Məhkəmə qərarları › İş №2-2(103)-588/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-588/2024

12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-588/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya işi Açar söz: alqı-satqı Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı alqı-satqı müqaviləsi üzrə borcun və dəbbə pulunun tutulması barədə iddia ərizəsinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-605/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.

2. İşdəki xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, cavabdeh həmin tarixə iddiaçıya 21976 manat məbləğində borcu olduğunu təsdiq etmişdir.

3. Müqavilənin 7.2-ci bəndinə əsasən alıcı bu müqavilənin 3.2.1-ci maddəsində göstərilən müddətdən gecikdirildiyi hər bir günə əsas borcdan 1 % qədər cərimə və bundan yarana biləcək administrativ xərcləri ödəməyi öhdəsinə götürmüşdür.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı cavabdehdən 21976 manat məbləğində əsas pulun, hər gecikdirilmiş gün üçün 1 % olmaqla, 5270 manat məbləğində dəbbə pulun, mediasiyaya çəkilmiş 200 manat və vəkilə ödənilmiş 220 manat pulun, ümumilikdə 27.666 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə ilə İddiaçı MMC-nin direktoru X1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, satıcı müqavilə predmeti olan sementləri alıcıya verməyi, alıcı isə bunun müqabilində müvafiq pul ödəməyi öhdəsinə götürmüşdür. Alıcının satıcıya olan borcun ümumi məbləği 21976 manat (Malların ümumi dəyəri və ƏDV də daxil olmaqla) olmuşdur. Müqavilənin 3.2.1-ci və 3.2.2-ci bəndinə əsasən, ödəniş - alıcı tərəfindən alınacaq hər Malın dəyərini vergilər daxil olmaqla 3 (üç) gün ərzində satıcının bank hesabına ödəmə yolu ilə həyata keçirilir. Alıcı satıcının razılığı ilə alınacaq malın dəyərini vergilər daxil olmaqla 3 (üç) gün ərzində satıcının bank hesabına ödəyir. Həmçinin müqavilənin 7.2-ci bəndinə əsasən, alıcı bu müqavilənin 3.2.1-ci maddəsində göstərilən müddətdən gecikdirildiyi hər bir günə əsas borcdan 1 % qədər cərimə və bundan yarana biləcək administrativ xərcləri ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə mallar alıcıya təhvil verilmiş və bu barədə elektron qaimələr də tərtib edilmişdir. Malların ümumi dəyəri və ƏDV də daxil olmaqla, cəmi 21.976 manat təşkil edir. Müqavilə tərəflərinin xx.xx.2023- cü il tarixdə tərtib edib imzaladıqları üzləşmə aktı da alıcının qeyd olunan borcunun mövcudluğunu təsdiq edir. Həmçinin hər gecikdirilmiş gün üçün 1 % olmaqla, 5270 manat məbləğində cərimə, bundan əlavə vəkilin göstərdiyi xidmətə görə 220 manat, mediasiya rüsumu olaraq ödənilmiş 200 manat alıcı tərəfindən satıcının xeyrinə ödənilməlidir. Mübahisənin məhkəməyə qədər nizama salınması üçün cavabdeh "xxxx" MMC-yə pul məbləğinin 10 gün ərzində ödənilməsi üçün xx.xx.2023- cü il tarixdə pretenziya məktubu həm poçt, həm də vergi xidmətinin saytından online kargüzarlıq qaydasında göndərilmişdir. Həmçinin Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununa uyğun olaraq mediatorun təyin edilməsi üçün Mediasiya Şurasına müraciət edilmiş və ilkin mediasiya sessiyası keçirilmişdir. Mediator tərəfindən xx.xx.2023- cü il tarixli arayış tərtib olunmuşdur.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-605/2024 nömrəli qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia qismən təmin edilmiş, Cavabdehndən 21976 manat məbləğində əsas borcun, 1000 manat məbləğində dəbbə pulunun, vəkilin göstərdiyi yardıma görə 220 manat, mediasiya xərcinə görə 173,09 manat, cəmi 23369,09 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.

7. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş müqavilənin, elektron qaimələrin və 03 iyul 2023-cü il tarixli üzləşmə aktının müqayisəli təhlilindən görünür ki, iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir.

8. Məhkəmə iddianın dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, 5270 manat cərimə məbləgi əsas məbləğə tənasübsüz surətdə yüksək məbləğ olduğundan cərimə azaldılmalı və 1000 manat dəbbə pulu cavabdehdən tutulmalıdır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-605/2024 nömrəli qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsini, iddia tələbinin tam rədd edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Cavabdeh MMCnin direktoru Qanuni nümayəndə ilə İddiaçı MMC-nin direktoru X1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, Satıcı müqavilə predmeti olan sementləri alıcıya verməyi, Alıcı isə bunun müqabilində müvafiq pul ödəməyi öhdəsinə götürmüşdür. Alıcının Satıcıya olan borcun ümumi məbləği 21976 manat deyildir, azdır. Məhkəmə tərəfindən faktiki öhdəliyin nə qədər icra olunub-olunmaması tam aydınlaşdırılmamışdır. Cavabdeh tərəf məhkəmə iclasında iştirak etmədiyindən sübutları təqdim edə bilməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.

12. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 385.2-ci maddə- birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Əsaslandırıcı hissə Apellyasiya baxışının hədləri

13. Qətnamə cavabdeh tərəfindən qismən - iddianın təmin edildiyi hissədə mübahisələndirdiyindən qismən yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

14. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-605/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

15. İşin birinci instansiya məhkəməsinə təqdim edilmiş sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2023-cü il tarixə cavabdeh iddiaçıya 21976 manat məbləğində borcu olduğunu üzləşmə aktını imzalamaqla təsdiq etmişdir.

16. İş materiallarından görünür ki, cavabdehin həm elektron kabinetinə, həm də hüquqi ünvanına məhkəmə iclaslarının vaxtı barədə bildiriş göndərilsə də, iclaslarda səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə üzləşmə aktı ilə təsdiq etdiyi borcun ödənildiyinə dair hər hansı sübut təqdim etməmişdir.

17. Apellyasiya şikayətində məhkəmə tərəfindən cavabdehdən tutulmuş borcun məbləğinin əslində az olduğu bildirilsə də bu barədə apellyasiya instansiyası məhkəməsinə də hər hansı sübut təqdim edilməmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasında hər hansı üzürlü səbəb göstərmədən iştirak etməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, formal mülahizələrdən ibarət apellyasiya şikayəti mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

18. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 605/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

19. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-605/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar