cü il tarixində göndərilmiş bildirişdə sonuncudan vergi borcunun 5 gün müddətində ödənilməsi tələb olunmuş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir.
4. "xxxx" MMC (VÖEN: **********) xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin ona qoşulması yolu ilə təşkil edilmişdir və "xxxx" MMC-nin hüquqi varisidir.
5. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən hüquqi varisi "xxxx" MMC olan “Veysəloğlu-Yaycılı Qardaşlar" MMC barəsində Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi əsasında 15 dekabr 2022 tarixli **********166126 saylı qərara əsasən 01 noyabr 2019 – 31 oktyabr 2022-ci il dövrlərini əhatə etməklə, 03 oktyabr 2022-ci il tarixdən 09 iyun 2023-cü il tarixə qədər növbədənkənar səyyar vergi yoxlaması həyata keçirilmiş, yoxlamanın nəticəsi 01 mart 2024-cü il tarixli **********166251 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir.
6. Həmin akta əsasən, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 02 may 2024-cü il tarixli **********183118 nömrəli qərarla "xxxx" MMC barəsində 4 731 464,21 manat məbləğində vergilərin əlavə hesablanması, 46 430,97 manat artıq hesablanması, 2 715 280,41 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
7. Vergi ödəyicisinin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara düzəliş edilməsi haqqında 22 may 2024-cü il tarixli **********183648 nömrəli qərara əsasən, "xxxx" MMC barəsində 704 535,21 manat məbləğində vergilərin əlavə hesablanması, 75 666,91 manat artıq hesablanması, 2 691 388 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 21 may 2024-cü il tarixli qərardadı ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 02 may 2024-cü il tarixli **********183118 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının icrası iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılmış, həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 25 iyun 2024-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır.
9. "xxxx" MMC-nin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” barədə iddia tələbi Bakı İnzibati Məhkəməsinin 18 iyul 2024-cü il tarixli qərarı ilə təmin edilmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 02 may 2024-cü il tarixli **********183118 nömrəli və 22 may 2024-cü il tarixli **********183648 nömrəli Qərarları ləğv olunmuşdur.
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 28 noyabr 2024-cü il tarixli qərarı ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin olunmamış, Bakı İnzibati Məhkəməsinin 18 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 26 may 2025-ci il tarixli məktubunda qeyd edilmişdir, “...dövlət reyestr məlumatlarında Maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) direktoru olması barədə məlumat aşkar edilməmiş, Maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) direktoru olması barədə məlumat aşkar edilmişdir”.
12. "xxxx" MMC tərəfindən Maraqlı şəxs adına “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqavilələri barədə çıxarışa görə, onun hazırda vəzifəsi "xxxx" MMC-də “Şirniyyat-1 Kateqoriyası üzrə İdarəedici Direktor”dur.
13. Reyestr məlumatlarına əsasən, "xxxx" MMC-nin qanuni təmsilçisi X2r.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
14. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (ərizəçi) ərizə ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan ümumilikdə 1 445 356,91 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (Doğulduğu tarix - xx xxxxxxx 1981-ci il, Doğulduğu yer - Gürcüstan, Bolnisi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - OUJBXGW, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün 28 oktyabr 2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 1 445 356,91 manat məbləğində (o cümlədən, vergilər üzrə 1494 manat, maliyyə sanksiyası üzrə 1 443 862,91 manat) olmaqla, ümumilikdə 1 445 356,91 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən 16 avqust 2024-cü il tarixli **********550900 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.
16. Birinci instansiya məhkəməsinin 14 noyabr 2024-cü il tarixli qətnaməsi ilə ərizənin təmin edilməsi qət olunmuşdur.
17. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, borclu hüquqi şəxsin dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur.
18. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə, Vergi Məcəlləsinin 16.1.1-ci, 23.1.15-3-cü, 77.3-cü, 78.1-ci maddələrinə istinad etmişdir.
19. Qətnamədən maraqlı şəxs apellyasiya şikayəti verərək onun ləğv edilməsini və ərizənin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyi, məhkəmənin "xxxx" MMC-nin digər MMC-yə qoşulmaqla ləğv olunduğunu, eləcə də vergi borcunun inzibati məhkəmə icraatında mübahisələndirilməsini nəzərə almadığı, əsasız nəticəyə gəldiyi arqumentləri ilə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
20. Bakı Apellyasiya Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırma və nəticə hissəsi ilə razılaşan məhkəmə kollegiyası vergi orqanının digər tədbirlər görməməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zamanı qanunvericilik belə şərt müəyyən etməmişdir.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı qəbildən olan işlərin həllində vergi orqanları tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hər bir halda məhdudiyyət tətbiq edərkən bu tədbirin mütənasiblik meyarına cavab veribverməməsinin araşdırılmalıdır. Hazırkı halda maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması demokratik cəmiyyətdə zəruri – mütənasib deyil. Qeyd edilən halları nəzərdən keçirərək kollegiya hesab etmişdir ki, məhkəmə ərizəni təmin edərkən mütənasiblik prinsipinə riayət etmiş və düzgün nəticəyə gəlmişdir.
23. Kollegiya hesab etmişdir ki, mübahisə üzrə qanuni qüvvəyə minən məhkəmə aktı olmadığına görə ərizəçinin ərizəsi əsaslıdır və məhkəmə qətnaməsi ləğv edilə bilməz. Ərizəçi və maraqlı şəxsin inzibati məhkəmədə müvəqqəti müdafiə tədbiri yalnız həmin mübahisəyə aiddir və hazırkı işə aidiyyəti yoxdur.
24. Maraqlı şəxs kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və ərizənin rədd olunmasını xahiş etmişdir.
c) Kassasiya instansiyası məhkəməsində icraat
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 mart 2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmışdır.
26. Kassasiya instansiyası məhkəməsi gəldiyi qənaəti aşağıda göstərildiyini kimi əsaslandırmışdır:
26.1. Əvvəla, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin tərəflər arasında borcu müəyyən edən qərarın ləğvi ilə əlaqədar hazırda məhkəmə mübahisəsinin mövcud olmasına və yekun məhkəmə qərarının qəbul edilməməsinə, inzibati məhkəmədəki müvəqqəti müdafiə tədbirinin yalnız həmin mübahisəyə aid olmasına və hazırki işə aidiyyətinin olmamasına dair mövqeyi ilə razılaşdığından kassasiya şikayətinin müvafiq dəlilləri üzrə ayrıca hüquqi dəyərləndirmə aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum görmür. 26.2. Bununla belə, məhkəmə kollegiyası kassatorun digər dəlilləri üzrə hesab edir ki, mübahisələndirilən qətnamənin qüvvədə saxlanılması aşağıdakılara görə mümkün deyildir. 26.3. İş materiallarından görünür ki, maraqlı şəxsin birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətinin dəlillərindən biri maraqlı şəxsin vaxtilə rəhbəri olduğu MMC-nin "xxxx" MMC-yə qoşulması nəticəsində MMC-nin fəaliyyətinə xitam verilməsi, bu barədə qərarın qəbul edildiyi tarixdən, hazırda da MMCnin hüquqi varisi olaraq "xxxx" MMC-nin çıxış etməsi olmuşdur. 26.4. Buna baxmayaraq apellyasiya şikayətini əsassız hesab edən apellyasiya instansiyası məhkəməsi apellyatorun həmin dəlilinə heç bir hüquqi qiymət verməmişdir. 26.5. O da qeyd olunmalıdır ki, iş materiallarında olan tərəflər arasındakı digər mübahisə üzrə qəbul edilmiş inzibati məhkəmələrin qərarlarında da MMC-nin "xxxx" MMC-yə qoşulduğu və sonuncunun, fəaliyyətinə xitam verilən cəmiyyətin hüquqi varisi olduğu göstərilmişdir. 26.6. Bundan başqa, 9 yanvar 2025-ci il tarixində maraqlı şəxsin nümayəndəsi tərəfindən hazırkı iş üzrə “Elektron Məhkəmə” informasiya sisteminə yüklənmiş çıxarışdan (həmin çıxarış İqtisadiyyat Nazirliyi Milli Gəlir Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən 10 yanvar 2022-ci il tarixində verilmişdir) aydın olur ki, MMC-nin "xxxx" MMC-yə qoşulması nəticəsində sonuncu yenidən təşkil edilərək MMC-nin hüquqi varisinə çevrilmişdir. 26.7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55.5 və 56.2-ci maddələrinə əsasən, hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır. Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. 26.8. Sözügedən normalara istinadən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, başqa hüquqi şəxsə qoşulmaqla fəaliyyətinə xitam verilmiş, bu səbəbdən də hüquq və vəzifələri hüquqi varisə keçmiş hüquqi şəxsin icra orqanının rəhbəri olmuş fiziki şəxsin ölkədən çıxışına hazırda mövcud olmayan hüquqi şəxsin vergi borclarına görə məhdudiyyət qoyulması həm qanunsuz, həm də səmərəsiz olacaqdır. Bundan başqa, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zamanı qanunvericiliyin, vergi orqanının digər tədbirlər görməsinə dair şərt müəyyən etməməsinə dair mövqeyi ilə də razılaşmır və həmin mövqeni bu qəbildən olan işlərdə vergi orqanları tərəfindən “mütənasiblik prinsipi”nə əməl edilməsinin zəruriliyinə dair qəbul edilən çoxsaylı məhkəmə qərarlarında formalaşdırılmış məhkəmə təcrübəsinə zidd hesab edir. 26.9. O da qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi bir tərəfdən, birinci instansiyası məhkəməsinin ərizəni təmin edərkən mütənasiblik prinsipinə riayət etdiyi nəticəsinə gəlmiş, digər tərəfdən isə hazırkı halda maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının demokratik cəmiyyətdə zəruri – mütənasib olmadığını göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin mövqelər bir-birinə tamamilə ziddiyyət təşkil etdiyindən apellyasiya instansiyası məhkəməsinin əslində onların hansına üstünlük verdiyi də mübahisələndirilən qətnamədən tam aydın olmur.
Təkrar apellyasiya baxışı, izahat
27. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış ərizəçi nümayəndəsini məhkəməyə göndərməmiş, məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi (vəkili) isə şikayəti müdafiə edərək qətnamənin ləğv olunmasını və ərizənin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
28. Maddə 73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 55.1. Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər.
30. Maddə 55.4. Qoşulma şəklində yenidən təşkil halı istisna olmaqla, hüquqi şəxs yeni yaranan hüquqi şəxslərin dövlət qeydiyyatına alındığı andan yenidən təşkil edilmiş sayılır.
31. Maddə 55.5. Hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır.
32. Maddə 56.2. Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir.
Azərbaycan Respublikasının Vergi Məcəlləsi
33. Maddə 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).
34. Maddə 23.1.15-3. Vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.
35. Maddə 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.
36. Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.
37. Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
38. Maddə 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir.
39. Maddə 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər.
40. Maddə 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 355-5.1. Vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
46. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
47. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Avropa İnsan Hüquqları Konvensiyasının 4 saylı Protokolu
48. Maddə 2.1. Qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır.
49. Maddə 2.2. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında
50. Maddə 5.5. Yenidən təşkil nəticəsində yaradılan qurumların dövlət qeydiyyatına alınması barədə ərizəyə habelə aşağıdakılar əlavə edilir: 5.5.1. yenidən təşkil haqqında qərar; 5.5.2. təhvil aktı və ya bölünmə balansı; 5.5.3. mətbuatda müvafiq elanın dərc olunması barədə məlumat.
Apellyasiya baxışının həddi
51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
53. Kollegiya hesab edir ki, hazırkı işdə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsas yoxdur.
54. Belə ki, şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq üçün borcun həcmi, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımı, yəni müəyyənliyi və vergi ödəyicisinin borc məbləği barədə lazımınca xəbərdar edilməsi, onun mübahisəyə qədərki davranışları, müvafiq borcların vaxtı-vaxtında ödənilməsi kimi halları, bu məcburiyyət tədbiri tətbiq edilmədən müvafiq borcların ödənilməsi imkanları kimi şərtləri nəzərə almaq mütənasibliyin əsas tələblərindəndir. Beləliklə, işin halları nəzərə alınmadan və ya izah edilmədən qoyulan “mexaniki məhdudiyyət” və ya məhkəməyə əlçatanlıq təmin edilmədən tətbiq edilən məhdudiyyət “ədalət mühakiməsi” anlayışı ilə ziddiyyət təşkil edir. Təsadüfi deyil ki, qanunverici vergi ödəyicisi və ya sığorta edən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məhz ədalət mühakiməsini həyata keçirən məhkəmələrə həvalə etmişdir.1
55. Həmçinin kollegiya xatırladır ki, hazırkı qəbildən olan işlərin həllində vergi orqanları və məhkəmələr tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir və hər bir halda belə məhdudiyyətin tətbiq edilməsi mütənasiblik meyarına cavab verməlidir.
56. Bu, ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
57. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X6 (X7) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 26 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır... Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda 1 Ali Məhkəmə, İş № 2-2(102)-64/2024, https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_64+22.02.2024.pdf, § 10 məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.
58. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məsələn, Battista İtaliyaya qarşı, № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı; Xlyustov Rusiyaya qarşı, № 28975/05, 2013-cü il 11 iyul tarixli qərarı).
59. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olub-olmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır.
60. Ərizəçi tərəfindən təqdim edilən məlumatlara görə, əvvəllər maraqlı şəxsin rəhbəri olduğu "xxxx" MMC-nin dövlət büdcəsinə 1 445 468,96 manat borcu olmuşdur.
61. Bununla belə yuxarıda qeyd olunduğu kimi, həmin hüquqi şəxs 10 yanvar 2022-ci il tarixdə "xxxx" MMC-yə qoşulmuşdur və sonuncu, "xxxx" MMC-nin hüquqi varisidir. Belə olan halda isə "xxxx" MMC yenidən təşkil edilmiş sayılır və "xxxx" MMCnin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq ona keçmişdir (§ 32, 50).
62. Beləliklə, hazırda 1 445 468,96 manat məbləğində vergi borcu "xxxx" MMCyə aiddir.
63. Ərizəçinin reyestrində Maraqlı şəxs "xxxx" MMC-nin direktoru kimi qeydiyyatda görünsə də, X3 təqdim etdiyi məlumata görə o, "xxxx" MMC-də “Şirniyyat-1 Kateqoriyası üzrə İdarəedici Direktor”dur. Başqa sözlə, maraqlı şəxs artıq mövcud olmayan "xxxx" MMC-nin direktoru kimi qeydiyyatda saxlanılmışdır, halbuki həmin MMC yenidən təşkil edildikdən sonra onun bütün hüquq və vəzifələri "xxxx" MMC-yə keçmişdir. Maraqlı şəxs "xxxx" MMC-nin rəhbəri deyil (§ 13), o, “Şirniyyat-1 Kateqoriyası üzrə İdarəedici Direktor” kimi işləyir.
64. Odur ki, ərizəçinin sözügedən tədbiri maraqlı şəxs barəsində tətbiq etməyə hər hansı əsası yoxdur. Digər tərəfdən, bu tədbirin həyata keçirilməsinin praktiki baxımından yararı olmamaqla yanaşı, mütənasiblik prinsipinə də ziddir.
65. Belə ki, maraqlı şəxsin müəssisənin işçisi, qanuni təmsilçisi, habelə faktiki rəhbəri olmamasına baxmayaraq, bununla bağlı dəyişiklik dövlət qeydiyyatına alınmadığından, habelə ərizəçinin yol verilmiş nöqsana dair nəzarətedici funksiyasını lazımi formada icra etməməsi səbəbindən maraqlı şəxsin, rəhbəri olmadığı MMC-nin dövlət büdcəsinə olan borcuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, hesablanmış borcun dövlət büdcəsinə tutulması səmərəliliyini istisna etməklə MMC-nin borclarının vaxtında ödənilməsindən yayınmasına, maraqlı şəxsin hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına və ümumiyyətlə, ədalət prinsipinin pozulmasına səbəb olur.
66. Belə hallarda dəyişiklik qeydiyyata alınana kimi əvvəlki rəhbər dövlət reyestrində hüquqi şəxsin icra orqanının rəhbəri olaraq qalsa da, faktiki olaraq onun həmin hüquqi şəxsin fəaliyyəti ilə bağlı olmadığı nəzərə alınaraq ölkədən getmək məhdudiyyəti həmin maraqlı şəxsə qarşı deyil, hüquqi şəxsin faktiki yeni rəhbərinə münasibətdə tətbiq oluna bilər.
67. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin, Bakı Kommersiya Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, ərizə təmin olunmamalıdır.
68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-8377/2024 saylı iş üzrə 14 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv olunsun. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” məzmunlu ərizəsi təmin edilməsin. Apellyasiya şikayəti üzrə ödənilmiş 51 (əlli bir) manat dövlət rüsumu dövlət büdcəsindən Maraqlı şəxs geri qaytarılsın. Qətnamədən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən, qətnamə ona rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər İbrahim İbrahimli
Əfqan Ələkbərov