Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-588/2022 03.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu, Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi əsasında cavabdehdən satın alınmış avadanlığın cavabdehin vəsaiti hesabına ona (cavabdehə) geri qaytarılması və s. tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 29.04.2022-ci il tarixli, e-2- 2(113)-2539/2022 saylı qərardadından iddiaçı tərəfindən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçıı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 iyul 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında cavabdehdən satın alınmış avadanlığın (müqavilədə göstərilən adı: 2000*6000mm CNC 100A PLAZMA Kəsim maşını) cavabdehin vəsaiti hesabına ona (cavabdehə) geri qaytarılması, iddiaçı tərəfindən cavabdehə ödənilmiş 19850 manat pul vəsaitinin və iddiaya baxılması üçün ödənilmiş 192 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçının təqdim etdiyi bank hesabına geri ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 29.04.2022-ci il tarixli, e-2-2(113)-2539/2022 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək Bakı Kommesiya Məhkəməsinin e-2- 2(113)-2539/2022 saylı 29.04.2022-ci il tarixli qərardadını ləğv edərək, iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin icraata götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2539/2022 saylı 29.04.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Hesab edir ki, şikayət edilən qərardad ləğv edilməli və iddia ərizəsi icraata götürülməlidir. Belə ki, məhkəmənin gəldiyi ilk nəticə - yəni cavabdehin qeydiyyat ünvanı ilə bağlı və tərəflərin öz aralarında bağladıqları müqavilənin 5-ci maddəsinə əsasən müqavilədən irəli gələn mübahisələrə ərazi aidiyyatı deyil, Azərbaycan Respublikasının qanunvericiliyinin tətbiq ediləcəyi barədə razılaşmışlar və bu məhkəmənin qənaətinə görə işin Bakı Kommersiya Məhkəməsində baxılmasına maneə olan hal kimi qiymətləndirilmişdir. Bununla bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 5-ci maddəsinə əsasən: "bu müqavilə barəsində bütün mübahisələr danışıqlar yolu ilə həll edilir. 5.2. Razılıq əldə etmək mümkün olmadıqda, mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında həll edilir." Maddənin məzmunundan da görünür ki tərəflərin niyyəti və razılığı mübahisəyə məhz Azərbaycan Respublikasında baxılmasıdır. Belə ki, Bakı Kommersiya Məhkəməsi maddənin formal olaraq məzmununu əsas götürmüş və hesab etmişdir ki, mübahisəyə həmin məhkəmədə baxılması üçün həmin maddədə məhz Azərbaycan Respublikasının Bakı Kommersiya Məhkəməsinin adının qeyd edilməsi zəruri idi. Lakin nəzərə alınmamışdır ki, tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinin tətbiqinə razı olduqlarını açıq aşkar göstərmişlərsə və hər hansı digər ölkə qanunvericiliyi və ya məhkəmənin adını qeyd etmirlərsə, habelə Azərbaycan Respublikası qanunvericiliyinin bir qayda olaraq tətbiqi Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən həyata keçirildiyindən tərəflərin niyyəti mühabisənin məhz Azərbaycan Respublikası qanunvericiliyinə əsasən Azərbaycan Respublikası məhkəmələrində baxılmasını ehtiva edir. Bundan əlavə, məsələnin əks tərəfini düşünsək və işi baxılması üçün Türkiyə Respublikasının (cavabdehin olduğu yer) aidiyyatı məhkəməsinə göndərmiş olsa, Türkiyə Respublikasının adiyyatı məhkəməsi tərəflər arasında imzalanmış müqavilənin 5-ci maddəsinə istinad edərək, haqlı olaraq belə bir mövqe bildirə bilər ki, Türkiyə Respublikası məhkəmələri işlərə baxarkən Azərbaycan Respublikasının qanunvericiliyini tətbiq edə bilməz. Belə olan halda iddiaçı (Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi) Azərbaycan Respublikasının qanunvericiliyinin ona verdiyi - hüquqların məhkəmə müdafiəsi hüququndan məhrum olmuş olacaq. Göstərilən səbəbə görə hesab edir ki, Bakı Kommersiya Məhkəməsi məsələyə (müqavilə maddəsinə) formal yanaşmamalı və ərizəni bu əsasla geri qaytarmamalı idi. Məhkəmənin gəldiyi nəticəyə təsir edən digər bir əsas - cavabdehin sahibkarlıqla məşğul olmasını təsdiq edən rəsmi sənədin təqdim edilməməsi - yəni mübahisənin kommersiya mübahisəsi olmasının müəyyən edilməməsi əsasıdır. Bu hissədə hesab edir ki, məhkəmənin gəldiyi nəticə doğru deyil. Belə ki, iş materialına "Türkiye Ticaret Sicil Gazetesi"nin 24.10.2018-ci il tarixli 9688-ci sayının 501-ci səhifəsindən çıxarışa əsasən Cavabdehh Şimşek sahibkarlıq subyekti olan fiziki şəxs kimi dövlət qeydiyyatına alınmışdır. Göstərilən sənəd ümumi baxışa açıq mənbədən əldə edilə bilən sənəddir və xüsusi olaraq dövlət qurumunun təsdiqinə zərurəti olmayandır. Bu hal məhkəmə tərəfindən araşdırılmamışdır. Bakı Kommersiya Məhkəməsinin 16.05.2022-ci il tarixli, e-2-2(113)-2539/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 29.04.2022-ci il tarixli, e-2-2(113)- 2539/2022 saylı qərardadı ləğv edilərək iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Kollegiya hesab edir ki, məhkəmə tərəfindən şikayətin dəlilləri araşdırılarkən aşağıdakı məsələlərə hüquqi qiymət verilməlidir: mübahisəyə Azərbaycan məhkəmələri tərəfindən baxılmalıdırmı; mübahisəyə Kommersiya Məhkəməsi tərəfindən baxılmalıdırmı. İddia ərizəsindən görünür ki, Türkiyə Respublikasının vətəndaşı olan və Azərbaycanda daimi yasaq üçün icazəsi olan İddiaçı Türkiyə Respublikasının vətəndaşı, Azərbaycanda daimi yaşayış yeri və ya gəldiyi yer olmayan (Türkiyə Respublikası, İstanbul şəhəri, Başakşehir, Kayabaşı məhəlləsi, Silifke küçəsi, No.7 ünvanında qeydiyyatda olan) Cavabdeh Şimşəyə qarşı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan avadanlığın alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması üçün iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 5.2-ci bəndində müqavilədən irəli gələn mübahisiyə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmalı olduğu deyil, Azərbaycan qanunvericiliyinə uyğun olaraq baxılması nəzərdə tutulmuşdur. Belə olan halda mübahisənin məhkəmə aidiyyəti Azərbaycan Rspublikası MPM-nin müvafiq normalaına uyğun müəyyənləşdirilməlidir. Hazırkı iş üzrə cavabdeh hüquqi şəxs olmadığından birinci instansiya məhkəməsi iddia ərizəsinin qaytarılması barədə iş üzrə gəldiyi nəticəni əsaslandırarkən MPM-nin hüquqi şəxsə qarşı qaldırılmış iddialar üzrə ərazi aidiyyətini müəyyən edən 35.2-ci maddəsinə istinad etməklə prosessual normanın tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Həmin Məcəllənin 440.2-ci maddəsinə əsasən məhkəmələrdə xarici şəxslərin iştirak etdikləri işlər üzrə icraat bu Məcəlləyə və digər qanunlara uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qeyd edilən normalara əsasən əgər iddiaçı Azərbaycanda yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olan xarici şəxsdirsə və və iddia Azərbaycanda qeydiyyatda olan fiziki və ya hüquqi şəxsə qarşı qaldırılırsa həmin işə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxıla bilər. Hazırkı halda tərəflərin hər ikisi xarici şəxsdir və iddiaçının Azərbaycanda müvəqqəti qeydiyyatı və daimi yaşamaq üçün icazə vərəqəsi mövcud olsa da, cavabdehin Azərbaycan Respublikasında qeydiyyatı və yaşayış yeri barədə məlumat iddia ərizəsində qeyd edilməmişdir. Belə olan halda məhkəmə işə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılması üçün MPM-nin 443-cü maddəsində sadalanan halların mövcud olub-olmadığını yoxlamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 443.0.1 və 443.0.7-ci maddələrinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin o işlərə baxmağa haqlıdır ki, iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olsun və iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəlmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi xarici şəxslərin iştirak etdiyi mübahisəyə Azərbaycan məhkəmələri tərəfindən baxılmalı olub-olmadığına dair qənaətə gəlməzdən əvvəl MPM-nin 443-cü maddəsində qeyd edilmiş əsasların mövcud olub-olmadığını da yoxlamalıdır. İddia ərizəsinə əlavə olunmuş gömrük bəyannaməsindən görünür ki, alqı-satqı müqaviləsi üzrə satılan malların təhvil verilmə yeri kimi Bakı şəhəri qeyd olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icrası yeri qeyd olunmadığından müqavilənin icra yeri işdəki sübutlar, tərəflərin izahatları və Mülki Məcəllənin tələbləri nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 29.04.2022-ci il tarixli, e-2-2(113)-2539/2022 saylı qərardadı ləğv edilərək iş yuxarıda qeyd olunan məsələlərin araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 29.04.2022-ci il tarixli, e-2-2(113)-2539/2022 saylı qərardadı ləğv edilərək iş Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-588/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-588/2022
03.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver